THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Sivilizasiyaların mübarizəsi: dünyanın gələcəyinə olan təhlükələr

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
9243
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 3 oktyabr – Newtimes.az

Bəşəriyyəti müharibələr bürüyüb. Dünyanın müxtəlif guşələrində alovlanan savaşlar qlobal miqyasda təhlükə yaradır. Bunun kökündə sivilizasiyaların mübarizəsinin durduğu barədə fikirlər vardır. Bəşəriyyətin gələcəyi ilə bağlı narahatlıqlar isə artır.

Sivilizasiyalararası münasibətlər: əsas əlamətləri

1952-ci ildə alman mənşəli ABŞ antropoloqları A.Krober və K.Klukhon mədəniyyət və sivilizasiyanı bir-birindən ayırmağın yanlış olduğu ideyasını irəli sürdülər (1). Bu, XIX əsrdən başlayaraq Qərb təfəkkürünə hakim olmuş mədəniyyətlə sivilizasiyanın qarşıdurma ideyasından imtina etmək demək idi. Onda bu ideya dəyişikliyinin dünya geosiyasətini hansı istiqamətə aparacağı bilinmirdi.

Keçən əsrin 80-ci illərində Amerikanın tanınmış sosioloqlarından olan Samuel Hantinqton belə bir tezis irəli sürdü: sivilizasiyalar çoxdur və onların birgə mövcud olması yolu tapılmalıdır (2). S.Hantinqtonun özünün gəldiyi nəticə isə xeyli dərəcədə düşündürücü idi – "sivilizasiyaların toqquşması qaçılmazdır”.

Geosiyasətdə bu cür ideya dəyişkliyi demək olar ki, bütün Qərb nəzəriyyələrində yerini aldı. Bu proses filosofların gəldiyi yeni qənaətlərlə sanki özünə daha çox tərəfdar toplayırdı. Belə ki, ötən əsrin sonlarında Rusiya filosofları P.Şedrovitski və E.Ostrovski bəşəriyyətin tamamilə "dil və mədəniyyət” prinsipinə keçdiyi fikrini irəli sürdülər.

XX əsrin sonu və XXI əsrin əvvəlləri doğrudan da sivilizasiyaların gərgin mübarizəsinin şahidi oldu. Dünyanın müxtəlif guşələrində baş verən geosiyasi hadisələr bəşəriyyət qarşısında çox mürəkkəb vəzifələrin durduğunu bir daha təsdiqlədi. Tarixin indiki mərhələsində mübarizənin "mədəniyyət və dil” uğrunda getməsi əvvəllər müşahidə edilməmiş ziddiyyət məqamlarını meydana çıxarır.

Keçən əsrin 90-cı illərində sosialist düşərgəsinin dağılmasını sivilizasiya hadisəsi kimi qiymətləndirən yəqin ki, çox az adam vardı. Proseslərin sonrakı gedişatı göstərdi ki, əslində, sivilizasiya və mədəniyyət mənsubluğu eyni geosiyasi məkanda yerləşən ölkələrə fərqli münasibəti şərtləndirir. Bunu Cənubi Qafqazda daha aydın hiss etmək olurdu.

Ermənistanın Azərbaycanın ərazisinin bir hissəsini işğal etməsi faktına Qərb dövlətlərinin münasibətində obyektivlik əvəzinə dini ayrı-seçkiliyə dayanan mövqe gördük. Təcavüzkar Ermənistanı xristian havadarları hər fürsətdə müdafiə edirdilər. Bu cür yanaşma siyasətdə "ikili standart” adlanır. Yəni onun mənbəyində məhz sivilizasiyaların mübarizəsinə böyük inanc durur.

Beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün yaratdıqları xüsusi Minsk qrupu da "ikili standart” prinsipindın yaxa qurtara bilmədi. Vaistəçi həmsədr dövlətlər açıqca münaqişənin həllinə sivilizasiya fərqləri aspektində yanaşdılar.

Hazırda Ermənistan o dərəcədə arxayınlaşıb ki, havadarlarını belə eşitmək istəmir. Dünyanın qlobal geosiyasi mühitinə sivilizasiyaların mübarizəsi prizmasında baxmağın mənfi nəticələrini qafqazlılar hələ də öz üzərlərində hiss etməkdədirlər.

Qərbin qlobal miqyasda geosiyasi reallıqlara sivilizasiyaların mübarizəsi aspektində yanaşdığını sübut edən faktorlardan biri də Türkiyənin Avropa İttifaqına (Aİ) üzv olmaq cəhdlərinə olan münasibət ifadə edir. Artıq 50 ildir ki, Ankara bu birliyə daxil olmaq istiqamətində çalışır. Lakin onu müxtəlif bəhanələrlə bu quruma qəbul etmirlər. Bunun fonunda isə Şərqi Avropanın zəif və daxili inkişaf potensialı Türkiyədən bir neçə dəfə az olan ölkələri artıq Aİ-nin üzvləridirlər.

Məsələn, Bolqarıstan, Polşa, Litva, Latviya, Estoniya, yunan Kipri və s. ölkələrin sosial-iqtisadi inkişaf imkanları Türkiyədən çoz azdır. Bəs nə üçün müsəlman ölkəsi olan Türkiyəni yox, ondan zəif olan xristian dövlətləri Aİ-yə daxil edirlər. Çünki dünya siyasətinə sivilizasiyaların mübarizəsi prinsipi ilə yanaşırlar.

Müharibələr əsasən hansı məkanlarda gedir?

Hazırda dünyanın müxtəlif guşələrində gedən müharibələrin xəritəsinə nəzər salaq. Onların hamısı İslam ölkələrini əhatə edir. Görəsən, səbəbi nədir? İslam dünyanın ən humanist dinlərindəndir. Bu din terroru və savaşı qətiyyən təbliğ etmir. Əksinə, müsəlman dürüst, başqasının hüququnu tanıyan olmalıdır. Lakin hansısa "gözəgörünməz əllər” müsəlman ölkələrini qarışdırır və oralarda müharibə yaradır.

Əfqanıstan neçə onilliklərdir ki, müharibə meydanına çevrilib. Dünyanın böyük geosiyasi gücləri bu ölkə uğrunda mübarizə aparırlar və məqsədlərinə çatmaq üçün müxtəlif üsullara əl atırlar. Müsəlman Əfqanıstanda qan tökülməsi dayanmır. İraq da eyni aqibəti yaşamaqdadır. Ermənistanın təcavüzkarlığına ciddi reaksiya verməyən böyük dövlətlər, İraqı Küveyti işğal etməkdə günahlandırıb, bombalar yağdırdılar.

İndi Liviya, Misir, Suriya və başqa müsəlman ölkələrində müharibə və silahlı qarşıdurmalar davam edir. Pakistan sözün əsl mənasında terror meydanına çevrilib. Türkiyəni qarışdırırlar və İranı hədələyirlər. Bütün bu proseslərin hamısının kökündə bir səbəb durur.

Qərb müsəlman dövlətlərini özlərinə uyğun olan sosial-mədəni, siyasi, iqtisadi və mədəni mühitdə yaşamağa məcbur edir. Qloballaşma adı altında öz sivilizasiya dəyərlərini başqalarına zorla qəbul etdirirlər. İndi "vesternizasiya” ("qərbləşmə”) adlı elmi termin geniş işlədilir. Demokratikləşmə pərdəsi altında məhz vesternizasiya, Qərb sivilizasiyasının dəyərlərini fərqli sivilizasiya daşıyıcıları olan cəmiyyətlərə yeritmək prosesi aparılır.

Bu cür hərəkətlər dünyanın müxtəlif geosiyasi məkanlarında toqquşmalar meydana gətirir və nə qədərki ikili standart siyasəti var, belə də davam edəcək. Düşündürücüdür ki, Qərb dövlətləri seçdikləri bu yanlış yoldan dönmək istəmirlər. Onlar Rusiya və Çinlə bağlı da eyni siyasəti yeridirlər.

Çinin məhz fərqli mədəniyyətə malik olmasını təhlükə hesab edirlər. Bu barədə məşhur siyasətçilər və analitiklər açıq yazırlar (bax: 3 və 4).

Bu mövqenin nəzəri əsaslarını isə Qərbdə sivilizasiyaların qruplaşdırılması fəlsəfəsi təşkil edir. Hələ 1996-cı ildə S.Hantinqton "Sivilizasiyaların toqquşması və dünya nizamının yenidən qurulması” adlı əsərində dünyanı 8 fərqli sivilizasiyaya bölmüşdü (2). Onların içərisində İslam və Çin sivilizasiyalarının daha perspektivli olduğunu vurğulamışdı. S.Hantinqton 2025-ci ilə qədər olan dövrü əhatə edən proqnozunda əsas fikir olaraq, Qərbin bu sivilizasiyaları ötüb keçməsini irəli sürmüşdü.

Bu yanaşma avtomatik olaraq Qərb üçün sivilizasiyaların rəqabətini ön plana çıxarır. Həmin prosesin necə getdiyini indi dünyanın müxtəlif yerlərində baş verən hadisələrdə aydın görürük. Ona görə də istər-istəməz belə fikir yaranır: Qərb fərqli sivilizasiyaları inkişafdan saxlamaq üçün xüsusi planlar hazırlayır. Onların həyata keçirilməsi üçün uzun müddətə hesablanmış geosiyasi gedişlər edir.

Qərbin belə bir strategiya seçməsi sivilizasiyalararası münasibətləri son dərəcə gərginləşdirir. "Ərəb baharı” adlanan prosesin mahiyyəti ilə bağlı Qərbin aparıcı analitikləri arasında fikir ayrılığının olması bunun əlamətidir. Çünki artıq analitiklər dünya miqyasında geosiyasi proseslərin dalana dirənməsindən ehtiyat edirlər. O baxımdan sual edirlər ki, "ərəb baharı” prosesinin arxasında duran əsl məqam nədən ibarətdir?

Sivilizasiyalararası mübarizənin bu cür dramatik xarakter alması bütövlükdə bəşəriyyətin gələcəyi ilə bağlı müəyyən qayğılar yaradır. Belə təəssürat formalaşır ki, həmin mübarizənin sivilizasiyalararası dialoq formasına keçməsi ehtimalı azdır. Onda təbii sual meydana çıxır: dünya hansı istiqamətdə inkişaf edir?

Bəşəriyyətin gələcəyi: hansı inkişaf modeli üstündür?

Hələlik bu suala birmənalı cavab yoxdur. İndi qlobal miqyasda sivilizasiyalararası mübarizə Yaxın Şərqdə və Uzaq Şərqdə intensivləşib. Avrasiya məkanı da bu baxımdan olduqca həssas bir məkana çevrilib. Bu geosiyasi məkanların hamısı üçün ortaq olan faktor qeyri-müəyyənlikdir.

Yaxın Şərqdə müsəlman ölkələri daxilində baş qaldıran ixtilaflar getdikcə daha geniş miqyasda sosial təbəqələri əhatə edir. Meydana çıxan müxtəlif xarakterli problemlərin beynəlxalq birlik tərəfindən obyektiv və səmərəli həlli yolu isə gözə dəymir. Məsələn, Suriyada böyük bir humanitar faciə yaşanır, ancaq böyük dövlətlər hələ də öz geosiyasi maraqları çərçivəsindən kənara çıxa bilmirlər.

İranın nüvə proqramı ətrafında getdikcə daha da kəskinləşən informasiya müharibəsi faktiki olaraq bir neçə dövləti qarşı-qarşıya gətirib. İndi bu məsələnin müharibə vasitəsi ilə həll edilməsi barədə ən yüksək səviyyələrdə belə danışırlar. Düşündürücüdür ki, həm Qərb, həm də İran tərəfdən problem sivilizasiya dəyərləri aspektində təqdim edilir. Yəni İsrail İranın müsəlman dövləti kimi dünyaya təhlükə törətdiyini iddia edir. Tehran isə "sionist rejimi dünya xəritəsindən siləcəyi” ilə hədələyir. O, məsələni birmənalı olaraq İslam və xristian sivilizasiyalarının qarşıdurması kimi qələmə verir.

Təxminən eyni mənzərə hazırda Uzaq Şərqdə müşahidə edilir. Çinin fərqli mədəniyyət sisteminə və sivilizasiya dəyərlərinə sahib olan ölkə kimi təqdimatı açıqca özünü göstərir. Bunun ətrafında həmin regionda geosiyasi vəziyyət getdikcə daha da gərginləşdirilir. Artıq ABŞ-ın hərbi-dəniz donanması ora xeyli qüvvə toplayıb. Qərbli ekspertlər proqnozlarını Çin sivilizasiyasının Qərbə qalib gəlməsinin qarşısını necə almaq üzərində qururlar.

Bu proseslər bütövlükdə bəşəriyyətin daha təhlükəli bir vəziyyətə doğru getdiyini təsdiqləyir. Müxtəlif sivilizasiyalar arasında mübarizənin barışmaz olaraq aparılması dünyanı böyük mənada təhdid edir. Proseslərin bu məzmunda davam etdiyi təqdirdə bəşəriyyətin gələcəyi xeyli müəmmalı görünür.

Qədim Şərq müdriklərindən biri demişdi ki, "özünü xilas etmək üçün dünyanı xilas etməlisən”. Hər hansı sivilizasiyanın xilası ümumiyyətlə, dünyanın xilası ilə bağlıdır. Başqa mədəniyyət daşıyıcılarını məhv etməklə Qərb özünü də çıxılmaz dairəyə salır. "Özünə arzulamadığını başqalarına rəva görənlər” (Konfutsi) dünyanı məhvə aparırlar.

Newtimes.az

Mənbələr

  1. L. Kroeber, Clyde Kluckhohn, Wayne Untereiner, Alfred G. Meyer. Culture: A Critical Review of Concepts and Definitions. New York, Vintage Books, 1952, 448 pages.
  2. Samuel P. Huntington. The Clash of Civilizations and the Remaking of World Order. New York, Simon & Schuster, 1996, 368 pages.
  3. Henry A. Kissinger. On China. Penguin Books, 2011, 624 pages.
  4. Henry A. Kissinger. The limits of universalism // The New Criterion, June 2012. Text: http://www.newcriterion.com/articles.cfm/The-limits-of-universalism-7397.
Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...
2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı
29 avqust 2019 Foreign Policy Journal

2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı

Bir müddət əvvəl mübahisəli Dağlıq Qarabağ regionunda "ümumerməni oyunları'' təşkil olunub. Amma bu, beynəlxalq səviyyədə lazımi dərəcədə pislənməyib.

Davamı...