THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Möhtəşəm hərbi parad: verilən mesajlar və erməniləri təlaşa salan faktorlar

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
2940
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 4 iyul 2018 – Newtimes.az

Azərbaycan Ordusunun 100 illik yubileyi münasibətilə bu il iyunun 26-da Bakıda təşkil edilən hərbi paradın əks-sədası böyük olub. Bu hadisəni müxtəlif "beyin mərkəzləri", ekspertlər təhlil etməkdədirlər. Tədbirdə Azərbaycan əsgərləri ilə yanaşı Türkiyə Silahlı Qüvvələrinin parad heyəti də iştirak edib. Paraddan sonra "Türk şahinləri" Bakı səmasında nümunəvi uçuşlar həyata keçiriblər. Bütün bu mənzərəni on minlərlə Bakı sakini və şəhərin qonaqları müşahidə ediblər. Həmin hadisə Ermənistan rəhbərliyini çox narahat edib. Rəsmi İrəvan Azərbaycanın hərbi, siyasi və mənəvi-vətənpərvərlik gücünü bir daha görüb. Erməni ekspertlər hakim dairələrdən təcili tədbirlər görməyi tələb edirlər. Bu o deməkdir ki, onlar artıq Azərbaycanın hərbi qüdrətini inkar edə bilmirlər. Əksinə, güclənən Azərbaycana qarşı nələrsə etməyi tələb edirlər. Ancaq hər nə olsa da, Azərbaycan bütün istiqamətlərdə daha güclü və qüdrətli olacaq. Məsələnin bu aspekti üzərində geniş dayanmaq istərdik.

Bir əsrlik zəfər: ordu quruculuğunun yeni dinamikası

Azərbaycan Ordusunun yaradılmasının 100 illiyi şərəfinə təşkil edilmiş hərbi parad Ermənistan rəhbərliyini və onun havadarlarını ciddi surətdə narahat edib. Tədbirdə Prezident İlham Əliyevin söylədiyi dərin məzmunlu nitqdə ifadə edilən əsas tezislər Ordumuzun qüdrətini bütün dünyaya nümayiş etdirib. Eyni zamanda, düşmənlərə xəbərdarlıq olduğunu da anlayıblar. Bütün bunlar təbii ki, izsiz ötüşmür – müxtəlif səviyyələrdən hərbi parada münasibət bildirilir.

Bəs təcavüzkar Ermənistanı narahat edən, onu təşvişə salan məqamlar hansılardır? Dövlət başçısı İlham Əliyev nitqində açıq ifadə edib ki, "müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətin işdir" (bax: Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə Bakıda təntənəli hərbi parad keçirilib. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev hərbi paradda olub / AZƏRTAC, 26 iyun 2018). Prezident bununla bəyan edir ki, rəsmi Bakı müasir dünyanın çağırışlarını çox gözəl dərk edir və həmin kontekstdə də dövlət müstəqilliyini qorumağı özünün prioritet strateji məqsədi kimi qəbul edir.

Cənubi Qafqazın hazırkı geosiyasi vəziyyətini nəzərə alsaq, bu məqam prinsipial əhəmiyyət kəsb edir. O cümlədən İlham Əliyev Azərbaycan Ordusunu daim gücləndirməyin başlıca səbəbini gözəl formada təqdim edir. Konkret olaraq, Azərbaycan Ordusunu kiməsə hərbi təcavüz üçün deyil, öz müstəqil dövlətçiliyini qorumaq naminə daim gücləndirir. Azərbaycanın məqsədi öz milli maraqlarını qorumaq, dövlət suverenliyini və sərhədlərinin toxunulmazlığını təmin etməkdən ibarətdir.

Bu baxımdan müstəqilliyin ilk illərində nizami ordunun yaradılmaması dövlətçiliyimizə böyük ziyan verirdi. O dövrdə naşı dövlət rəhbərliyi öz fəaliyyətsizliyi ilə düşmənin xeyli irəliləməsinə və ölkə daxilində böyük böhranın yetişməsinə səbəb oldu (bax: əvvəlki mənbəyə). Lakin 1993-cü ildən başlayaraq vəziyyət dəyişdi.

İndi Azərbaycan Ordusunun qüdrəti haqqında çəkinmədən danışmaq olar. Prezident İlham Əliyev nitqində bu bağlılıqda vurğulayıb: "Azərbaycan işğalla heç vaxt barışmayacaq. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və bərpa edəcək. Bunun üçün güclü ordu yaratmalı idik. Bu gün tam əminliklə deyə bilərəm ki, buna nail ola bilmişik. Bu gün Azərbaycan Ordusu dünyanın güclü orduları sırasındadır" (bax: əvvəlki mənbəyə). 2003-cü ildən bu yana hərbi xərclər 15 dəfə artıb. Hərbçilərin məişət şəraiti xeyli yaxşılaşdırılıb. Ordu ən müasir silahlarla təchiz edilir. Son olaraq alınan yüksək vurucu gücə malik raket silahları bunun bariz nümunəsidir. Bu prosesi rəsmi Bakı daha da inkişaf etdirmək fikrindədir.

Dövlət başçısı nitqində Ordunu gücləndirmənin mühüm şərtlərindən biri kimi beynəlxalq hüququn işləməməsini göstərib. Doğrudan da, "əgər beynəlxalq hüquq işləsəydi, Azərbaycan torpaqları çoxdan işğaldan azad olunardı. Beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş qərar və qətnamələr icra edilmir, onların icra mexanizmi yoxdur. Güc amili dünyanın müxtəlif bölgələrində əsas amil kimi çıxış edir" (bax: əvvəlki mənbəyə).

Cənubi Qafqazın ən güclüsü: sabitliyin, barışın, təhlükəsizliyin təminatçısı

Aydın olur ki, Azərbaycan Ordusu həm də Cənubi Qafqaz regionunda müşahidə edilən zorakılıqlara qarşı duran qüvvələrdəndir. Burada erməni separatizmi və terrorunun yaratdığı gərgin vəziyyətin sabitliyə çevrilməsi üçün böyük işlər görmək lazım gəlir. Azərbaycan Ordusunun daha da gücləndirilməsi bu aspektdə çox əhəmiyyətli işdir. Ən yeni silahlarla təmin edilməklə yanaşı, Ordunun döyüş qabiliyyətinin və peşəkarlığının artırılması mühüm vəzifədir.

Dövlət başçısı Azərbaycan Ordusunun qüdrətini sübut edən faktlar kimi 2016-cı il Aprel döyüşlərini və 2018-ci ilin may ayında Naxçıvan döyüşlərini göstərib. Hər iki döyüşdə Azərbaycan Ordusu uğur qazanıb və torpaqların bir hissəsini düşmən işğalından azad edib.

Təbii ki, Azərbaycan bununla kifayətlənmir və bütövlükdə işğal altında olan torpaqların azad edilməsi məqsədi qarşıda dayanır. Dövlət başçısı İlham Əliyevin bununla bağlı verdiyi mesaj dünya KİV-lərinin diqqətini çəkib və erməni ekspertlərin analiz predmetinə çevrilib. Prezident nitqində vurğulayıb: "Düşmən bilməlidir ki, onun bir dənə də olsun hərbi və ya strateji obyekti yoxdur ki, Azərbaycan Ordusu onu məhv edə bilməsin. Düşmənin bütün hərbi obyektləri, bütün strateji əhəmiyyətli məntəqələri Azərbaycan Ordusu tərəfindən məhv edilə bilər. Bizim bu gün nümayiş etdirəcəyimiz silahlar həm Azərbaycan xalqına, həm düşmənə, həm də bütün dünyaya bunu göstərəcək. Ona görə, hesab edirəm ki, məsələnin tezliklə danışıqlar yolu ilə ədalətli həlli, Azərbaycanın ərazi bütövlüyünün tezliklə bərpa edilməsi qarşı tərəfin də marağında olmalıdır" (bax: əvvəlki mənbəyə).

Ermənistan rəhbərliyini qorxuya salan əsas məqamlardan biri də bundan ibarətdir. Azərbaycan Ermənistanın istənilən strateji obyektini məhv edə bilər. Bunun üçün hərbi güc, peşəkarlıq və siyasi iradə vardır. Deməli, Azərbaycan Ordusunun yaradılmasının 100 illiyinə həsr edilmiş təntənəli parad, əslində, ölkə rəhbərliyinin uzun illərdir apardığı uğurlu Ordu quruculuğu prosesinin təsdiqidir. Düşmən bu iradəni və qətiyyəti görür, təlaşa düşür.

Hərbi paradda Azərbaycan Prezidentinin nitqini "Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək" fikri ilə yekunlaşdırması qələbədən xəbər verirdi. Bu o deməkdir ki, Azərbaycan mütləq işğal altında olan torpaqlarını azad edəcək və Xankəndinə sancılacaq qələbə bayrağı Bakıdakı paradda dalğalandırılacaq. Bu, qəti verilən mesajdır və onu ermənilər də dərk etməlidirlər.

Bütün bunlar Azərbaycanın hərbi gücünün konkret faktlarda təsdiqidir. Eyni zamanda, onun geosiyasi mənası da mövcuddur. Ermənistan ekspertləri İlham Əliyevin ciddi mesajlar verdiyini etiraf edirlər. Onların bir qismi açıq yazırlar ki, Azərbaycan Ordusu addım-addım İrəvan istiqamətində irəliləyir. Artıq Ordumuz Ermənistanın paytaxtının 80 kilometrliyini belə nəzarətdə saxlaya bilir. Azərbaycan Ordusunun istifadəsində 300 kilometr məsafəni vura bilən mobil raket sistemləri mövcuddursa, bu, istənilən an İrəvanın və Ermənistanın hər bir strateji obyektinin yerlə-yeksan oluna bilməsi deməkdir.

Geosiyasi kontekstdə belə bir vəziyyət regionda qüvvələr balansını sülhün xeyrinə saxlayan başlıca gücün Azərbaycan-Türkiyə birliyi olduğunu təsdiqləyir. Təcavüzkarı və onun havadarlarını da qorxuya salan məhz bu məqamdır. Nə qədər ki, Azərbaycan və Türkiyə güclüdürlər, onların Orduları paradlarda belə qoşa addımlayırlar, təcavüzkarın rahatlıq tapması mümkün deyildir. Azərbaycan Ordusunun 100 illiyinə həsr edilmiş hərbi paradın başlıca ismarıcı bundan ibarət olduğundan düşmən təşviş keçirir. Hətta bir sıra erməni hərbi mütəxəssisləri Azərbaycanın yaxın zamanlarda hərbi əməliyyatlara başlaya biləcəyindən bəhs edirlər. Onlar qorxu içərisində Azərbaycan Silahlı Qüvvələrinin vurucu gücünün yüksəldiyini və əsgərlərin peşəkarlığının daha da artdığını etiraf edirlər. Buna görə də Ermənistan rəhbərliyindən buna qarşılıq təcili olaraq tədbir görülməsini tələb edirlər.

Beləliklə, Bakıda keçirilən hərbi parad Azərbaycan Ordusunun gücünü nümayiş etdirməklə yanaşı, ölkə rəhbərliyinin işğal olunmuş torpaqları azad etməkdə tam qətiyyətli olduğunu nümayiş etdirib. Bu, tarixi bir olaydır. Azərbaycan dünyaya demək istədiklərini ustalıqla ifadə etdi və göstərdi ki, Cənubi Qafqazda Azərbaycan kimi güclü, müasir, modern Ordusu olan ölkə var! Bu ölkə barış dövlətidir, sülh carçısıdır. Eyni zamanda, öz ərazi bütövlüyünü bərpa etməkdə qətiyyətlidir, dönməzdir! Azərbaycan rəhbərliyi təmkin, ağıl və Ulu Öndərin əsasını qoyduğu möhtəşəm dövlət quruculuğu strategiyası əsasında uğurlu siyasətini daim inkişaf etdirir!

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...