THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ermənistan-Gürcüstan münasibətləri: Paşinyanın səfərinin pərdəarxası

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
2071
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 18 iyun 2018 – Newtimes.az

Ermənistanın yeni baş naziri Nikol Paşinyan ilk xarici səfərini Gürcüstana edib. O, bundan siyasi şou düzəltməyə çalışıb. Tbilisidə niyə ilk olaraq Gürcüstana gəldiyini özünün gürcü xalqına sevgisi ilə əsaslandırmağa çalışıb. Bu fikrə başqa bucaq altında baxdıqda, aydın olur ki, N.Paşinyanın Gürcüstan səfəri geosiyasi və siyasi-iqtisadi zərurətlə deyil, sentimental duyğularla bağlıdır. Siyasətdə bu kimi ifadələrin nə zaman və hansı məqamda işləndiyi məlumdur. Doğrudan da, Ermənistanın baş naziri hansı səbəblərdən Gürcüstana səfər etdiyini deyə bilməz. Çünki iki ölkə arasında münasibətlər dolaşıqdır və ortada bir neçə anlaşılmazlıqlar var. Onlardan biri də erməni kilsəsi ilə bağlıdır. Başqa faktor Cavaxetiyada erməni separatçıların daim mərkəzi hökumətə baş ağrısı yaratması ilə əlaqəlidir. N.Paşinyan bu boşluğu doldura bilmədi. Ancaq geosiyasi kontekstdə bu səfərlə ilgili bir sıra məqamların təhlilinə ehtiyac vardır.

Siyasi reallıq: erməni-gürcü münasibətlərinin bir neçə sualı

Nikol Paşinyanın Gürcüstan səfəri ətrafında erməni KİV-in yaratdığı hay-küy səngidikdən sonra reallıqda nə baş verdiyi aydın oldu. "Küçə demokratı" ilk xarici səfərinin Gürcüstana olmasının mənasını jurnalistlərə açıqlayanda, əslində, həqiqət məlum oldu. Ermənistanın baş naziri ilk xarici səfərini Gürcüstana etməyinin başlıca səbəbini erməni xalqının və şəxsən özünün gürcü xalqına sevgisi ilə izah edib. Siyasətlə məşğul olanlar isə bu kimi sentimental hisslərin baş aldatmaqdan başqa bir şey olmadığını deyir.

Həm də Ermənistan-Gürcüstan münasibətlərinin real vəziyyəti N.Paşinyanın riyakarlıq etdiyini tam sübut edir. İllərdir ki, Gürcüstanda yaşayan ermənilərin separatçı davranışlarının İrəvandan idarə edildiyi barədə kifayət qədər informasiyalar yayılıb. Məsələn, Cavaxetiyadakı ermənilər silahlı üsyana qalxaraq muxtariyyət tələb edirdilər. O zaman "Mxedrion"un gənc üzvləri ermənilərin üstünə yeridilər və böyük qarşıdurma yarandı. İndi də həmin bölgədə yazışmalar gürcü və erməni dillərində aparılır ki, bu da Tbilisini qane etmir.

Bundan başqa, Gürcüstanda yaşayan ermənilər bir neçə dəfə hərbi qruplar yaradaraq kənar qüvvələrin maraqlarına uyğun qaydada Gürcüstanın iştirak etdiyi beynəlxalq enerji və nəqliyyat layihələrini boykot etməyə, onu pozmağa çalışdılar. Hətta bəyanat verdilər ki, enerji marşrutlarının Axalkalakidən keçən hissəsində təxribat törədəcəklər. O da məlumdur ki, Mixeil Saakaşvili bir neçə dəfə Cavaxetiyadakı erməni separatizmini dayandırmaq üçün addımlar atdı.

Bunların fonunda erməni-gürcü münasibətlərinin ən gərgin məqamları Abxaziya məsələsi ilə bağlıdır. Ermənilər abxazların separatçı davranışlarını açıq və gizli müdafiə etdilər. Hətta Abxaziyada gürcülərə qarşı silahlı savaşa qatıldılar. İndi N.Paşinyan Cavaxetiyaya səfər edir və deyir ki, "mən sizin erməni olmağınızla qürur duyduğunuza görə fəxr edirəm. Həm də İrəvan daim sizlərin arxasında dayanacaq. İndi siz Ermənistanla Gürcüstanı ayıran deyil, birləşdirən faktorlardan biri olacaqsınız". Yəni əvvəllər belə deyildi, indi guya belə olacaq.

Təbii olaraq sual meydana gəlir: hansı səbəblərdən Ermənistan Gürcüstanla səmimi əməkdaşlıq yolunu seçə bilər? Hansı geosiyasi dəyişiklik baş verib ki, N.Paşinyan gürcülərin real tərəfdaşına çevrilib? Bu suallara cavab tapmaq üçün məsələyə bir qədər geniş aspektdə baxaq.

N.Paşinyanın hakimiyyətə gəlişi küçədən olan təzyiqlə, "məxməri inqilab" adlandırdıqları müəmmalı proseslə baş verib. Onun siyasi kimliyi və qulluq etdiyi beynəlxalq dairələr hələlik tam aydın deyil. Ancaq baş nazir olana qədər antirusiya ritorikası ilə seçilirdi. Guya Ermənistanı Rusiya ilə bağlayan bütün əməkdaşlıq formatlarını yenidən nəzərdən keçirmək lazımdır. Lakin hakimiyyətə gəldikdən dərhal sonra Soçidə Vladimir Putinlə danışıqlarda tamam başqa ton özünü göstərdi. Hər bir halda, N.Paşinyan Rusiya ilə strateji tərəfdaşlığa alternativ olmadığını dilə gətirdi.

Ekspertlər onun blef edə bilmədiyi qənaətindədirlər. Çünki N.Paşinyan kimiləri qos-qoca rus diplomatiyasını aldada bilməzlər. Kreml tükü-tükdən seçir. Əgər N.Paşinyanın arxasında Qərbin siyasi dairələri dayanırlarsa, yenə də N.Paşinyan bir iş görə bilməz. Çünki təcrübə göstərir ki, böyük ölkə olan Ukraynanı Qərb Rusiyanın əlində ala bilmir. Ermənistan isə yaradılandan Rusiyanın forpostu, onun at oynatdığı məkandır.

Diplomatik ibarələr: geosiyasi şərtlərin işığında

Deməli, Nikol Paşinyan həqiqətən də Ermənistanı Rusiyanın təsiri altından çıxarıb müstəqil siyasət yeritməsi üçün heç bir tutarlı iş görə bilməz. Bu halda onun Tbilisiyə səfəri də müəyyən mənada bu məqama bağlıdır. Tbilisidə bunu bilir və uyğun mövqe tuturlar.

Konkret desək, N.Paşinyan bu səfəri ilə erməni-gürcü münasibətlərini Azərbaycan-Gürcüstan və Gürcüstan-Türkiyə əlaqələrinin deformasiya edilməsi hesabına yaxşılaşdırmaq istəyir. Bu mövqe Rusiyanın da, Qərbin də maraqlarına uyğundur. Çünki Qərb üçün Cənubi Qafqazda xristian faktorunun siyasi və geosiyasi üstünlük təşkil etməsi lazımdır. Türkiyənin getdikcə artan nüfuzu və Azərbaycanın sürətli inkişafı bu məsələnin əhəmiyyətini hiss ediləcək dərəcədə azaldır. Qərb istərdi ki, Azərbaycan və Türkiyə ilə normal münasibətləri saxlamaqla regionda erməni-gürcü tandeminin geosiyasi çəkisini artırsın.

Moskva üçün məsələ ona görə maraqlıdır ki, Ermənistan faktoru ilə həm Gürcüstan, həm də Azərbaycana təsir edə bilər. Deyək ki, Abxaziyadan keçən dəmiryolu xətti bərpa olunsa, dolayısı ilə Moskva Tbilisiyə təsir rıçaqı əldə edir. Bununla yanaşı, iqtisadi və nəqliyyat aspektlərində Rusiya Gürcüstanı özünə bağlayır. Ən əsası – Abxaziya və Cənubi Osetiya problemini rəsmi Tbilisiyə "yedirdir".

Sonuncu məqam ətrafında Rusiya və Gürcüstan ekspertlərinin fikir mübadiləsi maraqlıdır. Rusiyalı ekspertlər "münaqişəüstü münasibətlər"in (yəni münaqişə qalır, ancaq iki dövlət arasında əlaqələr inkişaf edir, sonra isə Allah kərimdir) mümkünlüyündən bəhs edirlər. Gürcü ekspertlər isə bunun imkansız olduğunu əsaslandırmağa çalışırlar (bax: Мнения специалистов: Транспортный коридор через Абхазию и Южную Осетию из России в Армению / Hetq.am, 24 may 2018).

Ancaq bütün bunlar Ermənistanın Abxaziyadakı separatçıları dəstəkləməsi fonunda baş verir. Gürcüstan isə Dağlıq Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini dəfələrlə ifadə edib. Deməli, Abxaziya və Cənubi Osetiya məsələləri erməni-gürcü münasibətlərinin maneəsi olaraq qalmaqdadır.

N.Paşinyanın təkrarladığı digər məsələ təhlükəsizliklə bağlıdır. Ermənistan Azərbaycan və Türkiyə ilə əlaqələrə malik deyil. Qərbin İrana münasibəti neqativdir. Rusiya Tehranı dəstəkləyir. Ancaq geosiyasi aspektdə elə prinsipial məqamlar var ki, hər dövlət öz marağını müdafiə edir. İran da istisna deyil və bu müstəvidə Moskvadan fərqli düşünə bilər. Məsələn, enerji məsələsində Ermənistan mövzusu Tehran və Moskva üçün fərqli məzmun kəsb edir. Kreml istəmir ki, İrəvan Tehranla qaz satışında razılığa gəlsin və onlar arasında geniş əlaqələr yaransın. Bu da onu göstərir ki, Ermənistanın İranla əlaqələrinə də sərhədi Rusiya qoyur. Bu, eyni zamanda, təhlükəsizliyə də aiddir.

Başqa tərəfdən, Gürcüstan təhlükəsizlik sahəsində Azərbaycan və Türkiyə ilə çox dərinliklərə qədər əməkdaşlıq edir. Çətin ki, Ermənistana görə Tbilisi bu sağlam əməkdaşlığa kölgə salsın. Təcrübə göstərir ki, İran da son vaxtlar Azərbaycan və Türkiyə ilə təhlükəsizlik və enerji sferalarında əməkdaşlığı genişləndirir. Məsələn, Cənub-Qərb nəqliyyat dəhlizinə İranın qoşulması ciddi addımdır.

Bütün bunlar nəyi ifadə edir? Nikol Paşinyanın Gürcüstan səfəri real əməkdaşlıq imkanlarından çox İrəvanın düşdüyü dalandan çıxmaq üçün atdığı emosional addımlardan, çaşqınlıqdan qaynaqlanan diplomatik gedişidir. Təbii ki, kimsə xalq olaraq ermənilərin və gürcülərin düşmən olmasını arzulamır. Onlar zatən düşmən olmazlar da. Ancaq söhbət dövlətdən və onun suveren siyasətindən gedirsə, o halda vəziyyət xeyli ciddiləşir. İndiki tarixi mərhələdə Gürcüstan və Ermənistan fərqli geosiyasi düşərgədədirlər. Onların arasında Aİ, AŞ, KTMT, Aİİ kimi "harasalar" vardır. Ermənistan Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının siyasi-hərbi çətiri altında, Gürcüstan isə Avropa İttifaqı, ABŞ və NATO-nun siyasi-hərbi çətiri altında bərqərar olub. Onlar bir-birlərinə əllərini uzadar, sentimental hisslərini ifadə edər və qucaqlaşa bilərlər. Ancaq bundan o tərəfə gedib, dövlət olaraq real tərəfdaş olmalarına bir neçə güclü dövlətin icazəsi lazımdır. "Müsaidə" isə hələ yoxdur!

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Russian military 'drills' point to imminent final clash in Syria
30 avqust 2018 The Washington Times

Russian military 'drills' point to imminent final clash in Syria

Russia's navy announced it will open ''large-scale drills'' in the Mediterranean on Saturday in the latest sign that a major...

Davamı...
ABD çekilirse
06 aprel 2018 Habertürk

ABD çekilirse

Çarşamba günü Astana süreci ortakları Rusya, İran ve Türkiye'nin dünyaya bir birlik ve güç mesajı verdikleri çok yazıldı çizildi.

Davamı...