THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Müasir dövrdə Gürcüstana qarşı erməni iddiaları və Cavaxetiya məsələsi

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
2240
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 30 may 2018 – Newtimes.az

Qafqaz təkcə özünün relyefinin və iqliminin rəngarəngliyi ilə deyil, həm də etnik və dil tərkibinin mürəkkəbliyi ilə seçilir. Bu regionda 50-dən artıq xalq və etnik qrup yaşayır. Qafqazda həm Hind-Avropa dilli, həm Qafqazdilli, həm də Altay dil ailəsinə daxil olan xalqlar yaşayır. Qafqaz əhalisinin dini müxtəlifliyi ilə də fərqlənir. Günümüzdə burada xristian pravoslavlar, xristian monofizit qriqoryanlar, müsəlmanlar, iudaistlər kompakt halda yaşayırlar. Elə yuxarıda göstərilən iki faktor Qafqazda marağı olan dövlətlərin köməyinə həmişə çatmışdır. Təsadüfi deyildir ki, hələ XIX əsrin sonlarına Qafqazda yaşamış tanınmış rus jurnalisti və tarixçisi Vasil Lvoviç Veliçko "Qafqaz. Rus işi və tayfalararası məsələlər" əsərində yazırdı: "Qafqaz müstəqil nəticələr çıxarmaq üçün müşahidəçiyə və tədqiqatçıya geniş meydan verən hər cür təbii laboratoriyalara malik böyük bir akademiyadır. Qafqazda həyat hadisələri və insan xarakterləri olduqca qabarıq və eyni zamanda mürəkkəbdir".[i]

"Böyük dövlətlər"in Qafqaz siyasətində isə ermənilər məhz öz mənfur məqsədlərinin həyata keçirilməsi naminə məmnuniyyətlə hər zaman "alət" rolunu oynamışlar. Araşdırmalar sübut edir ki, dünya ağalığına iddia edən güclərin vasitə, erməni ultra-millətçi liderlərinin isə son məqsəd olaraq gördükləri "dənizdən-dənizə Böyük Ermənistan"ı yaratmaq xülyası təkcə Azərbaycan və Türkiyə ərazisində deyil, regionda yerləşən digər dövlətlərin ərazilərində də "məzlum erməni xalqına milli zəmində təzyiqlər" adı altında münaqişə ocaqları yaratmağı və perspektiv planda bu əraziləri "erməni enozisi" vasitəsi ilə birləşdirməyi nəzərdə tutur. Mifik "dənizdən-dənizə Böyük Ermənistan" yaradılması üçün erməni milli ideoloqları Şimali Qafqazın Rostov-Don xəttinə və Voronejə qədərki ərazilərinin, Gürcüstanın Axalkalaki, Acarıstan, Kvemo-Kartli rayonlarının, Qarabağ və Naxçıvan da daxil olmaqla bütün Azərbaycan Respublikası ərazisinin, Türkiyənin Şərqi Anadolu vilayətlərinin və İran İslam Respublikasının tərkibindəki Qərbi Azərbaycan və Şərqi Azərbaycan ostanlıqlarının Urmiya gölünə qədərki ərazilərinin ələ keçirilməsini "milli vəzifə" elan etmişlər.[ii]

Bu gün Cənubi Qafqazda Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiyadan sonra ən real milli problemin yaşana biləcəyi və yaşandığı bölgə Gürcüstanın Samtsxe-Cavaxetiya regionudur. Maraqlıdır ki, sadaladığımız bu 4 münaqişə ocağından Cənubi Osetiya istisna olmaqla digər üçünün yaranmasında erməni milliyətçiliyi birbaşa və ya dolayı yolla iştirak etmiş və etməkdədir.

Samtsxe-Cavaxetiya Gürcüstanın cənubunda yerləşir. Bölgə cənubdan Türkiyə və Ermənistanla, qərbdən Acarıstan Muxtar Respublikası ilə, şimal-qərbdən Quriya, şimaldan İmeretiya, şimal-şərqdən Şida-Kartli, şərqdən isə Kvemo-Kartli bölgəsi ilə həmsərhəddir. Regionun ərazisi 6412,9 kvadratkilometrdir. Tarixən iki hissədən ibarət olan Samtsxe-Cavaxetiya regionunun qərb hissəsini gürcülər Mesxetiya, türklər isə Ahıska adlandırmışlar. Bölgənin qərb hissəsini isə gürcülər Cavaxeti, ermənilər isə Cavaxk adlandırırlar. Gürcüstanın müasir inzibati ərazi bölgüsünə görə Samtsxe-Cavaxetiya bölgəsinin tərkibində altı inzibati rayon yerləşir: Adiqen, Aspindza, Borjomi, Axalsıx, Axalkalaki və Ninotsminda (keçmiş Boqdanov rayonu). Samtsxe-Cavaxetiyanın Borjomi rayonu istisna olmaqla qalan beş rayonunun hamısı Türkiyə ilə həmsərhəddir. Bölgənin sadəcə olaraq Ninotsminda rayonu Ermənistanla sərhədə malikdir. Bölgə xristianlığa qədərki dönəmdə birmənalı olaraq İveriyanın tərkib hissəsi olmuşdur. IX-X əsrlərdə bölgə Tao-Klaraceti çarlığının, 1008-ci ildən etibarən isə Baqrationilərin başçılığı ilə birləşdirilən vahid Gürcüstanın tərkib hissəsi olmuşdur. XV əsrin sonlarında vahid Gürcüstanın parçalanması və tənəzzülü ilə bölgədə Samsxe-Saatabaqo adlı feodal hakimliyi yaranmışdır. XVI əsrin sonu – XVII əsrin əvvəllərində Osmanlı imperiyasının şərq ekspansiyasının güclənməsi ilə bölgə Osmanlı dövlətinin hakimiyyətinə keçmişdir. Erməni müəllifi İqor Muradyan iddia edir ki, Osmanlılar şimaldan gələ biləcək təhlükənin qarşısını almaq və sərhədlərdə etibarlı mühafizəni təmin etmək üçün buraya daxili vilayətlərindən əhali köçürüblər. İqor Muradyan "Samtsxe-Cavaxetiyada siyasi şərait" adlı məqaləsində yazır ki, buraya Osmanlılar tərəfindən təkcə türklər deyil, həmçinin kürdlər və digər müsəlman xalqlarının da nümayəndələri köçürülüb.[iii] Lakin nəzərə alsaq ki, bölgənin hələ XI əsrdə Səlcuqların, XIII əsrdə isə monqolların və qıpçaqların axınlarına məruz qalmasını ən radikal erməni müəlliflərinin özləri belə etiraf edirlər[iv]. O zaman buraya türklərin XVI əsrdə köçürülməsi kökündən yanlış fikirdir və hər zaman olduğu kimi ermənilərin "avtoxton", türklərin isə "gəlmə" olmasını sübut etməyə hesablanmışdır.

1828-1829-cu illərdə baş vermiş Osmanlı-Rusiya müharibəsinin nəticələrinə görə, Samtsxe-Cavaxetiya regionu Rusiya İmperiyasının nəzarətinə keçmişdir. 1828-ci il Ədirnə sülh müqaviləsinə əsasən, burada yaşayan müsəlman gürcülər – lazlar Türkiyənin daxili rayonlarına köçürülmüş, əvəzində isə Ərzurum vilayətində yaşayan ermənilərin bir hissəsi İrəvan və Qarabağla yanaşı, həmçinin Axalkalakidə də məskunlaşdırılmışdır. Yəni, ermənilər Dağlıq Qarabağ kimi, Cavaxetiyaya da İrandan və Osmanlı Türkiyəsindən (1828-1829-cu illərin Rusiya-İran və Rusiya-Türkiyə müharibəsindən sonra) köçürülüblər. Tədqiqatlar sübut edir ki, təkcə müharibə zamanı buraya köçürülən ermənilərin sayı 35 min nəfər olmuşdur.[v] Hazırda Cavaxetiyada yaşayan ermənilərin 90 faizi o vaxt köçürülənlərin nəsilləridir. Hətta regionda mövcud olan erməni kilsələrinin özləri belə əsasən 1830-cu ildən sonrakı dövrdə inşa edilmişdir.[vi]

1918-1919-cu illərdə Qafqazda özgə əraziləri hesabına yaradılmış Ermənistan Respublikası Qarabağ və Naxçıvanla yanaşı, Cavaxetiya regionuna da iddialar irəli sürmüş və Gürcüstanla Ermənistan arasında müharibə baş vermişdi.

Bölgənin mühüm və strateji nöqtədə yerləşdiyini nəzərə alan Sovet lideri İosif Stalin öz hakimiyyəti dövründə bölgənin qadağan olunmuş sərhəd zonası elan edilməsi barədə göstəriş vermişdi. Müstəqillik dövründə Ermənistan birbaşa və dolayı vasitələrlə bölgəyə iddialarını ortaya qoymuşdur.

2016-cı ilin statistikasına əsasən, region əhalisinin sayı 160 min 600 nəfər olmuşdur.[vii] 2002-ci ilin statistikasında əhalinin 113 min 347 nəfərini, yəni, 54,6 faizini ermənilər təşkil edirdi. Bölgədə yaşayan gürcülərin sayı 2002-ci ildə 89 min 995 nəfər olmuşdu ki, bu da əhalinin 43,4 faizi demək idi. Bölgə əhalisinin qalan hissəsini türklər, ruslar, osetinlər və yunanlar təşkil edir.[viii] 1944-cü ilə qədər bölgədə türklər əhalinin böyük bir hissəsini təşkil ediblər.[ix] Lakin Mesxetiyada (Ahıskada) yaşayan türklər XX əsrin 40-cı illərində Gürcüstandan Orta Asiya ölkələrinə deportasiya olunmuşlar. Bu gün onların nəsilləri keçmiş SSRİ-nin digər respublikalarında, həmçinin Azərbaycanda və Amerika Birləşmiş Ştatlarında yaşayırlar.

Cavaxetiya iqtisadiyyatının əsasında kənd təsərrüfatı və turizm durur. Axalkalakidə yaşayan etnik ermənilərin əksəriyyəti son illərə qədər ya regiondakı rus hərbi bazalarında çalışır, ya da kartof bitkisi becərməklə məşğul olurdular.[x] Qeyd edək ki, regiondakı rus bazaları Gürcüstanın müstəqillik əldə etməsindən yalnız 16 il sonra 2007-ci ildə bu ölkənin ərazisini tərk etmişdir.[xi]

Bölgədə potensial münaqişə tərəfləri etnik ermənilər və gürcülərdir. Konkret olaraq desək, regionda sabitliyi pozmaq istəyən qüvvə Rusiyanın və Ermənistanın dəstəklədiyi ermənilərdir.

Yuxarıda da qeyd etdiyimiz kimi, ermənilərin bu bölgəyə olan iddiaları hələ 1918-ci ildən başlayıb. Bu günə qədər Ermənistan Cavaxetiyanı özününkü hesab edir. Hətta 1918-ci ildə Tbilisi ilə Yerevan arasında gərgin diplomatik danışıqlar aparılıb ki, sərhəd mübahisəsinə son qoyulsun. Bununla yanaşı, hələ o zaman həmin ərazilərdə erməni separatçıları və quldurları xüsusi qətllər törədir, bölgəni daim gərgin vəziyyətdə saxlayırdılar. Sovet Sosialist Republikaları İttifaqı yarandıqdan sonra İttifaqın digər münaqişəli ərazilərində olduğu kimi burda da "Cavaxetiya ədavəti" dondurulub. SSRİ-nin dağılmasından sonra ermənilər yenidən Cavaxetiyada təxribatçı əməllərə və separatçı çıxışlara başlayıblar. Gürcüstanın Cavaxetiya əyalətində yaşayan ermənilər artıq 27 ildən çoxdur ki, Tiflisin himayəsindən çıxıb, Ermənistanla bir olmağa hazırlıq prosedurunu həyata keçirmək üçün muxtariyyət tələbləri ilə çıxış edirlər. Gürcüstan müstəqillik qazandıqdan sonrakı dövrdə Cavaxetiyaya muxtariyyət verilməsi tələblərinin önündə ermənilərin "Cavaxk" (sonralar "Vahid Cavaxk" adlandırılmışdır) ictimai təşkilatı dururdu.[xii]

Ermənilərin muxtariyyət və ya Ermənistana birləşmə iddiaları Gürcüstanın keçmiş prezidenti Eduard Şevardnadzenin dövründə nisbətən passiv xarakter daşıyırdı. Çünki, Eduard Şevardnadze balanslaşdırılmış siyasət yürütməyə çalışır və Rusiya ilə açıq qarşıdurmalardan çəkinirdi. Qərbmeyilli Saakaşvili rejimi Rusiyanı gözardı edincə, ruslar Cənubi Osetiya və Abxaziya ilə yanaşı Cavaxetiyada da separatçılara dəstək verməyə başladılar. Samtsxe-Cavaxetiya adlı "potensial bomba" o zaman Rusiya üçün vacib silaha çevrildi ki, Gürcüstanda "qızılgül inqilabı" baş verdi və amerikameyilli M.Saakaşvili rejimi hakimiyyətə gəldi. Amerikanın məhşur analitiklərindən biri olan A.Koen fikirlərindən birində Gürcüstanın əhəmiyyətindən belə bəhs edir: "Qara dənizin Türkiyə ilə sərhədlənən strateji hövzəsinə nəzarət edərək, Ermənistanın dənizə çıxışını Qərbdən kəsərək, Gürcüstan elə bil Qafqaza giriş qapılarının açarlarını öz əlində saxlayır".[xiii] Rusiya-Gürcüstan münasibətlərinin pisləşməsindən isə Cavaxetiyadakı etnik ermənilər Yerevanda "cızılan plan" əsasında fəal şəkildə istifadə etməyə başladılar. Məhz Cavaxatiya məsələsinin ideoloqlarından biri olan İqor Muradyanın "Samtsxe-Cavaxetiyada siyasi şərait" adlı məqaləsində də bu açıq-aşkar hiss olunur. O, Saakaşvilinin Gürcüstanda hakimiyyətə gəlməsini gənc türklər inqlabına bənzədərək yazırdı: "M.Saakaşvili və komandası praktiki cəhətdən Sultanın devrilməsində məzlum azlıqları istifadə edən və daha sonra xristian azlıqların soyqırımını təşkil edən Gənc Türklərin üsullarını tətbiq etdi.''[xiv]

Burada iki hədəf var, birincisi, ilk növbədə gənc türklər dönəmini xatırlatmaqla guya baş vermiş "soyqırımı"nı dünyanın təhtəlşüuruna yeritmək, ikincisi isə digər tərəfdən rejimin guya qanlı mahiyyətini göstərməkdir. Halbuki bu fikrin tam əksinə olaraq M.Saakaşvilinin hakimiyyətə gəlməsindən sonra Gürcüstanın Avropaya inteqrasiya yolunu tutması ilə milli azlıqlara münasibətdə daha demokratik yanaşma sərgilənməyə başlanmışdır. Gürcüstan 2006-cı ildə "Milli azlıqların müdafiəsi haqqında çərçivə konvensiyası"nı ratifikasiya etmiş və çərçivə konvensiyanın tətbiqi ilə bağlı 2007 və 2012-ci illərdə hesabat təqdim etmişdir.[xv] 2009-cu ildə Gürcüstan hökumətinin qəbul etdiyi "Tolerantlıq və vətəndaş inteqrasiyası üzrə milli konsepsiya" da bu istiqamətdə atdılan addımlardan biri olmuşdur.[xvi]

Bölgədəki erməni təşkilatlarının Gürcüstana qarşı düşmən mövqeyi xüsusilə 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında baş verən münaqişə zamanı açıq-aşkar ortaya çıxdı. O dövrdə baş verən hadisələrdə digər bir erməni təşkilatı olan "Vahid Cavaxk"la yanaşı "Cavaxetiya gənclik-idman ittifaqı" da radikal mövqe nümayiş etdirmiş və hətta bu təşkilatın üzvləri qeyri-qanuni silahlanmaya cəhdlər göstərmişlər. Təşkilatın üzvlərindən biri olan Vaahn Çaxalyan bu hadisələrlə əlaqədar həbs edilmişdi.[xvii]

Saakaşvili rejiminin hakimiyyətdən getməsindən sonrakı dövrdə də Rusiya-Gürcüstan münasibətlərindən asılı olaraq bölgədəki ermənilərin "fəallığı" artıb azalmağa başlamışdır.

Hətta 2017-ci ilin oktyabrında bölgədəki erməni separatçıları bir az da irəli gedərək təxribat xarakterli toqquşmalar yaratmağa cəhd göstərmişlər. Belə ki, İrəvanın Gürcüstana rusiyameyilli Sergey Minosyanı səfir təyin etməsi Gürcüstan tərəfindən narazılıqla qarşılanmışdı. Bundan sonra diqqəti başqa yönə çəkməyə çalışan ermənilər Cavaxetiyanın Kumurdo kəndində X əsrdən qalma gürcü kilsəsinin həyətində erməni xaçı qoymağa çalışmışlar. Gürcüstan polisi isə buna müdaxilə edərək bu cəhdin qarşısını almış, nəticədə də toqquşma yaranmışdı.[xviii] İddialara görə, 2018-ci ilin əvvəllərindən etibarən isə ermənilər daha fəal işə keçmiş, Cavaxetiya bölgəsində ASALA terror təşkilatının modernizə edilmiş versiyası saya biləcəyimiz "Virk-Yerkir" terrorçu təşkilatını yaratmışlar.[xix]

Gürcüstandakı demokratikləşmə proseslərindən və bu ölkənin milli azlıqlara münasibətdə aktiv multikultural yanaşma sərgilənməsindən yenə də mənfur məqsədləri üçün istifadə etməyə çalışan ermənilər, çoxmillətli vahid Gürcüstan ailəsinə deyil, Ermənistana "inteqrasiya" etməkdə israrlıdırlar.

Bu gün Cavaxetiyada separatçı ermənilər tərəfindən irəli sürülən tələblərlə XX əsrin 80-ci illərində Dağlıq Qarabağla bağlı irəli sürülən tələblər demək olar ki, eynidir. İ.Muradyan yazır: "İndiki dövrdə Cavaxetiyada mövcud olan əsas sosial-siyasi problemlər bunlardan ibarətdir:

– özünüidarəetmə məsələsi,

– təhsil və dil problemi,

– iqtisadi gerilik məsələsi.

Təbii ki, Cavaxetiyadakı məsələlər təkcə yerli erməni əhalisinin öz gücünə əsaslanmır. Yuxarıda da qeyd etdiyimiz kimi, bu, xeyli dərəcədə Gürcüstana düşmən xarici erməni qüvvələrinin istəklərinin nəticəsidir. Ermənistan isə Qarabağ məsələsində olduğu kimi, Cavaxetiya məsələsində də ilk dövrlərdə hiyləgər bir mövqe tutmuş və beləliklə də əsassız iddialarını dünyaya yerli ermənilərin öz müqəddəratını təyinetmə məsələsi kimi təqdim etməyə çalışmış və çalışmaqdadır. Digər tərəfdən isə Cavaxetiyadan Ermənistana gələn erməniləri öz ərazisində təşkilatlandırmışdır və bu proses bu gün də davam etməkdədir. Məsələn, Ermənistanda fəaliyyət göstərən "Zor Ayrenik" ("Güclü ana vətən") təşkilatı bu funksiyanı həyata keçirir. Bəzi hallarda bu cür təşkilatlar mövcud Ermənistan hakimiyyətinə müxalif mövqe tutsalar da, Ermənistan kimi antidemokratik ölkələrdə təbii ki, bu cür "cib müxalifəti"nin saxlanılması adi norma hesab olunur. Digər tərəfdən, Ermənistan dövləti müxtəlif təşkilatlar, o cümlədən əslində Ermənistan dövlətinin və hökumətinin maaliyyələşdirdiyi "qeyri-hökumət təşkilatları"nın xətti ilə Samtsxe-Cavaxetiyanın tarixinin ermənisayağı "tədqiqi"ni də dəstəkləyir. Xüsusən, bu istiqamətdə Samvel Karapetyan kimi "tədqiqatçı"ların "tədqiqatları" xüsusi yer tutur. Onun 2006-ci ildə nəşr etdirdiyi "Javakh" adlı kitabı (kitab 2011-ci ildə ingilis dilində təkrar nəşr edilmişdir.) erməni "tədqiqatçı"larının ənənəvi xarakterini əks etdirir və Samtsxe-Cavaxetiya regionunun tarixini başdan-başa saxtalaşdırır.[xx]

Maraqlıdır ki, rus qoşunlarının Gürcüstan ərazisini tərk etməsi prosesi başladığı 2007-ci ildə qəbul edilən "Ermənistan Respublikasının milli təhlükəsizlik strategiyası" adlı sənədin 2.1. hissəsinin Gürcüstanla münasibətlərə həsr olunmuş hissəsində Cavaxetiya məsələsinin "həlli" açıq-aşkar irəli sürülmüşdür. Belə ki, sənəddə yazılır: "Gürcüstan respublikası ərazisində çoxsaylı ermənilərin yaşaması ilə əlaqədar olaraq Ermənistan üçün xüsusi əhəmiyyət daşıyır. Ermənistan bu ölkədə, o cümlədən Cavaxkda (Cavaxetidə) yaşayan ermənilərin sosial-iqtisadi problemlərinin həlli üçün Gürcüstan idarəçiliyi ilə əməkdaşlıq edir".[xxi] Ermənistan Respublikasının Prezidenti yanında Milli Təhlükəsizlik Şurasının 26 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiqlənmiş bu rəsmi sənədlər xarici ölkəyə aid olan ərazilər sırasında sadəcə olaraq Dağlıq Qarabağ və Cavaxetiyanın adı çəkilir. Gürcüstan Respublikası ilə əməkdaşlıq etmək niyyətlərini göstərən erməni "strateqləri" strategiyada regionun rəsmi adını da yazmağa lüzum görməyiblər, "Cavaxk"ı əsas, Samtsxe-Cavaxetiyanın "Cavaxeti" hissəsini isə mötərizə əlavəsi olaraq göstərməyi yetərli sayıblar.

Ümumilikdə, Qafqazda potensial münaqişə ocağı olan Samtsxe-Cavaxetiya problemi təkcə Gürcüstan üçün deyil, ümumilikdə Qafqazda sülhün və sabitliyin davamlılığı, eləcə də Avropanın enerji təhlükəsizliyi üçün ciddi təhdidlər doğurur ki, bu təhdidlərdən əsas üçünü aşağıdakı kimi fərqləndirmək mümkündür:

1) Şimaldan xarici dəstək hesabına demək olar ki, Gürcüstandan qopmuş Cənubi Osetiya ilə cənubdan potensial separatizm ocağı olan Samtsxe-Cavaxetiyanın Gürcüstandan qopmasından sonra Gürcüstan ərazisi faktiki olaraq iki hissəyə bölünmüş olur.

2) Münaqişənin silahlı həddə keçəcəyi təqdirdə Avropanın enerji təhlükəsizliyində fövqəladə dərəcədə əhəmiyyətli rol oynayan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru, Bakı-Tbilisi-Ərzurum qaz boru xətləri münaqişə zonasında qalmış olur ki, bu, yenidən Qərb ölkələrini əvvəlki asılılıq vəziyyətinə qaytara bilər. Doğrudur, faktiki olaraq, bu enerji xəttləri Samtsxe-Cavaxetiya regionunun Cavaxetiya hissəsindən deyil, Mesxetiya hissəsindən keçir, lakin, Ermənistanın Qarabağdakı işğal siyasətinə baxsaq görərik ki, onlar da ilk dövlərdə sadəcə olaraq regionun dağlıq hissəsinə iddialar irəli sürmüş, faktiki olaraq isə Dağlıq Qarabağdan əlavə ətraf 7 rayonu da işğal etmişlər.

3) Samtsxe-Cavaxetiya regionunda münaqişə Bakı-Tbilisi-Qars dəmirolu xəttinin də fəaliyyətini təhlükə altında qoya bilər ki, bu isə Orta Asiyadan və İrandan gələn tranzit daşımalarının xərclərini daha da artırmış olar.

Bu isə o deməkdir ki, ermənilərin iddiaları təkcə Azərbaycana və Türkiyəyə qarşı deyil, həmçinin Gürcüstana, bir çox hallarda hətta Ermənistana bu və ya digər formada dəstək verən ölkələrin özlərinə qarşı da yönəlmişdir. Bu isə o deməkdir ki, Ermənistanda son dövrlərə qədər hakimiyyətdə olmuş hərbi xuntanın və eləcə də erməni şovinizminin mənfur məqsədləri təkcə Cənubi Qafqaz üçün deyil, Qafqaz, Mərkəzi Asiya və Ön Asiya regionlarında sülhə, eləcə də Avro-Atlantik məkanın enerji təhlükəsiliyinə ciddi təhdiddir.

Elnur Kəlbizadə,

Tarix üzrə fəlsəfə doktoru, AMEA Qafqazşünaslıq İnstitutu Gürcüstanşünaslıq şöbəsinin aparıcı elmi işçisi

İstifadə edilmiş ədəbiyyat


[i] Veliçko V.L. "Qafqaz. Rus işi və tayfalararası məsələlər", Bakı: Azərbaycan nəşriyyatı, 1995, s. 6.

[ii] Мобильоглу T. Армения. Армяне. Армянство. Книга I, Баку: Адильоглы, 2004, c. 23-24.

[iii] Мурадян И. Политическая ситуация в Самцхе-Джавахетии // www.geopolitica.ru/Articles/769

[iv] Karapetian S. Javakhk. Yerevan: Research on Armenian Architecture (RAA) Foundation, 2011, 76 p., p.13

[v] Ломсадзе Ш. Самцхе-Джавахети. Тбилиси: Favorite Print, 2013, с. 325.

[vi] Метревели Е. Ключевые тенденции в системе управления в Джавахети // Джавахети вызовы и перспективы. Тбилиси: GFSIS, 2013, с. 11

[vii] დემოგრაფიული ვითარებასაქართველოშისტატისტიკურიკრებული.თბილისი:საქართველოსსტატისტიკისეროვნულისამსახური, 2017, გვ. 19.

[viii] Georgia Census 2002. Ethnic group by major administrative-territorial units // www.geostat.ge/cms/site_images/ _files/english/census/2002/03%20Ethnic%20Composition.pdf, p. 3. İstifadə tarixi: 27.04.2018

[ix] Минасян С. Ситуация в Джавахке в контексте проблемы вывода Российских военных баз из Грузии // "21-й ВЕК", № 1, 2005 г., c. 29

[x] Нерсесян М. Джавахетия: конфликт неизбежен?! // www.abxaziya.org, Декабрь 2003 года

[xi] Метревели Е. Ключевые тенденции в системе управления в Джавахети // Джавахети вызовы и перспективы. Тбилиси: GFSIS, 2013, с. 5

[xii] Nərimanoğlu H. Türk ya erməni soyqırımı? Bakı: QHT nəşriyyatı, 2005, s. 64.

[xiii]  Чигорин А. Российского-Грузинские отношения. Что дальше.// Moсква, Красная звезда, 5. 2003, с. 44

[xiv] Мурадян И. Политическая ситуация в Самцхе-Джавахетии // www.geopolitica.ru/Articles/769/

[xv] Метревели Е. Ключевые тенденции в системе управления в Джавахети // Джавахети вызовы и перспективы. Тбилиси: GFSIS, 2013, с. 5

[xvi] Yenə orada, s. 5

[xvii] Yenə orada, s. 13

[xviii] Məmmədov M. Ermənistan-Gürcüstan sərhədində ilk toqquşma // www.istipress.com/siyaset/03-10-2017/ermenistan-gurcustan-serhedinde-ilk-toqqusma. 03.10.2017

[xix] Ermənilər Gürcüstanda yeni ASALA yaratdı: Terror təhlükəsi // www.axar.az/news/gundem/241271.html, 10.02.2018

[xx] Karapetian S. Javakhk. Yerevan: Research on Armenian Architecture (RAA) Foundation, 2011, 76 p.

[xxi] Стратегия национальной безопасности Республики Армени // www.mfa.am/u_files/file/doctrine/Doctrinerus.pdf, İstifadə tarixi: 29.04.2018, с. 18.

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Bu adam Erdoğan'a düşman
10 oktyabr 2018 Habertürk

Bu adam Erdoğan'a düşman

Daniel Pipes aynı zamanda Erdoğan'a da, Türkiye'ye de düşmandır.

Davamı...
Trade war set to be the United States' next foreign policy quagmire
24 sentyabr 2018 The Hill

Trade war set to be the United States' next foreign policy quagmire

History is littered with real wars, like those in Afghanistan, Iraq and Vietnam, that...

Davamı...