THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Böyük dövlətlərin "olum, ya ölüm" monoloqu və dünya: müharibə qaçılmazdır?

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
2454
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 4 aprel 2018 – Newtimes.az

Dünya mətbuatında qlobal səviyyədə gedən geosiyasi-hərbi proseslərin analizinə həsr edilmiş məqalələrin sayı günbəgün artır. Aparılan təhlillər adətən bir nəticə ilə yekunlaşır: bəşəriyyət yeni müharibənin astanasındadır. Bu zaman bəşəriyyəti iki düşərgəyə bölürlər – Qərb və anti-Qərb! Bu iki düşərgənin bir-biri ilə münasibətləri, təəssüf ki, daha çox nüfuz və geosiyasi maraqlar kontekstində analiz edilir. Bunun fonunda güclü və zəif, böyük və kiçik dövlətlər bölgüsü aparılmağa çalışılır. Belə təəssürat yaranır ki, böyük dövlətləri bütövlükdə bəşəriyyətin taleyindən çox, öz maraqları düşündürür. Bu prizmadan yanaşdıqda, ayrıca, bir qrup dövlətin sürətli inkişafı və hərbi qüdrətinin artmasına reaksiya olaraq, onların zərərsizləşdirilməsi təklifinin irəli sürülməsi səbəbləri aydın olur. Konkret adlar da çəkilir. Bir sıra müəlliflər yeni inkişaf etməkdə olan ölkələrin öz aralarında ixtilaflar yaratmaq kimi qeyri-humanist tezisi belə irəli sürürlər. Bütün bunlar insanları düşündürür: dünya doğrudanmı yeni müharibəyə sürüklənir? Bu prosesin sonu necə ola bilər?

Hamletin monoloqu və müasir böyük dövlətlər: rasionallıq itiriləndə

Müharibə mövzusu müxtəlif analitik və ekspert dairələrində getdikcə daha çox yer almağa başlayır. Mütəxəssislər dünyada baş verən geosiyasi proseslərin, böyük dövlətlərin qarşılıqlı münasibətlərinin və beynəlxalq təşkilatların situasiyaya müdaxilə edə bilməməsinin fonunda növbəti dünya müharibəsinin meydana gələ biləcəyi ehtimalını yüksək qiymətləndirirlər. Onların yeni planetar qarşıdurmanın konkret yeri və yaranma dinamikası ilə bağlı fərqli mövqeləri ola bilər. Ancaq bu, əsas məqam deyil. Başlıca düşündürücü amil supergüclərin siyasi fəlsəfəsində, analitik düşüncəsində və ekspert rəyində müharibə paradiqmasının özünə möhkəm yer etməsindən ibarətdir.

Paradoksaldır ki, uzun illərdir dünyaya yeni texnologiyalar, liberalizm, demokratiya, əməkdaşlıq, qloballaşma kimi "sivil mahiyyətli və məzmunlu" anlayışlar arxasından səslənən böyük geosiyasi məkanlar indi bütün bunların məhvinə səbəb ola biləcək müharibə ssenarilərindən bəhs edir. Bu barədə ayrı-ayrı özəl şirkətlər, "beyin mərkəzləri" deyil, demək olar ki, total surətdə böyük dövlətlərin hər birinin siyasi dairələri danışmağa başlayıblar.

Diqqət edək – son illər bir sıra böyük dövlətlər dünyanın müxtəlif regionlarında müəyyənləşdirdikləri "pozucu elementləri" (buraya sadəcə qruplar deyil, dövlətlər və hətta dövlətlər qrupu daxil edilir) "zərərsizləşdirməkdən", "neytrallaşdırmaqdan", "məhv etməkdən", hətta "yer üzündən birdəfəlik silməkdən" bəhs edir, Avropa İttifaqı yeni hərbi təşkilat yaratmaq məsələsini ortaya atıb. Son Münxen Təhlükəsizlik Konfransında da bir sıra ekspertlər bu barədə geniş danışıblar. Güclülər dünyanı müharibə alovunda görür və sanki ona hazırlaşırlar.

Burada ekspertlər Vilyam Şekspirin "Hamlet" əsərindən bir məşhur kəlamı şüar kimi gətirirlər. Həmin əsərin üçüncü pərdəsində Hamlet düşüncəli olaraq "olum, ya ölüm" (to be, or not to be) deyir və məlum olmur ki, bu zaman səhnədə olan kimə baxır: Ofeliyaya, Poloniyə, yoxsa Krala! Doğrudan da, bu səhnə ilə dünyanın böyük dövlətlərinin indiki vəziyyəti arasında bir obrazlı oxşarlıq vardır. Çünki onlar da təhlükə mənbəyi kimi öz güclü rəqiblərini görürlər. Həm də konkret kimin kimə "baxdığı" qeyri-müəyyəndir. Dəqiq olanı odur ki, həmin ölkələr rəqib hesab etdiklərini "ölüm-qalım" kimi bəsit və sərt məntiq çərçivəsində görməkdədirlər!

Əslində, yeri gələndə onlar təhlükə mənbələrini daha geniş kontekstdə təqdim etməyə meyllidirlər. Məsələn, İslam dünyası, terror qrupları, narkoticarət, qanunsuz silahlı dəstələr və nə qədər paradoksal olsa da, sürətlə inkişaf edən bir sıra ölkələr. Bu "obyektlərə" qarşı da bəzi böyük dövlətlərin paytaxtlarından təhdid, göstəriş, qınaq kimi siqnallar gəlir. Lakin sıranın ilk yerində yuxarıda adlarını çəkdiyimiz dövlətlər dayanır.

Belə çıxır ki, böyük dövlətlərdə sistemli və məqsədli olaraq dünyanı yeni müharibəyə hazırlamaq kimi ideoloji vəzifə qarşıya qoyulub. Uzun illərdir ki, bu məqsədlə bayağı, səthi düşmən obrazları yaradılır, indi isə onları məhv etməyə ictimai rəyi kökləmək gərəkdir. Bu səbəbdən də hər fürsətdə "biz deyil, filankəslər günahkardırlar" kimi zərərli tezisi təkrar edirlər.

Əslində, bu təzahürün kökləri dərindir və beynəlxalq aləmdə özünü göstərməkdə olan bir sıra məqamlara gedib çıxır. Bu barədə Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədovun fikri maraqlıdır. Novruz Məmmədov çıxışlarının birində deyib: "Dünya maliyyə böhranının nəticələrinin öhdəsindən gəlir. Lakin fikrimcə, bu gün dünyada daha bir böhran var – beynəlxalq hüquq böhranı" (bax: Novruz Məmmədov: "Dünyada beynəlxalq hüquq böhranı yaşanır" / "APA", 2 sentyabr 2013). Azərbaycan Prezidentinin köməkçisi haqlıdır, çünki əgər beynəlxalq hüquq işləsəydi, böyük dövlətlər yuxarıda vurğulanan kontekstdə günahkar axtarmazdılar.

Budur, beynəlxalq hüququn qaydalarına müraciət etmək əvəzinə bir sıra məqalələrdə təhlükələrə qarşı hansısa dövlətlər qrupunun dayanmalı olduğunu açıq yazırlar. Məsələn, son zamanlar bir sıra nüfuzlu mətbu nəşrlərdə yer almış məqalələrdə müəlliflər birbaşa işarə edirlər ki, "günahkarları cəzalandırmağa qadir olan güc" iradəsini ortaya qoymalıdır! Təsəvvür edin ki, müəyyən qrup dövlətlərin hərbi qüdrətindən istifadə edərək özünə düşmən hesab etdiyi və liderlik rəqabətində sıxışdırdığı ölkələri məhv etməsini arzulayırlar. Budurmu liberalizm, budurmu demokratiya? Bunlar əsl müharibəyə səsləniş, vandalizm, orta əsr vəhşiliyi, zorakılığa çağırışdır!

Eyni zamanda, fərqli ranqlarda olan ölkələrə qarşı haqsız mövqedir. Onlar sülh və barış arzulayırlarsa, böyük dövlətlər əksini reallaşdırmağa can atırlar. Nəticədə, paradoksal bir vəziyyət yaranır. Belə ki, Novruz Məmmədovun ifadə etdiyi kimi, "sülhün, təhlükəsizliyin tərəfdarı olan Azərbaycan kimi 100-dən artıq kiçik dövlətlər ... sabah, bir il sonra nəyin baş verə biləcəyini gözləyir. Bu gün beynəlxalq münasibətlərdə çatışmayan bir şey var – ədalət. Bütün proseslərə ədalətli yanaşma olmasa, beynəlxalq hüquq mümkün deyil" (bax: Novruz Məmmədov: "20-30 ildir ki, beynəlxalq hüquq arxivə qoyulub" / "Ölke.az", 6 may 2017).

Savaş bəhanələri: müharibə qaçılmaz olur!

Bu fikirlər ortaya atılarkən gətirilən arqumentlərə nəzər salaq. Böyük dövlətlərin milli müdafiə strategiyalarında yer almış təhdidlər sirr deyil. Onlar bir-birini ittiham etməklə yanaşı, hər biri özü üçün düşmən saydığı ölkələrin dairəsini də göstərirlər. Bununla da avtomatik olaraq ciddi bir düşmənçilik ab-havası yaranır. Özləri başqlarının kütləvi qırğı silahına malik olmasını qətiyyətlə qəbul etmir, lakin özlərinin yeni-yeni güclü silahlar hazırladıqlarını bəyan edirlər. Bunlar təbii ki, bütün dünya üçün qorxulu mənzərə yaradır və kimlərinsə ağalıq iddiasını ortaya qoyur.

Axı, böyük dövlətlər hansı səbəblərdən bir-birlərinə düşmən kəsilə bilərlər? Bir tərəfdən deyirlər ki, dünyanın supergücləri mövcuddur və onları bu sahədə heç kəs keçə bilməz. Digər tərəfdən isə bu gücdən ehtiyat edənləri bütün bəşəriyyətə düşmən elan edirlər. Hər bir dövlətin suveren olmaq, müstəqil yaşamaq kimi təbii hüququ vardır. O cümlədən kiçik və dinc yaşamağa üstünlük verən ölkələrin suveren, öz dəyərlərini inkişaf etdirməklə mövcud olmaq haqqı var! Bir şey bir qrup dövlət üçün haqdırsa, başqalarına niyə haqq olmasın?

Təəssüf ki, bəzi dairələrdə belə düşünmürlər. Əvəzində yazırlar ki, hansı regionlarda kimlər savaşır-savaşsın, ancaq həmin dairələrə ziyan vurmasın. Bu zaman müharibə edənlərdən kimin təcavüzkar, kimin qurban olmasını da obyektiv müəyyənləşdirməyə həvəs göstərmirlər. Hiss olunur ki, kimlərisə daha çox silah satmaq, xalqları bir-birinə qənim kəsmək daha çox maraqlandırır. Bunlar təbii ki, bütövlükdə dünyanın geosiyasi düzənini pozur, yeni-yeni təhlükələr meydana çıxarır.

Bütün bunlardan çıxarılan nəticəyə baxaq. Bir sıra analitiklər sualı "supergüclər nə etməlidirlər" kontekstdə qoyurlar (niyə yalnız bir qrup dövlət, dünyada başqa dövlətlər yoxdurmu, ümumiyyətlə, bəşəriyyət mövcud deyilmi?). Bu sualın səbəbi varmı? Sən demə, "dünya yaranmış təhlükələri aradan qaldırmağa hazır deyil"! Çünki iyirmi ilə yaxın sürən strateji dəyişiklik bəzi dövlətlərin xeyrinə oldu ki, dünyada qüvvələr nisbətini dəyişmək zərurəti də meydana çıxdı. Dünyanın müxtəlif regionlarında uğursuz müharibə kampaniyaları böyük dövlətlərin konstruktiv siyasi xətt yeritdiyinə ciddi şübhələr yaratdı. Dünya ictimaiyyəti həmin məqamı geniş şəkildə müzakirə etməyə başladı. Hər bir dövləti təhdid edən təhlükələr barədə suallar ortaya çıxdı. Təbii ki, bunların fonunda supergüclərin beynəlxalq münasibətlər sistemində oynadığı destruktiv roldan da bəhs edilməyə başlanıldı. Həqiqətən, əgər İkinci dünya müharibəsindən sonra beynəlxalq hüququn üstünlüyü təmin edilməli idisə, onda indi müşahidə olunan və əksər hallarda hüquqi əsası olmayan, ədalətlilik prinsipindən uzaq olan iddiaların kökü haradadır? Təəssüf ki, bu suallara cavab axtarmaq meyli müşahidə edilmir. Əksinə, hiss olunur ki, böyük dövlətlər daha amansız silahlanma yarışına hazırlaşırlar. Şübhə yoxdur ki, belə vəziyyət istənilən ölkə üçün təhlükə deməkdir.

Əlbəttə, supergüclərin kifayət qədər "sərt güc" resursu var və onlar dost saydıqlarını qoruya bilərlər, lakin dünya yalnız onlardanmı ibarətdir? Nə üçün düşmən obrazı yaradılır və insan intellektindən onları səksəkəyə salan hərbi texnologiyalar hazırlamaq üçün istifadə edilir? O cümlədən öz diplomatik addımlarını dəstəkləmək üçün böyük dövlətlər robot, süni intellekt və idarəolunan enerji silahları üzərində qurulmuş yeni sistemlərə sərmayə yatırırlar. Bunlar bəşəriyyətin xoşbəxt gələcəyinə xidmət sayıla bilərmi? Böyük şübhələrimiz var!

Bizcə, hər şey aydındır. Bu iddialardan sonra yekun qənaətin necə ola biləcəyinə də şübhə yoxdur: "Böyük dövlətlər dünyada sülhün qarantıdır. "Xoşbəxtlikdən", üstünlük hələ də onlardadır. Onlar, zəngin və bacarıqlı tərəfdaşlara, dünyanın ən güclü ordularına, şəksiz hərbi təcrübəyə, peşəkar mühəndislər və ən qabaqcıl texnologiya şirkətlərinə malikdirlər"!

Belə çıxır ki, Üçüncü dünya müharibəsi perspektivi getdikcə daha real görünür. Onu kimsə yox, böyük dövlətlər başlaya bilərlər! Açıq vurğulayırlar ki, dünyada bir neçə güclü "düşmən" meydana gəlib və onları məhv etmək lazımdır. Həmin "düşmənlər"in başlıca günahı tabe olmaq istəməməyi, müstəqil yaşamaq və suverenliyini təmin etmək istəyidir. Doğrudur, onların sırasında da başqalarını kölə etmək kimi niyyətlər vardır.

Lakin yeganə xilas yolu müharibədirmi? Dialoq, əməkdaşlıq, qarşılıqlı maraqları gözləməklə problemləri həll etmək olmazmı? Digər tərəfdən, özünü ən güclü sayan və BMT Təhlükəsizlik Şurasında beş yeri zəbt etmiş həmin dövlətlər üçün dünyada başqa suveren ölkə yoxdurmu? Niyə onlar bütün dünyanın taleyini həll etməlidirlər? Bu suallara cavab, əslində, Novruz Məmmədovun aşağıdakı fikirlərində lakonik ifadə edilib. Novruz Məmmədov 2016-cı ildə Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində "Sülhün bərqərar edilməsi və terrorun aradan qaldırılması" mövzusunda keçirilən bölmə iclasında ifadə etmişdi: "Kaş beynəlxalq hüquq nisbi də olsa tətbiq ediləydi, o zaman dünyada vəziyyət belə olmazdı. Beynəlxalq hüququn tətbiq edilməsi hər bir böyük dövlətin öz istədiyini etməsindən daha yaxşı olardı" (bax: Novruz Məmmədov: "Kaş beynəlxalq hüquq nisbi də olsa tətbiq ediləydi" / "Lent.az", 27 aprel 2016).

Azərbaycan kimi barış və sülh istəyən ölkələrin təhlükəsizliyi necə təmin ediləcək? Təcavüzkar dövlətlərin qarşısı necə alınacaq? Bütün bunlara cavab yoxdur. Əvəzində, Sabir demişkən: "Kim sizi qəyyum edib, hökm edəsiz bizlərə?" Amma kimsə unutmasın – bumeranq deyilən bir effekt də var! Həmişə hər yerdə işləyir!

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...
2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı
29 avqust 2019 Foreign Policy Journal

2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı

Bir müddət əvvəl mübahisəli Dağlıq Qarabağ regionunda "ümumerməni oyunları'' təşkil olunub. Amma bu, beynəlxalq səviyyədə lazımi dərəcədə pislənməyib.

Davamı...