THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Trampın "ağıllı" raketləri, yoxsa ədalət: dünyanı nə xilas edə bilər?

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
2156
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 13 aprel 2018 – Newtimes.az

Amerika prezidenti Donald Trampın Rusiyanı hədələməsi yenidən bütün dünyada narahatlıq yaradıb. Moskva da cavab verib. Aydın olur ki, iki supergüc bir-biri ilə savaşmağa hazırdır. Hər ikisi hesab edir ki, qalib olacaq. Hər ikisi hesab edir ki, ədalətlidir. Lakin təhlillər göstərir ki, vəziyyət daha mürəkkəbdir və çoxlu sayda təhlükələr meydana gələ bilər. Suriyanı bombalamaq istəyənlər oradakı insanların taleyini qətiyyən düşünmürlər. Əksinə, suriyalılar arasında ixtilafları daha da dərinləşdirən addımlar atmaqdan çəkinmirlər. Belə bir şəraitdə Yaxın Şərqdə geosiyasi proseslər hansı istiqamətdə gedə bilər? Bu kimi suallara cavab üzərində geniş dayanmağı lazım bildik.

Qarşılıqlı hədə: raketlər Suriyaya tuşlanır

Belə təəssürat yaranır ki, Yaxın Şərqdə Qərb-Rusiya qarşıdurması daha təhlükəli miqyas alır. Suriyaya nəzarət uğrunda Amerika ilə Rusiya arasında özünü göstərən mübarizə getdikcə sırf hərbi güc nümayişi müstəvisinə keçir. Burada proseslərin daxili məntiqində bir ziddiyyətin olduğu açıq hiss edilir. Məsələ ondan ibarətdir ki, tərəflərin bir-birini ittiham edən faktları hansı məqamda ortaya çıxarması müəyyən suallar yaradır.

Türkiyə Afrin əməliyyatını keçirdiyi müddətdə Bəşər Əsəd və Rusiya Şərqi Qutada hərbi əməliyyatlara başladılar. Ancaq türklərdən fərqli olaraq onlar dinc insanlara qarşı addımlar atdılar. Nəticədə, minlərlə dinc sakin yurdundan didərgin düşdü, bombalar altında qaldı, canlarını qurtarmaq üçün yollara düşdülər. Prezident Rəcəb Tayyib Ərdoğanın Vladimir Putinə evlərini tərk edənləri Türkiyəyə göndərməklə bağlı müraciət etməsinə baxmayaraq, qaçqınları Dəməşqə yönəltdilər. Bu da əlavə işgəncələr, təhqirlər, sıxışdırmalar və s. halların artmasına səbəb oldu.

Belə təəssürat yarandı ki, B.Əsəd və Rusiya fürsətdən istifadə edib, Şərqi Qutadakı müxalifləri və əhalini cəzalandırmağı qərara alıblar. Afrin əməliyyatı başa çatdı. Bir nəfər də dinc adamın burnu qanamadı. Şərqi Qutada isə yeni zorakılıq dalğası meydana gəldi. Burada hökumət qüvvələrinin kimyəvi silah tətbiq etdiyi barədə sosial şəbəkələr və qeyri-hökumət təşkilatlarının informasiyalar yayması aləmi bir-birinə qatdı.

Bunlara Donald Trampın dərhal və kəskin reaksiya verməsi diqqətləri çəkdi. Amerika prezidenti B.Əsədi "heyvan" adlandırdı və mütləq cavab alacağını bəyan etdi. Eyni zamanda, ona yardım edən Rusiya və İranın da kənarda qalmayacağını bildirdi. Moskvanın reaksiyası uzun çəkmədi. Rusiya kimyəvi silah tətbiqini inkar etdi və sübut tələb etdi. ABŞ və Rusiyanın həmin məsələni BMT-yə çıxarmaq cəhdləri də qarşılıqlı boykot əsasında baş tutmadı.

Lakin D.Tramp gündəmi yenidən qarışdırmağı bacardı. O, "Rusiya, qarşıla, "ağıllı" raketlər gəlir" kimi meydana çağırışı xatırladan tvitlər atdı. İnformasiya yayıldı ki, ABŞ-ın raket silahı daşıyan gəmisi regiona doğru hərəkətə keçib. D.Tramp da 24-48 saat içərisində Suriyaya zərbə endirəcəyini bəyan etdi. Moskva isə cavabında "raketləri terrorçulara qarşı atsa, yaxşıdır", deyə bildirdi.

Bunlardan sonra bir sıra KİV-lər Suriyadakı hava limanlarının boşaldıldığı və Rusiyanın hərbi bazalarındakı qırıcıların yoxa çıxdığı haqqında informasiyalar yaydı. Amerika prezidenti isə susmaqdadır. Lakin regionda hərbi hərəkətliliyin artdığı barədə məlumatlar yayılır. Böyük Britaniya, Fransa və Almaniyanın da müəyyən addımlar atdığı barədə danışırlar.

Onu da deyək ki, Tehran Amerikanın bu addımlarına çox kəskin münasibət bildirib. Faktiki olaraq İran bu davranışları özünə qarşı atılan addımlar kimi qiymətləndirib. Görünür, lazımi anda İran hərbi əməliyyatlara qoşula bilər. Hər bir halda, ekspertlər hadisələrin bir ucunun Tehrana toxunduğu qənaətindədirlər.

Bütün bunlar regionda və dünyada hansı vəziyyəti yarada bilər? İlk olaraq vurğulamaq istərdik ki, suriyalıların özündən soruşmadan dünyanın böyük dövlətləri Suriyaya qarşı hansı silahı işlədə biləcəklərini nümayiş etdirirlər. Axı, atılan hər bir raket məhz Suriya vətəndaşlarını, günahsız, siyasətə heç bir aidiyyəti olmayan adi insanları məhv edəcək. B.Əsəd və yaxınları lazımi anda necə qorunmağı bilirlər. B.Əsədin hansı bunkerdə olduğunu bilən də yoxdur. Bəs onda Suriya hava limanlarına atılan raketlərin hədəfləri kimlərdir?

Savaşdan barışa: ədalətsizliyin cəngində

İkinci məqam ondan ibarətdir ki, "Amerika və Rusiya Suriyada nəyin davasını aparırlar?" sualının cavabını açıq demirlər. Çünki onları Suriya xalqı və dövləti deyil, geosiyasi ambisiyaları maraqlandırır. Hər iki supergüc kimin daha nüfuzlu olması məsələsini həll etməyə çalışırlar. Buna görə də çəkinmədən dinc əhaliyə qarşı belə silah tətbiq edilməsinə yol açırlar. Baxın, indi Suriyada onlarla silahlı qruplar vardır və onlara çoxlu sayda dövlətlər təsir edə bilirlər. Bu o deməkdir ki, bütövlükdə Suriya cəmiyyətində bir qarşıdurma mövcuddur. Bu qarşıdurmanın aradan qaldırılması üçün sivil və barışdırıcı təkliflər verilmir, aranı daha da qızışdırmaqla vəziyyəti ağırlaşdırmağa çalışılır. Bu da ümumən Yaxın Şərqdə mürəkkəb və qeyri-müəyyən vəziyyət yaratmaq deməkdir.

Üçüncü məqam regionun böyük dövlətlərinin maraqlarının qulaqardına vurulması, yaxud onları iki supergücün maraqlarına tabe etmək cəhdləri ilə bağlıdır. Belə ki, kimsə İran, Türkiyə, yaxud Səudiyyə Ərəbistanının müstəqil maraqlarından bəhs etmir. Bu ölkələri mütləq ya Qərbə, ya da Rusiyaya bağlayırlar. Misal olaraq, deyirlər ki, Türkiyə Afrində Rusiya və ABŞ-ın "icazəsi və razılığı" ilə əməliyyat aparıb. Yaxud İran Rusiyanın verdiyi "icazə" çərçivəsində nəsə edə bilər. Səudiyyə Ərəbistanını isə birmənalı Amerika və İsrailə bağlayırlar. Buradan geosiyasi aspektdə maraqlı və düşündürücü nəticə çıxır: Yaxın Şərqdə heç bir yerli ölkənin aparıcı rol oynamasını istəmirlər. Qərb və Rusiya onları yalnız özlərinin verdiyi "icazə" sərhədində "güclü və böyük" görmək istəyirlər. Bu da öz növbəsində daha dərin qatlarda ziddiyyətlər yaradır. Çünki region dövlətləri istəməzlər ki, kənardan gəlib başlarının üstündə ağalıq edənlər olsun. Hətta bunlar Amerika və Rusiya olsa belə!

Nəhayət, digər bir məqam Suriyada yaşayan insanların taleyinə biganə və amansız münasibətin olması ilə əlaqəlidir. Çünki suriyalıları məzhəb fərqinə, etnik mənsubluğa, regionlara, tayfa mənsubluğuna görə min yerə bölməkdə davam edirlər. Onlar indi faktiki olaraq kiçik qruplarla bir-birinə qarşı savaşırlar. Düşmən kimi öz qonşularını görürlər. Əsl düşmən qalıb kənarda, suriyalılar özləri-özlərini qırıb tükədirlər. Və böyük dövlətlər müxtəlif bəhanələrlə prosesləri məhz bu istiqamətdə aparmaqdadırlar. Bu antihumanist, antibəşəri və antiinsani davranışlar nəinki azalır, hətta getdikcə daha incə və gizli formalar kəsb edir.

Təsəvvür edək ki, ABŞ Suriyanı, Trampın "ağıllı" raketləri ilə vurdu. Bu, məgər ağıllı hərəkətdir? Necə ağıldır ki, bir ölkənin adamlarını məhv edir? Buna hansı mənada ağıl demək olar? Yaxud Rusiya təyyarələrinin xəstəxanaları "orada terrorçular gizlənib" bəhanəsi ilə bombalamasının anlamı nədir? B.Əsədin dəvəti ilə Suriyaya hərbi güc yerləşdirmək buna əsas verirmi?

Bu kimi sualların cavabları yoxdur. Böyük dövlətləri əslində belə faktorlar qətiyyən maraqlandırmır. Lakin insanlıq baxımından bu sualların böyük mənası vardır. Konkret desək, müasir mərhələdə böyük dövlətlərin çox imkanları ola bilər, lakin siyasət üçün mühüm sayılan bir şeydən kasaddırlar – ədalət yoxdur! Ədalətin olmadığı yerdə nə hüquq var, nə də ağıl. Belə yerdə həqiqət axtarmaq da yel dəyirmanı ilə savaşmaq kimi bir işdir.

Belə çıxır ki, Suriyada əsl sülh olmasını istəyən oraya nəhəng gəmilərdə "ağıllı", yaxud "ağılsız" raketlər daşımamalıdır, sadəcə ədalətli olmalıdır. Ədalətli olanda insanlara hörmətlə yanaşmaq, onları anlamaq mümkün olur. Bu isə hələlik böyük dövlətlərə xas olmayan haldır.

Belə proqnoz vermək olar ki, Vaşinqton və Moskvanın Suriyadakı son qarşıdurması böyük bir məkanda geosiyasi vəziyyəti təhlükələrə ata bilər. Hətta dünya müharibəsi yarana bilər. Hər iki dövlət o dərəcədə çox hərbi potensiala və yüksək məhvedici gücə malik silahlara sahibdirlər ki, qısa müddətdə dünyanı xarabaya çevirə bilərlər. Bu təhlükəni kim aradan qaldıra bilər? Müasir beynəlxalq normalara görə, BMT edə bilər. Lakin indi BMT-yə də qulaq asan yoxdur. Deməli, real təhlükə qapının ağzındadır.

Maraqlıdır ki, dünya ictimaiyyəti də susur. Sanki hər kəs tamaşaya baxır: görək bu səhnəni kim udacaq! Ancaq anlamırlar ki, bütün dünya həmin səhnədədir. Yəni tamaşa edənlər həm də oyunçudurlar. Ona görə də bütün variantlarda uduzan bəşəriyyətdir. Çünki təhlükəli oyun onun daxilində gedir.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...