THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Gürcü kilsələrinin erməniləşdirilməsi: məqsəd nədir?

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
691
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 28 noyabr 2017 – Newtimes.az

Gürcüstanda kilsələrin yaranma tarixindən

Məlum olduğu kimi, abidələr tarixlə ünsiyyət vasitəsidir. O, xalqın dünəni, bu günü, sabahıdır. Gürcüstanda ilk tarixi-memarlıq abidələrinin meydana gəlməsi xristianlıqla sıx bağlıdır. IV əsrdə xristianlıq Gürcüstanın dövlət dini elan olunur və məhz bu amil yeni xristian mədəniyyətinin formalaşmasına təsirini göstərir. Bununla yanaşı, təhsildə, fəlsəfi düşüncədə, incəsənətdə də xristianlığın izi özünü biruzə verir. V əsrin II yarısında Vaxtanq Qorqasali tərəfindən ilk monastrların inşası üçün əmr verilib. Kilsə və monastrların inşası kütləvi şəkildə yalnız VI əsrdə suriyalı rahiblərin gəlişindən sonra artmağa başlayır. İlk dövrlərdə gürcü provoslav kilsəsi yunan kilsəsinə tabe idi. V əsrdə V.Qorqasalinin Msxetada yepiskopu dəyişməsi ilə Kartli kilsəsi faktiki olaraq azadlıq (avtokefaliya) əldə edə bilir. Gürcüstanda ən qədim kilsə nümunəsi V əsrdə inşa olunmuş və Kaxetiyada yerləşən Qədim Şuamta məbədidir. Ondan sonra 478-493-cü illərə aid edilən Bolnisi Sioni, Urbnisi, Tbilisis Ançisxati, Nekresi kimi məşhur və ta qədimdən bəri dini mərkəzə çevrilən kilsələrin adını çəkə bilərik.

Bu gün regionda mədəniyyət abidələrinin kimə məxsus olması məzmununda erməni və gürcülər arasında anlaşılmazlıq mövcuddur. Belə ki, Gürcüstanda fəaliyyət göstərən ermənilər gürcülərin kilsə və monastrlarını heç bir əsas olmadan özününküləşdirməyə çalışırlar. Erməni lobbisinin burada əsas məqsədi bütün vasitələrdən istifadə etməklə gürcü kilsələrini erməni kilsələrinə çevirməkdir. Buna bariz nümunə kimi dini fəaliyyətdən daha çox siyasi istiqamətdə fəaliyyət göstərən Erməni Apostol Kilsəsinin rəhbəri yepiskop Vazgen Mirzəxanyanın Gürcüstanın baş naziri İrakli Qaribaşviliyə 10 dekabr 2014-cü il tarixli məktubunda Gürcüstanın 442 kilsəsinin erməni kilsəsi olduğu haqqında iddiasıdır.  Eçmiədzin kilsəsi bu vaxta qədər Gürcüstanın 5 kilsəsinə iddia edirdisə, indi bu rəqəm dəfələrlə artıb. Üstəlik əsassız iddialar sırasında vaxtilə ermənilər tərəfindən ələ keçirilib adları dəyişdirilmiş, Tbilisidə yerləşən Noraşen və Surb Nşan kilsələri də var. Surb Nşan məbədinin VI Vaxtanqın atası Leonun hakimiyyəti zamanı inşa olunduğu güman edilir. P.İoseliani kilsənin provoslav kilsəsi olduğunu və tarixən Müqəddəs Nikolay adlandırıldığını bildirib. Ermənilər sonradan kilsənin adını dəyişərək Surb Nşan yəni, müqəddəs nişanə qoyublar. Bu kilsənin erməniləşdirilməsinə səbəb 1703-cü ildə onun bərpasını öz öhdəsinə götürən erməni Melik Kiork adlı şəxs olub. Üstəlik məlumdur ki, Kiorkdan əvvəl atası Aslamaz, ondan da əvvəl babası Amiran tərəfindən onun bərpası icra edilib.

S.Karapetyanın kitabçasında Noraşen kilsəsinin 1467-ci ildə inşa edilməsi, sonradan 1650, 1795, 1808, 1830-cu illərdə bərpası haqqında məlumat verilsə də göstərilənlər əsassızdır. Gürcü ermənişünas alimi B.Arveladze tarixi mənbələrdə inşa tarixinin qeyd edilmədiyini vurğulayıb. Üstəlik Noraşen sözünün etimoloji mənası "yenidən işlənilmiş'' mənasını verdiyindən  belə hesab edilir ki, kilsə əvvəl mövcud olmuş gürcü məbədinin yerində tikilib və adı da Axalşen-dən erməniləşərək Noraşen-ə çevrilib. Çünki quruluş baxımından yaxınlıqda yerləşən Cvris Mama kilsəsinin yanında erməni-katolik kilsəsinin tikilməsi o dövrün tələbləri ilə uyğun deyil. Bu məsələ ilə bağlı mətbuatdakı açıqlamasında yepiskop Vazgen Mirzəxanyan kilsələrin turistik xəritələrdə belə erməni kilsələri kimi təqdim olunduğunu bildirib. Aydındır ki, burada yepiskop hansı "turistik xəritə''ni nəzərdə tutub. Turistik xəritələrin saxtalaşdırılaraq erməniləşdirilməsi ermənilər üçün ənənəvi olan üsuldur.

Erməni lobbisi və erməni kilsəsi Sovet hakimiyyəti Gürcüstanda yaşayan erməni əhalisinə dəymiş ziyanın ödənilməsini Gürcüstan hakimiyyətindən tələb etmişdir. Erməni Apostol kilsəsi bu tələblə ziyanı ümumi olaraq 800 min lari hesablayıb. Buradan belə bir sual ortaya çıxır: Gürcüstan keçmiş SSRİ-nın varisi olmadığı halda bu zərəri ödəməlidirmi?!

Növbəti gediş: Samvel Karapetyanın saxtakarlığı

Terrorçu Daşnaksütyun təşkilatının təxribatçısı, "tədqiqatçı” Samvel Karapetyan 1995-ci ildə "Gürcüstanda erməni kilsələri” adlı xəritə-sorğu kitabçası nəşr etdirib. Xəritə sorğu kitabçasının çap olunmasına səbəb Tbilisi ətrafında 1995-ci ildə yaranmış qarışıqlıq olub. Kitabçada əksəriyyətinin gürcü kilsəsi olmalarına baxmayaraq, tam 650 "erməni kilsəsi” qeydə alınıb. Qəribədir ki, adı çəkilən kitabçanın xülasəsində 650 kilsə qeyd edilsə də, xəritə üzərində sıralama ilə 638 kilsə göstərilir. Tanınmış ermənişünas Bondo Arveladze iddia olunan bu kilsələrin 80-90%-nin gürcü kilsəsi olduğunu qeyd edib. Karapetyanın digər bir "açıqlama''sı toponimika ilə bağlıdır. Belə ki, Quqark, Cavaxk, Boqnofor, Kveşafor, Kanqark, Manqlisatspor, Treqk kimi yer adları müasir Marneuli, Bolnisi, Dmanisi, Tetritskaro, Tsalka, Ninotsminda, Axalkalaki və Aspindzaya uyğun gəlir. Toponimikaların bu cür dəyişdirilməsi Ermənistan hakimiyyətinin mənfi planları və siyasəti ilə bağlıdır. Xəritə-sorğu kitabçasına görə, guya Samtsxe-Cavaxetiyada 127 erməni kilsəsi var. Onlardan 40-ı 1800-cü ilədək inşa olunub. Bu zaman belə qənaətə gəlmək olur ki, 1800-1900-cü illərdə, yəni 100 il ərzində 87 kilsə inşa olunub. Onda belə bir nəticəyə gəlmək olur ki, 1 il ərzində bir və daha artıq kilsə tikilib. Nəzərə alsaq ki, həmin dövrün kilsələri möhkəm özülə malik idi və tikilməsi əl üsulu ilə çoxlu vaxt itkisinə səbəb olurdu, deməli bu mümkün deyil. Kitabçada Tbilisidə Betlemi kilsəsinin "erməniləşdirilərək'' Betlexem adlandırıldıqdan sonra 1500-cü ildə ucaldılması, 1718, 1884, 1895-ci ildə yenidən qurulması, 1990-1991-ci illərdə "gürcü kilsəsinə çevrilməsi'' haqqında məlumat verilib. Belə çıxır ki, bu kilsə bünövrədən ermənilərə məxsus imiş, guya yalnız XX əsrin sonlarında gürcülər tərəfindən "mənimsənilib''.

Bu xəritə üzərində tədqiqatlar belə qənaətə gəlməyə imkan verir  ki, ermənilər gürcülərin arasında deyil, əksinə gürcülər azlıq kimi ermənilərin arasında yaşayıblar.

16 dekabr 2015-ci ildə mətbuat konfransında S.Karapetyan saxtakarlıqla bəyan etdi ki, "Gürcüstan dövləti ermənilərin mədəni irsini məhvə yönəldən dövlət siyasəti yeridir''. Əgər belədirsə, o zaman niyə hakim "Gürcü arzusu'' partiyasının qeyri-rəsmi lideri Bdzina İvanaşvili Tbilisidə Surb Gevorq kilsəsinin bərpasına külli miqdarda vəsait xərcləmişdi? Samvel Karapetyanın fəaliyyətini qısa şəkildə təsvir etməli olsaq qeyd etməliyik ki, o,  aylıq "Vardzk'' jurnalını nəşr etdirir, həmçinin "Gürcüstanın dövlət siyasəti və erməni mədəniyyəti'', "Azərbaycan SSR-yə zorla birləşdirilmiş ərazidə erməni mədəniyyətinin abidələri”, "Tbilisinin merləri'', "Bun Axvankın erməni  lapidar yazıları'' adlı kitablarının müəllifi, həm də Ermənistanın RAA (Research of Armenian Architecture) üzrə  rəhbəridir. 2015-ci il 18 oktyabr tarixində Sadaxlıya tədqiqat aparmaq üçün yollanan S.Karapetyana Gürcüstan hakimiyyəti tərəfindən sərhədi keçməyə icazə verilmədi. Buna səbəb onun Gürcüstanda arzuolunmaz şəxs elan edilməsi idi.

S.Karapetyan "Noraşen'' jurnalına (2008-ci il 1(13), səh. 2-4) "Geri qaytarma tələbi” adlı məqalə yazıb. Məqalənin mətnində 1624, 1656-cı illərdə Tbilisidə Surb Nşanın ermənilər tərəfindən əsası qoyulduğu haqqında məlumat verilir. Bondo Arveladze bu məqaləyə cavab olaraq elmi nöqteyi-nəzərindən qeyd edib ki, göstərilən tarixlər yaranma tarixi deyil, əksinə ermənilərə məxsus olmadığını, sonradan əllərinə keçdiyinin sübutudur. Kilsənin adı arxiv materiallarına əsasən, 1624-cü ildə Müqəddəs Nikolay adlanırdısa, 1656-cı ildən Surb Nşan adlanıb. Bu  baxımdan hələ XIX əsrdə nəşr olunan "Qafqaz təqvimi''ndə yazılıb: "Təkcə Müqəddəs Nikolay kilsəsi deyil, Gürcüstanda digər məbədlər də ermənilər tərəfindən zəbt olunub''. Z.Çiçikadzenin "Ermənilər Yuvelir küçəsində yerləşən daha sonra Surb Nşan adlandıracaqları Müqəddəs Nikolay məbədini aldılar'' ifadəsi yəqin ki, yetəri qədər vəziyyəti izah etmiş olacaq. Buradan sadəcə olaraq, tarix elmləri doktoru P.M.Muradyanın "Gürcüstanda erməni epiqrafikası'' əsərinin təsiri olduğu duyulur. Bu şəxsin "Cvari məbədinin erməni yazıları'' adlı əsərində Msxeta Xaç kilsəsi haqqında fərziyyə irəli sürülüb ki, guya həmin məbəd Todosak adlı erməni tərəfindən tikilib. Paryur Muradyanın uydurma yaradıcılığı bununla da bitmir, Msxeta haqqında yalanlarından savayı, həm də "is'' şəkilçisi ilə bitən bütün Gürcüstana məxsus coğrafi adları, toponimləri də erməniləşdirib. Bütün cəhdlərinə baxmayaraq, onun bu saxtakarlığı uzunömürlü olmadı, çünki gürcü alimləri V.Beridze, M.Lordkipanidze, İ.Abuladze tərəfindən sərt tənqidə məruz qaldı.

Yuxarıdakı fikirləri ümumiləşdirmək və bir qədər də aydınlaşdırmaq məqsədilə qədim gürcü kilsələrinin məşhur tədqiqatçısı Platon İoselianinin belə bir fikri maraqlıdır: "Erməni-qriqoryan kilsələri öz qədimliyi ilə möhtəşəmdir və ümumilikdə Tbilisidə onların sayı 25-dir. Bunların içində sadəcə 6-sı provoslav kilsəsidir və müəmmalı qalan məsələ də onların məhz necə erməni kilsəsinə çevrilməsidir''.

Digər iddialar

Ermənilərin gürcü kilsələrinə olan iddiaları yuxarıda yazılanlarla sona çatmır. Belə ki, 1992-ci ildə erməni təşkilatının fəaliyyəti nəticəsində "Axalkalaki” adlı buklet nəşr olunub. Həmin bukletdə Axalkalaki şəhəri qədim erməni şəhəri kimi qeyd edilir. Həmçinin naməlum müəllif bu ərazilərin qədim tarixindən bəhs edən Urartu mənbələrini xatırlamayaraq, məlum məlumatların üzərindən susaraq keçir,  bu ərazilərin Kartli çarına mənsub olması faktı təkzib edir.

Bir çox məbədlər kimi ermənilər Tbilisidəki Muğni məbədini də öz adlarına çıxarırlar. Lakin, 2010-cu ildə Gürcüstanın paytaxtı Tbilisi şəhərində yerləşən Muğni kilsəsində aparılan arxeoloji qazıntılar zamanı məlum olub ki, əsası XIII-XIV əsrlərdə qoyulan bu kilsə əslində gürcü məbədidir. Gürcüstanın Milli Muzeyinin əməkdaşı Quram Mirtsxulava əvvəldən bu kilsənin gürcülərə məxsus olduğunu yəqin etdiklərini, lakin sübut etmək üçün yetəri mənbələr olmadığından təsdiqləyə bilmədiklərini söyləyib. Arxeoloqun qeyd etdiyinə görə, artıq indi onların əlində həqiqətən də bu məbədin gürcülərə məxsusluğu haqqında sübutlar var. Gürcü alimlərinin sözlərinə görə, müqəddəs gürcü məbədlərinə sahiblənməyə çalışan ermənilərin bu iddiasının əsassızlığını yaxın tarixə aid sənədlər də təsdiqləyir. Tarixdə belə bir fakt mövcuddur ki, 1801-ci ilə gürcü dövlətçiliyinin ləğv olunmasına qədər bu ərazilərdə ermənilərə öz kilsələrini tikmək rəsmən qadağan edilmişdi. Bu qadağaya səbəb isə gürcülərin provoslav olması idi və dini nöqteyi-nəzərindən provoslavlıq hökm sürən ərazidə erməni kilsələrin tikilməsi yolverilməz idi və hətta küfr də hesab olunurdu. Bundan əlavə, memarlıq üslubiyyəti baxımından erməni kilsələri üçün freska xarakterik deyil, lakin Ermənistanda qədim gürcü yazılı, freskalı kilsələrin olmasına baxmayaraq, saxtakar  erməni "alimlər''i tərəfindən erməni-xalkedon mədəniyyəti nümunəsi hesab edilir. Tarixə nəzər salmış olsaq, belə bir hekayənin xatırlandığının şahidi olmuş olarıq: hələ keçən əsrin 80-ci illərində Nersesyan Tbilisi Seminariyasının müəllimləri guya tələbələrini Tbilisinin tarixi abidələrini görməyə apararaq gürcü kilsələrinə məxsus gürcü epiqrafika nümunələrini məhv edirmişlər.

Başqa bir fakt da yazılanları təsdiq edir: 30 sentyabr 2017-ci ildə Kumurdo kəndində erməni əhalisi ilə polislər arasında toqquşma baş vermişdi. Toqquşmaya səbəb, hələ 2015-ci ildən yenidənqurma işləri aparıldığı Kumurdo məbədinə erməni əhalisinin xaçkar (ənənəvi erməni daş xaçı) qoymaq istəməsi, lakin mühafizəçilər tərəfindən izn verilməməsi olmuşdur.  Məlum olduğu kimi, Kumurdo məbədi X əsrə aiddir və Qərbi Gürcüstan çarı (Abxaziya çarlığı) III Leonun əmri ilə 964-cü ildə inşa edilib. Ermənilər isə bu məbədin qədim erməni kilsəsi olduğunu iddia edirlər. Tarixi mənbələr sübut edir ki, 1830-cu ilədək burada bir nəfər də olsun erməni olmayıb. Erməni təşkilat nümayəndələrinin də bu hadisə ilə bağlı şərhləri birmənalı deyil. "Rusiyanın Cavaxk diasporası''nın prezidenti Aqasi Arabyan məsələyə fikrini bu cür bildirib: "Əgər yenidənqurma işləri dövlət tərəfindən aparılırsa, demək xaçın qoyulması haqqında qərar da müvafiq dövlət orqanı tərəfindən verilməlidir''. Təşkilat kimi qeydiyyata alınmamış "Virk”in rəhbəri David Rstakyan isə erməni əhalisinin zərər çəkdiyini dönə-dönə vurğulayıb. Bütün bunları araşdırarkən belə qənaətə gəlmək olur ki, bu cür təxribatlar əvvəldən hazırlanırmış. Çünki hələ 2015-ci ilin yayında Kumurdo kəndinin 180 sakini 180 imza ilə "şikayət ərizəsi”ni təqdim etmişdilər. Sakinlərin əsas tələbi Kumurdo ətrafında aparılan arxeoloji qazıntılar zamanı üzə çıxarılmış "əcdadlarının sümüklərinin” qaytarılması idi. Kumurdo məbədindəki vəziyyət haqqında M. Tamaraşvilinin aşağıdakı fikirləri diqqəti cəlb edir: "Kumurdo məbədində bir çox gürcü yazıları zədələnib. Ən kədərlisi də odur ki, Kumurdo ətrafında yaşayan ermənilər İrəvan alimlərinin təsiri ilə hesab edirlər ki, bu qədim gürcü məbədi ermənilərə məxsusdur. Mən özüm bunun 1983-cü ilin yayında məbədə baxmaq üçün getdiyim vaxt erməni əhalisi ilə görüş zamanı canlı şahidi olmuşam. Onlar hamısı, o cümlədən müəllimlər də israrla qədim gürcü kilsəsinin ermənilərə məxsus olduğunu bildirirdilər”.

Yuxarıdakı faktlar, aşkar olan məlumatların yalnız kiçik bir hissəsini təşkil etsə də, aydın olur ki, ermənilərin gürcü kilsələrini özününküləşdirmək cəhdlərinin tarixi əsası yoxdur, heç bir tarixi mənbəyə əsaslanmır və uydurmadır. Gürcü kilsələrinin erməniləşdirilməsi məsələsini araşdırarkən aşağıdakı nəticələrə gəlmək olur:

– Tarixən gürcü mədəniyyətinə xas olan kilsələr erməni kilsələrinin vasitəçiliyi ilə saxtalaşdırılaraq ermənilərin adlarına çıxarılır;

– Erməni alimləri bütün mümkün vasitələrə əl atmaqla öz tarixlərini əsassız olaraq qədimləşdirməyə çalışır;

– Gürcüstanda fəaliyyət göstərən Erməni Apostol Kilsəsi dini sahədən daha çox siyasi istiqamətdə çalışaraq Gürcüstanın daxili siyasətinə müdaxilə edir;

– Gürcü kilsələrinin erməniləşdirilməsində başlıca məqsəd Gürcüstanın həmin ərazilərinə iddia irəli sürmək və uydurma "Böyük Ermənistan'' qurmaqdan ötrü addım atmaq üçün zəmin hazırlamaqdır.

Nəsibə Mirzəyeva,

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Gürcüstanşünaslıq şöbəsinin əməkdaşı

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka
03 noyabr 2017 Anadolu Ajansı

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka

Türkiye ile Azerbaycan arasındaki kardeşlik bağları Güney Kafkasya stratejik dengesini değiştirecek bir askeri ittifak haline gelmiş durumda.

Davamı...
Баку-Тбилиси-Карс оставляет Армению вне игры?
30 oktyabr 2017 Regnum

Баку-Тбилиси-Карс оставляет Армению вне игры?

«Армения становится тысячелетней слепой совой, сидящей на высоком камне на перекрестке больших дорог»

Davamı...