THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Azərbaycan bir əcnəbinin gözü ilə

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
9135
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Türk Silahlı Qüvvətləri Hərbi Akademiyasının Strateji Tədqiqatlar İnstitutunun Beynəlxalq münasibətlər üzrə magistri kimi, üzərində işlədiyim enerji təhlükəsizliyi məsələlərinə dair tədqiqat əsərimin hazırlanması istiqamətində müvafiq məlumat toplamaq məqsədilə 2010-cu ilin iyun-sentyabr aylarında Bakıda, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində praktikada oldum. Bu müddətdə nəinki ehtiyacım olan materialları əldə etdim, üstəlik Azərbaycanı daha yaxından tanıya bildim.

Azərbaycanı yaxından tanımaq məni həm sevindirir, həm də məyus edirdi.

Sevindirirdi ona görə ki, heç bir yerdə görmədiyim bir mədəniyyəti, etikanı, diqqəti, hörməti görürdüm. Adi vətəndaşından tutmuş təcrübə keçdiyim yüksək səviyyəli dövlət qurumundakı əməkdaşlara qədər hər kəsin bir əcnəbi və bir türk olaraq mənə qarşı rəftarı, diqqəti, qayğısı, hörməti məni mütəəssir etmişdir.

Azərbaycanı yaxından tanımaq həm də məni məyus edirdi. Ona görə ki, Azərbaycan haqqında indiyə qədər Qərb və hətta Türk mətbuatından əldə etdiyim məlumatların nə qədər qərəzli və yanlış olduğunun şəxsən şahidi olurdum. Azərbaycanın üzünü belə görmədən, bir dəfə belə bu ölkəyə gəlmədən, gerçəkləri öz gözləri ilə görmədən hər hansı bir məsələdə rəy bildirmənin nə qədər yanlış olduğunu görürdüm.

Xüsusilə də Eurovision mahnı müsabiqəsi ərəfəsində Qərb mətbuatında Azərbaycan haqqında yazılan böhtan xarakterli yazılar məni bu ölkə haqqında gördüklərimi oxucularla paylaşmaya vadar etdi.

Azərbaycanı, onun xalqını daha yaxından tanıdıqca, ulu babamın vətəni olan bu ölkəyə məhəbbətim də artdı. Azərbaycanı daha yaxından tanıdıqca onun inkişafı üçün nə qədər potensiala malik olduğuna öz gözlərimlə şahid olurdum. Həqiqətən də, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin dahiliyinin nəticəsi göz qabağındadır.

İnkaredilməz bir faktdır ki, Heydər Əliyev nəinki Azərbaycanda tayı-bərabəri olmayan, hətta dünyada tayı-bərabəri az olan bir şəxs olub. Bu gün dünya ölkələrinin əksəriyyətində siyasi liderlərin apardıqları siyasət ancaq ölkə miqyaslı siyasətdir. Müəyyən ölkələrdə regional miqyaslı siyasət yürüdülür. Ancaq bir neçə dövlət başçısı dünya miqyaslı siyasət yürüdə bilər ki, bu da dövlət başçısının məharətindən deyil, həmin dövlətin böyüklüyündən irəli gəlir.

Heydər Əliyev isə bu aksiomun üstündən xətt çəkdi. O, sahib olduğu bilik, bacarıq və təcrübənin sayəsində nəinki dünya miqyaslı geosiyasi oyunları anlayırdı, hətta bu cür siyasətləri hazırlaya və dünyada gedən proseslərə yön verə bilirdi.

Maraqları toqquşan və güclərini sınayan iri rəqib və çılğın dövlətlərin tən ortasında, onların heç birinin protektoratı altına keçmədən, və ən əsası onların tapdağı altında qalmadan müstəqil şəkildə manevr edə bilmək hər balaca dövlətə qismət olmur. Bu liderdən böyük uzaqgörənlik tələb edir: tapdaq altında qalmamaq üçün ətrafındakı çılğınların atacaqları hər bir addımı düzgün hesablamalı, proqnozlaşdırmalı və ondan öncə davranmalıdır. Yoxsa nəticələr olduqca ağır ola bilər: necə ki Gürcüstan bunu gördü və Ermənistan da bunu yaxında görə bilər.

Heydər Əliyev dahiliyi isə Azərbaycana məhz bu üstünlüyü qazandırdı: O, kiçik bir dövlət olan Azərbaycanı geosiyasi oyunların mərkəzində qərarverici statusuna yüksəltdi.

Heydər Əliyevdən sonra onun siyasi kursunu davam etdirən indiki Prezident İlham Əliyev 40 il fasiləsiz Heydər Əliyev məktəbində həm şəxsi, həm də profesyonal müstəvilərdə dərs almışdır tək lider olmaq xüsusiyyətinə malikdir. Azərbaycan xalqı da öz növbəsində seçkilər zamanı bu xüsusiyyəti nəzərə alaraq ona səs verdi: belə Liderə kim səs verməz ki!

Bunun nəticəsidir ki, bu gün Azərbaycanda siyasi sabitlik bərqərar olmuşdur. Hakimiyyət xalqa digərlərinin vəd etdiyindən daha artığını verir. Oyunda belə bir qayda var: qalib gələn komandanı dəyişməzlər.

Ölkədə dünyanın heç bir guşəsində mövcud olmayan təhlükəsizlik atmosferi hökm sürür. Sutkanın istənilən saatında ölkənin istənilən yerində zərrə qədər təhlükə hiss etmədən rahatca gəzmək mümkündür. Belə bir xoşbəxtlik dünyanın heç bir inkişaf etmiş ölkələrinin vətəndaşlarına nəsib olmur!

İqtisadi artım da göz qabağındadır. Mal və xidmətlərin qiymətlərindəki sabitlik iqtisadi sabitliyin bir nümunəsidir. Əlavə şərhə ehtiyac duyulmur.

Şəhərdə quruculuq işləri vüsət almışdır. Şəhər günü-gündən gözəlləşir. Əhalinin istirahətinin təmin olunması və mənəvi-psixolojik durumunun yüksəldilməsi üçün modern parklar salınır ki, o parklarda milli şüurun formalaşması istiqamətində geniş fəaliyyət (Koroğlu, Nizami kimi dahilərin abidələri, Şəhidlər Xiyabanının bərpası) aparılır.

Köhnə, yararsız daxmalar sökülərək modern göydələnlərlə əvəz olunur. Evləri plana düşərək sökülən vətəndaşlar daha böyük və daha müasir, sökülən evin dəyərinin neçə qatı dəyərində evlə təmin olunur.

Cəmiyyətlə tolerantlıq təmin edilmişdir. Başqa mədəniyyətə və dinə malik olan insanlar homogen şəkildə etimad içərisində birlikdə yaşamaqdadır. Cəmiyyətin içərisində, eləcə də dövlət qurumlarında qadın-kişi bərabərliyi əmək fəaliyyətində də özünü büruzə verir, misal üçün ali dövlət qurumlarından olan Parlamentdə qadınların iştirakı bir sıra inkişaf etmiş ölkələrin üzərindədir.

Dövləti və xalqı üçün uzun illər xidmət göstərmiş elm adamları, dövlət qulluqçuları, idmançılar da Dövlətin diqqət və qayğısından kənarda qalmır. Onlar maaşlarının bir neçə qatı məbləğində olan aylıq Prezident təqaüdü və pulsuz evlə təmin olunurlar. Bu evlər onlara inkişaf etmiş ölkələrdəkindən fərqli olaraq müvəqqəti lojman kimi deyil, mülkiyyət olaraq təqdim edilir.

Azərbaycanın xoş günündə olduğu kimi, dar günündə də Prezidenti onun yanındadır. Ölkədə baş verən təbii və texnogen fəlakətlər zamanı Prezident daim həmin bölgələrə səfər edir, evləri yararsız vəziyyətə düşən vətəndaşlar bir qəpik ödəmədən, əvvəlki evlərinin dəyərinin bir neçə qatı məbləğində xərclə dövlət hesabına inşa edilmiş villa tipli evlərlə təmin olunurlar. Qəzalar zamanı həyatını itirənlərin ailəsinə və yaralananlara yüksək məbləğdə təzminat ödənir.

Əhalinin rifahının təmin edilməsi üçün məktəblər, xəstəxanalar təmir olunur. Yenicə təmirdən çıxmış və ya inşa edilmiş dövlət xəstəxanaları bir çox ölkələrdə sadəcə bir neçə özəl xəstəxananın malik ola biləcəyi ən son texnologiyaya sahib müasir cihazlarla təmin edilmişdir. Mövcud qanunvericiliyə əsasən isə, Azərbaycanda səhiyyə xidməti də təhsil kimi pulsuzdur.

Neftdən əldə edilən gəlirlərin insan kapitalına dönüşdürülməsi üçün planlar hazırlanmaqdadır. Bunların arasında da gənclərin dövlət təqaüdü ilə dünyanın inkişaf etmiş ölkələrinin mötəbər ali təhsil ocaqlarında təhsil almağa göndərilməsi mühüm yer tutur. Bu gün Amerikada, Avropada, Asiyada elə bir mötəbər elm ocağı yoxdur ki, orada təhsil alan Azərbaycanlı tələbə və ya elmi işçi olmasın. Sevindirici haldır ki, dövlət vəsaiti hesabına təhsil alan həmin gənclər öz üzərinə düşən məsuliyyəti yaxşı hiss edir və öz təhsil ocaqlarının öncülləri arasında yer alır.

Bir sözlə, mən bir əcnəbi olaraq, Azərbaycanda lider-xalq vəhdətinin canlı şahidi oldum.

Təbii ki, gənc dövlət olaraq, bu ölkədə problemlər də mövcuddur. Sadəcə 20 illik dövlətçilik ənənəsi olan bir ölkədən 200-300 illik ənənəsi olan ölkənin ucaldığı səviyyəyə çatmasını gözləmək düzgün olmazdı. Əgər Azərbaycan heçdən dövlət yaradıbsa və 20 il ərzində indiki səviyyəyə çata bilibsə, növbəti 20 il ərzində nələr əldə edə biləcək, onu hesablamağa dəyər. Məncə çoxu bunu görür, bilir və hesablayır. Balaca bir ölkənin bu cür nailiyyətləri bəzilərini qıcıqlandırır və paxıllığı tutan bəzi qüvvələr Azərbaycanı dünya ictimaiyyətinin gözündən salmağa çalışır.

Eurovision bir beynəlxalq tədbir kimi Avropalılara Azərbaycanın əldə etdiyi misilsiz uğurlarını göstərmək üçün yaxşı vasitə idi. Ancaq bu reallıqları görmək istəməyən bəziləri süni olaraq "demokratiya, insan hüquqları, ifadə azadlığı” kimi mövhumları tədbir ərəfəsində dövriyyəyə buraxmağa başladı.

Sual olunur: əgər indiyə qədər bu problemlər var idisə, nədən əvvəllər qabardılmırdı? Məgər Eurovision ərəfəsində Azərbaycanı tənqid etməyə başlayan Qərb ölkələrinin və beynəlxalq təşkilatların Azərbaycanda indiyə qədər nümayəndəlikləri yoxdu? Nədən bu məsələlər elə indi yada düşdü?

Əgər inkişaf etmiş Qərb dövlətləri həqiqətən də insan hüquqlarını, demokratiyanı fikirləşirlərsə, nədən öz ölkələrindəki fərqli dinə və mədəniyyətə malik olan miqrantlara bunu vermirlər? Əgər həqiqətən də Azərbaycanda bu dəyərlərin bərqərar olmasını istəyirlərsə, nədən bütün hüquqları əllərindən alınan qaçqın və məcburi köçkünlərin eyni qəbildən olan hüquqlarının bərpası üçün səy göstərmirlər, günahkarlarını cəzalandırmırlar? Əgər onlar bu dəyərlərin bütün dünyada təmin edilməsinin tərəfdarıdırlarsa, nədən aclıq, səfalət içərisində yaşayan Afrika yada düşmür və bu ölkələrin niyə bu vəziyyətə düşdüyü sual edilmir?

Bir sıra mətbuatın qərəzli yazılarına baxmayaraq, Azərbaycanda Eurovision baş tutdu. Özü də, əcnəbi mətbuatın qeyd etdiyi kimi, indiyə qədər keçirilmiş tədbirlərin ən möhtəşəmi, ən gözəli oldu. Azərbaycan yüksək mədəniyyətə malik olduğunu bütün dünyaya isbat etdi.

İndi Avropa Azərbaycan həqiqətlərini qoy dünyadan xəbəri olmayan müxbirlərin yazılarından deyil, tədbirdə iştirak edənlərin etiraflarından öyrənsin.

Necə deyərlər, Günəşi palçıqla suvamaq olmaz.

Duygu Genç,

Türk Silahlı Qüvvətləri Hərbi Akademiyasının

Strateji Tədqiqatlar İnstitutunun

Beynəlxalq münasibətlər üzrə magistri

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Müharibəni necə bərpa etməli?
23 aprel 2019 The Washington Times

Müharibəni necə bərpa etməli?

Dağlıq Qarabağ müharibəsi təkcə Cənubi Qafqazda deyil, həm də ABŞ-dakı erməni diasporu və Amerika Erməni Milli Komitəsi (ANCA) kimi erməni təşkilatları tərəfindən Birləşmiş Ştatlarda aparılır.

Davamı...
Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...
25 mart 2019 The Washington Times

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...

Azərbaycanın yeni İpək Yolundakı mövqeyi onun bölgədə aparıcı rola yiyələnməsi üçün nəzərdə tutulub. O, bu rola hazırdır.

Davamı...