THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Güc amilinin beynəlxalq sistemdə hüquq və əxlaq prinsiplərini üstələməsi

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
292
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 1 noyabr 2017 –Newtimes.az

Bütün xüsusiyyətlərinə görə anarxik model təəssüratı bağışlayan beynəlxalq sistem dövlətlərdən güclü olmağı, mübarizə aparmağı və maraqlarını digər aktorlarla uzlaşdırmağı tələb edir. Bir növ istənilən aktor (dövlət) sistemin "oyun qaydaları''na əməl etmək məcburiyyətindədir. Var olmağın əsas şərti təhlükəsizliyi gücləndirmək oduğuna görə gücdən istifadə bütün hallarda məqbul hesab olunur.

Əslində beynəlxalq siyasəti fərqli edən də məhz budur. Burada güc təkcə "ultima ratio'' (son çarə) hallarında tətbiq olunmur. Beynəlxalq münasibətlər sistemində gücün tətbiqi ilk və daimi çarə kimi qəbul olunur (Kenneth Waltz, "Theory of international politcs'').

Yəni dövlət özünün mövcudluğunu qorumaq, təhlükəsizliyini möhkəmləndirmək üçün gücdən istifadəyə hər an hazır olmalıdır. Bu amil isə indiki dövrdə bir çox dövlətləri sürətlə silahlanmaya vadar edir. Belə ki, bir dövlət gücdən istifadə edirsə, avtomatik olaraq digər dövlətlər də ya fərdi, ya da kollektiv surətdə müdafiə olunmaq zərurəti qarşısında qalır. Ən yaxşı müdafiə isə tanınmış amerikalı politoloq J.Mearsheimerin də dediyi kimi regional hegemoniyaya nail olmaqdır. Yəni bir dövlət özünü kənar təhlükələrdən qorumaq üçün yerləşdiyi coğrafiyada dominant statusa sahib olmalıdır. Təkqütblü dünya sisteminin mövcudluğunu istisna edən Mearsheimer Çinin Asiya qitəsində əsas söz sahibinə çevrildiyini hesab edir. Analitik bildirir ki, Çin bununla həm özünü regional təhlükələrdən sovuşdurub, həm də qlobal geosiyasətdə ABŞ və Rusiyanın əsas rəqibinə çevrilib.

Hazırkı sistemdə dövlətlərin davranışı güc amilinə söykəndiyinə görə çox vaxt beynəlxalq hüququn əsas prinsipləri arxa plana keçir. Bir növ, "gücün hökm etdiyi yerdə qanun gücsüzdür'' deyimi qlobal geosiyasətdə də öz təsdiqini tapır. Bunu bir çox real faktorlar üzərindən izah edə bilərik.

Suriya böhranının aradan qaldırılmasında Rusiya ilə uzlaşmaq yollarını birmənalı olaraq rədd edən ABŞ dəfələrlə Suriyanın suverenliyini pozaraq bu ölkənin ərazisində hərbi əməliyyatlar həyata keçirmişdir. Maraqlısı ondan ibarətdir ki, ABŞ qırıcıları Suriyada müxtəlif hədəfləri məhv edərkən əməliyyatları nəinki rəsmi Dəməşqlə razılaşdırmır, hətta əvvəlcədən BMT Təhlükəsizlik Şurasında məsələnin müzakirəsinə də imkan vermir. Bir neçə ay bundan əvvəl Suriya ordusunun İdlibdə kimyəvi silahdan istifadə etməsinə cavab olaraq prezident Donald Trampın təlimatı ilə Əsəd qüvvələrinin mövqelərinə 59 ədəd "Tomaqavk'' raketinin atılması da bəzi siyasi və ekspert dairələri tərəfindən beynəlxalq hüquq normalarının pozulması faktı kimi dəyərləndirildi. Səbəb isə bu əməliyyatın əvvəlcədən BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılmaması idi. Bununla da ABŞ güc amilinin beynəlxalq münasibətlər sistemində hüquq və əxlaq prinsiplərini üstələdiyini əyani şəkildə ortaya qoymuş oldu.

ABŞ-ın öz gücünə güvənərək təkqütblü dünya sistemi ideyası arxasınca qaçması bu gün bir sıra münaqişələrin həllini mümkünsüz edib. Suriyada 2011-ci ilin əvvəllərindən başlanmış xalq ayaqlanması və vətəndaş müharibəsi hələ də davam etməkdədir. İstər ABŞ, Rusiya və Çin kimi qlobal, istərsə də İran və Türkiyə kimi regional geosiyasi aktorlar proseslərin gedişatına öz maraqları çərçivəsində istiqamət verməyə çalışırlar. Regionun parçası olan İran və Türkiyənin münaqişənin nizamlanması prosesində xüsusi aktivlik nümayiş etdirməsi tamamilə normal qəbul olunmalıdır. Çünki böhranın dərinləşməsindən ən çox zərəri bu ölkələr görə bilər. ABŞ isə digər aktorların maraqlarını nəzərə almadan problemin həllinə tamamilə öz maraqları çərçivəsində nail olmağa çalışır. Vaşinqtonun bu mövqeyi regionda maraqları olan ölkələrin əks qütblərdə birləşməsinə səbəb olub. Problemin həllinə yeni nəfəs gətirmiş Astana prosesinin başlanması da məhz ABŞ-ın öz gücünə arxalanaraq region ölkələrinin maraqlarını heçə sayması səbəbindən qaynaqlanır.

Son dövrlər Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) hesabatlarına ABŞ-ın məhəl qoymaması da bu ölkənin güc amilindən istifadə edərək BMT-nin ziddinə getdiyinin sübutudur. MAQATE prezidenti Yukiya Amanonun İranın nüvə sazişinə əməl etdiyinə dair cari ilin əvvəllərindəki çıxışı (bax: https://www.iaea.org/newscenter/statements/statement-by-iaea-director-general-yukiya-amano-on-iran-16-january-2017), eləcə də qurumun sonuncu hesabatları Vaşinqtonun məsələyə yanaşması ilə qətiyyən bir araya sığmır. Belə ki, ABŞ MAQATE-nin İranla bağlı müsbət yönlü hesabatlarına baxmayaraq, bu ölkəyə məhz nüvə amilini əsas gətirərək daha sərt sanksiyalar tətbiq edir. Bununla da güc amilinin beynəlxalq hüquq normalarını əzib keçdiyinin şahidi oluruq. Digər tərəfdən isə BMT və onun ixtisaslaşmış qurumlarının qərar və hesablarına qarşı böyük dövlətlərin saymazyana davranışı bu təşkilatın qlobal miqyasda mürəkkəb və ziddiyyətli hadisələrin həllində aciz qaldığının əyani göstəricisidir.

Dövlətlərin oxşar hadisələrə müxtəlif reaksiyalar verməsi də beynəlxalq hüququn prinsiplərinə qarşı güvənsizliyin yaranmasına rəvac verən amillərdəndir. Təəssüflə qeyd etməliyik ki, bir situasiyada bütün ciddiyyəti ilə tətbiq olunan qayda, başqa analoji hallarda nədənsə icra olunmur. Bunu beynəlxalq birliyin Dağlıq Qarabağ münaqişəsi ətrafında sərgilədiyi mövqedən də aydın şəkildə görə bilərik. Bütün çıxışlarında Ukraynanın və Gürcüstanın ərazi bütövlüyünün toxunulmazlığından danışan, hər dəfəsində bu ölkələrin işğal faktından əziyyət çəkdiyini bəyan edən qərb siyasi dairələri təəssüf ki, Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu olanda eyni münasibəti sərgiləməkdə aciz qalırlar. Ukrayna və Gürcüstan torpaqlarının Rusiya tərəfindən işğal olunduğunu əsas gətirərək bu ölkəyə qarşı sərt sanksiyalar tətbiq edən ABŞ digər tərəfdən Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanla yüksək səviyyədə münasibətlər qurur, hətta daha da irəli gedərək bu ölkənin NATO təlimlərinə cəlb olunmasına şərait yaradır. Bu bir daha onu göstərir ki, Qərb siyasi dairələri üçün Helsinki yekun aktında əksini tapmış prinsiplər müsəlman coğrafiyasına münasibətdə heç bir əsas gətirilmədən pozula bilər.

Hər dəfəsində dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsipindən, insan haqları və demokratiyadan dəm vuran Qərb ölkələri əməldə "ikili standartlar'' tətbiq etməklə əslində böyük faciələrin təşkilində baş rolu ifa edirlər. 1000 km-lərlə uzaq məsafədən gələrək Suriya, İraq, Əfqanıstan kimi ölkələrdə sülhü və ədaləti bərqərar etməyə çalışdıqlarını zənn edən  bu qüvvələr Orta Şərqdəki böhranlı vəziyyətin əsas günahkararıdır. XXI yüzilliyin əvvəllərində bu coğrafiyada il ərzində törədilən terror aktlarının sayı heç vaxt 100-ü keçməzdi. 2002-ci ildə koalisiya qüvvələrinin Əfqanıstan və İraqa, eləcə də ətraf ölkələrə hərbi müdaxiləsindən sonra bu say sürətlə artmağa başladı. Bu gün isə Orta Şərq regionunda il ərzində törədilən terror aktlarının sayı 1000-ə yaxınlaşmaqdadır. Hazırkı geosiyasi reallıqlar fonunda bu rəqəmin daha da artacağını təxmin etmək elə də çətin deyil.

Ceyhun Əhmədli

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka
03 noyabr 2017 Anadolu Ajansı

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka

Türkiye ile Azerbaycan arasındaki kardeşlik bağları Güney Kafkasya stratejik dengesini değiştirecek bir askeri ittifak haline gelmiş durumda.

Davamı...
Баку-Тбилиси-Карс оставляет Армению вне игры?
30 oktyabr 2017 Regnum

Баку-Тбилиси-Карс оставляет Армению вне игры?

«Армения становится тысячелетней слепой совой, сидящей на высоком камне на перекрестке больших дорог»

Davamı...