THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

"Türk axını"layihəsi və regional geosiyasi mənzərə

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
519
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 26 oktyabr 2017 – Newtimes.az

"Türk axını" layihəsi15,75 milyard kub metr (mkm) həcmində olan (cəmi 31,5 mkm) iki boru xətti vasitəsilə Rusiya təbii qazının 2019-cu ilin sonunadək Türkiyəyə və Cənub-Şərqi Avropa ölkələrinə nəqlini nəzərdə tutur. Rusiyanın məqsədi yeni boru xətti vasitəsilə ("Şimal axını - 2" boru kəməri ilə birgə) Ukrayna ilə bağlanmış tranzit sazişinin müddəti başa çatdıqda, 2019-cu ildən sonra, onu neytrallaşdırmaq və Transbalkan boru xətti ilə nəql edilən təbii  qazı "Türk axını" boru xəttinə yönəltməkdir. Lakin Rusiyanın "Türk axını" ilə bağlı atdığı addımlar və qeyd olunan Avropa ölkələrinin qaz bazarlarında mövqelərini gücləndirmək cəhdləri bu layihədə rəsmi Moskvanın digər məqsədlər güdməsi qənaətinə gəlməyə əsas verir.

Əslində bu məsələdə rəsmi Moskva qarşısına iki məqsəd qoymuşdur: həm Avropa, həm də Türkiyə bazarında artan rəqabət fonunda "Qazprom”un bazardakı payını nəinki qoruyub-saxlamaq, hətta onu artırmaq və rəqiblərini buradan mümkün qədər kənarlaşdırmaq.

"Türk axını" layihəsi və Rusiyanın Türkiyəyə qarşı enerji siyasəti

Rusiyanın qeyd etdiyimiz cəhdlərini xüsusilə Türkiyənin təbii qaz bazarında müşahidə etmək mümkündür. Almaniyadan sonra ikinci ən böyük təbii qaz bazarı olan Türkiyə bazarının 54%-i və ya ildə 25 mkm təbii qaz "Qazprom" şirkətinə aiddir. Türkiyənin təbii qaza tələbatı 2014-cü ilin may ayından (2012-ci ildə "Botaş" tərəfindən verilən proqnozların tam əksi olaraq) düşməyə başlamışdır. Belə ki, 2012-ci ildə "Botaş”ın verdiyi proqnoza görə, Türkiyənin təbii qaza tələbatı 2030-cu ildə iki dəfəyə yaxın artacaq və 46 mkm-dən 81 mkm-ə çatacaq. Lakin enerji təhlükəsizliyini təmin etmək, xarici ölkələrdən asılılığı azaltmaq, geosiyasi baxımdan bu ölkələr tərəfindən Ankaraya qarşı təbii qazdan alət kimi istifadə edilməsinin qarşısını almaq məqsədilə rəsmi Ankara enerji sektoruna müdaxilə edərək elektrik enerjisinin istehsalında yerli enerji mənbələrindən (daş kömür, liqnit, bərpa olunan və alternativ enerji və s.) istifadə etməyi  təşviq etmişdir. Nəticədə bu siyasət öz bəhrəsini gözlənildiyindən də artıq verməyə başlamışdır. Belə ki, 2015-ci ildə tələbatın 1.5%, 2016-ci ildə 4%, 2017-ci ildə isə 0.6%  (46 mkm) azalması müşahidə edilmişdir.

Türkiyənin təbii qaza tələbatının nisbətən azalması Rusiyanın "Qazprom" şirkətini bazardakı gələcək mövqeyini qoruyub-saxlamaq baxımından ciddi narahat etmişdir. Bu səbəbdən "Qazprom" "Türk axını" layihəsinə daxil olan boru xəttinin həcmini 1,75 mkm artıq dizayn etmişdir. Əgər mövcud Transbalkan boru xətti ilə "Qazprom" Türkiyəyə ildə maksimum 14 mkm təbii qaz nəql edirdisə, "Türk axını" vasitəsilə bu həcm 15,75 mkm-ə çatacaq. Bunu "Qazprom"un "Botaş" və qaz satdığı digər özəl şirkətlərə vəd etdiyi 10,25% endirim üçün əsas şərti həmin şirkətlərin kontraktlaşdırılmış qazın həcminin artırılması şərtinin qoyması təsdiq edir. Bu şərtin əsassız olması səbəbindən "Botaş” və digər şirkətlər "Qazprom”u beynəlxalq məhkəməyə vermiş, lakin məhkəmənin qərarı hələ elan edilməmişdir.

İnşası başa çatmaq üzrə olan TANAP boru xətti Rusiya tərəfindən əsas rəqib kimi qəbul edilir. Lakin TANAP-la bağlı Rusiyanın əsas narahatçılığı Türkiyəyə "Şahdəniz” yatağından 2018-ci ildən etibarən 6 mkm təbii qazın nəqli deyil. Çünki rəsmi Moskva anlayır ki, "Şahdəniz- 1" yatağından ixrac olunan 6.6 mkm təbii qazla bağlı sazişin müddəti 2021-ci ildə başa çatacaq. Bu yataqdan hasilat hal-hazırda təbii eniş dövrünü yaşayır, sazişin müddətini uzatmaq üçün kifayət qədər təbii qaz qalmayacaq. Belə olan halda "Şahdəniz- 2"yatağından hasil ediləcək təbii qaz sadəcə "Şahdəniz- 1"yatağının təbii qaz həcmini əvəz edə biləcək.

Rusiya onu da yaxşı anlayır ki, "Şahdəniz- 2" yatağından Avropa bazarına (Yunanıstan, Bolqarıstan və İtaliya) cəmi 10 mkm təbii qaz ixrac olunacaq ki, bu da "Qazprom"un hər üç bazarda payına kəskin şəkildə təsir göstərməyəcək. Onu da qeyd edək ki, bu ölkələrin təbii qaz bazarının 50-90%-i "Qazprom"a məxsusdur. "Qazprom"un əsas narahatçılığı ondan ibarətdir ki, 31 mkm həcmə malik olan TANAP boru xətti vasitəsilə iki dəfədən artıq təbii qaz həcmi digər potensial mənbələrdən (Azərbaycanın digər yataqları, Türkmənistan, İraq, İsrail/Kipr, İran) onun dominantlıq etdiyi bazarlara nəql edilsin. Bu səbəbdən "Qazprom" bu ilin yanvar ayında Vyanada keçirilən Avropa Qaz Konfransında rəsmi olaraq "Türk axını" vasitəsilə nəql olunacaq təbii qazın Avropa alıcılarına çatdırılması üçün mümkün planlarını elan etmişdir. Rusiya TAP-ın mövcud həcmini digər mənbələr üçün məhdudlaşdırmaq və əlavə təbii qaz nəqlini əngəlləmək niyyətindədir.

Mövcud vəziyyətdən Türkiyə hökuməti məmnundur. Qaza tələbatın artmasına müdaxilə edən və olduqca müsbət nəticələr əldə edən Türkiyə Rusiya və digər mənbələrdən asılılığının artması kimi təzyiqi də azaltmağa nail olmuşdur. Bundan əlavə, Türkiyə "Botaş"ın infrastrukturunu təkmilləşdirmək, ötürücülük həcmini artırmaq istəyindədir. Türkiyə həmçinin maye qaz qəbul edən terminalların həcmini artırır və yeni üzən qazlaşdırma terminalları (FSRU)da inşa edir. Bütün bunlar o səbəbdən həyata keçirilir ki, müxtəlif və yeni mənbələrdən təbii qaz almaq üçün texniki əngəllər aradan qaldırılsın və mövcud qaz satıcıları üzərində təzyiq rıçaqı yaradılsın. Bu, rəsmi Ankaranın həm "Qazprom”, həmdə "Şahdəniz" konsorsiumu ilə qiymət və digər şərtlərlə bağlı danışıqlarda mövqeyini gücləndirəcək.

"Türkaxını" layihəsi və Rusiyanın Avropaya qarşı enerji siyasəti

Hal-hazırda Rusiya və Avropa İttifaqının rəsmi qurumları arasında təbi qazın nəqli və alqı-satqısı ilə əlaqədar gizli şəkildə gərgin mübarizə gedir. Bu mübarizə Avropa qaz bazarlarını əlavə qazla yeni layihələr (həm "Şimal axını – 2", həm də "Türk axını") vasitəsilə Rusiya qazı ilə təmin edilib-edilməməsi üzərində aparılır.

"Qazprom”a "Türk axını” vasitəsilə Türkiyənin sərhədindən sonrakı ölkələrə qazın nəqli üçün mövcud boru xətlərində əlavə həcm lazımdır. "Türk axını"nın hər hansı bir Avropa ölkəsinə davamı, Aİ-nin daxili enerji bazarının qanunvericiliyinə əsaslanmalı, o cümlədən üçüncü tərəfin istifadə qaydalarına istisnalar qəbul edilmədiyi təqdirdə, "Qazprom"un mövcud boru xətlərinin tam ötürücü həcmindən istifadə etməsinə maneə törədəcəkdir. Bu o deməkdir ki, "Türk axını”nın Avropa bazarı üçün nəzərdə tutulan ikinci boru xəttinin salınmasında hər hansı bir gecikmə və ya Avropa ərazisində "Qazprom"un infrastruktura çıxışının məhdudlaşdırılması, Rusiya monopolistini planlaşdırdığından uzun müddət Ukrayna tranzitindən istifadə etmək məcburiyyətində qoya bilər. Bu isə həm Ukraynanı müdafiə etmək, həm də qaz bazarında sağlam rəqabət yaratmaq və alternativ mənbələrdən, o cümlədən Cənub Qaz Dəhlizindən istifadə etmək və ABŞ-ın maye qaz idxalı baxımından rəsmi Brüsselin və Vaşınqtonun maraqlarına cavab verir.

Aİ "Qazprom”a maneə olmaq məqsədilə digər vasitələrə də əl atır. Rusiya şirkəti rəsmi Brüssel ilə antiinhisar qanunu çərçivəsində danışıqlar da aparmalıdır. Bu qanuna əsasən, bir şirkət mövcud boru xəttinin tam həcmindən çox istifadə edə bilməz. Məhz Aİ rəsmi olaraq bu məsələni səbəb gətirərək "Cənub axını" layihəsinin reallaşmasına mane oldu. Aİ bu məsələdə Rusiyaya güzəştə getməyəcəyini artıq bəyan etmişdir.

Lakin Aİ-nin rəsmi mövqeyinə baxmayaraq, bəzi Avropa ölkələri Rusiya ilə "Türk axını" çərçivəsində iş birliyi qurur, müxtəlif sazişlər imzalayırlar. Belə ki, "Qazprom” nümayəndələri 6 iyul 2017-ci il tarixində Macarıstanın ticarət və energetika rəsmiləri ilə görüşərək, təbii qazın nəqli, tranziti və saxlanılması üzrə əməkdaşlıq planlarını müzakirə ediblər. Tərəflər uzun müddət ərzində birgə işləmək niyyətlərini bildirən bir neçə sənəd imzalayıblar.

Görüşlərdən sonra Macarıstanın xarici işlər naziri Piter Szijarto rəsmi Budapeştin Türkiyə vasitəsilə Avropaya təbii qazın ixracı məqsədilə yeni kəmərin inşası planlarını dəstəklədiyi üçün bu addımı atdığını qeyd etmişdir. O, "Türk axını”nın öz ölkəsinin qaz mənbələrinin "şaxələndirilməsi üçün yeganə real variant" olduğunu bildirmişdir.

Macarıstanlı nazırin bu bəyanatı reallığı dəyişmək iqtidarında deyil və "Qazprom"un Avropada "Türk axını" vasitəsilə qazın nəqlində yaranan problemləri həll etmir. Belə ki, əgər Macarıstan Rusiyadan daha çox həcmdə təbii qaz almaq istəyirsə, əlavə boru kəmərlərinin tikintisi planlarını dəstəkləməlidir. Türkiyə və Macaristan arasındakı ölkələri (Yunanıstan, Bolqarıstan, Rumıniya) birləşdirəcək boru xətləri ya mövcud deyil, ya da həcm baxımından məhduddur. Belə olan halda, "Qazprom” və ya həmin ölkələrə investisiya yatıraraq çatışmayan boru xətlərini inşa etməli və həcmi genişləndirməlidirlər. Bu, "Türk axını”nın xərclərini artıracaq, "Qazprom” və Avropa Komissiyası arasında daha bir qarşıdurma riskini yaradacaq.

"Qazprom” Macarıstan, Mərkəzi Avropa və Serbiya da daxil olmaqla Balkan ölkələrində mövqeyini möhkəmləndirmək və bazardakı payını artırmaqda daha çox maraqlıdır. Rusiyanın bu monopolist şirkəti uzun müddət Macarıstanın ən böyük qaz tədarükçüsü olmuşdur. Buna baxmayaraq, Macarıstan Xəzəryanı ölkələrdən və digər üçüncü tərəf təchizatçılarından qaz idxal etməyə ümid etdiyini də bildirmişdir. Budapeşt rəsmiləri Yunanıstanın şimalından Bolqarıstan və Rumıniya vasitəsilə Xəzər hövzəsindən qazın idxalında da maraqlı olduqlarını bildiriblər. Onlar həmçinin Xorvatiyada tikintisi planlaşdırılan Adriatik LNG terminalından qeyri-Avropa ölkələrindən təbii qaz ala və onu Macarıstana göndərmək üçün interkonnektorlardan istifadə edə bilər. Xorvatiyanın Krk adasında tikiləcək ABŞ maye qazını qəbul edən terminaldan Macarıstan və Balkan ölkələri, həmçinin Serbiyaya qazın nəqli "Qazprom" üçün böyük təhlükə yaradır.

ABŞ-ın Balkan regionunda aktivləşməsi və Monteneqronun NATO-ya üzv qəbul edilməsində məqsəd bütün bölgəni nəzarət altına almaqdır. ABŞ, birincisi, Rusiyanı bu məkandan çıxarmaqda maraqlıdır. İkincisi, ABŞ Balkan istiqamətindən Mərkəzi Avropaya maye qaz nəql etmək və bu ölkələrin qaz bazarının müəyyən hissəsini tutmaqla strateji enerji daşıyıcısı olan Rusiyanın maraqlarına sarsıdıcı zərbə endirmək niyyətindədır.

Sloveniya və Xorvatiya NATO ailəsinin üzvləridir. İndi Monteneqro da bu ailəyə daxil oldu. Qərbi Balkan regionunun 50% ölkələri - Serbiya, Makedoniya və Bosniya və Herseqovina hələ də NATO-nun üzvü deyillər. Gələcəkdə onların da NATO-ya mümkün üzvlüyü həmin ölkələrin siyasi iradəsindən, siyasi oriyentasiya və öz maraqlarını müdafiə etmək bacarığından asılı olacaqdır.

ABŞ-ın Qərbi Balkan regionunda fəallaşmasını Rusiyanın köhnə strateji məqsədi olan Adriatik dənizinə çıxış əldə etmək niyyətinin reallaşmasının qarşını almaqla da əlaqələndirmək olar. Əslində, Rusiyanın NATO ölkələrindən xaric Adriatik dənizinə hələ də bir çıxışı vardır: bu, Neum limanıdır. Lakin burada Xorvatiya köhnə taktikasından istifadə edir və Bosniya və Herseqovina ilə dəniz sərhədində danışıqların başa çatmasını ənqəlləyərək bütün vasitələrlə öz rolunu artırır.

Nəticə

Rusiya təbii qazına tələbatla bağlı  Avropa ölkələri iki cəbhəyə bölünüblər. Birinci cəbhə Rusiya ilə birgə yeni "Şimal axını - 2" və "Türk axını" kimi layihələri həyata keçirərək həm milyonlarla dollar gəlir əldə etmək, həmdə enerji təhlükəsizliyini möhkəmləndirmək marağında olan ölkələrdir. Bura Almaniya, Fransa, Avstriya, İtaliya, Macarıstan və s. ölkələr daxildir. Bunun digər səbəbi isə rus qazının ucuz olması, problemsiz və tez nəql edilməsidir. Aİ-nin "köhnə" üzvləri (Almaniya və Fransa) üçün isə Avropa enerji siyasətinin Vaşinqtonda deyil, Brüsseldə qəbul edilməsi xüsusilə vacibdir.

İkinci qrupa isə Baltikyanı ölkələr və Polşa daxildir. Polşa xüsusi olaraq Rusiyanın layihələrinə qarşı çıxır. Lakin Polşanın "Şimal axın- 2" boru xətti ilə nəql olunacaq qazın Almaniyadan sonra digər ölkələrə ixracının OPAL boru xətti vasitəsilə məhkəmə yolu ilə əngəlləmək cəhdləri baş tutmamışdır. Məhkəmənin qərarı "Qazprom"un lehinə oldu. Polşa və Baltikyanı ölkələr artıq ABŞ-dan maye qaz idxalına başlayıblar.

Lakin onu da qeyd etmək lazımdır ki, Rusiya qazı hal-hazırda Avropada və Türkiyədə (Türkiyədə "Qazprom" qazının qiyməti təxminən 190$/min kub metr, "Şahdəniz" qazının qiyməti 205$, İran qazının qiyməti 208$, maye qazın qiyməti 220$-dır) ən ucuz, sərfəli və əlverişlidir. ABŞ-ın bahalı maye qazı "Qazprom” qazı ilə qiymətdə rəqabət apara bilmir. Amerika qazı qeyri-ənənəvi şist qazı kimi çıxarılır və sonra terminallarda mayeləşdirilir, Avropa terminallarında isə qaz halına çevrilir. Bu kifayət qədər bahalı prosesdir və bu səbəbdən Amerika şirkətlərinin qiymətdə güzəştdə getmək imkanları rus qazı ilə müqayisədə daha azdır. Hələ ki, Amerika qazı Avropanın bəzi ölkələrində yalnız Rusiyaya qarşı tətbiq olunan sanksiyalar və Aİ-nin diversifikasiya siyasətinin təzyiqi altında alıcılarını tapa bilmişdir.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka
03 noyabr 2017 Anadolu Ajansı

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka

Türkiye ile Azerbaycan arasındaki kardeşlik bağları Güney Kafkasya stratejik dengesini değiştirecek bir askeri ittifak haline gelmiş durumda.

Davamı...
Баку-Тбилиси-Карс оставляет Армению вне игры?
30 oktyabr 2017 Regnum

Баку-Тбилиси-Карс оставляет Армению вне игры?

«Армения становится тысячелетней слепой совой, сидящей на высоком камне на перекрестке больших дорог»

Davamı...