THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Kataloniya böhranının Avropa İttifaqına təsiri

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1951
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 24 oktyabr 2017 – Newtimes.az

2017-ci ilin oktyabr ayının 19-da İspaniya hökuməti Kataloniyanın muxtariyyətini müvəqqəti olaraq ləğv edəcəyini və regionu birbaşa mərkəzi hökumətə tabe edəcəyini bəyan etdi. Oktyabr ayının 1-də Kataloniyada baş tutan müstəqillik haqqında icazəsiz referendumdan sonra Madridlə Kataloniya hökuməti arasında münasibətlərin dalana dirənməsi İspaniya hökumətini bu addımı atmağa məcbur etmişdir. Referendumdan sonra Kataloniya hökumətinin başçısı Karles Puçdemon müstəqilliklə bağlı bəyannamə imzalasa da, sənədin icraatını dərhal dondurmuşdur. Puçdemon belə bir addım atmaqla müstəqillik istəyən koalisiya ortaqlarını özünə qarşı qaldırmadan Madridlə dialoq qurmağa çalışsa da, bu qərarı ilə məqsədinə nail ola bilmədi. Madrid Puçdemondan Kataloniyanın müstəqilliyini elan edib-etməməsi ilə bağlı dəqiq cavab verməsini tələb etmişdir ki, cavabın müsbət olması halında Konstitusiyanın 155-ci maddəsini işə salaraq Kataloniyanın muxtariyyətini ləğv edə bilsin. Kataloniya hökumətinə mövqeyini aydınlaşdırmaq üçün verilən vaxt oktyabrın 11-də bitsə də, Puçdemon qəti cavab verməkdən imtina etmişdir. Puçdemon vaxtı uzatmaqla İspaniyanı təxribata çəkmək və Madridi zorakılıq işlətməyə təhrik etmək istəyir. Bununla Puçdemon Kataloniyanı "ümumavropa məsələsi”nə çevirmək və indiyə qədər kənarda qalmağı seçən Avropa İttifaqını məsələyə qarışmağa məcbur etmək istəyir.

Referendumdan əvvəl şəraitin onların xeyrinə olduğuna inanan Kataloniya hökuməti hazırda çətin vəziyyətdədir. Belə ki, İspaniya Baş naziri Mariano Rahoy həm ölkə daxilində həm də xaricdə Kataloniyanın birtərəfli müstəqillik elan etməsinə qarşı vahid cəbhə yaratmağa və Katalon liderlərini siyasi cəhətdən təcrid etməyə nail ola bilmişdir. Rahoy hələ referendumdan əvvəl İspaniya parlamentində ana müxalifət partiyası olan Sosialist İşçi Partiyasının (PSOE) və Kataloniyanın mərkəz sağçı Ciudadanos partiyasının birtərəfli qaydada müstəqillik elan edilməsi halında İspaniya konstitusiyasının 155-ci maddəsini işə salaraq Kataloniyanın muxtariyyətini ləğv etməklə bağlı dəstəklərini ala bilmişdir. Digər tərəfdən, Rahoy sosialistlərlə Konstitusiyanın dəyişdirilməsi və mövcud muxtariyyət sisteminin təzələnməsi barədə də razılaşma əldə etmişdir. Bu konstitusion islahatlar sistemdəki çatışmazlıqları aradan qaldırmağa və regionlara daha effektiv özünüidarəçilik imkanları tanımağa şərait yaradacaq. Madrid bununla müstəqillik iddialarından vaz keçiləcəyi təqdirdə Kataloniyaya daha çox vəsait ayırmağa və daha geniş maliyyə müstəqilliyi verməyə hazır olduğunu da göstərmişdir [i] .

Bundan əlavə, Rahoy beynəlxalq ictimaiyyətin də dəstəyini qazandı və bununla da Kataloniyanın Kosovo presedentindən istifadə etməsinə imkan vermədi. Bunun qarşısını almaq məqsədilə səsvermədən əvvəl Vaşinqton və Berlinə səfər edən Rahoy ABŞ və Almaniyadan referendumu tanımayacaqlarına dair zəmanət almış, Brüsseldən Kataloniyanın müstəqillik elan etməsi halında Avropa İttifaqından xaric ediləcəyi ilə bağlı xəbardarlığın edilməsini təmin etmişdir. Referendumdan dərhal sonra Fransa və Almaniya nəinki Kataloniyanın müstəqilliyini tanımayacaqlarını, hətta tərəflər arasında vasitəçi belə olmayacaqlarını bildirmişdilər. Aİ də bunun İspaniyanın daxili işi olduğunu əsas gətirərək tərəflər arasında vasitəçi olmaqdan imtina etmiş və polislə etirazçılar arasında baş verən toqquşmaları İspaniya hökumətinin ölkədə qanunun aliliyini bərqərar etmək kimi öhdələyinin olması ilə əsaslandıraraq Madridi müdafiə etmişdir.

Həm Avropa İttifaqı, həm də üzv dövlətlər referendumu legitimləşdirəcək və İspaniya hökumətinin mövqelərini zəiflədəcək addımlar atmamağa çalışırlar. Yaşıllar, ifrat sağ və sol qüvvələr istisna olmaqla, Avropa Parlamentindəki əsas siyasi qruplar da birmənalı şəkildə Madridin mövqeyini müdafiə edirlər. Sosial Demokratlar (S&D) katalonları dəstəkləyərək Avropada ifrat sağçı və milliyətçi hərəkatları gücləndirmək istəmirlər. Liberallar (ALDE) referendumun qeyri-demokratik şəkildə keçirildiyinə diqqət çəkərək Kataloniya hökumətinə qarşı çıxırlar. Mühafizəkarlar (EPP) isə qanunun aliliyinə vurğu edərək, İspaniya hökumətinin mövqeyini dəstəkləyirlər. Bundan əlavə, Avropa İttifaqı müstəqillik elan edəcəyi təqdirdə Kataloniyanın "Prodi doktrinasına” uyğun olaraq Avropa İttifaqından dərhal xaric ediləcəyini bildirdi. Hətta müstəqillik İspaniya hökuməti ilə razılaşdırılmış şəkildə elan olunsa belə Kataloniyanın dərhal üzvlüyə qəbul edilməyəcəyini və bütün digər ölkələr kimi uzun üzvlük prosesindən keçəcəyi bildirildi. Bu isə Kataloniyanın ən yaxşı halda Serbiya və Albaniyadan sonra, yəni 2020-ci illərin sonunda yenidən Aİ üzvü ola biləcəyi anlamına gəlir. Beləliklə, həm Avropa Parlamentinin həm də Avropa Komissiyasının referendumla bağlı mövqeyi birmənalıdır: Kataloniya İspaniyanın daxili məsələsidir və müstəqilliklə bağlı referendum İspaniya konstitusiyasına zidd olduğu üçün qeyri-legitimdir.

Bundan əlavə, Rahoy Kataloniya iqtisadiyyatını zəiflətməyi hədəfləyən bir sıra uğurlu addımlar da atdı. Rahoy müstəqilliyə qarşı olan Kataloniya biznesinin lideri İsidro Fainenin dəstəyini alaraq İspaniya parlamentindən şirkətlərə hüquqi ünvanlarını bir neçə saata dəyişdirməyə imkan verən qanun keçirdi [ii] . İspaniyanın ən böyük maliyyə holdinqlərindən biri olan "Criteria CaixaCorp” şirkətinin sahibi Fainenin arxasınca digər Kataloniya şirkətləri də kütləvi şəkildə regionu tərk etməyə başladılar. Nəticədə artıq 540-dan çox şirkət Kataloniyanı tərk etmişdir [iii] . Nəhəng şirkətlərin müstəqillikdən sonra yaranacaq qeyri-müəyyənliyi və vahid Avropa bazarına çıxışı itirmək istəmədiklərini əsas gətirərək kütləvi şəkildə Kataloniyanı tərk etmələri separatist Kataloniya hökuməti üçün ciddi zərbə oldu. Belə ki, bu, separatçıların müstəqil Kataloniyanın iqtisadi gələcəyi ilə bağlı inamlarını kəskin şəkildə sarsıtdı. Bundan əlavə, Kataloniya Avropanın ən zəngin regionlarından biri olmaqla yanaşı, ən çox xarici borc öhdəlikləri olan regionlarından da biridir. Regionun xarici borcu 2009-cu ildən bəri 3 dəfə artaraq hazırda 76.7 milyard avro, yəni Kataloniya ÜDM-nin 35.4%-ni təşkil edir ki, bunun 52 milyardını İspaniyaya borcludur. Müstəqil olacağı təqdirdə Kataloniya hökumətinin bu borcu İspaniyaya necə qaytaracağı da sual altındadır.

Puçdemonun öz hökuməti daxilində də mövqeləri çox zəifdir. 2015-ci ildə keçirilən regional seçkilərdən əvvəl müstəqillik əldə etmək məqsədilə yaradılan bu koalisiya bir-birindən ideoloji cəhətdən kəskin şəkildə fərqlənən siyasi qruplardan ibarətdir. Puçdemon üçün digər bir çətinlik Kataloniyanın İspaniyadan ayrılmaq üçün gətirdiyi hüquqi və siyasi arqumentlərin zəifliyidir. Beynəlxalq hüquqda xalqların öz müqəddəratını təyinetmə hüququ (müstəmləkə olan xalqlar istisna olmaqla) onların suveren dövlətlərin tərkibində öz müqəddəratını təyinetmə hüququ kimi başa düşülür. Yəni əgər xalqlar suveren dövlətlərin tərkibində öz müqqədəratlarını tam olaraq təyin edə bilirlərsə, yəni yetərli muxtariyyətə malikdirlərsə və onların hüquqları suveren dövlətin tərkibində tam olaraq qorunursa, onların müstəqillik tələb etmək üçün heç bir hüquqi əsası yoxdur. Xalqlar suveren dövlətlər çərçivəsində yetərli muxtariyyətə nail ola bilmirlərsə, yəni öz müqqədəratını təyinetmə hüququnu daxildə reallaşdıra bilmirlərsə, yalnız bu halda onlar son çarə (ultima ratio) kimi öz hüquqlarını xaricdə reallaşdırmaya, yəni müstəqillik əldə etməyə çalışa bilərlər. Bunun üçün isə separatçılara beynəlxalq ictimaiyyətin dəstəyini qazanmaq lazımdır, çünki belə hallarda müstəqillik üçün ciddi səbəbin olub-olmamasını üçüncü dövlətlərin reaksiyası müəyyənləşdirir. Bu anlamda Kataloniya müstəqiliklə bağlı beynəlxalq ictimaiyyətin dəstəyini qazana bilmədi, çünki İspaniyanın regional idarəetmə modeli nə qədər qeyri-effektiv olsa da katalonlara öz hüquqlarını tam olaraq reallaşdırmağa imkan verir.

Ümumiyyətlə, Kataloniya böhranının bundan sonra necə inkişaf etməsindən asılı olmayaraq Avropa üçün ciddi nəticələrinin olacağı qaçınılmazdır. Uzun zaman ərzində Aİ-nin siyasi strategiyası mərkəzi hökumətlərə qarşı regionları gücləndirmək idi. Bununla Avropa İttifaqı üzv dövlətlərin gücünü zəiflətmək və onların hesabına öz nüfuzunu artırmağı hədəfləyirdi. Bu siyasət Avropada separatizmin artmasına səbəb olmuşdur, çünki hər zaman mərkəzi hökumətlərlə mübahisələrində Aİ tərəfindən dəstək görən regionlar müstəqil olduqları təqdirdə də bu dəstəyin davam edəcəyini fikirləşirlər. Lakin Avropa İttifaqı regionların üzv dövlətlərdən ayrılmasını istəmir, çünki bunun Avropada domino effekti yaradacağından ehtiyat edir. Belə ki, Avropa İttifaqı 98 regiondan ibarətdir və bütün bu regionlar ayrılıb Aİ daxilində müstəqil dövlət olsalar, bir çox qərarları yekdillik prinsipi əsasında qəbul edilən İttifaqın iflic olması və öz funksiyalarını yerinə yetirə bilməməsi demək olardı. Yeni üzvlərin qəbulu Aİ müqavilələrin yenidən dəyişdirilməsini, həmin üzvlər üçün ayrıca Avrokomissarların təyin edilməsini tələb edir ki, onsuz da hazırda həddindən artıq böyük olan və ləng işləyən olan Aİ hökumətinin effektivliyini daha da azaldar. Bundan əlavə, Aİ-nin fəaliyyətini tənzimləyən müqavilələr də ərazi bütövlüyü məsələlərində üzv dövlətlərin suveren haqlarını tam olaraq tanıyır və bu məsələləri Aİ-nin səlahiyyətləri çərçivəsinə daxil etmir.

Bundan əlavə, separatizmin və milliyyətçiliyin ən güclü olduğu regionlar Aİ-nin eyni zamanda ən varlı regionlarıdır. Kataloniyada separatizmi dəstəkləməklə Aİ İtaliyada Lombardiyanın, Belçikada Flandriyanın, Almaniyada Bavariyanın mərkəzi hökumətlərdən ayrılmasına əsas vermək istəmir. Çünki bu, iqtisadi böhrandan yeni çıxmış İttifaq üçün ciddi iqtisadi xaosla nəticələnə bilər. Belə ki, bir çox üzv dövlətin büdcəsi bu zəngin regionlardan gələn vəsaitlər hesabına balanslaşdırılır. Bu regionları itirmək həmin dövlətləri ciddi büdcə kəsiri ilə üz-üzə qoya bilər ki, bu da büdcə problemlərini həll etmək istəyən hökumətlərin dövlət xərcləmələrini kəskin şəkildə azaltmağına və nəticədə həmin ölkələrdə həm mərkəzi hökumətə, həm də Aİ-ə qarşı ciddi narazılığın formalaşmasına səbəb olacaq.

Kataloniyanın Brexit danışıqlarına da ciddi təsiri olacaq. Belə ki, Avropa İttifaqından ayrılmağın həm regionlar, həm də ölkələr üçün nə qədər baha başa gəldiyini nümayiş etdirmək üçün Aİ-nin Birləşmiş Krallıqla danışıqlarda heç bir güzəştə getməyəcəyini də gözləmək lazımdır. Artıq Brexitin nə qədər ağrılı proses olduğunu görən digər üzv dövlətlərdəki Avroskeptik hərəkatlar Aİ-dən çıxmaqla bağlı mövqelərini yumşaltmağa başlamışlar. Hətta Marin Le Pen belə son aylarda Fransanı Avropa İttifaqından çıxarmaqla bağlı hədəflərindən imtina etdiyini açıqlamışdır [iv] . Belə bir şəraitdə Aİ liderləri Kataloniyanın İttifaq daxilində xaos yaratmağına imkan vermək niyyətində deyillər.

Kataloniyanın Balkanlardakı konfliktlərə də ciddi təsiri olacaq. Belə ki, bu ilin avqustun sonunda Avropa İttifaqının vasitəçiliyi ilə Serbiya prezidenti Aleksandr Vuçiç və Kosovo prezidenti Haşim Taçi arasında baş tutan görüşdən sonra tərəflər arasında danışıqların sonuncu mərhələsinin tezliklə başladılması qərara alınmışdı. Danışıqların nəticəsi kimi Kosovonun şimalındakı bölgələrdə yaşayan serblərin muxtariyyət alması, Serbiyanın isə öz növbəsində Kosovonu müstəqil dövlət kimi tanıması, razılaşmanın imzalanmasından sonra isə tərəflərin Avropa İttifaqına üzv qəbul edilməsi gözlənilir.

Lakin Kataloniya məsələsində Aİ-nin İspaniyanın ərazi bütövlüyünü müdafiə etdiyini görən serblər niyə Kosovo məsələsində Avropa İttifaqının fərqli mövqe tutduğunu anlamırlar və Aİ-ni ikili standartlarda günahlandırırlar. Digər tərəfdən, Serbiyanın öz daxilində Voyvodina vilayəti Kataloniyadan ilhamlanaraq müstəqillik haqqında referendum keçirmək istəyir. Yəni serblər bir tərəfdən Avropa İttifaqını Kosovo ilə bağlı mövqeyinə görə tənqid etsələr də, digər tərəfdən öz ərazilərində potensial separatizmin qarşısını almaq üçün Aİ-nin dəstəyinə ehtiyacları var. Qeyd etmək lazımdır ki, Kosovo özü də Kataloniya ilə müqayisələri qəbul etmir və katalonları müdafiə edən bəyanatlar verməkdən çəkinir. Bunun səbəbi isə İspaniyanın hələ də Kosovonun müstəqilliyini tanımamasıdır. Kosovo əgər Aİ-ə qəbul olmaq istəyirsə İspaniyanın onu müstəqil dövlət kimi tanımasına ehtiyacı var.

Rusiya Prezidenti Vladimir Putin də Kataloniya məsələsini şərh edərkən Avropanın Kosovonun müstəqilliyini tanıması dünyada və regionda separatizmin artmasına səbəb olduğunu qeyd edib [v] . Putin Avropanın Kosovoda xalqın öz müqəddəratını təyinetmə hüququnu tanıdığı halda, Krımda tanımadığına diqqət çəkərək Avropanı ikili standartlarda günahlandırıb. Putin Qərbin Kosovonu müstəqil dövlət kimi tanımaqla mənfi presedent yaratdığını qeyd etməkdə haqlı olsa da, hüquqi cəhətdən Krımla Kataloniyanın Kosovo ilə müqayisə doğru deyil. Yuxarıda artıq qeyd edildyi kimi, Kosovodan fərqli olaraq nə Krımın, nə də ki Kataloniyanın öz müqəddəratlarını Ukrayna və İspaniyadan kənarda reallaşdırmaq üçün heç bir ciddi əsasları yox idi. Bundan əlavə, hər iki regionda keçirilən referendum qeyri-demokratik olduğundan və beynəlxalq standartlara cavab vermədiyindən legitim də sayıla bilməz.

Kataloniyanın Qarabağ münaqişəsinə də ciddi təsiri ola bilər. Avropa İttifaqı Kataloniya ilə bağlı tutduğu birmənalı mövqeyi ilə separatizmə qarşı olduğunu, üzv dövlətlərin ərazi bütövlüyünü və sərhədlərin toxunulmazlığı prinsipini qəti şəkildə dəstəklədiyini göstərdi. Kataloniya və Krımdan sonra öz müqəddəratını təyinetmə prinsipinin separatçı rejimlər və onların havadarları tərəfindən suveren dövlətləri parçalamaq və regional stabilliyi pozmaq üçün istifadə edilə biləcəyini görən Avropa İttifaqının getdikcə belə rejimlərə qarşı münasibəti ciddi şəkildə dəyişilir. Avropadakı separatist qüvvələri regional təhlükəsizliyə ciddi təhdid kimi görən Aİ öz müqəddəratını təyinetmə prinsipinin ona qarşı istifadə oluna biləcəyini anlayır. Bu çərçivədə ehtimal etmək olar ki, Avropa yeni presedentlər yarada biləcək addımlardan kənar durmağa və digər regionlardakı separatist rejimlərə açıq dəstək nümayiş etdirməklə öz daxilindəki müstəqillik istəyən hərəkatlara yeni stimul verməkdən çəkinəcək.

Ayaz Rzayev,

Azərbaycan Respublikasının Prezidenti yanında

Strateji Araşdırmalar Mərkəzinin məsləhətçi-eksperti


[i] Drop separatism calls and we can talk money, Madrid tells Catalans. // 20 September 2017 // https://www.ft.com/content/faecd7b0-9e26-11e7-8cd4-932067fbf946

[ii] Fainé dinamita el 'procés' y blinda al Ibex del riesgo Cataluña. // 07 October 2017 // https://www.elconfidencial.com/empresas/2017-10-07/independencia-cataluna-faine-dinamita-proces-blinda-al-ibex_1457139/

[iii] 540 empresas han abandonado Cataluña desde el referéndum del 1 de octubre. // 13 October 2017 // https://elpais.com/economia/2017/10/13/actualidad/1507901935_441075.html

[iv] Le Front national enterre le "Frexit". // 13 October 2017 // http://www.rtl.fr/actu/politique/le-front-national-enterre-le-frexit-7790503561

[v] Путин назвал Крым, Каталонию и Косово примером двойных стандартов Запада. // 19 Октябрь 2017 // https://ria.ru/politics/20171019/1507177333.html

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka
03 noyabr 2017 Anadolu Ajansı

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka

Türkiye ile Azerbaycan arasındaki kardeşlik bağları Güney Kafkasya stratejik dengesini değiştirecek bir askeri ittifak haline gelmiş durumda.

Davamı...
Баку-Тбилиси-Карс оставляет Армению вне игры?
30 oktyabr 2017 Regnum

Баку-Тбилиси-Карс оставляет Армению вне игры?

«Армения становится тысячелетней слепой совой, сидящей на высоком камне на перекрестке больших дорог»

Davamı...