THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Aİ-nin yeni inteqrasiya konsepti: 4 səviyyəli funksional struktur

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1839
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 11 avqust 2017 – Newtimes.az

Bir neçə ildir ki, Qərb mütəxəssisləri Avropa İttifaqının gələcəyi ilə bağlı müxtəlif proqnozlar verirlər. Burada bədbin sonluqdan tutmuş, nikbin modellərə qədər çoxsaylı yanaşmalar özünü göstərir. Analitiklərin arasında fikir müxtəlifliyinin olması Aİ-nin özünün qeyri-müəyyənliklər içində olması ilə izah oluna bilər. Bu bağlılıqda tanınmış analitik Cozef Nayın (kiçik) mövzu ilə bağlı fikirləri təbii maraq doğurur. Onun son məqalələrinin birində maraqlı və aktual tezislər irəli sürüldüyündən, biz onların Avropa İttifaqının gələcəyi kontekstində analizinə ehtiyac duyuruq. Nəzərə almaq lazımdır ki, C.Nayın da fikirləri mümkün versiyalardan yalnız biridir. Yəni onları daha çox düşünmək üçün oxumaq lazımdır. Həqiqətin harada olduğunu isə zaman göstərəcək.

Tramp və Aİ: gözlənilməz dəyişiklik?

Cozef S.Nayın (kiçik) "Project Syndicate" nəşrində analitik məqaləsi dərc olunub. Yazı bir neçə aspektdən maraq doğurur. Tanınmış analitik Avropa İttifaqının gələcəyinə Donald Trampın siyasi kimliyi və Aİ-yə olan təhdidlər prizmasından nəzər salıb. Onun irəli sürdüyü tezislər kifayət qədər aktualdır. C.S.Nay Avropanın siyasi taleyinin ziddiyyətli məqamlarla xarakterizə olunduğunu ifadə edir. Bununla yanaşı, özünü göstərməkdə olan müəyyən müsbət tendensiyanın da meydana gəldiyini yazır.

Müəllif ekspertlər üçün bəlkə də bir qədər gözlənilməz olan fikir irəli sürür. Belə ki, C.S.Nayın fikrincə, D.Trampın Avropada populyarlığının aşağı olması Avropa dəyərlərinin möhkəmlənməsinə təkan verir! Fransada təşkil edilmiş konfransların birində avropalı bir sıra ekspertlərin "əslində, Donald Tramp Avropa üçün faydalı ola bilər" tezisini ifadə etməsinə təəccüblənən az deyildi (bax: Joseph S. Nye. Trump’s Gift to Europe / "project-syndicate.org", 6 iyul 2017). C.Nay isə bu tezisi əsaslandırmağa çalışır.

Bu aspektdə D.Trampın Avropa üçün bir "hədiyyə" olduğunu vurğulayır. Praktiki olaraq, Trampın prezidentliyi Avropa üçün bütün aspektlərdə bir dəhşətdir. C.Nayın yazdığına görə, Amerika prezidenti Aİ-yə nifrət edir. Onun Angela Merkel ilə münasibətləri soyuqdur, əvəzində, Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinlə dostluq edir.

D.Tramp Böyük Britaniyanın Avropa İttifaqından çıxmasını alqışlayıb və "indi kimin növbəsidir?" kimi məşhur sualın müəllifidir. Bunlardan başqa, ABŞ-ın Paris iqlim müqaviləsindən çıxdığını bəyan edib, NATO-da qarşılıqlı müdafiə məsələlərinə ürəkdən yanaşmır və BMT-nin maliyyələşdirilməsini azaldıb. Bütün bunlar Avropanın maraqlarına ziddir.

Deyilənlərin nəticəsidir ki, "Pew Research Center" tədqiqat mərkəzinin apardığı sorğuya görə, britaniyalıların yalnız 22%-i, fransızların 14%-i və almanların 11%-i ona inanır (bax: əvvəlki mənbəyə). Burada nəzərə almaq lazımdır ki, inamsızlıq Amerikaya deyil, D.Trampın şəxsinə və siyasətinədir. Lakin aydındır ki, Trampın populyarlığı avropalılar arasında çox aşağıdır. O, faktiki olaraq, avropalı sağçılarla eyni sırada durur. Deməli, əslində, avropalıların təsəvvürlərində D.Trampın sağçı siyasi hərəkatın lideri kimi obrazı qalmaqdadır.

Ancaq bu obraz Avropada keçirilən bir sıra seçkilərin nəticələrinə görə, elə də təsirli deyil. Çünki Aİ-nin böyük dövlətlərinin hamısında sağçılar məğlub oldular. Onlara ən böyük zərbə Fransada dəydi. Hollandiya, İtaliya və Avstriyada da acı məğlubiyyətə uğradılar. "Sərt" "Brexit" tərəfdarı Mey isə iyunda Böyük Britaniyada parlament seçkisində yerlərin çoxunu itirdi. İndi ekspertlər hesab edirlər ki, Almaniyada sentyabrda olacaq seçkidə mötədil siyasətçi qalib gələcək. İfrat sağ təmayüllü millətçi qüvvələrin lideri Frauke Petrinin uğur qazanmaq şansı yoxdur.

Bütün bunların fonunda Avropa İttifaqında sosial-iqtisadi vəziyyət elə də dəyişməyib. Hələ də iqtisadi inkişafın aşağı tempi, işsizliyin yüksək faizi və siyasi dağınıqlıqla mübarizə aparılır. Bu proses 2008-ci ildən davam edir. "Brexit"in yaratdığı ziddiyyətlər də hələ qalmaqdadır. Burada daha aktual olan insanların sərbəst hərəkəti ilə məhsulların azad dövriyyəsi arasında ortaq nöqtənin tapılmaması ilə bağlıdır. Belə ki, Böyük Britaniya miqrant məsələsində Aİ-nin digər üzvlərindən fərqli mövqedədir. Burada insanların sərbəstliyinin məhdudlaşmasını təmin etməklə bazarın açıq olmasını istəyirlər.

Aİ isə həm insanların sərbəst hərəkətinə, həm də malların azad dövriyyəsinə tərəfdardır. Hazırda bu mövqelər arasında kompromis tapmağa çalışırlar. Ekspertlər bunu təşkilatın taleyində mühüm rol oynaya biləcək faktor hesab edirlər. Onlar bunun əsasında Aİ-də inteqrasiya prosesinin məzmununun dəyişdirilməsi zərurətinin meydana gəldiyini deyirlər. Konkret olaraq, Aİ daxilində tam sərbəstlik, xarici mühitlə isə məhdudlaşdırıcı kurs təklif edirlər. Buna praktiki nail olmaq üçün isə çevik siyasət yeritmək lazımdır. Hələlik avropalılar buna nail ola bilməyiblər.

"Xüsusi Avropa təşkilatı": yeni inteqrasiya konsepti

Buradan, ümumiyyətlə, Avropada inteqrasiya fəlsəfəsinin yeniləşməsinə olan ehtiyac aydın görünür. İndiyə qədər bu fəlsəfədə əsas hədəf "maksimum sıx ittifaq" prinsipi hesab olunurdu. Buna federal siyasi quruluş da demək olar. Buna üzv dövlətlərin "müxtəlif sürət"lə inkişafı əsasında nail olunacağına inanırdılar. Hazırda federalizmi başqa prinsiplə əvəz etmək və fərqli sürət metaforasını isə fərqli səviyyələr metaforası ilə əvəz etmək barədə düşünürlər.

Federalizmin yerinə nə olacağı tam aydın deyil. Bu bağlılıqda bir neçə ssenaridən bəhs edilir. Onlar haqqında avropalı mütəxəssislər bir neçə formul irəli sürüblər. Aİ-nin zəifləməsi, hətta dağılması, onun indiki səviyyədə qalması və daha da inkişaf etməsi kimi 4 ssenari haqqında yazırlar. Hər bir halda fərqli variantlardan bəhs edilirsə, bu, təşkilatla bağlı qeyri-müəyyənliyin olması əlamətidir. Cozef S.Nay da məhz bunu nəzərdə tutaraq inteqrasiya fəlsəfəsinin yeniləşməsindən və yeni quruluş formasından danışır. Özlüyündə nəzəri və praktiki olaraq düşündürücü yanaşmadır. Bu, həm də ayrıca təhlil mövzusudur.

Burada onu qeyd edək ki, mütəxəssislər federalizmi "xüsusi (sui generis) Avropa təşkilatı" ilə əvəz etmək barədə yazırlar (bax: əvvəlki mənbəyə). Bu "xüsusi"nin konkret hansı məzmun daşıdığı məlum deyil. Lakin həmin kontekstdə aşağıdakı 4 əməkdaşlıq (yaxud inteqrasiya) səviyyəsinin zəruriliyi vurğulanır: birincisi – gömrük ittifaqı, ikincisi – vahid Avropa valyutası, üçüncü – daxili sərhədləri ləğv edən Şengen müqaviləsi və nəhayət, ortaq müdafiə konsepsiyası (bax: əvvəlki mənbəyə).

Müqayisə əsasında görə bilərik ki, doğrudan da bu yanaşma federalizmdən ciddi surətdə fərqlənir. Ümumi nəzəri səviyyədə federalizm struktur birliyi ideyasına dayanırsa, "xüsusi Avropa təşkilatı" funksionallıq ideyasına əsaslanır. Gömrük, maliyyə, hərəkət sərbəstliyi və müdafiə ayrı-ayrı funksiyalardır. Onlar arasında balans yaratmaq inteqrasiyaya federalizmdən fərqli yanaşma tələb edir. Bu isə kifayət qədər yeni məqamların nəzərə alınması zərurətini ortaya atır. Həmin məqamlar üzərində geniş dayanmaq imkanı yoxdur.

Lakin Aİ-nin ortaq müdafiə konsepsiyasını şərtləndirən əsas təhlükələr üzərində dayanmaq olar. Bunlar Rusiyadan qaynaqlanan təhlükələr, Balkanlar, Yaxın Şərq və Şimali Afrikadan gələn təhdidlərdir (bax: əvvəlki mənbəyə). Aİ-nin indi bu təhlükənin öhdəsindən gəlmək imkanları məhduddur. Yalnız Böyük Britaniya və Fransa milli sərhədlərdən kənarda əməliyyat keçirmək üçün geniş imkanlara malikdirlər. Məlumdur ki, Almaniyaya belə bir ixtiyar verilmir. Deməli, əslində, Aİ-nin özünümüdafiə üçün NATO-ya ciddi ehtiyacı vardır. Bu da başqa bir kontekstdə yenidən ABŞ-Avropa münasibətlərini aktuallaşdırır.

Hər bir halda avropalılar özünümüdafiə üçün xüsusi hərbi struktur yaratmaq qərarına gəliblər. Bununla da Aİ-də yeni inteqrasiya ideyasının tarixi sınağı başlamış olur. Həmin prosesin necə sonuclanacağını proqnozlaşdırmaq çətindir. Çünki qlobal geosiyasətdə və ayrılıqda Qərbdə qeyri-müəyyən parametrlər hələ çoxdur. Mütəxəssislər yeni risklərdən də bəhs edirlər.

İndi avropalılar meydana çıxardıqları yeni qarşılıqlı əlaqələr konseptinə konkret məzmun verməlidirlər. Əslində, bu mövqenin təməlində Qərb elmində keçən əsrin 70-ci illərində formalaşmış sosioloji və geosiyasi-nəzəri sistemlərin durduğunu anlayırıq. Bu nəzəri sistemlər kifayət qədər səmərəli və maraqlıdır. Ancaq mövcud ideyaların praktikaya tətbiqi ayrıca fəaliyyət tələb edir. Burada isə dünya sistemində baş verənləri nəzərə almaq son dərəcə vacibdir. Məsələnin məhz bu tərəfi Avropa İttifaqının gələcəyi aspektində olduqca aktual və ziddiyyətli məqamlarla xarakterizə olunur. Cozef Nayın məqaləsinin məntiqindən bu qənaət əldə edilir. Sual hələ də açıq qalır.

Kamal Adıgözəlov

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka
03 noyabr 2017 Anadolu Ajansı

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka

Türkiye ile Azerbaycan arasındaki kardeşlik bağları Güney Kafkasya stratejik dengesini değiştirecek bir askeri ittifak haline gelmiş durumda.

Davamı...
Баку-Тбилиси-Карс оставляет Армению вне игры?
30 oktyabr 2017 Regnum

Баку-Тбилиси-Карс оставляет Армению вне игры?

«Армения становится тысячелетней слепой совой, сидящей на высоком камне на перекрестке больших дорог»

Davamı...