THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ukrayna dərsləri (2-ci hissə)

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
302
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 5 iyul 2017 – Newtimes.az

Ukrayna böhranının MDB ölkələrinə təsiri

Rusiya-Ukrayna münaqişəsi postsovet ölkələri, ilk növbədə, MDB üzvü olan dövlətlər üçün ciddi nəticələr doğurdu. Lakin Ukrayna böhranının MDB daxilində cərəyan edən proseslərə konkret praktik təsirini yalnız müəyyən müddətdən sonra qiymətləndirmək mümkündür. Hazırda isə yalnız bəzi MDB ölkələrinin Ukrayna hadisələrinə və Rusiyanın siyasətinə reaksiyası əsasında proqnozlar irəli sürə bilərik.

MDB ölkələri xarici siyasətə əlaqələndirilmiş yanaşma nümayiş etdirmir, çünki Birlikdə ümumi xarici siyasəti həyata keçirən dövlətlərüstü qurum yoxdur. Buna görə də Ukrayna böhranına dair vahid rəy ifadə olunmamışdır. Əksər MDB üzvlərinin reaksiyasının neytral olduğu, yaxud birmənalı olmadığı qeyd edilməlidir.

Ukrayna hadisələri ilə bağlı Kremlə qarşı ən sərt mövqeyi Qırğızıstan nümayiş etdirmişdir. Bu ölkənin Xarici İşlər Nazirliyi Ukraynada sabitliyin pozulmasına yönəlmiş bütün hərəkətləri pisləyən bəyanat yaymışdır. Rusiyanın rəsmi mövqeyinə rəğmən, Qırğızıstan V.Yanukoviçin ölkədən qaçmasından sonra onu Ukraynanın qanuni prezidenti kimi tanımaqdan imtina etmişdir. Eyni zamanda, Qırğızıstan 2015-ci ildən Belarus, Qazaxıstan, Rusiya və Ermənistanla birlikdə Avrasiya İqtisadi İttifaqına daxildir. Bu fakt göstərir ki, Ukrayna böhranı Qırğızıstanın Rusiya ilə münasibətlərinə və ölkənin Avrasiya İqtisadi İttifaqında iştirakına təsir göstərmir. Qırğızıstanla yanaşı, Özbəkistan da Rusiyanın Ukrayna ilə bağlı siyasətinə mənfi yanaşdığını bildirmiş və Ukraynanın ərazi bütövlüyünü tanımışdır.

Azərbaycan Ukraynanın suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü dəstəklədiyini bildirmişdir. Eyni zamanda, rəsmi Bakı MDB məkanındakı inteqrasiya layihələrinə qoşulmadan Rusiya ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi xətti yeridir. Bununla yanaşı, Azərbaycan Ukrayna ilə ikitərəfli münasibətləri inkişaf etdirir.

Ermənistan Rusiyanın Krım siyasətini dəstəkləmişdir. Ermənistan prezidenti S.Sarkisyan bildirmişdir ki, referendum öz müqəddəratını təyin etmə hüququnun həyata keçirilməsi nümunəsidir. Ermənistan habelə BMT Baş Məclisinin "Ukraynanın ərazi bütövlüyü'' adlı 68/262 saylı qətnaməsinin əleyhinə səs verən dövlətlər sırasında olmuşdur.

Bütövlükdə MDB üzvlərinin əksəriyyəti Ukrayna hadisələrinə münasibətdə neytral mövqedən çıxış etmiş, bəzi hallarda isə birmənalı olmayan yanaşma nümayiş etdirmişlər. Bu, xeyli dərəcədə Rusiya ilə strateji tərəfdaşlıq münasibətlərinin mövcudluğu ilə şərtlənir.

Ukrayna hadisələrinə Belarus və Qazaxıstanın reaksiyası xüsusi əhəmiyyət kəsb edir, çünki bu ölkələr MDB məkanında reallaşdırılan inteqrasiya layihələrində Rusiyanın əsas tərəfdaşlarıdır. Belarus və Qazaxıstanın Rusiya-Ukrayna münaqişəsinə reaksiyası xeyli mürəkkəb olmuşdur. Rəsmi Moskva üçün Ukrayna siyasətində ən yaxın tərəfdaşları olan Belarus və Qazaxıstanın dəstəyi xüsusi əhəmiyyət daşıyırdı.

Belarusun Ukrayna hadisələrinə reaksiyasını Avropa İttifaqı və Rusiya arasında tarazlaşdırma kimi xarakterizə etmək olar. Rəsmi Minsk Krım məsələsində də manevr siyasəti nümayiş etdirmişdir. Belarus Ukraynanın ərazi bütövlüyünün qorunub saxlanmasının vacibliyini vurğulamış və Moskvanın Krımdakı hərəkətlərini dəstəkləməmişdir. Rəsmi Minsk habelə yeni Ukrayna hökumətini tanımışdır. Lakin Belarus BMT-də Baş Məclisin Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən və Krımın ayrılmasını tanımayan qətnaməsinin əleyhinə çıxmışdı. Beləliklə, rəsmi Minsk şifahi şəkildə – sözdə Ukraynanın suverenliyini və ərazi bütövlüyünün tanısa da, BMT-də Rusiyanın mövqeyini dəstəkləyən az sayda dövlətdən biri olmuş və Rusiyanın Krımdakı hərəkətlərinin beynəlxalq legitimliyinin lehinə səs vermişdir. Bütövlükdə Belarusun Ukrayna hadisələrinə reaksiyası birmənalı olmamışdır. Belarus iqtisadiyyatı və energetika sektoru Rusiyadan əhəmiyyətli dərəcədə asılıdır, A.Lukaşenkonun Rusiyanın xəttinə yanaşmasını ilk növbədə məhz bu amil şərtləndirir. Lakin Ukrayna böhranı Belarus-Rusiya münasibətlərində etimadın zəifləməsinə səbəb olmuşdur. Rəsmi Minsk ölkənin suverenliyinin möhkəmləndirilməsinə daha böyük önəm verməyə başlamışdır. Hərçənd bu, Avrasiya inteqrasiyası məsələlərində Belarusun mövqeyinə hər hansı mənfi təsir göstərməmişdir, Belarus 2015-ci ildən Qırğızıstan, Qazaxıstan, Rusiya və Ermənistanla birlikdə Avrasiya İqtisadi İttifaqına daxildir.

Qazaxıstan Ukrayna hadisələrinə münasibətdə ehtiyatlı və neytral mövqe tutmuşdur. Rəsmi Astana birmənalı bəyanatlardan çəkinərək, Ukraynada milli azlıqların hüquqlarının və Rusiyanın təhlükəsizlik maraqlarının müdafiəsi məsələsində Moskvanın mövqeyinə anlayışla yanaşdığını bildirmişdir. Eyni zamanda, N.Nazarbayev böhranın Ukraynanın suverenliyinin qorunub saxlanması əsasında beynəlxalq hüquq normalarına müvafiq surətdə dinc yolla tənzimlənməsinin vacibliyini vurğulamışdır. Belarusdan fərqli olaraq, Qazaxıstan BMT Baş Məclisində Krımla bağlı səsvermədə bitərəf qalmış və Rusiyanın Ukraynada hərəkətlərini rəsmən dəstəkləməmişdir.

Lakin Rusiya-Ukrayna münaqişəsinin Qazaxıstanda narahatlıq doğurmadığını söyləmək düzgün olmazdı. Ukrayna hadisələri zamanı Qazaxıstan özünün çoxvektorlu xarici siyasətinə sadiq qalaraq, bütün münaqişə tərəfləri – Rusiya, Ukrayna, Avropa İttifaqı və ABŞ-la dialoqu davam etdirmişdir. Rəsmi Astana heç bir tərəfə açıq dəstəyini ifadə etmədən neytrallığını qorumuşdur. Lakin Rusiyanın Ukraynada və Krımla bağlı addımları postsovet ölkələrindən birinin suverenliyinin və ərazi bütövlüyünün Moskva tərəfindən pozulması səbəbindən Rusiya-Qazaxıstan münasibətlərinə təsirsiz ötüşə bilməz. Həm Belarus, həm də Qazaxıstan Ukrayna böhranından belə bir dərs çıxarmışlar ki, Rusiya hətta "qardaş ölkələr''ə münasibətdə maraqlarını sərt tədbirlərlə təmin etməyə hazırdır.

Ukrayna böhranı MDB məkanında inteqrasiya proseslərinə, ilk növbədə, Avrasiya İqtisadi İttifaqının perspektivlərinə ciddi təsir göstərir. Regionda inteqrasiyanın dərinləşdirilməsi Rusiya xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. V.Putin Avrasiya İqtisadi İttifaqını Avropa İttifaqına, Çinə və ABŞ-a qarşı duran layihə kimi yüksək qiymətləndirir. Ukrayna böhranının başlanmasından və Krımın Rusiyaya birləşdirilməsindən sonra Avrasiya İqtisadi İttifaqı layihəsinin baş tutmayacağı ilə bağlı çoxlu proqnozlar irəli sürülürdü. Lakin Ukrayna böhranının və Krım hadisələrinin Rusiyanın nüfuzuna zərbə vurmasına baxmayaraq, rəsmi Moskva regional inteqrasiya layihəsini ardıcıl surətdə həyata keçirdi. 2015-ci ildə Belarus, Qazaxıstan, Rusiya, Ermənistan və Qırğızıstanın iştirakı ilə Avrasiya İqtisadi İttifaqı yaradıldı. Lakin xüsusilə Ukrayna ətrafında mürəkkəb vəziyyət nəzərə alındıqda Avrasiya İqtisadi İttifaqının "işıqlı gələcəyi'' haqqında proqnoz vermək çətindir.

Ukrayna böhranı Avrasiya İqtisadi İttifaqının yaradılmasına mane olmasa da, Belarus və Qazaxıstanın Rusiya ilə inteqrasiya proseslərinə yanaşmasına ciddi təsir göstərdi. Hər iki ölkə özünün milli suverenliyinə mümkün təhdidlərlə bağlı narahatlığını ifadə etmişdir. Keçmiş sovet respublikaları milli suverenliyə hər hansı təhlükədən narahatlıq keçirirlər. Buna görə də Qazaxıstan prezidenti N.Nazarbayev bildirmişdir ki, Avrasiya İttifaqı sırf iqtisadi təşkilat olub, siyasi xarakter daşımır. Qazaxıstanın xahişi ilə ümumi vətəndaşlıq, ümumi xarici siyasət, sərhədlərin idarə olunması və qanunsuz miqrasiyaya qarşı mübarizə ilə bağlı məsələlər Avrasiya İqtisadi İttifaqının yaradılması haqqında müqavilə mətnindən çıxarılmışdır. Bu, Qazaxıstanın Rusiyanın Ukrayna siyasəti ilə bağlı narahatlığının ifadəsi kimi qiymətləndirilə bilər. N.Nazarbayev həmçinin bildirmişdir ki, ölkənin müstəqilliyinə təhlükə yaranması halında Qazaxıstan Avrasiya İqtisadi İttifaqını tərk etmək hüququnu saxlayır. Bu bir daha təsdiqləyir ki, rəsmi Astana Avrasiya İttifaqında sırf iqtisadi layihə  kimi təmsil olunur və Rusiyanın İttifaq daxilində siyasi iddialarını qəbul etmir. Belarus prezidenti A.Lukaşenko da Avrasiya İqtisadi İttifaqının yaradılması haqqında danışıqların son mərhələsində Rusiyadan mühüm güzəştlərə nail olaraq, ticarət məsələlərində bəzi istisna və məhdudiyyətləri saxlamışdır.

Göründüyü kimi, Qazaxıstan və Belarus Avrasiya İqtisadi İttifaqında yalnız onların mənafelərinə cavab verməsi halında iştirak etməyə hazırdır. Ukrayna hadisələri onların Rusiya ilə münasibətlərinə mənfi təsir göstərərək, etimad səviyyəsinin azalmasına səbəb olmuşdur. Bütün bunlar Avrasiya İqtisadi İttifaqı çərçivəsində inteqrasiyanın dərinləşdirilməsinin necə böyük çətinliklərlə üzləşdiyini nümayiş etdirir. Bu, həm də Rusiyanın Ukraynaya münasibətdə gələcək siyasətindən asılı olacaqdır.

Əlimusa İbrahimov,

siyasi elmlər üzrə fəlsəfə doktoru,

Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Will Qatar's Diplomatic Exile Spark the Next Great War?
05 iyun 2017 Foreign Policy

Will Qatar's Diplomatic Exile Spark the Next Great War?

The Sunni Gulf powers have long been spoiling for a fight with Iran. This could be just the excuse they need.

Davamı...
China's Belt and Road to Nowhere
21 may 2017 The National Interest

China's Belt and Road to Nowhere

Beijing's mixture of political and economic priorities may not result in an overall Belt and Road policy formula that is workable.

Davamı...