THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

"RBK"-nın "Forum" verilişi: ...həddində

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
8520
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 25 sentyabr – Newtimes.az

Ramil Səfərovun Azərbaycana qaytarılmasının və əfv edilməsinin dünyanın siyasi dairələrinin diqqətini çəkməsi başa düşüləndir. KİV-in bu hadisə ilə bağlı analitik, siyasətşünas və şərhçilərin fikirlərini öyrənməsində də qeyri-adi heç bir məqam görmürük. Lakin bütün hallarda hadisənin obyektiv və ədalətli qiymətləndirilməsini tələb etməyə haqqımız var.

Rusiyanın "RBK” telekanalının "Forum” verilişində maraqlı şərhlər və təhlillər aparılır. Gözləmək olardı ki, Ramil Səfərovla bağlı analitik verilişdə də "Forum” obyektivlik və ədalətlilik ənənəsinə sadiq qalacaq. Təəssüf ki, tamamilə başqa mənzərənin şahidi olduq. Bu, dinamik inkişaf edən və pozitiv mahiyyət daşıyan Azərbaycan-Rusiya tərəfdaşlığı aspektində xeyli düşündürücü görünür.

"Forum”un 5 sentyabr tarixli buraxılışında "Cənubi Qafqaz: ...həddində” adlı analitik verilişi İqor Vittel aparırdı. Onun qonaqları Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Qafqaz üzrə tədqiqat qrupunun əlaqələndiricisi Aleksandr Skakov və MDB ölkələri İnstitutunun "Qafqaz” şöbəsinin müdiri Feliks Stanevski idi. Verilişdə özünü göstərən obyektivlik və ədalətlilik prinsiplərinə zidd olan bir neçə məqamın üzərində dayanmaq istərdik.

Həm verilişin aparıcısı, həm də qonaqlar Azərbaycan-Rusiya münasibətlərini məhdud və təhrifedilmiş formada təqdim etdilər. Onlar iki dövlət arasındakı münasibətləri yalnız iqtisadi maraqlar çərçivəsində qiymətləndirməyə çalışdılar. Faktlar isə tamamilə başqa mənzərəni ortaya qoyur.

Azərbaycan Cənubi Qafqazda rus dili və mədəniyyətinin cəmiyyətdəki yerini qoruyan və hətta onu inkişaf etdirən yeganə dövlətdir. Ermənistan və Gürcüstanda rus məktəbləri olmadığı bir halda, Azərbaycanda onlarla rus dilində təhsil verən dövlət orta məktəbləri fəaliyyət göstərir.

Bakıda rusdilli uşaq bağçalarının sayı da az deyil. Həmin bağçalarda azərbaycanlıların sayı digərlərindən çoxdur. Ali təhsil məktəblərində yüzlərlə tələbə rus bölməsində təhsil alır. Bakıda M.Lomonos adına Universitetin gözəl bir filialı fəaliyyət göstərir. Dövlət onun tədris və elmi fəaliyyətinin gücləndirilməsinə böyük diqqət yetirir.

Azərbaycan paytaxtında Rus Kitab evi var. Bundan başqa, Bakının kitab mağazalarında satışa qoyulan kitabların 90%-dən çoxu rus dilindədir. Burada Rus Dram Teatrı aktiv fəaliyyət göstərir. Paytaxtın küçələrində rus dilində danışıqlara tez-tez rast gəlmək olar. Hətta paytaxtın mərkəzi hissəsində sovet dövründən qalma "rus mentaliteti” saxlanılır. Azərbaycanlılar bu zənginlikləri ilə fəxr edirlər.

Sadalanan əlamətlərin Ermənistan və Gürcüstanda hansı dərəcədə saxlandığı haqqında kifayət qədər məlumat var. İrəvanda rus dilində məktəb açmaq ideyasına qarşı ciddi narazılıqların olduğu haqqında Rusiya KİV-i informasiyalar verib.

Ermənistanda nə qədər rusun və rusdillinin yaşadığı barədə statistik məlumat əldə etmək çətin deyil. Gürcüstanda rus dili və mədəniyyətinin vəziyyəti ilə bağlı Rusiya KİV-i kifayət qədər məlumatlar yayıb. Bu müqayisələr göstərir ki, Azərbaycan Rusiya ilə əlaqələrində heç də iqtisadi faktoru əsas götürmür. Humanitar sahədə iki ölkə arasındakı əməkdaşlıq Cənubi Qafqazda nümunəvi səviyyədədir.

Xatırladaq ki, bu əlaqələr Rusiyanın keçmiş prezidenti D.Medvedevin MDB məkanında humanitar siyasət sahəsində müəyyən etdiyi strategiyada göstərilən prinsiplər üzrə inkişaf etdirilir. Sual olunur: real vəziyyət belə olduğu təqdirdə "RBK” nəyə görə, Rusiyanın Azərbaycandakı iqtisadi maraqlarını önə çəkir, R.Səfərovla bağlı ədalətsiz və qeyri-obyektiv fikirlər yayır?

Veriliş iştirakçıları dərin olmayan mülahizələri ilə bu suala dolayı cavab verirlər. Verilişin qərəzliliyini sübut edən ikinci məqam bundan ibarətdir. A.Skakov və F.Stanevski R.Səfərovun Azərbaycana ekstradisiya edilməsinin hüquqi aspektinə qətiyyən toxunmadılar. Əslində, həmin proses tam və dəqiq olaraq beynəlxalq hüquq normaları çərçivəsində baş verib. Ramil Səfərovun təhvil verilməsi, daha sonra onun əfv edilməsi Azərbaycan Konstitusiyasının və ölkənin digər qanunvericilik aktlarının müddəalarına, beynəlxalq öhdəliklərə uyğun olaraq həyata keçirilib.

İ.Vittel, A.Skakov və F.Stanevski Avropa Şurasının Məhkum edilmiş şəxslər barəsində 1983-cü il tarixli Konvensiyasının, xüsusən də onun "tərəflərin hər birinin mövcud Konstitusiyaya və ya digər hüquqi aktlara müvafiq olaraq əfvetmə, amnistiya və ya cəza müddətinin azaldılmasını elan edə biləcəyini” nəzərdə tutan 12-ci maddəsinin müddəalarını oxusalar, özlərinə faydası olardı. Onda "R.Səfərovu Azərbaycana təhvil verməsi üçün Macarıstana kimlər təsir edib” kimi, əsassız sualı "Forum” kimi ciddi analitik verilişdə qoymazdılar.

Həmin suala qonaqların verdiyi cavabdan onun sətiraltı mənası aydın olur. Hər iki qonaq Macarıstanı ABŞ-Türkiyə cütlüyünün məcbur etdiyi cəfəngiyyatını ortaya atırlar. Burada əsas məqsəd həqiqəti yox, Rusiyanın bəzi dairələrinin maraqlarına uyğun olan geosiyasi məqsədləri ifadə etməkdir. Adi bir ekstradisiya hadisəsindən Qərb və Rusiya kimi böyük geosiyasi güclərin münasibətlərinə gərginlik gətirmək cəhdi aydın görünürdü.

Bu, Türkiyə-Ermənistan əlaqələrinə aid ziddiyyətli fikirlər ifadə edilməsində özünü daha aydın göstərdi. A.Skakov və F.Stanevski bir kontekstdə Türkiyə ilə Ermənistan arasında əlaqələrin yaranmasının regionda gərginliyə səbəb olacağını iddia etdilər.

Rusiyanın maraqlarından danışanda isə Türkiyənin Ermənistanla sərhədləri açmasının daha geniş bazar sahəsi yaradacağını dedilər. Yəni onları region dövlətlərinin problemləri yox, öz məntiqlərinə görə Rusiyanın maraqlarının təmin edilməsi düşündürür. Bu məntiqlə regionun heç bir problemini ədalətli həll etmək və R.Səfərovla bağlı həqiqəti anlamaq mümkün deyildir.

Başqa məqam R.Səfərovun əfv edilməsinin hüquqi əsasına heç bir diqqətin yetirilməməsindən ibarət idi. Azərbaycan qanunlarına görə, ömürlük həbs cəzası almış adamın cəzası Prezident tərəfindən dəyişdirilə bilər. Bu halda cəza müddəti 25 ilə qədər müəyyənləşdirilə bilər. Yəni ikinci dəfə 25 ildən çox həbs cəzası verilə bilməz. R.Səfərov da 8 il həbsdə qaldığından, Prezidentin onu əfv etməyə tam hüququ vardır. Çünki qanunda tələb edilən 25 ildən az olmaq şərtinə tam əməl olunub (8 il 25 ildən azdır).

Verilişin aparıcısı İqor Vittelin azərbaycanlılara qərəzli münasibəti aydın hiss edilirdi. O, verdiyi suallardan özünün istədiyi cavabı almağa çalışırdı. Məsələn, verilişə telebağlantı ilə qatılan Dmitri Abzalovdan (o, ekspert kimi iştirak edirdi) israrla Cənubi Qafqazda kimlərin gərginlik yaratmaqda maraqlı olduğunu soruşurdu.

D.Abzalov "Türkiyə və ABŞ” deyən kimi cənab İ.Vittel ondan əl çəkdi və "ekspertin obyektiv qiymətləndirməsini” verilişdə birbaşa iştirak edən A.Skakov və F.Stanevski ilə təhlil etməyə başladı. Bu, jurnakist obyektivliyi yox, qərəzli siyasi-ideoloji mövqedir.

İ.Vittelin digər qərəzi azərbaycanlılarla bağlı təhqiredici fikirlər söyləməsində özünü göstərdi. O, "RBK”-nın Bakı küçələrində vətəndaşların R.Səfərovun əfv edilməsi ilə bağlı öyrəndiyi fikirlərdən yalnız biri üzərində dayandı. Gənc adamlardan biri sadəlövhcəsinə "Ramil Səfərov qəhrəmandır, ancaq humanizm baxımından qatildir” demişdi.

İ.Vittel kimi təcrübəli adamlar yaxşı bilirlər ki, həmin meyarla istənilən dövlət başçısını, sərkərdəni, Vətəni uğrunda müharibədə şücaət göstərən əsgəri qatil adlandırmaq olar. Məsələn, Suvorov və Kutozov qatildirlər. Və yaxud Çeçenistanda "terrorçuları tualetdə belə məhv edin” əmrini verən Ali Baş Komandan qatildir. Bununla absurd bir vəziyyət yaranmırmı?

Təbii ki, yaranır. Ancaq daha absurd məntiq İ.Vittelin bir gəncin sadəlövhlüyünü bütün Azərbaycan xalqına aid etməsidir. O, "hələ azərbaycanlılar öz qafalarındakı ziddiyyəti həll etsinlər – nəyin humanizm, nəyin isə cinayət olduğunu müəyyənləşdirsinlər” kimi ironik rəy bildirdi. İ.Vittel bu sərsəm mövqeyinə görə Azərbaycan xalqından üzr istəməlidir!

Nəhayət, İ.Vittelin apardığı verilişin qərəzliyinin bariz nümunəsi olan daha bir məqamı vurğulamaq yerinə düşərdi. İştirakçılar şərhlərində bir dəfə də olsun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin indiyə qədər niyə həll edilmədiyi haqqında fikir bildirmədilər. Onlar obyektiv olsa idilər, heç olmasa ötəri olaraq ATƏT-in Minsk qrupunun həmsədrlərinin münaqişəni həll etməkdə passivliyini qeyd edərdilər. Regionda əsl gərginliyin mənbəyi buradan qaynaqlanır.

Erməni terrorçularının Xocalıda, Malıbəylidə, Xocavənddə, Şuşada, Kəlbəcərdə, Laçında törətdikləri cinayətləri yada salardılar. 1 milyona yaxın azərbaycanlının yurd-yuvasından didərgin düşməsinə diqqət çəkərdilər. R.Səfərovun gözləri qarşısında yaxın qohumlarının qətlə yetirilməsi faktını vurğulayardılar.

Bunların heç biri olmadı. Ona görə də veriliş analitik yox, qeybətedici alındı. Uğursuz və əsassız fikirlər dairəsində çırpınan İ.Vittel veriliş boyu səslənən fikirləri yekunlaşdıra bilmədi. Verilişin başlanğıcında dediyi "regionda vəziyyət gərginləşir” iddiasının arqumentli təhlilini vermədi.

Newtimes.az

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...