THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

"Yeni İpək Yolu" və geosiyasət: alternativ marşrutların təhlükəsizliyi

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1548
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 17 may 2017 – Newtimes.az

Çinin təşəbbüsü ilə həyata keçirilən "Yeni İpək Yolu" layihəsinin reallaşmasında bir sıra risklər özünü göstərməkdədir. Böyük bir məkanı əhatə edən həmin proqramda dünyanın çoxlu sayda dövləti iştirak edir. Buna görə də layihənin həyata keçməsi məsələsi qlobal geosiyasətin aktual problemləri ilə sıx bağlı görünür. Mütəxəssislər bu kontekstdə nəqlin alternativ marşrutları məsələsinə ayrıca diqqət yetirirlər. Onların sırasında hazırda daha perspektivlisi Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə istiqaməti hesab olunur. Ekspertlər bunun konkret səbəblərini göstərirlər. Həmin məsələ qlobal geosiyasətin dinamikası prizmasından da aktuallıq kəsb edir. Problemə "Forbes" jurnalında dərc olunan bir məqalənin məntiqi işığında nəzərə salmağa ehtiyac görürük.

Marşrutlar şəbəkəsi: Avropa-Çin xəttinin özəllikləri

Geosiyasətin mürəkkəb və qaranlıq proseslərə meydan olmasına baxmayaraq, dünya miqyasında iqtisadi-ticari əlaqələr inkişaf etməkdədir. Hər bir ölkənin buna ehtiyacı var. Xüsusilə maliyyə böhranı içində çapalayan dövlətlər vəziyyətdən çıxış yolu axtarışlarını davam etdirirlər. Bu bağlılıqda "Yeni İpək Yolu"nun potensial imkanlarına və praktiki perspektivinə mütəxəssislərin marağı azalmır. "Forbes" jurnalında bununla əlaqədar maraqlı analitik yazı dərc edilib (bax: Multiple Routes Between China And Europe Is Why The New Silk Road Is A Real Game Changer / "Forbes.com", 17 aprel 2017).

Məsələ bizi bir neçə aspektdə maraqlandırır. Birincisi – "Yeni İpək Yolu"nun geosiyasi əhəmiyyəti ilə, ikincisi – onun reallaşma marşrutlarının alternativliyi ilə, üçüncüsü – Azərbaycanın bu proqramda yeri və rolu ilə bağlıdır. Bunlar bir-biri ilə sıx əlaqəli tərəflərdir. Yuxarıda qeyd edilən məqalədə də həmin məqamlarla bağlı düşündürücü fikirlər irəli sürülüb.

"Yeni İpək Yolu" layihəsinin təşəbbüskarı Çin olsa da, indi Avropanın onun reallaşmasında marağı heç də Pekinin maraqlarından az deyil. Avropa İttifaqının böyük dövlətləri Çin istiqamətində ticarətin həcmini sürətlə artırmaq fikrindədirlər. Artıq Böyük Britaniya, Almaniya və Fransa Vaşinqtonun iradəsini nəzərə almadan Pekinin irəli sürdüyü layihələrdə aktiv iştirakçı olmaqdadırlar. Məsələn, Çinin təşəbbüsü ilə yeni bank qurmaqda Avropa ölkələri də iştirakçıdırlar. Avropanın böyük dövlətlərinin rəhbərləri Çinə səfərlərini intensivləşdiriblər. Təkcə Angela Merkel son bir neçə ildə dəfələrlə Çinə səfər edib.

Bunlar onu göstərir ki, Avropanın xarici siyasətində və iqtisadi inkişaf kursunda Pekinin yeri və rolu artır. Etiraf edilməlidir ki, Çin də Avropaya böyük miqdarda sərmayə qoymaqdadır. Artıq bu rəqəm 100 milyardlarla dollar təşkil edir. Bütün bunlardan savayı, Avropanın Çinə marağının əsasında başqa ciddi faktor da durur.

Mütəxəssislər bu qisimdə geosiyasi təhlükəsizliyi vurğulayırlar. İndi dövlətlər daha təhlükəsiz və rahat nəqliyyat marşrutları axtarırlar. Bunun üçün isə alternativ marşrutları özündə birləşdirən layihələrə üstünlük verilir. Çünki indi dünyanın istənilən regionunda risklər vardır və hər an vəziyyət pisə doğru dəyişə bilər.

"Yeni İpək Yolu" layihəsi isə sözün həqiqi mənasında "marşrutlar şəbəkəsi"dir (bax: əvvəlki mənbəyə). Çindən start götürən marşrutlar Rusiya ərazisindən, Qazaxıstandan, Qafqaz və İrandan keçə bilər. Şimal istiqamətində əsasən Transsibir marşrutundan istifadə edilir. Bu istiqamətdə son zamanlar müəyyən çətinliklər yaranıb. Söhbət Rusiyaya qarşı tətbiq olunan sanksiyalardan və Moskvanın da özünün sanksiya tətbiq etməsindən gedir. Mütəxəssislər göstərirlər ki, Kreml Çinə gedə biləcək məhsulların öz ərazisindən daşınmasına qadağalar qoyub. Onların sırasında tez xarab olan mallar da vardır (bax: əvvəlki mənbəyə).

Üç istiqamətdən biri: daha təhlükəsizi hansıdır?

Bu səbəbdən nə çinli, nə də avropalı iş adamları tam həcmdə şimal marşrutundan istifadə edə bilmirlər. Onlar nəzərə alırlar ki, Rusiya Çinin qlobal ticarətdəki mövqeyinin daha da möhkəmlənməsində elə də maraqlı deyil. Buna görə də vəziyyətin yaxın perspektivdə düzələcəyinə ümid azdır. Əksinə, mübarizənin daha da kəskinləşməsi gözləniləndir. Deməli, daha etibarlı marşrutların tapılması zərurəti yaranıb. Həmin keyfiyyətdə Rusiyanın cənub sərhədləri boyu, Qazaxıstandan keçərək, ya Qafqaz, ya da İran istiqamətində hərəkət etmək uyğun hesab edilir.

Bu marşrutların hər ikisi Qazaxıstanın Aktau şəhərindən keçir. Buradan dənizlə Azərbaycana, quru yolu ilə İrana çıxmaq olar. Hələlik daha uyğun olanı Azərbaycan istiqamətidir. Çünki burada nəqliyyat infrastrukturu daha işləkdir. Eyni zamanda, son vaxtlar Mərkəzi Asiya dövlətlərinin Qazaxıstan-Türkmənistan-İran dəmiryoluna diqqəti artırmaları daha bir istiqaməti aktuallaşdırmış olur (bax: əvvəlki mənbəyə).

Müqayisələr əsasında ekspertlər belə nəticə çıxarırlar ki, Aktau-Bakı-Tbilisi-İstanbul marşrutu daha perspektivlidir. Bunun bir neçə səbəbi göstərilir. Hər şeydən əvvəl, vurğulanır ki, bu marşrut daha etibarlıdır, çünki Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyədə sabitlik vardır. Türkiyədə konstitusiyaya dəyişikliklərin aparılmasına dair referendumdan sonra Rəcəb Tayyib Ərdoğanın mövqeyinin daha da möhkəmlənməsi uzunmüddətli iqtisadi əməkdaşlıq planları üçün yeni imkanlar açacaq. Qazaxıstanda da vəziyyət kifayət qədər sabitdir. Prezident Nursultan Nazarbayevin həyata keçirdiyi islahatlar bu ölkəni daha cəlbedici edib. Gürcüstanda müəyyən risklər olsa da, bütövlükdə sabitlik təmin edilir. Burada hansısa ciddi risklərin meydana gəlməsi gözlənilmir.

Göstərilən ölkələr arasında mütəxəssislərin daha çox önəm verdiyi dövlət Azərbaycandır. Çünki Azərbaycana qarşı erməni təcavüzünün davam etməsinə baxmayaraq, siyasət o dərəcədə mükəmməl və tarazlaşdırıcı elementləri nəzərə almaqla aparılır ki, artıq ölkə Cənubi Qafqazın iqtisadi lideridir. Bakı regional və qlobal əhəmiyyətli böyük beynəlxalq layihələrin təşəbbüskarıdır. Həmin sırada Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin reallaşması xüsusi yer tutur. "Yeni İpək Yolu" layihəsi çərçivəsində isə bu marşrutun əhəmiyyəti ayrıcadır (bax: əvvəlki mənbəyə).

Mütəxəssislər əmindirlər ki, Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi Çindən başlayan ticarət yolunda mühüm punkt funksiyasını yerinə yetirəcək. Həmin marşrutla Türkiyəyə qısa müddətdə çatdırılacaq yüklər Avropanın istənilən nöqtəsinə zərərsiz daşına biləcək. Buna görə də Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin istifadəyə verilməsinə "Yeni İpək Yolu" proqramı kontekstində ciddi maraq göstərilir. Bu marşrut həm də Rusiyadan yan keçməklə daha səmərəli nəqliyyat dəhlizini yaratmaq məqsədinə xidmət edə bilir.

Bunlar onu göstərir ki, "Yeni İpək Yolu" layihəsinin reallaşması aspektində də Azərbaycanda sabitliyin olmasında Avropa və Çin maraqlıdırlar. Bu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir edə bilərmi? Şübhəsiz ki, edə bilər. Bu, hətta Avropa İttifaqının üzərinə müəyyən dərəcədə məsuliyyət də qoyur. Aİ münaqişənin ədalətli həlli istiqamətində fəallığını xeyli artırmalıdır. Onu da nəzərə almaq gərəkdir ki, bu təşkilat Azərbaycanla yalnız "Yeni İpək Yolu" layihəsi çərçivəsində əməkdaşlıq etmir. Avropanın enerji təhlükəsizliyinin təminində Bakı çox böyük rol oynayır. Aİ rəsmiləri etiraf ediblər ki, Azərbaycan bütövlükdə dünyanın enerji təhlükəsizliyinə ciddi töhfələr verir. Bu baxımdan Azərbaycanın münaqişənin ədalətli həlli istiqamətində atdığı addımlarına Brüsselin obyektiv reaksiya verməsi üçün zaman yetişib.

Bunların nə dərəcədə real olacağını zaman göstərəcək. Ancaq Azərbaycanda sabitliyin tam təminatlı olmasında onun tərəfdaşlarının səmimi maraqlı olması zəruri şərtdir.

Belə çıxır ki, Çin marşrutların alternativliyində ciddi rol oynayan Azərbaycan istiqamətində fəallığını artırmalıdır. Təcavüzkarın yerində oturdulması iqtisadi-ticari layihələrin həyata keçirilməsində yeni üfüqlər açacaq. Burada risk faktorunun mövcudluğunu da unutmaq doğru olmazdı. Şübhəsiz ki, bəzi qüvvələr "Yeni İpək Yolu"nun marşrutları üzərində problemlər yaratmağa çalışacaqlar. Onlar Azərbaycana qarşı da təxribatlar törətməyə cəhdlər göstərə bilərlər. Xüsusilə Ermənistan tərəfdən bu kimi addımlar gözləniləndir. Deməli, bütövlükdə dünya önləyici tədbirlər görməlidir. Əks halda, "Yeni İpək Yolu" kimi layihələr də qısa müddətdə zamanın arxivinə atıla bilər. Bunun isə bədəli bütün dünya üçün çox ağır olur. Qərb və Şərq üçün bunlar növbəti dərsdir: ikili standartlar və ədalətsiz siyasət sonda hamıya ciddi zərər verir!

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka
03 noyabr 2017 Anadolu Ajansı

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka

Türkiye ile Azerbaycan arasındaki kardeşlik bağları Güney Kafkasya stratejik dengesini değiştirecek bir askeri ittifak haline gelmiş durumda.

Davamı...
Баку-Тбилиси-Карс оставляет Армению вне игры?
30 oktyabr 2017 Regnum

Баку-Тбилиси-Карс оставляет Армению вне игры?

«Армения становится тысячелетней слепой совой, сидящей на высоком камне на перекрестке больших дорог»

Davamı...