THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

İranda prezident seçkiləri: köhnə və yeni simalar

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
667
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 1 may 2017 – Newtimes.az

İran İslam Respublikasında növbəti – 12-ci prezident seçkilərinə hazırlığın ölkə qanunvericiliyində nəzərdə tutulmuş bir neçə mərhələsi artıq arxada qalmış, proses özünün həlledici – təbliğat mərhələsinə daxil olmuşdur. Aprelin 28-də başlanan bu mərhələ mayın 17-dək davam edəcək, mayın 19-da isə səsvermə keçiriləcəkdir. Həmin gün eyni zamanda şəhər və kənd şuralarına da seçkilərin keçirilməsi nəzərdə tutulmuşdur.

Prezident seçkilərində iştirak etmək üçün rekord sayda – 1636 nəfər (onlardan yalnız 35 nəfəri ölkə miqyasında tanınmış şəxslər olmuşdur) müraciət etsə də, son nəticədə Nəzarət Şurası (Şuraye-Negəhban) cəmi 6 nəfərin namizədliyini təsdiq etmişdir. Bunlar aşağıdakılardır:

1) Həsən Ruhani – ölkənin fəaliyyətdə olan prezidenti. 1948-ci ildə anadan olmuşdur. Məsləhət Şurasının və Ekspertlər Şurasının üzvüdür. Əvvəllər ölkə parlamentinin deputatı və sədr müavini, Ali Milli Təhlükəsizlik Şurasının katibi, Məsləhət Şurası yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru olmuşdur. 2013-cü ildə 50,8% səs toplayaraq, prezident seçilmişdir. Rəhbəri olduğu Mötədillik və İnkişaf Partiyası, eləcə də islahatçı və mötədil siyasi qüvvələr tərəfindən dəstəklənir;

2) Məhəmməd Bağır Qalibaf – 2005-ci ildən Tehran şəhərinin meri. 1961-ci ildə anadan olmuşdur. Paytaxtın meri seçilməzdən öncə İslam İnqilabının Keşikçiləri Korpusu ("Sepah”) Hava qüvvələrinin və ölkə polisinin (Niruye-Entezami) komandanı olmuşdur. 2004 və 2013-cü illərdə prezident seçkilərində iştirak etmiş və müvafiq olaraq, 13,9 və 16,5% səs almışdır. Seçkilərdə lideri olduğu İnkişaf və Ədalət Partiyası, həmçinin mühafizəkar cinahın "İslam İnqilabı Qüvvələrinin Xalq Cəbhəsi” (CƏMNA) adlanan seçki bloku tərəfindən dəstəklənir;

3) İbrahim Rəisi – Məşhəddəki İmam Rza ziyarətgahı kompleksinin (Astane-Qodse-Rəzəvi) rəhbəri. 1960-cı il təvəllüdlüdür. Ölkənin ali dini rəhbərini seçən Ekspertlər Şurasının üzvüdür. Bundan öncə Tehran şəhərinin prokuroru, ölkənin Baş İnspeksiya Təşkilatının sədri, Məhkəmə-Ədliyyə hakimiyyəti sədrinin birinci müavini, Dövlət Teleradio Təşkilatına Nəzarət Şurasının sədri və ölkənin Baş prokuroru kimi vəzifələrdə çalışmışdır. Dini rütbəsi hüccətül-islam olsa da, son zamanlar ayətullah kimi də təqdim olunur. Məşhəd şəhərinin imam-cüməsi, qatı mühafizəkar olaraq tanınan ayətullah Əhməd Ələmülhüda onun qayınatasıdır. Seçkilərdə Mübariz Ruhanilər Cəmiyyəti və CƏMNA tərəfindən müdafiə olunur. Onun ali dini rəhbər ayətullah Əli Xameneyi tərəfindən dəstəkləndiyi barədə də məlumatlar dolaşmaqdadır;

4) İshaq Cahangiri – ölkənin birinci vitse-prezidenti. 1958-ci ildə doğulmuşdur. Əvvəllər İsfahan əyalətinin valisi, Məhəmməd Xatəminin prezidentliyi dövründə Sənaye və faydalı qazıntılar naziri olmuşdur. Bir vaxtlar sədri olduğu Quruculuq İcraçıları Partiyası (Karqozarane-Sazəndegi) tərəfindən dəstəklənir;

5) Mustafa Mirsəlim – Məsləhət Şurasının üzvü. 1947-ci ildə anadan olmuşdur. Əvvəllər Daxili İşlər nazirinin siyasi məsələlər üzrə müavini, Xameneyinin prezidentliyi dövründə onun aparatının rəhbəri və baş müşaviri, Rəfsəncaninin prezidentliyi dövründə isə ölkənin Mədəniyyət naziri olmuşdur. O, İranın böyük keçmişə malik (1963-cü ildə yaradılmışdır) siyasi təşkilatlarından olan İslam Koalisiyası Partiyasının (Hezbe-Motəlefeye-Eslami) Mərkəzi Şurasının sədridir və həmin partiya tərəfindən dəstəklənir;

6) Mustafa Haşimitəba – 1946-cı ildə doğulmuşdur. 1980-ci illərdə İran Milli Olimpiya komitəsinə sədrlik etmiş, daha sonra Ağır Sənaye naziri vəzifəsini tutmuş, Rəfsəncani və Xatəminin prezidentliyi dövründə isə vitse-prezident və Bədən Tərbiyəsi təşkilatının sədri olmuşdur. 2001-ci ilin prezident seçkilərində iştirak etmiş və 0,1% səslə 10 rəqibi arasında sonuncu yeri tutmuşdur. O, hazırda ev dustaqlığında saxlanan keçmiş baş nazir, "Yaşıl Hərəkat”ın lideri Mirhüseyn Musəvinin tərəfdarlarından sayılır. Quruculuq İcraçıları Partiyası tərəfindən dəstəklənir.

Gözlənildiyi kimi, qarşıdakı seçkilər İranda ənənəvi siyasi qüvvələrin – mühafizəkarlar və islahatçıların növbəti mübarizə səhnəsinə çevriləcəkdir (əlbəttə, bu adlar ümumiləşdirilmiş səciyyə daşıyır və istər mühafizəkar, istərsə də islahatçı cinahda çeşidli siyasi qruplaşmalar müşahidə olunur). Maraqlıdır ki, Nəzarət Şurası namizədlərin səlahiyyətini təsdiq edərkən, sanki bu qüvvələr arasında pariteti gözləməyə çalışmışdır: belə ki, qeyd olunan namizədlərdən 3-ü islahatçı (Ruhani, Cahangiri və Haşimitəba), 3-ü isə mühafizəkar (Qalibaf, Rəisi və Mirsəlim) cinahı təmsil edir.

Bu namizədlərin potensialı və şansı təbii ki, eyni deyildir. Məsələn, Mirsəlim və Haşimitəbanın sona qədər gedəcəkləri təqdirdə ciddi bir uğur qazana biləcəkləri inandırıcı görünmür. Həsən Ruhaninin birinci müavini olan İshaq Cahangiri isə sırf ehtiyat variant kimi irəli sürülmüşdür və onun müəyyən müddətdən sonra Ruhaninin xeyrinə namizədliyindən imtina edəcəyi gözləniləndir. Belə ki, prosesin başlanğıcında Ruhaninin namizədliyinin qeydə alınmayacağı barədə müəyyən narahatlıq vardı, hətta İran mətbuatında belə məlumatlar yayılmışdı ki, "hakimiyyətdəki bəzi nüfuzlu şəxslər” ona namizədliyini verməmək barədə ismarış yollamışlar. Həmin vaxt Ruhaninin "əsas dayağı” Rəfsəncaninin qəfil ölümü vəziyyəti daha da mürəkkəbləşdirmiş və islahatçı cəbhədə alternativ namizədlərin vacibliyi barədə müzakirələr başlanmışdı. Son nəticədə islahatçıların mənəvi lideri, eks-prezident Məhəmməd Xatəminin tövsiyəsi və Ruhaninin təkidi ilə İshaq Cahangiri də namizədliyini irəli sürdü. Lakin Ruhaninin namizədliyi təsdiqləndikdən sonra onun hökumətini təmsil edən Cahangirinin marafonda qalması lüzumsuz görünür.

Mühafizəkarlara gəldikdə isə, onlar son prezident və parlament seçkilərindəki uğursuzluqlardan nəticə çıxararaq, qüvvələrini maksimum birləşdirməyə çalışmış və yuxarıda adı çəkilən CƏMNA blokunu yaradaraq, reytinq səsverməsi əsasında 5 namizəd irəli sürmüşlər və onlardan ikisi (Qalibaf və Rəisi) qeydə alınmışdır. CƏMNA-nın real namizədləri sayılan əvvəlki prezident seçkisinin iştirakçıları – "Sepah”ın sabiq komandanı Möhsün Rzayi və  Xarici İşlər nazirinin keçmiş müavini (Ali Milli Təhlükəsizlik Şurasının sabiq katibi) Səid Cəlili isə ümumiyyətlə namizədliklərinin irəli sürülməsinə razılıq verməmişlər. Qeydiyyat başa çatdıqdan sonra Səid Cəlili (və onun mənsub olduğu ifrat mühafizəkar "Sabitlik Cəbhəsi”) İbrahim Rəisinin namizədliyini müdafiə etdiyini açıqlamışdır. Yayılan məlumatlara görə, bu dəstəyin müqabilində Rəisi qalib gələcəyi təqdirdə Cəlili xarici işlər naziri, yaxud birinci vitse-prezident postunu tutacaqdır.

CƏMNA səsvermə gününə bir namizədlə gedəcəyini bəyan etsə də, mövcud iki namizəddən hansının geriyə çəkiləcəyi bəlli deyil. Hazırkı şəraitdə Qalibaf və ya Rəisinin digər mühafizəkar namizədin xeyrinə marafonu tərk edəcəyi inandırıcı görünmür (üstəlik, Rəisi hər vəchlə CƏMNA-dan məsafə saxlamağa çalışır və özünün təkcə bu bloku təmsil etmədiyi mesajını verir). Bir çox müşahidəçilər onların sona qədər mübarizə aparacaqlarını və səsləri parçalayaraq, ikinci tura şərait yaratmağa çalışacaqlarını bildirirlər.

Beləliklə, qarşıdakı 3 həftədə prezident kürsüsü uğrunda əsas mübarizənin 3 namizəd (Ruhani, Qalibaf, Rəisi) arasında gedəcəyini əminliklə söyləmək mümkündür.

Məsiağa Məhəmmədi,

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin baş elmi işçisi

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

China's Belt and Road to Nowhere
21 may 2017 The National Interest

China's Belt and Road to Nowhere

Beijing's mixture of political and economic priorities may not result in an overall Belt and Road policy formula that is workable.

Davamı...
İran-Rusya ittifakının geleceği ve Trump politikaları
13 fevral 2017 Anadolu Ajansı

İran-Rusya ittifakının geleceği ve Trump politikaları

ABD Başkanı Trump'ın işbaşına gelmesiyle ABD-Rusya ilişkilerinin düzene gireceğine dair işaretler, İran'ı yeniden hedef haline getirdi.

Davamı...