THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Suriyadakı bombalar: geosiyasi risklərə verilən təkan

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1817
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 12 aprel 2017 – Newtimes.az

Son vaxtlar Suriyada hadisələr çox təhlükəli istiqamətdə cərəyan edir. Amerikanın Bəşər Əsəd ordusuna məxsus hərbi bazanı bombalamasından sonra vəziyyət daha da gərginləşib. Rusiyanın təpkisi çox sərt olub. Moskva hətta savaşla hədələyib. Bəşər Əsəd də kəskin mövqe bildirib. İranın reaksiyası kifayət qədər tez özünü göstərib. Tehran Amerikaya qarşı addım atılmasını tələb edir. Regionun böyük dövlətləri olan Səudiyyə Ərəbistanı və Türkiyə də öz mövqelərini açıq ifadə ediblər. Ər-Riyad sevincini prezident Donald Trampa telefonla çatdırıb. Ankara isə daha təmkinli və böyük dövlətlərə xas güclü mövqedədir. Türkiyə Suriyada problemin kökündən həll edilməsini vacib sayır. O, nə Ər-Riyad kimi ifrat sevinir, nə də kənarda qalmaq istəmir. Türkiyə məsələnin həllində özünün rasional iştirakına çalışır. ABŞ və Rusiya da siyasətlərini bu əsasda qurmaqdadırlar.

Zərbə: ABŞ yumruğunu endirdi

Amerikanın Suriya ordusuna məxsus hərbi bazanı bombalamasından sonra dünya siyasəti əməlli-başlı qarışıb. Vaşinqton İdlibin Xan-Şeyhun bələdiyyəsinə aid ərazidə B.Əsəd rejiminin kimyəvi silah tətbiq etdiyini əsas gətirərək, "Tomahawk" raketləri ilə bazaya zərbə endirib. Bir neçə qırıcı məhv edilib, əsgərlər həlak olublar. Bu hadisədən dərhal sonra prezident D.Tramp amerikalılara və dünyaya müraciət edərək, atdıqları addımın məntiqli olduğunu vurğulayıb. ABŞ-ın müttəfiqləri də onu dəstəkləyiblər. O cümlədən Böyük Britaniya və Türkiyə razılıqlarını bəyan ediblər.

Lakin Ankara Amerikanın sona qədər hərəkət etməsini gözlədiyini də ifadə edib. Prezident Rəcəb Tayyib Ərdoğan Vaşinqtonun atdığı addımı doğru saydığını desə də, bunun kifayət etmədiyini də qeyd edib. Səudiyyə Ərəbistanının kralı Salman D.Trampa birbaşa telefon edərək, onu təbrik edib. Amerikanın çox doğru iş gördüyünü vurğulayıb.

Rusiya və İran isə dərhal əks-reaksiya veriblər. Onlar Vaşinqtonun regionda vəziyyəti gərginləşdirməkdə davam etdiyini vurğulayıblar. Vladimir Putin və Həsən Ruhani ABŞ-ın "qırmızı cizgiləri keçdiyini" bildiriblər. Bu səbəbdən də "bundan sonra hər atılan addıma cavab verəcəklərini" bəyanlayıblar (bax: Rusya ve İran'dan ortak açıklama: Artık her türlü saldırıya karşılık vereceğiz / "Habertürk", 9 aprel 2017).

Bundan başqa, Moskva və Tehran Amerikanın hücumunu beynəlxalq hüquq normalarının pozulması kimi qiymətləndiriblər. Özlərinin situasiyaya müdaxiləsini isə tam normal hesab edirlər. Onlar B.Əsəd rejiminin dəvəti ilə Suriyada olduqlarını bildirirlər. Rəsmi Dəməşq də Vaşinqtonun hərəkətinə kəskin etirazını ifadə edib və artıq Qərb koalisiyasının qırıcılarını vuracağını bildirib.

Maraqlıdır ki, Avropada bu hadisələrə daha çox Böyük Britaniya reaksiya verib. Xarici işlər naziri Boris Conson Moskvaya olacaq səfərini təxirə salıb. Müdafiə naziri Maykl Fallon isə Putini "kuklaçı" adlandırıb (bax: İngiltere Savunma Bakanı'ndan Rusya açıklaması / "Habertürk", 9 aprel 2017). O, B.Əsəd rejiminin kimyəvi silah tətbiq etməsində Rusiyanın məsuliyyət daşıdığını bildirib. Nazir "Rusiya Əsədin əsas dəstəkçisidir" – deyərək, Kremlin bu mövqeyindən dərhal çəkilməli olduğunu bəyan edib. Bununla yanaşı, Fallon Rusiyanı Suriya məsələsində əməkdaşlığa da dəvət edib.

Ankaranın baş verənlərə aktiv reaksiyası tamamilə gözlənilən idi. Ekspertlər Türkiyənin Suriyada təbii haqlarının olduğunu vurğulayırlar. Bundan başqa, Ankara regionda həm Qərb, həm də Rusiya-İran cütlüyü ilə əməkdaşlıq edir. Bir sıra ekspertlər Türkiyənin hansı tərəfi – ABŞ-ı, yoxsa Rusiyanımı dəstəkləyəcəyi sualını qaldırırlar.

Buna cavab olaraq xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Ankaranın belə bir problemi yoxdur. O, həmin kontekstdə bəyan edib: "Biz Rusiya ilə ABŞ arasında seçim etmək məcburiyyətində olan bir ölkə deyilik. Əlaqələrimizi tarazlı şəkildə qururuq" (bax: Çavuşoğlu: Rusya'yla ABD arasında tercih yapmak zorunda değiliz / "Habertürk", 9 aprel 2017).

Regionda savaş: təhdidlər və risklər fonunda

Türkiyəli nazir sözlərinə davam edərək, Əsəd rejiminin əvvəllər də kimyəvi silah tətbiq etdiyini, lakin bunun cəzasız qaldığını ifadə edib. Buna görə də B.Əsəd bir daha bu işi görməyə cəsarət edib. Rusiya isə ona əngəl olmur. M.Çavuşoğlu bunları dəfələrlə Moskva ilə müzakirə etdiklərini, ancaq Kremldən bir cavab ala bilmədiklərini söyləyib.

Ankara, eyni zamanda, Qərb koalisiyasının üzvü kimi də Suriyadakı hərəkatda iştirak edir. ABŞ-ın bombardmanını da həmin kontekstdə dəstəkləyir. Lakin bu, qaneedici deyil. Çünki başlıca məqsəd B.Əsəd rejiminin çökdürülməsi olmalıdır. Bunu isə, Vaşinqton həmin istiqamətdə sistemli və ardıcıl addım atmadığından, indi demək imkansızdır (bax: əvvəlki mənbəyə).

Bundan başqa, ABŞ və Rusiya Suriyada PYD-yə dəstək vermək uğrunda yarışa qoşulublar. Bunu ilk dəfə söylədiyini bildirən M.Çavuşoğlu Vaşinqton və Moskvanın qəribə bir arqument gətirdiklərini ifadə edib. Hər ikisi hərəkətlərini belə əsaslandırıblar ki, əgər PYD-ni öz tərəflərinə çəkməsələr, qarşı cəbhəyə keçəcək. Yəni terrorçuları ona görə dəstəkləyirlər ki, ondan öz məqsədləri üçün istifadə etsinlər, eyni zamanda, qarşı tərəf də bundan yararlana bilməsin. Bu isə çox təhlükəli və süni bir oyundur. Çünki istənilən halda iki böyük dövlət terror təşkilatı ilə əməkdaşlıq etmiş olur. Bu, nonsensdir. Başqa ölkələrin də öz maraqları üçün müxtəlif terror qruplarından istifadə haqqına hüquqi əsas vermək deməkdir. Təbii ki, belə bir hal beynəlxalq hüququn tamamilə iflic halına salınması anlamını verir.

Vurğulanan məqamlar onu göstərir ki, Suriya məsələsində böyük dövlətlər arasında yeni miqyasda ziddiyyətlər qabarır. Əsasən ABŞ və Rusiya gərgin mübarizəyə girişiblər. Onlar bu savaşda kimin qalib gələcəyini bütövlükdə dünya liderliyi ilə birbaşa əlaqələndirir, həmin səbəbdən çox təhlükəli manevrlər edirlər.

Amerika və Rusiya Yaxın Şərqlə kifayətlənməyərək, Şərqi Avropa və Qafqazda da sərt rəqabətə meyl edirlər. Ekspertlər bunun əlamətləri barədə danışırlar. Onlar hesab edirlər ki, Ukrayna, Cənubi Qafqaz və Mərkəzi Asiya uğrunda həlledici savaş mərhələsi başlayıb. D.Trampın getdikcə daha sərt mövqe tutduğu aydın hiss edilir. V.Putin də mövqeyindən bir addım belə çəkilmir. O, hətta Suriya səmasında savaş ola biləcəyini də vurğulayır. Şübhəsiz ki, İran bu məsələdə Moskvanın yanındadır. Tehranın başqa yolu da yoxdur. Çünki Qərbin Suriyadan sonra ona qarşı nələr edə biləcəyini yaxşı bilir. Əslində, Rusiya da Suriyada özünü qoruyur.

Avropanın böyük dövlətlərindən yalnız Böyük Britaniya Amerikanı aktiv dəstəkləyir. Fransa və Almaniya Vaşinqtonun sərt addımlarına isti baxmırlar. Onlar Aİ-nin zəifləməsində Amerikanı günahkar bilirlər. Xüsusilə NATO məsələsində narazılıqları vardır. Təsadüfi deyil ki, Avropa ordusunun yaradılmasından daha çox Berlin və Paris danışır. Deməli, Yaxın Şərqdə ABŞ-Avropa əməkdaşlığı heç də tam aydın olan məsələ deyil.

Türkiyənin buradakı mövqeyi olduqca maraqlıdır. Ankara müstəqil söz sahibi olmaq iddiasını gizlətmir. Vaşinqton da müəyyən mənada onu dəstəkləyir. Ancaq Amerika daha çox "sözəbaxan" Türkiyə görmək arzusundadır. Digər tərəfdən, İsrailin maraqlarının təmin edilməsi problemini unutmaq olmaz. Təl-Əviv İrana qarşı çox sərt mövqe tutur. Hətta onun məhv edilməsinə çalışır. Bu isə region dövlətləri üçün sərfəli deyil. Bütövlükdə müsəlman dövlətlərinin hamısı arzuolunmaz vəziyyətdə qala bilər.

Başqa maraqlı məqam ondan ibarətdir ki, Ankara getdikcə daha qətiyyətli surətdə regionda və dünyada mövqeyini möhkəmlədir. Aydın olur ki, Türkiyənin potensial imkanları olduqca güclüdür. Bütün sahələrdə, o cümlədən hərbi aspektdə o, özünü təmin edə bilər. Yeni idarəetmə sisteminə keçid də bu istiqamətdə Ankaranı daha qətiyyətli işlər görməyə sövq edə bilər. Bu da regionda Türkiyənin ABŞ və Rusiya ilə çətin mübarizə apara biləcəyini göstərir. Belə proqnoz vermək olar ki, Türkiyə regionun əsas söz sahibi olmaq istiqamətində təşəbbüslərini daha da inkişaf etdirəcək.

Deməli, Yaxın Şərqin geosiyasi mənzərəsinə yeni gərgin çalarlar əlavə olunur. Böyük dövlətlər qəti uğur əldə etməyə çalışırlar. Bu da onlar arasında savaşın daha geniş məkanlara sıçramasına təkan verə bilər. Konkret olaraq, Qafqaz və Mərkəzi Asiyada geosiyasi həssaslıq arta bilər.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka
03 noyabr 2017 Anadolu Ajansı

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka

Türkiye ile Azerbaycan arasındaki kardeşlik bağları Güney Kafkasya stratejik dengesini değiştirecek bir askeri ittifak haline gelmiş durumda.

Davamı...
Баку-Тбилиси-Карс оставляет Армению вне игры?
30 oktyabr 2017 Regnum

Баку-Тбилиси-Карс оставляет Армению вне игры?

«Армения становится тысячелетней слепой совой, сидящей на высоком камне на перекрестке больших дорог»

Davamı...