THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Yaxın Şərq böhranı yeni səviyyədə: böyük güclər fəallaşırlar

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
2349
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 6 aprel 2017 – Newtimes.az

Son günlər Suriya və İraqda hərbi toqquşmalar daha da şiddətlənib. Onun əsas əlamətlərindən biri dinc əhalinin bombalanmasıdır. Nəticədə, yüzlərlə insan qətlə yetirilib, minlərlə insan isə qaçqın vəziyyətinə düşüb. Xüsusilə Mosulda situasiya o dərəcədə gərgindir ki, hökumət hərbi əməliyyatları dayandırıb. Suriyada isə Minbic və Afrin ətrafında geosiyasi gərginlik artıb. Burada Vaşinqton və Moskva PYD-yə açıq dəstək verməyə başlayıblar. Amerikalılar Rakkaya hücumdan bəhs edirlərsə, ruslar Afrinə nümayəndələrini yerləşdirib, maraqlarını təmin etməyə çalışırlar. Bunlara Ankara uyğun reaksiya verib. "Fərat qalxanı" əməliyyatının davam edəcəyini deyirlər. Bununla da Yaxın Şərqdə yeni gərginlik "üçbucağı"nın – ABŞ-Rusiya-Türkiyə mübarizəsinin cizgiləri yaranmış kimi görünür.

Seçim: dövlət, yoxsa terror qrupu

Getdikcə daha aydın olur ki, böyük dövlətlər Yaxın Şərqdə yeni səviyyədə gərginlik yaradırlar. Suriya və İraqda baş verənlər deyilənlərin əyani sübutudur. Burada əsas olaraq ABŞ, Rusiya, Türkiyə, İran, Avropa İttifaqının güclü dövlətləri fəallıqlarını artırıblar. Son günlər İraq və Suriyada müşahidə edilən proseslərin təhlili göstərir ki, vəziyyət sülhə doğru deyil, savaşın daha da genişlənməsinə meyllənib. Burada geosiyasi aspektdə diqqəti çəkən bir sıra mühüm məqamlar vardır ki, onları vurğulamaq gərəkdir.

Hər şeydən əvvəl, ABŞ və Rusiyanın Yaxın Şərqdəki münaqişələri həll etmək üçün yerli dövlətlərə deyil, döyüşən radikal qruplara üstünlük verməsi diqqəti çəkir. Müasir mürəkkəb qlobal geosiyasi mərhələdə bu, xeyli dərəcədə riskli görünür. Həmin tezis iki aspektdə əhəmiyyətlidir.

Birincisi, hansı səbəblərdən böyük dövlətlər əsrlərdir mövcud olan müsəlman dövlətlərinə deyil, onlara qarşı olan radikal qruplara üstünlük verirlər? Bu taktika bütövlükdə qlobal təhlükəsizliyi yeni risklər qarşısında qoymurmu?

İkincisi, Qərb koalisiyası və Rusiya sanki hərbi zərbələri növbələyirlər. Rusiya Hələbi bombalayanda, ABŞ etiraz etdi. İndi Qərb koalisiyası Mosulu bombalayır, Moskva etirazını bildirir. Onlar hətta BMT-də belə dartışırlar, lakin real vəziyyət dəyişmir. Yəni Suriya və İraqda dinc əhali kütləvi qətlə yetirilir. Müsəlmanların yaşadıqları regionların infrastrukturu dağıdılır, qaçqınların sayı artır. İŞİD səhnədən getmir, bir sıra terrorçu qruplar isə mövqelərini möhkəmləndirirlər.

Konkret olaraq, ABŞ və Rusiya Suriyadakı PYD/PKK qruplaşmasına yardımlar etməyə başlayıblar. Onlara ağır silahlar verilir, zəbt etdikləri şəhər və qəsəbələrdə yanlarında olub, çalışırlar ki, müdafiə sipərləri düzəltsinlər. İndi Suriyanın şimal bölgəsində bu proses daha qabarıq surətdə özünü göstərir.

Minbicdə amerikalılar öz xüsusi təyinatlılarını yerləşdiriblər. Əvvəl 500 nəfərlik kontingent vardısa, indi bu rəqəm xeyli artıb. Onlar PYD-nin yerləşdiyi ərazini qərb tərəfdən mühafizə edirlər. Həmin marşrut "Fərat qalxanı" əməliyyatının mümkün inkişaf istiqamətlərindən biridir. Maraqlıdır ki, PYD və onun tərəfdaşları bunu özünümüdafiə kimi təqdim edirlər. Son zamanlar ABŞ onlara 200 zirehli maşın, tankvuran raketlər və hətta məşhur "Stinger"lərdən verib. Bölgədən yayılan videokadrlardan görünür ki, PYD və yandaşları Rakkaya hücum üçün Fərat çayının qərb sahillərinə keçirlər. Onlar amerikalı əsgərlərlə birgə hərəkət edirlər.

Rusiya isə Türkiyə sərhədindən 40 kilometr məsafədə olan Afrinə hərbi kontingent yerləşdirib. Novruz bayramı günlərində rus zabitlər PYD emblemləri ilə pozalar veriblər. Həmin günlərdə Afrindən açılan snayper atəşi ilə Türkiyədə bir məhmətcik şəhid edilib. Ankara buna sərt təpki göstərsə də, konkret addım atmayıb. Ruslar isə hələ ki, susurlar.

ABŞ və Rusiyanın bu hərəkətləri nəyi ifadə edir? Onlar min kilometrlərlə uzaqdan gəlib Suriyada öz qaydalarını tətbiq etməyə çalışırlar. Bunun üçün Moskva Dəməşqin dəvətini əsas gətirir, Amerika isə müxalifətin maraqlarını önə sürür. Ancaq hər ikisini birləşdirən bir məqam var – onlar mövcud müsəlman dövlətçiliyinin inkişafına əngəllər törədirlər. Yaxın Şərqdə elə geosiyasi situasiya yaratmaq istəyirlər ki, özlərinə uyğun qruplar dominant rol oynasınlar. Çünki bu halda yerli dövlətlərə daim təzyiq etmək və onları təsir altında saxlamaq mümkün ola bilər.

Təhdid obyekti: dinc müsəlmanlar

İraqdakı vəziyyət də Suriyadan elə fərqlənmir. Burada Mosulda dinc əhali kütləvi qətlə yetirilir. Əsrlərlə formalaşmış sosial-mədəni mühiti dağıtmağa cəhd edilir. Sanki 100 il əvvəl ingilis hərbçi "Ərəbistanlı Lourens" (o, bir ingilis serinin bic doğulmuş oğlu olub) və diplomatlar Sayks-Piko cütlüyünün planlarını bir qədər başqa formada təkrar edirlər.

Şəhərin qərb hissəsində yaşayan insanlar artıq evlərini tərk edirlər. Bir sıra ekspertlərin qənaətinə görə, bu üsulla bölgənin demoqrafik tərkibini dəyişib, orada qondarma qurum yaratmaq planları mövcuddur. Həmin kontekstdə Kərkükdə ərəb və kürd dillərinə rəsmi status vermələri çox düşündürücüdür. Çünki əsrlərdir ki, orada yaşayan türklər (onların böyük əksəriyyəti Azərbaycan türkləridir) ana dillərindən rəsmi səviyyədə istifadə edə bilmirlər.

Təbii ki, bütün bunlar İran və Türkiyənin diqqətindən kənarda qalmır. Tehranın baş verənlərə müqavimət göstərmədiyi aydındır. Hətta ABŞ Müdafiə Nazirliyinin yaydığı informasiyaya görə, onlara Mosulda koordinatları şiə qruplaşması verib. Lakin bu, qəsdən belə təqdim edilə bilər. Çünki həmin bölgədə Amerika kəşfiyyatının kifayət qədər geniş şəbəkəsi var. Necə olur ki, bütün Yaxın Şərqdə at oynadan MKİ Mosulun qərbində kimlərin yaşadığını bilmir? Buna görə də, günahı şiələrin üstünə atmaq dolayısı ilə regionda məzhəb düşmənçiliyini körükləmək anlamına gəlir.

Ankaranın bunlara öz reaksiyası vardır. Türkiyə Suriyada ABŞ və Rusiyanın terrorçularla iş birliyi içində olmasını tənqid edir. Rəsmi dairələr bunun gərginliyi daha da artırdığını ifadə edirlər. Prezident Rəcəb Tayyib Ərdoğan "Show TV"yə verdiyi son müsahibədə bəyan edib ki, Azad Suriya Ordusu Minbicə doğru irəliləyir. Bu o deməkdir ki, Türkiyə vəd etdiyi 5 min kvadrat kilometrlik təhlükəsizlik zonasını yaratmaqda qərarlıdır.

Ankaranın Afrin məsələsində də israrlı olacağını gözləmək olar. Çünki bu bölgə Türkiyə sərhədi yaxınlığındadır və orada kənar qüvvələrin dominant olmasına imkan verilməməlidir.

Belə çıxır ki, Suriya böhranı nəinki səngiyir, hətta yeni çalarlar kəsb edir. Qərb və Rusiya orada öz maraqları uğurunda daha kəskin mübarizəyə başlayıblar. Bu, region dövlətlərinin deyil, kənar qüvvələrin Yaxın Şərqdə nüfuz sahibi olmaları üçündür. Təbii ki, proseslərin belə məzmunda davam etməsi çox təhlükəlidir. Müharibə regionun digər dövlətlərinə sıçraya bilər. Artıq bu təhlükədən tez-tez danışırlar. Bəzi informasiyalara görə, deyək ki, Türkiyəyə 3 milyon yeni qaçqın dalğası yönləndirə bilərlər. İran isə çoxdandır ki, Amerika və İsrailin hədəfindədir.

Terror və separatizmin region dövlətlərinə yayılması bütövlükdə Yaxın Şərqdə sabitliyi və təhlükəsizliyi çox ciddi təhlükələrə atacaqdır. Bu proses dayandırılmasa, Qafqaz və Mərkəzi Asiyada hansı hadisələrin baş verə biləcəyini təsəvvür etmək çətin deyil.

Beləliklə, Suriya və İraqda gərginliyin daha da artması Yaxın Şərqdə qeyri-sabit vəziyyətin növbəti səviyyəyə keçməsinə şərait yarada bilər. Burada bir tərəfdən terror qruplarına yeni silahlar verilib daha da gücləndirilir, digər tərəfdən isə böyük dövlətlərin özlərinin hərbi kontingenti genişlənir. Onlar məsləhətçi və birbaşa iştirakçı statusunda region dövlətlərinin daxili mühitini qarışdırmaqdadırlar. Belə şəraitdə çətin ki, hansısa münaqişə ədalətli surətdə həll edilə bilə. Əksinə, meydana yeni ixtilafların çıxması ehtimalı böyükdür. O cümlədən Yaxın Şərqin böyük dövlətləri birbaşa savaşa cəlb oluna bilərlər.

Digər təhlükəli məqam Yaxın Şərqdə yeni miqrant dalğasının meydana gəlməsi ola bilər. İŞİD-lə mübarizə adı altında əsas olaraq dinc əhaliyə zərər yetirilir. Hansı səbəbi gətirmələrindən asılı olmayaraq, atılan güllələrin hədəfi ancaq dinc müsəlmanlardır. Yurdlarını tərk edənlərin sayı günü-gündən artır. Maraqlıdır ki, bu, daha çox sünnilərə aiddir. Onlar kütləvi surətdə yaşadıqları yerləri tərk edirlər. Əvəzlərində isə başqaları həmin yerlərdə peyda olurlar. Nədənsə, beynəlxalq təşkilatlar bu məqamı gözardı edirlər.

Deməli, Yaxın Şərq getdikcə daha böyük ölçüdə ziddiyyətlər içinə sürüklənir. Tarixin bu mərhələsində burada hansı geosiyasi nizamın formalaşacağı aydın deyil. Bu da bütün dünya üçün ciddi təhlükə mənbəyidir.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Will Qatar's Diplomatic Exile Spark the Next Great War?
05 iyun 2017 Foreign Policy

Will Qatar's Diplomatic Exile Spark the Next Great War?

The Sunni Gulf powers have long been spoiling for a fight with Iran. This could be just the excuse they need.

Davamı...
China's Belt and Road to Nowhere
21 may 2017 The National Interest

China's Belt and Road to Nowhere

Beijing's mixture of political and economic priorities may not result in an overall Belt and Road policy formula that is workable.

Davamı...