THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Qərbdə sağçı ideologiyanın yüksəlişinə dair bəzi düşüncələr

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
535
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 9 yanvar 2017 – Newtimes.az

2000-ci illərin əvvəllərində ingilis akademik Kolin Krauk "post-demokratiya” adlanan yeni bir nəzəri yanaşma irəli sürür. Krauk bu yanaşması ilə dünyanın demokratiyadan sonrakı mərhələyə keçid etdiyini və demokratik dəyərlərin forma və mahiyyətində əsaslı dəyişikliyin müşahidə olunduğunu izah etməyə çalışırdı. O hesab edir ki, klassik demokratiya modeli korroziyaya uğrayaraq bir növ radikal forma alıb. Kolin Kraukun illər öncə ortaya qoyduğu bu yanaşma sağçılıq, populizm və millətçilik ideyalarının artan xətlə inkişaf etdiyi Avropada mövcud durumu xarakterizə edən nəzəri qaynaqdır.

11 sentyabr hadisələrindən sonra burjua partiyaları və mediası tərəfindən "İslam”, "köçkün” və "terror” məfhumları üzərindən qorxu və əndişə hisslərinin aşılanması son nəticədə bir tərəfdən insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasına, digər tərəfdən isə sağ-millətçi kəsimlərin daha geniş kütləyə sahiblənməsi üçün zəmin yaratdı. İfrat sağçıların İsveç, Hollandiya, Belçika, Avstriya, Bolqarıstan, Danimarka, Latviya, Macarıstan kimi ölkələrin parlamentində kresloya sahib olması, İtaliyada koalisiya hökumətinin tərkibində millətçilərin yer alması, Fransada ötən il keçirilən regional seçkilərdə sağ yönümlü partiyaların şəriksiz qələbə qazanması, son olaraq isə Böyük Britanıyanın "Brexit” qərarı və çıxışlarında populizm elementləri açıq-aşkar hiss olunan Donald Trampın ABŞ prezidenti seçilməsi beyinlərdə belə bir sualın yaranmasına rəvac verdi: Dünyada nələr baş verir? Demokratik dəyərlərdən tamamilə uzaq olan ifrat sağçıların və millətçi partiyaların nüfuzunun artmasının sirri nədir?

ABŞ-ın Kolumbia Universitetinin professoru Mark Mazover "Financial Times”da yayımlanan məqaləsində bütün dünyada artan xətlə inkişaf edən sağçılığın güvənsizlik hissindən qaynaqlandığını əsaslandırmağa çalışır. Mazover bildirir ki, qloballaşma prosesi dünyanın hər yerində, əsasən də ABŞ və Avropada insanların özləri haqqında cılız fikilərlərə sahib olmasına şərait yaradıb. Bu isə insanlarda mövcud duruma münasibətdə bir növ güvənsizlik duyğusunun yaranmasına rəvac verir. Mazoverin fikrincə, qatı sağçılığın bəsləndiyi qaynaq məhz budur.  

İlk dəfə 1995-ci ildə ingilis professor Maykl Bilig tərəfindən irəli sürülən "Konservant Millətçilik” (Banal Nationalism) məfhumu da müasir dövrdə gedən siyasi proseslərə izah vermək üçün köməyimizə gələ bilər. Bilig konservant millətçiliyin telefon  yaddaşı kimi toplumun şüuraltında gizləndiyinə inanırdı. O hesab edir ki, böhran vəziyyətində rəhbərin bir zəngi ilə insanın şüuraltında olan millətçi kimlik oyana bilər. Həmin zəngə cavab verən isə potensial millətçidir. Avropa ölkələrindəki son seçkilərin nəticəsi onu göstərir ki, telefona cavab verən seçici sayında ciddi artım var.  Farage, Le Pen, Salvini, Vilders, Akesson kimi qatı sağçıların hər fürsətdə öz elektoratlarını bu yolla ələ aldıqlarını əminliklə söyləyə bilərik.

Niyə məhz indi?

Harvard Uninversitetinin tədqiqatçısı Yascha Mounk millətçilik hərəkatının yüksəlişini son 15-20 ildir davam edən proseslərin məntiqi yekunu kimi dəyərləndirir. Belə ki, ötən əsrin sonları, 2000-ci illərin əvvəllərindən etibarən sağçı partiyaların siyasi arenaya gəlişini şərtləndirən mühüm proseslər gedir. Qloballaşmanın neqativ təzahürləri, Avropada və ABŞ-da anti-islamçı hərəkatın nüfuz qazanması, islamafobiyanın genişlənməsi nəticə etibarilə millətçi şüarların geniş hal almasına şərait yaratdı. Mounka görə, millətçi hərəkatlar son bir neçə ildə kiçik qruplardan siyasi partiyalara çevrilib və nəticədə, Macarıstan kimi ölkədə iqtidarı əlinə alıb, Avstriyada cüzi fərqlərlə uduzub, İngiltərədə isə "Brexit”ə gətirib çıxarıb.

Harvard Universitetinin digər tədqiqatçısı Pippa Norris isə Avropada gedən siyasi prosesləri avtoritar populizmin yüksəlişi kimi qiymətləndirir. O, radikal sağçıların sayının artmasını həm də sosial ziddiyyətlərlə əlaqələndirir. Norrisin fikrincə, Qərbdə keçirilən sorğular göstərir ki, son illər cavan nəsil və yaxşı təhsil almış insanlar LGBT haqları, əks-mövqelilərə qarşı dözümlülük və s. kimi sekulyar dəyərlərə üstünlük verirlər. Bu isə yaşlı nəsil və zəif təhsil almış insanların cəmiyyətdən təcrid olunmasına şərait yaradır. Nəticə etibarilə, onlar cəmiyyətdə marginallaşma, geridə qalma qorxusu ilə populist və avtoritar partiyalara yönəlirlər.

Ekspertlər Avropada sağçı ideologiyanın yüksəlişini ən çox miqrant böhranı ilə əlaqələndirirlər. Belə nəticəyə gəlinib ki, köçkünlərin oğurluq etməsi, heç bir qanuna tabe olmaması kimi fikirlər sağçı ideologiyanın bəsləndiyi ən mühüm qaynaqdır. İfrat sağçıların düşüncəsinə görə, yerli xalqın çörəyinə şərik çıxan müsəlman köçkünlər bir qədər sonra bütün ölkəyə sahiblənə bilər. Sağçı partiyalar hesab edir ki, miqrantlar Avropaya özləri ilə birlikdə yoxsulluğu da gətirib. Lakin fikrimizcə, Avropada yoxsulluğun səbəbini köçkünlərlə əlaqələndirmək düzgün olmazdı. Problemi Avropanın sistem dəyişikliyində axtarmaq lazımdır. Hazırkı mənzərə onu deməyə əsas verir ki, bu günün Avropası "sosial Avropa” sistemindən imtina edir. Sosial sistemdən uzaqlaşan Avropanın yoxsulluğun səbəbini miqrant axını ilə əlaqələndirməsi yalnış baxış bucağıdır. Halbuki real düşünsək, köçkün axınının iqtisadiyyatı canlandırdığı qənaətinə gələ bilərik...

Sağa gedən dünya və Azərbaycanı gözləyən təhlükə

Əslində müasir dövrdə müşahidə etdiyimiz sağçı ideologiya bəzi fərqli tərəfləri ilə də diqqəti cəlb edir. Belə ki, klassik sağçılıqda millətçilik faktoru  qabarıq şəkildə özünü göstərirdisə, hazırda din amili sağçılığın aparıcı sütununa çevrilib. Əgər əvvəllər ari irq digər irq və millətlərlə qarşılaşdırılırdısa, müasir millətçilik tamamilə yenidən restrukturizasiya olub və tərkibində antisemitizm, yəhudi nifrəti yox, birbaşa müsəlman nifrəti var. XXI əsrin əvvəllərində başlanan bu nifrət Orta Şərq regionunda gedən müharibə və bu müharibələrin yaratdığı miqrant problemi ilə daha da artmış oldu. Qeyd etmək yerinə düşər ki, Avropada sağçılıq meyllərinin din adı altında möhkəmlənməsi bir tərəfdən də Ermənistanın işinə yaraya bilər. Buna nümunə kimi Almaniyanın ən güclü sağçı partiyası olan AfD-nin yüksəlişi və bu yüksəlmə fonunda Dağlıq Qarabağdakı qondarma rejimlə sıx əlaqələrin qurulması, qondarma rejimin "nümayəndə”lərinin Almaniyadakı əyalət seçkilərinə müşahidəçi kimi dəvət olunmasını göstərə bilərik. Ermənistan rəhbərliyi də yaranmış bu vəziyyətdən öz mənfur niyyətləri üçün istifadə edir və Dağlıq Qarabağ münaqişəsinə hər vəchlə dini don geyindirməyə çalışır. Bir müddət əvvəl İrəvanda keçirilən parada xristian keşişlərinin çıxarılması, Sarkisyanın dəfələrlə "müsəlmanların təcavüzünə məruz qalan xristian ermənilər” ifadəsini işlətməsi də bu mətləblərdən xəbər verir. Lakin qətiyyətlə demək olar ki, Azərbaycanın beynəlxalq arenada multikultural ölkə kimi təbliği Ermənistanın bu niyyətinə qarşı təsirli vasitədir.

Son olaraq bu sual ortaya çıxır: özündən olmayanı düşmən kimi görən bir şəxsin, partiyanın hakimiyyətdə təmsil olunmaması üçün hansı tədbirlər görülməlidir? Problemin həlli indiki şərtlər daxilində mümkünsüz görünsə də, nəzərə alınmalıdır ki, millətçilərə qarşı həll onları qaralamaq yox, toplum üçün alternativ model yaratmaqdır.

Ceyhun Əhmədli

https://www.washingtonpost.com/news/monkey-cage/wp/2016/03/11/its-not-just-trump-authoritarian-populism-is-rising-across-the-west-heres-why/

https://www.ft.com/content/24e7a462-0d52-11e6-b41f-0beb7e589515

Colin Crouch. "Post-Democracy”, 2000

Michael Billig. "Banal Nationalism”, 1995

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

İran-Rusya ittifakının geleceği ve Trump politikaları
13 fevral 2017 Anadolu Ajansı

İran-Rusya ittifakının geleceği ve Trump politikaları

ABD Başkanı Trump'ın işbaşına gelmesiyle ABD-Rusya ilişkilerinin düzene gireceğine dair işaretler, İran'ı yeniden hedef haline getirdi.

Davamı...
How To Address Strategic Insecurity In A Turbulent Age
03 yanvar 2017 The Huffington Post

How To Address Strategic Insecurity In A Turbulent Age

The ideal geopolitical response to the crisis of global power is a trilateral connection between the United States, China and Russia.

Davamı...