THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

"Sülh, barışma və mehriban qonşuluq": Sərkisyana çağırış

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
934
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 26 dekabr 2016 – Newtimes.az

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan partiyasının 17 dekabr 2016-cı ildə keçirilən 2-ci qurultayında çıxış edib. Ermənistan KİV-ləri bu çıxışı "Sülh, Barışma və Mehriban Qonşuluq” başlığı altında verib. Petrosyanın bu çıxışının 5 noyabr 1997-ci ildə yazdığı və hakimiyyətdən istefa verməsi ilə nəticələndiyi "Müharibə, yaxud sülh” məktubu ilə müqayisədə daha konstruktiv və əhatəli olduğunu söyləmək mümkündür.

Eyni zamanda bu çıxışı 2017-ci ilin yazında keçiriləcək parlament seçkilərində və 2018-ci ildə keçiriləcək prezident seçkilərində Erməni Milli Konqresinin proqramı kimi də xarakterizə edilə bilər.

Petrosyanın çıxışı o deməkdir ki, hakimiyyətdə olmasalar belə, müəyyən siyasi partiyalar və qruplar ölkənin reallığını görür və dəyərləndirir. Petrosyan isə bu işin öncüsüdür. Son 25 ildə Ermənistanın sosial, iqtisadi və hərbi-təhlükəsizlik mühitini analiz edərək bəzi məsələlərə aydınlıq gətirmişdir.

Petrosyan ölkədəki bütün bədbəxtliklərin əsasını, kütləvi miqrasiyanın, ordununun silahlanmasındakı problemlərin, qanunsuz seçkilərin, ədalət məhkəməsinin olmamasının, demokratiya və insan haqlarının pozulmasının tək səbəbini korrupsiya, milli zənginliyin səlahiyyətli dövlət məmurları tərəfindən talan edilməsi olduğunu göstərir.

1998-ci ilə qədər olan zamanı təhlil edərkən, bütün çətinliklərə baxmayaraq, ölkənin iqtisadi, siyasi və təhlükəsizlik problemlərinin həll edilməsində daha münbit şərait olduğunu, bu tarixdən isə Ermənistanın sanki başqa bir dövlətə çevrildiyini qeyd edən Petrosyan tarixi faktlarla hazırkı hakimiyyət ilə Birinci Ermənistan Respublikası (1918-1920) arasında müqayisə apararaq, eyni yalnışlıqların təkrarlandığını bildirir.

"1920-ci il avantürasını təkrar edən, ərazilərinin maksimum genişləməsini istəyən, amma əlində olan ərazinin yarısını itirməklə nəticələnən bir siyasət kursu həyata keçirilir”

Mövcud hakimiyyətin "millət ordu” konsepsiyasını tənqid edən Petrosyan bu konsepsiyanı tarixdə mövcud olmuş bənzər hadisələrlə müqayisə və analiz edir. Çingiz xanın hakimiyyətə gəlməsi ilə kiçik monqol tayfalarını öz ətrafında birləşdirərək millət ordu qurduğunu, ən böyük imperiya qurmalarına baxmayaraq, Kubilayın ölümündən (1294) sonra imperiyanın dağıldığını, millət ordu olmanın sadəcə işğalçılıq instinktini tətiklədiyini, siyasi, mədəni dəyərlərin inkişafına zəmin yaratmadığını bildirir.

Daha sonra İsveçrə konfederasiyasının təxminən 600 illik tarixində də (1291–1815) millət-ordu konsepsiyasının olduğunu, bunun bəzi tarixi hadisələr kontekstində davam etdiyini, o zamanın siyasi və təhlükəsizlik reallıqları ilə örtüşdüyünü, ancaq günümüzdə belə konsepsiyanın işləməsinin qeyri-mümkün olduğunu qeyd edir.

XX əsrdə millət ordu konsepsiyasının İsrail dövlətində həyata keçirildiyini, İsrailin müstəqilliyinin elan olunmasından sonra ərəb dövlətlərinin buna qarşı çıxaraq müharibə elan etdiklərini, 60 illik İsrail dövləti tarixində altı genişmiqyaslı müharibə etdiyini (1948, 1956, 1967, 1973, 1982, 2006), nəticədə Misir və İordaniya ilə Kemp Devid müqaviləsi ilə qarşılıqlı güzəştlər əsasında 60 kv km-lik ərazini - Sinay yarımadasını Misirə verdiyini, əlaqələrin nizama salındığını, Fələstinin muxtariyyətinin İsrail tərəfindən tanındığını vurğulayır, tərəflər arasında sülh prosesinin davam etməsi üçün İsrailin təşəbbüslərinin davam etdiyini qeyd edir.

Millət ordu quruculuğu konsepsiyasının arxitektorlarının üç suala cavab verməsi gərəkdiyi bildirilir:

– bu proqram hansı məcburi ehtiyaclara görə diktə edilmişdir?

– hansı problemlərin həll edilməsi üçün bu konsepsiya qurulmuşdur?

– onun həyata keçirilməsi üçün hansı resurslar lazımdır?

Bu suallara resurslar məsələsi ilə sondan cavab verməyə çalışan Petrosyan, Ermənistanın İsrail kimi düşmən ərəb dövlətlərinin məngənəsində boğulmadığını, BMT-yə üzv olan dövlətlər tərəfindən müstəqilliyinin tanındığını (Pakistan istisna olmaqla), Azərbaycan və Türkiyədən başqa, bütün qonşu dövlətlərlə siyasi, iqtisadi əlaqələri olduğunu, diplomatik münasibətlərinin qurulduğunu bildirir. Yəni Ermənistanın millət ordu konsepsiyasını həyata keçirməsinə əslində ehtiyac olmadığını xatırladır.

Ermənistanın diaspor təşkilatları ilə münasibətlərini xarakterizə edən Petrosyan özünün də diaspor əsilli olduğunu, Qarabağ müharibəsində cəmi 12 diaspor ermənisinin iştirak etdiyini sabiq baş nazir, 27 oktyabr 1999-cu ildə parlamentdə qətlə yetirilən Vazgen Sərkisyanın da etiraf etdiyini, diaspordan gələn humanitar yardımların Ermənistan büdcəsinin 2-3 faizini təşkil etdiyini söyləyib.

Ermənistanın qarşılaşdığı bütün problemlərin həll edilməsi üçün tək məsələ Dağlıq Qarabağ probleminin həll edilməsi olduğunu, bundan sonra Türkiyə və Azərbaycan ilə münasibətlərin qaydaya salınacağını, Qarabağ probleminin həll edilməsi üçün mərhələli həll variantından başqa yol olmadığını qeyd edib. 

Bütün bunlara rəğmən iki prinsipial məsələdə hökumətə dəstək verəcəklərini bildirib:

– xarici təhlükə və daimi sabitlik;

– Azərbaycanın aprel hadisələrində olduğu kimi ikinci dəfə genişmiqyaslı hərbi əməliyyata başlayacağı təqdirdə.

"Azərbaycanın hərbi əməliyyatlara başlayacağı təqdirdə daha bir neçə rayon itirə biləcəyini, hadisələrin sonrakı gedişatının necə olacağını isə sadəcə Allahın bildiyini” qeyd etmişdir.

Qeyd edək ki, yuxarıda qeyd edilən fikir böyük bir ehtimalla daxili auditoriyaya hesablanmış ifadədir.

"Azərbaycan Prezidenti İlham Əliyevin sülhün təmin edilməsi üçün rasional düşünən dövlət adamı olduğunu” qeyd edən Petrosyan, özünün yazdığı ""Müharibə, yaxud sülh” adlı məktubuna onun atası, mərhum Heydər Əliyev kimi sağlam düşüncə ilə reaksiya verəcəyini” düşündüyünü vurğulayıb.

Dağlıq Qarabağ probleminin həll edilməsi istiqamətində Rusiyanın son zamanlarda fəal siyasət həyata keçirdiyini bildirən Petrosyan "problemin həll edilməsi açarının Rusiyanın əlində olduğunu” bir daha xatırladıb.

Petrosyan çıxışının sonunda Qarabağ probleminin həll edilməsi məsələsində Konqresin çıxış nöqtəsinin belə olduğunu bildirib:

– "Qarabağ problemi həll edilmədən Ermənistan və Qarabağın  inkişaf etməsi və çiçəklənmə perspektivi yoxdur; 18 il düşünmək üçün yetərli zamandır”;

– "masada müzakirə edilən şərtlərdən başqa çıxış yolu yoxdur, sülhün əldə edilməməsi hərbi əməliyyatların başlama təhlükəsini artırır”;

– "problem nizamlanacağı təqdirdə tərəflərin heç biri özünü məğlub və ya qalib kimi hiss etməməlidir, belə olacağı təqdirdə hərbi əməliyyatlar yenidən başlaya bilər”;

– "əvvəlllər də qeyd edildiyi kimi, Erməni Milli Konqresinin  nizamlama prosesinə müdaxilə etmək imkanı yoxdur”;

– "problemin həll edilməsi məsuliyyəti hakim rejimə və onu dəstəkləyən siyasi partiyalara aiddir. İstəsələr, yenə də bizim fikirlərimizi dinləyə bilərlər, istəməsələr başları ilə cavabdehdirlər”;

– "əgər bizim hakimiyyət daha sərfəli həll variantı tapsa, biz əlbəttə buna şad olar və onlardan üzr istəyərik”;

– "biz sadəcə ermənilərə deyil, eyni zamanda azərbaycanlılara da münaqişəyə görə yaşadıqları saysız acıları bərabər şəkildə hiss etdiyimizi bildiririk”.

Qeyd:

Petrosyanın 1997-ci ildə yazdığı "Müharibə, yaxud sülh” adlı məktub onu hakimiyyətin zirvəsindən düşürdü. 20 ildir müxalifətdə olan Erməni Milli Konqresinin siyasi gücü zəifdir. Hakimiyyətə heç bir vəchlə belə bir yanaşmanı qəbul etdirə bilməz. Sərkisyan rejimi də Petrosyanın özünün hansı şəraitdə istefa verdiyini gözəl bilir və bu təklifi qəbul etməz.

Məruzədə işıqlandırılan problemlər rəsmi İrəvanın siyasi kursunu dalana dirəyən məsələlərdir. Ancaq Sərkisyan hakimiyyətinin bu məsləhətlərə əməl edəcəyi ehtimalı olduqca zəifdir.

Petrosyanın 71 yaşı var və səhhətində ciddi problemlər olduğu qeyd edilir.

Bu məruzə böyük ehtimalla Ermənistanda keçiriləcək parlament və prezident seçkilərindən sonra onun siyasi fəaliyyətinin finalı ola bilər.

Petrosyanın 2018-ci ildə siyasətdən tamamilə uzaqlaşmasa da, aktiv fiqurlardan olacağı bu günün perspektivindən mümkün görünmür.

Ermənistanda Petrosyanın məruzəsi geniş müzakirə edilir, birmənalı olaraq qəbul edilmir, tənqid edənlərin əksəriyyəti Petrosyanın reallıqları görmədiyini, hakimiyyətdən getdikdən sonra dəyişən geosiyasi reallıqları dərk etmədiyini, Madrid prinsiplərində əsaslı dəyişikliklər olduğunu bildirirlər.

Hatəm Cabbarlı,

siyasi elmlər doktoru

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka
03 noyabr 2017 Anadolu Ajansı

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka

Türkiye ile Azerbaycan arasındaki kardeşlik bağları Güney Kafkasya stratejik dengesini değiştirecek bir askeri ittifak haline gelmiş durumda.

Davamı...
Баку-Тбилиси-Карс оставляет Армению вне игры?
30 oktyabr 2017 Regnum

Баку-Тбилиси-Карс оставляет Армению вне игры?

«Армения становится тысячелетней слепой совой, сидящей на высоком камне на перекрестке больших дорог»

Davamı...