THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

NATO-nun Cənubi Qafqazda əməkdaşlıq imkanları

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1438
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 5 aprel 2016 – Newtimes.az

Dövlətlərin milli təhlükəsizlik siyasətindəki təcrübələri göstərir ki, bütün sahələrdə olduğu kimi, təhlükəsizlik məsələsində də konseptual və praktik olaraq bir dövlətə bağlı qalmaq kiçik dövlətin böyük dövlətdən asılılığını artırır. Belə hallarda kiçik dövlətin milli müstəqillik fəlsəfi anlayışı təhlükə altına düşür. Bunu təhlükəsizlik məsələsində Ermənistan-Rusiya münasibətlərində görmək mümkündür. Belə ki, Ermənistan-Rusiya münasibətləri iqtisadi, siyasi və hərbi nöqteyi-nəzərdən təhlil edildikdə, Rusiyanın mütləq üstünlüyü müstəvisində Ermənistanın vəziyyətini mərkəz-əyalət münasibətləri kimi xarakterizə etmək olar. Rusiyanın siyasi dairələrinin Ermənistanı "Qafqazdakı forpostumuz'' adlandırması dediklərimizi bir daha təsdiq edir.

İki dövlət arasındakı münasibətlərdə Rusiyanın mütləq üstünlüyü Ermənistanın Qərbin təhlükəsizlik təşkilatları ilə əməkdaşlığını və diplomatik manevr imkanlarını məhdudlaşdırır. Bu gün region dövlətlərindən olan Gürcüstan və Azərbaycanın  NATO başda olmaqla, digər beynəlxalq təhlükəsizlik təşkilatları ilə əməkdaşlığı inkişaf edir. Ermənistan isə bu təşkilatlarla əməkdaşlığa can atsa da, arxasında Rusiya reallığını hiss edir. Ermənistan Rusiya ilə əyalət-mərkəz münasibətlərinin ağırlığını Yaxın və Orta Şərqdə geniş miqyaslı müharibənin baş verəcəyi təqdirdə daha ciddi şəkildə hiss edəcəkdir.

NATO isə Cənubi Qafqaz regionuna addım-addım yaxınlaşmaqdadır. Hələ 1990-cı ilin ortalarından etibarən NATO postsovet məkanına xüsusilə də, Baltikyanı ölkələrə və Cənubi Qafqaz regionuna "genişlənmə sahəsi'' kimi baxır. Ancaq Rusiyanın ciddi reaksiya verəcəyini bildiyi üçün görüşlərini açıq şəkildə ifadə etməyib, müxtəlif təhlükəsizlik layihələri çərçivəsində kiçik, ancaq inamlı addımlarla regionda yerləşməyə çalışır. Son illər isə bu rəsmi və ya qeyri-rəsmi bəyanatlarla müşayiət olunur. Belə ki, NATO-nun baş katibi Lord Corc Robertsonun 14-16 may 2003-cü il tarixlərində region dövlətlərinə səfəri zamanı "açıq qapı'' siyasətini davam edəcəklərini bildirməsi, NATO-nun region ölkələri üzrə koordinatoru Romuldas Rajuksun 28 iyun 2004-cü ildə NATO-nun İstanbul sammitində Cənubi Qafqaz və ümumilikdə Qafqazın coğrafi olaraq NATO-nun genişlənmə strategiyasında prioritet məsələlərdən olduğunu ifadə etməsini təşkilatın Qafqaza doğru genişlənmə səyləri kimi dəyərləndirmək mümkündür.

NATO-nun Cənubi Qafqaza marağını üç mühüm amillə izah etmək olar:

– SSRİ-nin 1991-ci ilin dekabrında dağılması nəticəsində regional təhlükəsizlik məsələlərində yaşanan boşluq və region dövlətlərinin təhlükəsizlik sahəsində Qərblə əməkdaşlıq imkanlarının ortaya çıxması;

– 1990-cı illərdən sonra Xəzər hövzəsi enerji resurslarının hasilatı və Avropa enerji ehtiyacının bir qismini ödəyəcək miqdarda olması;

– regional və beynəlxalq terrorizmlə mübarizə.

NATO Cənubi Qafqazada yerləşməyə çalışarkən, yuxarıda sadalanan amillərdən daha çox regional təhlükəsizlik və beynəlxalq terrorizm mübarizəsini ön plana çıxarır. Məlum 11 sentyabr terror aktından sonra isə terrorizm problemini daha çox vurğulayır.

Cənubi Qafqaz dövlətlərinin NATO ilə münasibətləri isə bir-birindən fərqlidir. Birinci növbədə Azərbaycanın bu məsələ ilə bağlı mövqeyini qısaca olaraq qeyd edək ki, rəsmi Bakı balanslaşdırılmış xarici siyasət yürüdür və NATO ilə əməkdaşlıq da bu çərçivədə qiymətləndirilməlidir. Bu tarazlığı gözləmək bacarığı Azərbaycana xarici siyasət və təhlükəsizlik məsələlərində manevr etmək imkanları verir.

Azərbaycandan fərqli olaraq, manevr imkanları tükənən Gürcüstan NATO-ya daha açıq və qətiyyətlə inteqrasiya siyasəti yürüdür. Rəsmi Tbilisi 1990-cı illərin ikinci yarısından etibarən, Rusiya ilə ciddi problemlər yaşadıqdan sonra təhlükəsizlik məsələlərində NATO ilə münasibətlərə üstünlük verir və 2002-ci il Praqa Zirvə toplantısında bu təşkilata üzv olmaq niyyətini rəsmi olaraq bildirib. 2003-cü ildə Saakaşvilinin iqtidara gəlməsindən və 2008-ci ildə Rusiya-Gürcüstan arasında yaşanan səkkiz günlük müharibədən sonra Gürcüstan-Rusiya münasibətləri getdikcə gərginləşir.

Ermənistan isə müstəqillik qazandıqdan sonra təhlükəsizliyinin qorunması məsələlərində bütün strategiyasını Rusiya istiqamətində qurur. Bu, Ermənistan hökumətinin xarici siyasət kursunda, xüsusilə də təhlükəsizlik siyasətində manevr etmək imkanlarını olduqca məhdudlaşdırır. Bu vəziyyət təbii ki, Cənubi Qafqaza siyasi, iqtisadi və hərbi cəhətdən nəzarət etmək uğrunda geosiyasi mübarizə aparan Qərbi və Amerikanı razı sala bilməz. Ermənistanı Rusiyanın təsir dairəsindən uzaqlaşdırmaq üçün onlar ilk addım kimi bu ölkəni NATO-nun həyata keçirdiyi regional layihələrə cəlb  etməyə çalışırlar.

Ermənistan hökuməti isə NATO ilə münasibətlərinə əhəmiyyət versə də, bəzi hallarda Rusiya faktını hər zaman nəzərə alaraq NATO ilə ikitərəfli əməkdaşlığın imkanlarından tam istifadə edə bilmir. Belə ki, NATO-Ermənistan münasibətlərinə dair Ermənistan rəsmilərinin ayrı-ayrı vaxtlarda "Ermənistan NATO-ya üzv olmaq istəmir'', "Ermənistanın NATO-ya üzv olmaq fikri yoxdur. Bu, ölkənin geostrateji mənafeyinə uyğun deyildir'', "Ermənistan NATO-ya üzv olmağa, NATO da Ermənistanı qəbul etməyə hazır deyil'' kimi bəyanat vermələri yuxarıda qeyd edilən fikirləri təsdiqləyir.

Bu bəyanatları dəyərləndirən mütəxəssislər Ermənistanın NATO ilə münasibətlərini birbaşa deyil, Rusiya üzərindən qurmağa çalışdığını iddia edir. Bu iddialara cavab olaraq, sabiq xarici işlər naziri Vardan Oskanyan "Ermənistanın heç bir zaman NATO və Rusiya arasında tərəf tutmaq məcburiyyətində qalmadığını'' bildirib.

Ermənistanın bir-birinə ziddi iki təhlükəsizlik təşkilatı – NATO və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə əməkdaşlığa cəhd etməsi dövlətin bu sahədə əməkdaşlıq perspektivini zəiflədən amildir. Ermənistan əsasən KTMT ilə əməkdaşlığa üstünlük versə də, NATO ilə də əməkdaşlıq məsələlərində digər qonşu dövlətlərdən geri qalmamağa çalışır. Amma xüsusilə son zamanlarda Yaxın və Orta Şərqdə baş verən hadisələr onu göstərir ki, Ermənistanın təhlükəsizlik sahəsində əsasən bir tərəfli siyasət həyata keçirməsi onun təhlükəsizliyinə tam olaraq cavab vermir.

Hatəm Cabbarlı,

siyasi elmlər doktoru

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...