THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ermənistanın silahlanması və bölgə təhlükəsizliyi

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1318
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 17 mart 2016 – Newtimes.az

Ermənistan 1991-ci ildə müstəqilliyini elan etdikdən bu günə qədər qonşu dövlətlərə münasibətdə militarist siyasət həyata keçirmiş, Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş, Gürcüstanın Cavaxetiya bölgəsində yaşayan ermənilərin separatist tələblərini dəstəkləmiş və Türkiyənin şərq əyalətlərini erməni torpağı kimi göstərərək geri verilməsini tələb etmişdir. Cənubi Qafqaz dövlətlərinin siyasi tarixinə nəzər yetirdikdə, XX əsrin əvvəllərində birinci Ermənistan Respublikasının bənzər militarist siyasət həyata keçirdiyi məlum olur. Bir baxıma Ermənistanın bugünkü addımları həmin siyasətin eynisidir. Ermənistan son 100 ildir bölgə təhlükəsizliyi üçün təhlükə mənbəyi olaraq qalmaqdadır.

Ermənistan müstəqilliyinin ilk illərində bölgə və beynəlxalq aləmdə cərəyan edən təhdidləri fürsət kimi dəyərləndirərək, qarşılaşdığı sosial, iqtisadi və təhlükəsizlik problemlərini həll etməkdənsə, militarist siyasət həyata keçirərək dövlətin möhkəmləndirilməsi, demokratiya, insan haqlarının qorunması və inkişaf etdirilməsi, vətəndaşlarının sosial rifah halının yüksəldilməsi fürsətini əldən vermişdir. Bu gün Ermənistan bütün parametrlər üzrə hərbiləşdirilmiş dövlətdir.

Ermənistan mütəmadi olaraq hərbi büdcəsinin artırır. Bu ölkənin hərbi büdcəsi 2001-ci ildə 65, 2002-ci ildə 75, 2003-cü ildə 82, 2004-cü ildə 60, 2005-ci ildə 100, 2006-cı ildə 150, 2007-ci ildə 263, 2008-ci ildə 382.3, 2009-cu ildə 495.3, 2010-cu ildə 402.8, 2011-ci ildə 387, 2012-ci ildə 400, 2013-cü ildə 450, 2014-cü ildə 472, 2015-ci ildə 450, 2016-cı ildə 430 milyon dollar olmuşdur. Bundan başqa, Ermənistan müttəfiqlərindən dünya silah bazarındakı qiymətlərdən daha ucuz qiymətə müasir silahlar alır ki, bu da onun hərbi büdcəsinin yuxarıda qeyd edilən məbləğlərdən daha yüksək olmasına dəlalət edir.

Bir neçə gün bundan əvvəl Ermənistanın müdafiə nazirinin müavini David Tonoyan ATƏT-in Vyanada hər beş ildən bir keçirilən "Müdafiə doktrinası yanaşması'' seminarında ölkəsinin müdafiə doktrinasındakı bəzi dəyişikliklər edilə biləcəyini bildirib. Tonoyan əvvəlki doktrinada qəbul edilən "passiv müdafiə'' sistemi yerinə "qarşısını alma, önləmə'' (Deterrence system) sisteminə keçə biləcəklərini, bu sistemin mahiyyətində refleks və önləyici prinsiplərin olduğunu vurğulamışdır. [i] Refleks və önləyici prinsiplərin qeyd edildiyi müdafiə doktrinasına sahib dövlətlər ənənəvi olaraq militarist dövlətlərdir. Bunu beynəlxalq münasibətlər sisteminin son 30 illik tarixinə diqqət yetirdikdə görmək mümkündür.

Toroyan təxminən 25 ildir ölkəsinin "passiv müdafiə doktrinası'' həyata keçirdiyini, bunu zəiflik kimi dəyərləndirən Azərbaycanın "aqressiv siyasət'' həyata keçirməyə çalışdığını, ölkəsinin yeni "qarşısını alma, önləmə'' müdafiə sisteminə keçmələri ilə Azərbaycandan hiss etdikləri təhdidin qarşısın almağa çalışdıqlarını bildirmişdir. [ii]

Toroyanın bu bəyanatı hər şeydən əvvəl Ermənistanın militarist və işğalçılıq siyasətini pərdələmək, Dağlıq Qarabağ problemini arxa plana keçirmək, Rusiya ilə xüsusilə son zamanlarda hərbi sahədə genişlənən əməkdaşlığını bölgənin təhlükəsizlik mexanizmində baş verən problemlərlə izah etmək üçün uğursuz bir cəhddir.

Tonanoyan Vyanada keçirilən seminarda ABŞ dövlət katibinin silahlar və beynəlxalq təhlükəsizlik məsələləri üzrə müavini Rouz Getemüller ilə də görüşüb və ölkəsinin silahlanmanı artırmayacağı barədə öhdəliyini yerinə yetirəcəyini bildirib. Maraqlısı odur ki, elə bu günlərdə Ermənistan Rusiyadan əldə etdiyi və 2018-ci ildən başlayaraq on il müddətinə ödəyəcəyi 200 milyon dollarlıq idxal krediti ilə bu ölkədən hücüm xarakterli yaylım atəşi açan "Smerç'', "İqla-S'' zenit raket kompleksi, yerüstü radiotexniki kəşfiyyat apara bilən "Avtobaza-M'' maşını, od püskürən "TOS-1A'' sistemləri, tank əleyhinə idarə edilən "Konkurs-M” raketi, "RPQ-26” qranatamyotları, "Draqunov'' snayper tüfəngi, "Tiqr'' zirehli maşını, mühəndislik və rabitə texnikası alır. [iii]

ABŞ və Qərb dünyası isə Ermənistanın silahlanmasını sükutla qarşılayırlar. Ermənistanın hücum xarakterli silahlara sahib olması Dağlıq Qarabağ problemində status-kvonu qoruyub saxlamaq cəhdidir və bu, bölgə təhlükəsizliyinin ciddi şəkildə pozulmasına gətirib çıxara bilər.

Tanoyanın iddialarının əksinə, Azərbaycan müstəqilliyini elan etdikdən bu günə qədər heç bir dövlətin ərazi bütünlüyünə qarşı nə siyasi, nə də hərbi ritorika ilə çıxış etməyib. Hər zaman beynəlxalq tribunalardan bölgənin təhlükəsizlik problemlərini dilə gətirərək, bu problemlərin beynəlxalq hüququn prinsip və normaları çərçivəsində sülh yolu ilə həll edilməsinin vacibliyini vurğulayıb.

Hatəm Cabbarlı,

siyasi elmlər doktoru


[i] Давид Тоноян объявил об изменении оборонной доктрины Армении, http://www.lragir.am/index/rus/0/co­untry/view/47005, 18 Февраля 2016.

[ii] Акоп Бадалян, Армения предупреждает  Азербайджан, http://www.lragir.am/index/rus/0/comments/view/­47028 19 Февраля 2016

[iii] Армения закупает ''Смерчи'', ''ТОС''-ы, ПВО и ПТРК, http://www.panarmenian.net/rus/news/206388/ 18 февраля 2016.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...