THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ermənistanda referendumdan sonra yeni mərhələ: koalisiya hökumətinə doğru

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1625
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 1 mart 2016 – Newtimes.az

Son bir neçə ildə Ermənistanda konstitusiya dəyişikliyi məsələsi müzakirə edilirdi və nəhayət, 2015-ci il dekabrın 6-da konstitusiya islahatı barədə referendum keçirildi. Referendumun məqsədi Ermənistanda prezident üsul-idarəsindən tam parlament üsul-idarəsinə keçməyi təmin etmək idi.

Konstitusiya islahatı barədə referendumda qəbul edilən dəyişikliklər:

– prezident yeddi il müddətinə seçilir (əvvəl beş illiyə seçilirdi);

– prezidenti xalq yox, millət vəkilləri və yerli özünü idarəetmə orqanlarının nümayəndələri seçir. Bu nümayəndələr millət vəkillərinin sayı qədər olacaq;

– prezidentin bir dəfə seçilmə haqqı vardır;

– ali icraedici orqan dövlətin xarici və daxili siyasətini həyata keçirən hökumət olur;

– hökumət, eyni zamanda, dövlət idarəetmə sisteminə rəhbərlik edir;

– prezident parlament seçkilərində qalib gəlmiş siyasi partiyanın və yaxud blokun liderini baş nazir təyin edir;

– parlamentdə təmsil olunan siyasi partiyalar baş nazirin təyin edilməsi məsələsində razılığa gəlməsə parlament buraxılır;

– silahlı qüvvələr hökumətə tabe olur və baş nazir ali baş komandan olur;

– proporsional sistemə görə seçilən parlament 101 deputatdan ibarət olur;

– parlamentdə milli azlıqlara yer ayrılır;

– parlamentdə sabit çoxluq təmin edilmədikdə, səsvermənin ikinci mərhələsi keçirilir. Bu zaman sadəcə ən çox səs toplayan iki partiya iştirak edir;

– Mərkəzi Seçki Komissiyasının tərkibi dəyişir. Komissiya üzvləri deputatların ümumi sayının 3/5-nün səsverməsi ilə seçilir və ardıcıl olaraq iki dəfə seçilmə haqqına malikdir.[i]

Referendum keçirildikdən sonra Ermənistan iqtidarının qarşısında duran ən əhəmiyyətli məsələ 2017-ci ildə keçiriləcək parlament seçkilərindən əvvəl koalisiya hökumətini qurmaq olmuşdur. Qeyd edək ki, bu, Ermənistanın siyasi həyatında ilk dəfədir ki, parlament seçkilərindən sonra deyil, əvvəl qurulması ehtimal edilən ilk koalisiya hökuməti ola bilər. Belə ki, bu günə qədər Ermənistanda parlament seçkiləri arasında koalisiya hökuməti qurulmayıb. Böyük bir ehtimalla Ermənistan iqtidarının ara mərhələdə koalisiya hökuməti qurması konstitusiya islahatından əvvəl Avropa İttifaqı qarşısında götürdüyü öhdəliklə bağlıdır. Referendum nəticələrinin saxtalaşdırılması barədə müxalifətin və müşahidəçilərin şikayətləri hələ də məhkəmələrdə baxılır. Belə bir şəraitdə Ermənistan iqtidarı daxili etirazı və Avropa İttifaqının təzyiqlərini azaltmaq üçün koalisiya müzakirələrinə daha tez başlamağa məcbur qalmışdır.

İqtidar referendumdan dərhal sonra hakimiyyətdə təmsil olunmayan digər siyasi partiyalar ilə müzakirələrə başlayacağı barədə məlumat versə də, hakim Ermənistan Respublika Partiyasının İcra orqanının cari ilin yanvar ayının sonlarında keçirilən iclasında bu barədə qəti qərar alınmadığı bildirildi.[ii] Bununla belə, daxili siyasi həyatı dinamik saxlamaq üçün Ermənistan Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov Azadlıq radiosuna məsələ ilə bağlı verdiyi müsahibədə koalisiya hökuməti qurmaq üçün qapılarının açıq olduğunu, sağlam siyasi qüvvələrin hamısı ilə əməkdaşlıq edəcəklərini, ancaq hələlik əməkdaşlıq formasının necə olacağı haqqında məlumat verə bilmədiyini qeyd etmişdir.[iii]

Ermənistanın daxili ictimai-siyasi həyatında Daşnaqsutyun Partiyası, Çiçəklənən Ermənistan Partiyası, Qanunlar Ölkəsi Partiyası, Erməni Milli Konqresi və digər siyasi partiyalar fəaliyyət göstərsə də, məsələ ilə bağlı Ermənistan KİV-də hələlik Daşnaqsutyun Partiyasının koalisiya hökumətində yer alacağı barədə informasiyalar önə çıxır.

Belə informasiyaların artdığı ərəfədə Daşnaqsutyun Partiyasından Armen Rustamyan məsələyə açıqlıq gətirərkən, iqtidarı tənqid etməkdən çəkinməmiş, hökumətin özünü etibardan, nüfuzdan saldığını, bunun hər kəsə məlum olduğunu, amma bütün bunlara baxmayaraq etibarını itirmiş hökumətin ölkədəki vəziyyətə real olaraq müdaxilə etmək imkanlarının tükənmədiyini, belə bir hökumətlə koalisiyada yer alacaqları təqdirdə bəzi şeyləri dəyişdirməyə imkanlarının olduğunu bildirmişdir.[iv] Ancaq Ermənistan iqtisadiyyatındakı durğunluq, sosial problemlər, bölgə və beynəlxalq aləmdə yaşanan iqtisadi, siyasi və təhlükəsizlik böhranı əlbəttə Ermənistandan da yan keçməyib. Bundan başqa hansı nazirliklərin Daşnaqsutyun Partiyasına veriləcəyi məsələsi barəsində razılıq əldə edilməyib. Belə bir şəraitdə Rustamyanın iddia etdiyi kimi, partiyası koalisiya hökumətində təmsil olunsa belə, yuxarıda göstərilən problemlərin həll edilməsində necə rol oynaya bilər? Daşnaqsutyun Partiyasının koalisiya hökumətindən vaxtından əvvəl ayrılması ehtimalını da nəzərdən qaçırmaq olmaz.

Rustamyanın bu bəyanatından sonra Ermənistan Respublika Partiyasından Eduard Şarmazanov Daşnaqsutyun Partiyasının Ermənistan Respublika Partiyasının reputasiyası haqqında mənfi fikirlərinin davam edəcəyi təqdirdə, uyğun nəticələri çıxaracaqlarını bildirmiş və xəbərdarlıq etmişdir.[v]

Cari ilin fevral ayının 9-da Ermənistan Respublika Partiyası verdiyi bəyanatda koalisiya hökuməti barədə Daşnaqsutyun Partiyası ilə prinsipial olaraq razılığa gəldiklərini və ortaq fəaliyyət barədə ilkin razılaşma əldə edildiyini bildirdi.[vi]

Ancaq bu razılaşmanın necə nəticə verəcəyi, nazirliklərin paylaşılması məsələsində Daşnaqsutyun Partiyasının tələblərinin hökumətin diqqətə alıb almayacağı haqqında dəqiq fikir bildirmək mümkün deyil. Müzakirələr zamanı müxtəlif problemlər ortaya çıxa bilər.

Hökumətin Daşnaqsutyun Partiyası ilə koalisiya müzakirələrinə başlamasının əhəmiyyətli səbəblərindən biri də 2003 və 2008-ci illərdə koalisiya hökumətində təmsil olunmasıdır. Daşnaqsutyun Partiyası hökumətin 2009-cu ildə Türkiyə ilə protokollar imzalamasından sonra koalisiya hökumətindən ayrılsa da, mövcud hakimiyyət yenidən bu partiya ilə müzakirələrə başlamağı uyğun görmüşdür.

Hələlik digər siyasi partiyalar ilə koalisiya hökuməti qurmaq məsələsi geniş müzakirə edilməsə də, böyük bir ehtimalla Ermənistan Respublika Partiyası qurulacaq koalisiya hökuməti daxilində Daşnaqsutyun Partiyasını nəzarətdə saxlamaq və yeri gəldikdə təzyiq etmək üçün başqa bir partiyanı da koalisiya hökumətinə daxil edə bilər.

Hatəm Cabbarlı,

siyasi elmlər doktoru


[i] Ереван и Венецианская комиссия заявляют об отсутствии принципиальных разногласий по проекту конституционных реформ, http://newsarmenia.ru/politics/20150824/43264505.html, 24/08/ 2015.

[ii] Саркисян углубляет интригу http://www.lragir.am/index/rus/0/comments/view/46629, 30 Января 2016

[iii] Ованнес Мовсисян, Республиканская партия «ни перед кем не закрывает двери», http://rus.azatutyun. am/content/article/27518314.html, 29.01.2016.

[iv] Рузанна Степанян, Дашнакцутюн считает, что РПА дискредитирована, http://rus.azatutyun.­am/content/article/27525067.html, 01.02.2016.

[v] АРФД: между коалицией и сотрудничеством, http://www.7or.am/ru/news/view/100361/, Февраль 02, 2016.

[vi] Шармазанов: РПА и АРФД в целом достигли предварительного согласия о единой работе http://www.armtoday.info/default.asp?Lang=_Ru&NewsID=142044, 10.02.2016.

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...