THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Xarici siyasətin proqnozlaşdırılmasında fərziyyələrin rolu haqda

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
15454
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 25 yanvar 2016 – Newtimes.az

Beynəlxalq siyasi-iqtisadi arena getdikcə mürəkkəbləşir və proqnozlaşdırılması çətinləşən məkana çevrilir, qəbul edilən qərarlarda gözlənilməzlik dərəcəsi artır. Uinston Çörçilin məşhur kəlamına görə, əsl siyasətçi proqnoz verməli, sonra isə onun niyə reallaşmadığını izah edə bilməlidir. Bu zarafata rəğmən, beynəlxalq sahədə analitikləri qəlizləşən mühitdə təhlillər aparmaq öhdəliyindən hələki heç kim azad etməyib. Aşağıda verilən fərziyyələr proqnozlaşdırma prosesini rahatlaşdırmaq və müəyyən alqoritmlər vermək məqsədini daşıyır, çünki təhlilin əvvəlcədən verilmiş alqoritmlər üzərində aparılması bir-birinə zidd görünən məlumat axınının artımı dövründə yəqin ki zərurətə çevrilir.

''Qərbin qərbi'' prinsipi

Beynəlxalq münasibətlərdə Qərbin mövqeyi dominant təşkil edir, ölkələr qərar verərkən bu mövqe ilə hesablaşmalı və nəzərə almalıdırlar. Bununla belə, müasir Qərb keçən əsrin Qərbindən fərqlənir. İkinci dünya müharibəsindən sonra Almaniya, soyuq müharibədən sonra isə Britaniya və Fransa klassik güc və beyin mərkəzi statusunu itirmişlər. Bu gün Qərbin ideoloqu, qərar formalaşdıran və həyata keçirən mərkəzi Amerika Birləşmiş Ştatlarıdır. Bu funksiyanın yerinə yetirilməsində ABŞ beynəlxalq təşkilatların nüfuz və fikir ötürmə imkanından istifadə edir.

Pensilvaniya universitetinin "Dünyada beyin mərkəzləri – 2014” hesabatına əsasəndünyada fəaliyyət göstərən bütün beyin mərkəzlərinin 30 faizi Amerikada yerləşir. Çin Sosial Elmlər Akademiyası tərəfindən "Qlobal Beyin Mərkəzlərinin Qiymətləndirilməsi” layihəsi çərçivəsində tədqiqata əsasən isə dünyanın aparıcı 100 beyin mərkəzi 31 ölkəni təmsil edir. Bu tədqiqata görə də ABŞ liderdir. Belə ki, dünyanın 100 ən güclü beyin mərkəzinin 18-i bu dövlətin payına düşür. Daha sonra 11 aparıcı beyin mərkəzi ilə Almaniya gəlir. Lakin, qeyd etmək lazımdır ki, Amerikada fəaliyyət göstərən beyin mərkəzləri müstəqil və praktiki siyasət yönümlü, Avropada olanlar isə universitetlərə bağlı və nəzəridirlər. Nəticədə ABŞ-ın beyin mərkəzləri daha nüfuzedici xarakterə malikdirlər.

Bu mərkəzlər bir sıra hallarda İsraillə birgə layihələr formatında fəaliyyət göstərirlər. Digər Qərb ölkələri verilən qərarların məntiqini bölüşə bilərlər, nəzərə alsaq ki, avroatlantik identifikasiya onlar üçün məcburidir. Lakin, çox nadir hallarda bu qərarların düşünülməsində və yeni trendlərin bəyan edilməsində ciddi iştirak edirlər. Onlar sadəcə replikasiya və dəstəkverici fəaliyyətlərlə məşğuldurlar.

Postxristian düşüncə modusu

Bəzən Qərb, xüsusilə Avropa İttifaqı, xristian klubu, Hantinqtonun sivilizasiyalararası toqquşma konsepsiyası isə xristian və müsəlmanların konflikti kimi təqdim olunur. Bu sözlərdə həqiqət olsa da,əsl mənzərə daha mürəkkəbdir. Düzdü, dini dəyərlər Qərb cəmiyyətinin bazisində yer alır, xüsusilə ABŞ dindar insanların nisbətən çoxluğu ilə xarakterizə edilir. Bununla belə, din mövzusunda sosioloji araşdırmalarda ixtisaslaşan "Barna” Sorğu xidmətinin son hesabatlarına görə 2013-2015-ci illərdə Amerikada postxristian, yəni xristian inanclarından faktiki çıxan əhalinin sayı artıq 50 faizə çatıb. Dinin dünyəvi cəmiyyətdə yeri ilə bağlı alman teoloqu Ditrix Bonxefferin hələ 1951-ci ildə nəşr olunmuş "Müqavimət və başıaşağılıq. Həbsxanadan məktublar” əsərin dədinin avropalılara artıq lazım olmadığı, "dinsiz xristianlıq” adlı yeni eranın başlandığı iddia edilmişdir.

Həmin ideyanın bir növ inkarnasiyası olaraq bu gün fundamental dini dəyərlər qərarların verilməsinə az təsir edir, əsasən simvolik məna daşıyır. Həm yuxarıda qeyd olunan mərkəzi nüvənin dəyişməsi, həm də daha əvvəllər baş vermiş iqtisadi və sosial inqilablar nəticəsində beynəlxalq miqyasda real qərarların və strategiyaların formalaşdırılması iki mədəni qaynaqdan qidalanır: postprotestant iləkoşer etikanın simbiozu vəliberalizm.

Beynəlxalq hüquqda transformasiyalar – beynəlxalq təşkilatlar dəyişir

Çox vaxt deyilir ki, təkqütblü dünyada beynəlxalq dövlətlərarası təşkilatların rolu azalmışdır. Lakintrans-bürokratiyanın beynəlxalq nizamın vacib elementinə çevrilməsi daha dürüst ifadələrin seçilməsi zərurətini ortaya qoyur. Beynəlxalq təşkilatların katiblikləri və gündəlik idarəedici strukturları müasir konsepsiyaların, ideyaların hazırlanmasında və irəli sürülməsindəbir çox böyük dövlətlərin milli institutlarından daha təsiredicidirlər. Qeyd etməliyik ki, təşkilatların aparatlarında işləyən ekspertlər bir qayda olaraq Qərb dünyasının nümayəndələridi.

Bununla belə, XX əsrin "arxaik” dövlətlərin suverenliyi prinsipi beynəlxalq təşkilatların aparatlarını hələ də xeyli məhdudlaşdırır. Qəbul olunan sənədlər dövlətlərin razılığını, səs çoxluğunu almalı, bəzən isə veto prosedurundan keçə bilməlidir. Təsadüfi deyil ki, son illər beynəlxalq təşkilatların tənqid edilməsi halları liberal yönümlü analitiklər tərəfindən artır.

Hazırda beynəlxalq hüquqda müşahidə olunan təmayül dövlətlərin suverenlik prinsipini özəl hüquqla əvəz etməkdən ibarətdir. Əlbəttə, konkret dövlətin hüququnu beynəlxalq norma elan etmək hələ ki çətindir. Bu səbəbdənehtimal edilir ki, növbəti illərdə beynəlxalq qeyri-hökumət təşkilatlarının rolunun artırılması üçün səylər güclənəcək, hətta hazırkı bəzi beynəlxalq təşkilatların onlarla əvəz edilməsinin daha səmərəli və düzgün olması isbat edilməyə çalışılacaqdır. Misal üçün, Avropa Şurası yanında fəaliyyət göstərən Qeyri-hökumət təşkilatları Konferensiyasına 2003-cü ildən iştirakçı, 2005-ci ildən təşkilatın institutu statusu, Şuranın fəaliyyət proqramında iştirak hüququ verilmişdir. Beləliklə, vətəndaş cəmiyyətinə əsaslanan yeni beynəlxalq nizam nəzəriyyələri ortaya çıxa bilər.

Davamlılıq və konfrontasiya prinsipi

Qərbin beynəlxalq diplomatiyası uzun illərdir ki, ardıcıllıq və davamlılıq nümayiş etdirir. Güclər balansı və konyunktura dəyişdikdə, bu siyasətin konturları və ya ayrıca alətləri dəyişirsə də, mahiyyəti demək olar ki toxunulmaz qalır. Qərblə münasibətlərdə öz mövqelərini müdafiə edən ölkələr prosesin uzun konfrontasiya xarakteri alacağını nəzərə almalı və rahat, tez bitməsinə ümid bəsləməməlidirlər.

Davamlı konfrontasiya prinsipi müasir tarixdə ilk dəfə İsrailin Fələstin məsələsinə münasibətində sınaqdan keçmişdir. 70 ildir ki, davam edən münaqişədə İsrail yeni diplomatiya paradiqması ortaya qoymuşdur: qarşı tərəflə arzuolunan şərtlərdə razılıq mümkün olmadığından, enerjini məsələnin köklü həllinə yox, dövlətin daimi konfrontasiya şəraitinə uyğunlaşmasına yönəltmək lazımdır. Qərb diplomatiyası analoji alqoritmlə çıxış edərək, daimi konfliktin özünü məqsəd və inkişaf şərti kimi qəbul edir. Şərq diplomatiyası isə yalnız konkret nəticələrin əldə olunmasını məqsəd kimi gördüyündən, bu rəqabətdə "birinci yorulan”olur. Başqa bir tərəfdən, Qərbin siyasi elitasında mütəmadi rotasiyalar yorğunluq faktorunun yumşaldılmasına müsbət təsir göstərir.

''Aldatma'' prinsipi

İlk dəfə bu prinsip ispan konkistadorlarının yerli hindi tayfaları ilə münasibətlərində  bariz ortaya çıxmışdır. Konkistadorlar hindilərə qızıl müqabilində qiymətsiz bər-bəzək verir, hindilər belə mübadiləyə razılaşmadıqda isə tüfənglər danışmağa başlayırdı. Analoji yanaşma müasir Qərb diplomatiyasının fəaliyyətində müşahidə olunur. Vaxtilə politoloqlar Neyman və Morqenstern "zero sum game”, yəni bir tərəfin uduşunun digər tərəfin məğlubiyyətinə bərabər olan vəziyyətlər nəzəriyyəsini açıqlamışdırlar. Qərb diplomatiyası bu nəzəriyyənin keçmişdə qaldığını, hər kəsin qazandığı "positive sum game” bəyan etsə də, əslində uduşun böyük hissəsini tələb edir. Yumşaq güclə ifadə olunan bu prosesdə qarşı tərəf oyun qaydaları ilə razılaşmadıqda, yumşaq güc sərt güclə əvəz edilir.

İslam faktorunun günahkarlıq prezumpsiyası

Məşhur Fransa yazıçısı və intellektualı Mişel Uelbekin yeni çapdan çıxmış "İtaətkarlıq” antiutopiya romanında Avropanın yaxın gələcəkdə islamlaşdırılması  real və qorxunc perspektiv kimi verilir. Dünya mediasında islam dininə qarşı ritorika günü-gündən artır və güclənir, islamafobiya təbliğ edilir. Ehtimal edilir ki, bu hallar davam edəcək və genişlənəcək, çünki islam bəşəri dəyər olaraq qlobal xarakter daşıyır. İslamın qlobal xarakter daşıması onun digər qlobal layihə ilə toqquşmasını qaçılmaz edir. Bu baxımdan islam dininin sülh dini olması və ya islam ölkələrinin sosial-elmi inkişafda Qərbdən geridə qalmaları ziddiyyətləri azaltmır. Demokratiya və azad bazarlar nəzəriyyəsi qloballıq baxımından təhlükə yaradan alternativ fikirlərə qarşı bundan sonra da ardıcıl hərəkət edəcəkdir. Əsas hədəf kimi islamın meynstrimi, yəni böyük sünni dövlətlər seçiləcəkdir. İŞİD-in sünni layihəsi kimi təqdim olunması məhz bununla izah olunur.

Əksinə, İran, kürd faktoru kimi islamın periferiya zonaları dəstəklənəcək və onlara regional kart-blanş, qonşu dövlətlərə nüfuz etmə kimi imkanlar tanına bilər. Rusiyanın Dünya iqtisadiyyatı və beynəlxalq əlaqələr İnstitutu tərəfindən 2016-cı il üçün dərc olunmuş "Rusiya və dünya: iqtisadiyyat və xarici siyasət” proqnozunda qeyd olunur ki, ABŞ İraq Kürdüstanının suverenliyini yaxın gələcəkdə dəstəkləyə bilər.

Demokratiya həm dəyər, həm də alət kimi

Qərbin digər ölkələrə təklif etdiyi modelə tanınmış rus filosofu və dissidenti Aleksandr Zinovyev "Qərb. Qərbləşmə fenomeni” əsərində "kolonial demokratiya” adı verir və onun əsas əlamətlərini maraqlı şəkildə açıqlayır. Qərblə dialoqda digər sivilizasiyaların prinsipial olaraq başa düşmədikləri məqam dəyərlərlə bağlıdır. Şərq mentalitetinə dəyərlərə toxunulmazlıq və müqəddəslik statusunun verilməsi, dəyərlərlə maraqların bir birindən ayrılması xasdır. Dəyərlər çirkin hesab edilən siyasi və iqtisadi mübarizədə istifadə oluna bilməz. Qərb mentalitetində isə dəyərlərin qiyməti məhz gündəlik əməliyyatlarda istifadə oluna bilinməsindədir, dəyərlər maraqların davamıdır və əksinə. Bu səbəbdən, demokratik dəyərlər konkret geosiyasi və iqtisadi maraqların əldə olunmasında geniş istifadə edilir. Şərq diplomatiyası isə bunu riyakarlıq nümunəsi kimi gördüyündən, səhv reaksiyalar verir. Geosiyasi mübarizədə toxunulmaz dəyərlərin olmaması, demokratiyanın isə yalnız alət yox, eyni zamanda doğrudan da dəyər olduğu nəzərə alınmalıdır.

Keçmiş geosiyasi zonaların aktuallığı prinsipi

Soyuq müharibə dövründə dünyanın böyük hissəsi iki sistem arasında bölünmüşdür. Təkqütblü müasir dünyada Qərbin təsiri keçmiş rəqibin geosiyasi zonalarına da şamil olunur. Bununla belə, bu yeni zonalarda Qərbin hərəkətləri fərqlənir və qarşı tərəfin varisi, yəni Rusiyanın reaksiyalarından asılı olur. Başqa sözlə bu zonalarda irəliləmə Rusiyanın müqaviməti ilə tərs mütənasibdir. "Bild” jurnalına son müsahibəsində Vladimir Putin Rusiyanın ən böyük səhvini SSRİ dağıldıqdan sonra dərhal milli maraqlarını Qərbə bəyan etməməsində gördüyünü bildirir.Bu konsepsiyaya görə 90-cı illərdə Qərbin Şərqi Avropada və Pribaltikada irəliləməsi Rusiyanın passiv münasibəti nəticəsində mümkün olmuşdur.

Rusiyanın müqavimət potensialının qiymətləndirilməsi

Qərblə Rusiyanın konflikti fonunda üçüncü ölkələr üçün düzgün qərarların verilməsi Rusiyanın müqavimət motivlərini düzgün qiymətləndirməyi tələb edir. Rusiya qonşu dövlətlərlə Avropa İttifaqının və ABŞ-ın yaxınlaşmasına NATO-nun öz sərhədlərinə yaxınlaşması prizmasından baxır. Digər tərəfdən, qonşu dövlətlər Rusiya üçün bərpa olunması arzu edilən keçmiş həyati maraq zonalarıdır. Bu baxımdan Qərblə konfrontasiya prinsipial və uzunmüddətli xarakter daşıyır. Qeyd etmək lazımdır ki, Rusiya elitasının liberal qanadı bu mövqeyi dəstəkləmir və nəyin bahasına olursa olsun Qərblə sövdələşmənin tərəfdarıdır.

İndinin özündə günü gündən daha aydın sezilən ziddiyyət Rusiyanın potensialını zəiflədir. Bu ziddiyyət müasir Rusiya siyasətinin əsas ziddiyyəti də adlana bilər: cəsarətli və aqressiv xarici siyasət ilə məqsədləri bəlli olmayan amorf daxili siyasət bir-birini tamamlamır. Uğurlu xarici siyasət analoji daxili siyasətə və iqtisadi modelə əsaslanmalıdır. Beləliklə, Qərblə konfrontasiya səngiməsə iki ssenaridən birinin reallaşacağı nəzərdən keçirilməlidir:

a) Sosial narazılıqlar və iqtisadi gərginliklər fonunda elitanın liberal qanadının hakimiyyətə gəlməsi, Qərblə sövdələşmə, faktiki isə kapitulyasiya və geri çəkilmə, Rusiyanın parçalanması mexanizminin işə düşməsi.

b) Daxili siyasətin xarici siyasətin ardınca transformasiyası, yeni iqtisadi kursun və modelin bəyan edilməsi, rəhbər elitanın və hökumətin daxildən dəyişməsi. Bu variantın öz çətinlikləri olmaqla yanaşı, artıq Sergey Qlazyev tipli fəal proponentləri meydana çıxmaqdadır.

Ayaz Qədirov

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...