THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Kemp Devid sammiti sabitliyin başlanğıcı ola biləcəkmi?

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
7310
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 25 may 2015 – Newtimes.az

Rəsmi Vaşinqton və onun müttəfiqlərinin nüvə proqramı ilə bağlı İranla razılığa gəlməsi xəbəri Körfəz ölkələrində heç də həyəcanla qarşılanmadı. Ən yaxın müttəfiqi – ABŞ tərəfindən tərk edildiyini hiss edən Səudiyyə Ərəbistanı və digər ölkələr İranı Ərəbistan yarımadasında davam edən "destabilləşdirmə" prosesində əsas səbəbkar olaraq görürlər. Körfəz monarxları İranın, bu müqaviləyə rəğmən, regiondakı təsirini artırmaq səylərindən ehtiyat edirlər. Təsadüfi deyil ki, Kemp Deviddə sammit ərəfəsində Körfəz monarxları Səudiyyə Ərəbistanında görüşərək mövcud şəraitdə regionun təhlükəsizliyi ilə bağlı toplantı keçirdilər.

İclasın sonunda alınan yekun qərarla Səudiyyə Ərəbistanı kralı və Bəhreynin əmiri sammitdə iştirak etməyəcəkləri barədə açıqlama vermişdilər.[i] Açıqlamadan dərhal sonra bəzi Qərb mətbuat orqanları ərəblərin bu qərarının ABŞ prezidenti Barak Obamaya bir "cavab zərbəsi" olduğu barədə şərhlər verməyə başladı. Hərçənd, ilk öncə kral Salman sammitdə vəliəhd-şahzadənin iştirak edəcəyini bildirsə də bir neçə gün sonra bu qərarından vaz keçdi.[ii] Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi isə öz növbəsində bu qərarla bağlı heç bir narahatlığa səbəb olmadığını və Səudiyyə Ərəbistanı-ABŞ münasibətlərinin əvvəlki tək yüksək səviyyədə olduğunu vurğulamışdı.

2 ay öncə "İran – P5+1" formatında danışıqların Lozannada uğurla başa çatması, İsrail də daxil olmaqla, bütün ərəb ölkələrinin narazılığına səbəb olmuşdu. İranın xarici işlər naziri Cavad Zərif danışıqların uğurla sona çatması və onun nəticələri barədə fikirlərini Nyu-York Universitetindəki çıxışı zamanı vurğulamış, bunun regiona yeni bir nəfəs gətirəcəyini bildirmişdi. Səudiyyə Ərəbistanını narahat edən əsas faktor isə müqavilədə İranın irəli sürdüyü bir sıra şərtlərin Qərb ölkələri tərəfindən qəbul edilməsi idi. Belə ki, İranın nüvə proqramının "beyni" adlandırılan Abbas Araqçının "biz öz şərtlərimizi bildirdik, indi növbə cənab prezident Obamanındır" bəyanatı da çoxlarının diqqətindən qaçmamışdı. Körfəz ölkələrinin fərziyyələrinə görə, rəsmi Tehran bütün nüvə obyektlərinə beynəlxalq təftiş qrupunu buraxmaq niyyətində deyil. Çünki İran "uranın zənginləşdirilməsi prosesini tam sürətlə davam etdirəcək".

İranın öz ərazisindəki nüvə obyektlərinə beynəlxalq komissiya üzvlərini buraxmamasında əsas səbəb xarici ölkələrin kəşfiyyat qurumlarının komissiyaya sıza bilmək ehtimalıdır. Müqavilənin şərtlərinə əsasən, Beynəlxalq Atom Enerjisi Agentliyinin komissiya üzvləri istənilən nüvə obyektlərinə sərbəst şəkildə girmək hüququna malikdirlər. Lakin Əli Əkbər Salehi müqavilənin bu şərtinin dəyişdirilməsinin lehinə olduğunu dəfələrlə bildirmiş və bu cür sərbəstliyin yolverilməz olduğunu açıqlamışdı.

Lakin yuxarıda sadalanan faktlar hələ ki, tərəflər arasında imzalanan müqaviləyə xüsusi təhlükə yaratmır. Bütün region ölkələrinin ABŞ-a təzyiqləri nəticəsində dövlət katibinin müavini, xanım Vendi Şerman danışıqlar başa çatmamış ölkələrin Tehranla əlaqə yaratmaqdan boyun qaçırmalarını tələb etmişdi.[iii]

Nüvə danışıqlarının başlamasından 1 gün sonra – 26 mart tarixində Səudiyyə Ərəbistanının başçılıq etdiyi hərbi koalisiyanın Yəmən ərazisini hava hücumu ilə bombardman etməsi heç də adi bir təsadüf deyil. Qərb ekspertlərinin qənaətinə görə, Yəməndə baş verənlər Səudiyyə və İran arasındakı "regional güc" rolu uğrunda gedən qızğın mübarizədən başqa heç nə deyil. Bununla belə, əgər nüvə danışıqlarının yekun nəticələri İranın gözlədiyi şəkildə sona çatsa, o zaman rəsmi Ər-Riyad regionda "İran təsirini" dəf etmək üçün hərbi potensialını və büdcəsini bir neçə ay ərzində 10 dəfə artırmağı planlaşdırır. Bu planın real olduğunun ən bariz nümunəsi isə mayın 5-də Fransa prezidenti Fransua Ollandın Ər-Riyada rəsmi səfəri oldu. Yarımadada vəziyyətin mürəkkəbləşdiyi günlərdə dövlət başçısının bu ölkəyə səfəri düşünülmüş bir addım idi. Səfər çərçivəsində kral Salman Fransa ilə 10 milyard Amerika dolları dəyərində hərbi müqavilə imzaladı.[iv]

Vəziyyətin həssas olduğu bu mərhələdə, region iri silah satışı kampaniyaları və müdafiə sənayesi üçün ən əsas "bazar" rolunu oynayır. Geosiyasi düyünün daha da möhkəmlənməsi rəsmi Vaşinqtonun İrana olan xəbərdarlıqlarının günü-gündən sərtləşməsinə səbəb olmuşdu. İranın iddialarına əsasən, tibbi avadanlıq və ərzaq daşıyan yük təyyarəsinin paytaxt Sənada yerləşən hava limanına eniş cəhdləri Səudiyyə qırıcı təyyarələri tərəfindən əngəllənmişdir. Xoşbəxtlikdən təyyarə xəsarət almadan geriyə, Tehrana qayıtmalı oldu. Çünki mülki təyyarənin hərbi qırıcılar tərəfindən məhv edilməsi onsuz da pik həddinə çatmış Tehran-ər-Riyad münasibətlərinə birdəfəlik son qoya bilərdi. Buna baxmayaraq, nazir Cavad Zərif Nyu-Yorkdakı çıxışında "biz qonşularımızla dialoq arzusundayıq, çünki məzhəb davası hər kəs üçün bir faciədir" cümləsini işlətmişdi.

Kemp Devid sammiti vasitəsilə Barak Obama heç də Tehranla davam edən danışıqlara bəraət qazandırmaq niyyətində deyil. Əksinə, rəsmi Vaşinqton bu sammitlə özünün ən yaxın müttəfiqlərini – ərəb monarxlarını İranla nüvə danışıqlarının regionda hər kəsə mənfəət gətirəcəyinə, həmçinin sülh və stabilliyi bərpa edəcəyinə inandırmaq istəyir.

Fuad Şahbazov


[i] ABC News: "Along With Saudi King, Most Gulf Rulers to Skip US Summit"; URL: http://abcnews.go.com/International/wireStory/saudi-bahrain-kings-miss-gulf-nation-summit-us-30949614

[ii] CNN Politics: "Saudi Arabian King not coming to White House meetings with Gulf allies"; URL: http://edition.cnn.com/2015/05/10/politics/saudi-arabia-meetings-us-gulf-allies/

[iii] Albawaba News: "US official: Iran's role in regional conflicts could jeopardize nuclear deal"; URL: http://www.albawaba.com/news/us-official-irans-role-regional-conflicts-could-jeopardize-nuclear-deal-688504

[iv] RFİ english: "Saudi eager to sign tens of billions in deals with France, says French foreign minister"; URL: http://www.english.rfi.fr/economy/20150505-saudi-eager-sign-tens-billions-deals-france-says-french-foreign-minister

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Will Qatar's Diplomatic Exile Spark the Next Great War?
05 iyun 2017 Foreign Policy

Will Qatar's Diplomatic Exile Spark the Next Great War?

The Sunni Gulf powers have long been spoiling for a fight with Iran. This could be just the excuse they need.

Davamı...
China's Belt and Road to Nowhere
21 may 2017 The National Interest

China's Belt and Road to Nowhere

Beijing's mixture of political and economic priorities may not result in an overall Belt and Road policy formula that is workable.

Davamı...