
Bakı, 22 may 2015 – Newtimes.az
Adolf Hitler onu özünün "dostu", ingilis qəzetləri "Avropanın ən təhlükəli adamı" adlandırırdı. Fürer ən incə və mürəkkəb əməliyyatları məhz ona tapşırırdı.
İkinci dünya müharibəsi illərində bu avstriyalı esesçi özünün liderlik keyfiyyətlərini çox gözəl nümayiş etdirdi. O, Fransa, Yuqoslaviya və Rusiyada vuruşmaqla Avropadakı hərbi əməliyyatlarda birbaşa iştirak edirdi. 1942-ci ilin sonunda Otto Skorseni Şərq cəbhəsində ağır yaralandı və Almaniyaya "Dəmir xaç" ordeninin kavaleri kimi qayıtdı. Bu orden ona "düşmən atəşi altında göstərdiyi şücaətə" görə verilmişdi.
1943-cü ilin aprel ayında o, xarici kəşfiyyatla məşğul olan Baş imperiya təhlükəsizliyi idarəsinin (RSHA) 6-cı bölməsinə keçirilmiş və Avropa boyu müxtəlif diversiya əməliyyatlarının keçirilməsinə məsul olan şöbənin rəisi təyin edilmişdir.
Qısa bir müddətdə Skorseni ABŞ və Böyük Britaniyanın saxta valyutalarının istehsalını təşkil etdi. Bu yolla nasistlər antihitler koalisiyası ölkələrinin iqtisadiyyatını çökdürməyi planlaşdırırdılar. Lakin müttəfiqlərin kəşfiyyatı bu planı pozdu.
1943-cü ilin iyul ayında Skorseni fürerdən İtaliya diktatoru Benito Mussolinini əsirlikdən azad etmək əmrini aldı. O, bu çətin məsələnin öhdəsindən məharətlə gəldi. Seçilmiş paraşütçülər dəstəsinin başında o planerlərdə Abrusso vilayətinin dağlıq rayonu olan Qran-Sassoda yerləşən mehmanxananın yaxınlığına desantla gəldi. İtaliya diktatoru həmin mehmanxanada saxlanılırdı. Skorseninin igidləri tezliklə mühafizəni zərərsizləşdirərək Mussolinini xırda təyyarədə Almaniyaya apardılar. Bu, əməliyyatın təşkilatçısını nasist təbliğatının qəhrəmanına çevirdi. Həmin tapşırığı uğurla yerinə yetirdiyinə görə Hitler özünün sevimli dostunu "Cəngavər xaçı" ilə, Mussolinini isə – nüfuzlu "100 Muşketyor" ordeni ilə təltif etdi.
1944-cü ilin oktyabr ayında SS oberşturmanfüreri Skorseni Macarıstanın təslim olması barədə gizli danışıqlarda şübhəli bilinən ölkə rəhbəri admiral M.Hortinin oğlunu ələ keçirən xüsusi dəstəyə başçılıq edirdi. Müharibənin sonuna qədər Macarıstan Almaniya tərəfdə müharibədə iştirak etməkdə davam edirdi. Dəqiq məlumatlara görə, İ.Stalini fiziki cəhətdən aradan götürmək məqsədilə SSRİ ərazisinə göndərilən diversantlara Skorseni şəxsən təlim keçirdi. Lakin potensial qatillər sovet orqanları tərəfindən vaxtında zərərsizləşdirildilər.
Almanların 1944-cü ilin sonunda məşhur Arden yürüşündə Hitlerin tapşırığı ilə Skorseni müttəfiq qoşunlarının baş komandanı, Amerika generalı D.Eyzenhauerin ələ keçirilməsi ilə bağlı "Qrif" əməliyyatına görə məsul şəxs təyin edilmişdi. 2 minə yaxın ingiliscə danışa bilən döyüşçü diversiya tapşırığını alaraq amerikan formasında, Amerika tankları və ciplərində irəliləməkdə olan Amerika qoşunlarının arxa cəbhəsinə göndərilmişdi. Lakin bu əməliyyat özünün əsas məqsədlərinə çata bilmədi: Skorseninin tabeçiliyində olanların əksəriyyəti ələ keçdi və güllələndi. 1945-ci ilin yanvar ayında Skorseni sovet-alman cəbhəsində də buna bənzər əməliyyata rəhbərlik edirdi, lakin bu əməliyyat da uğursuz oldu.
1945-ci ilin yanvar-fevral aylarında general-mayor rütbəsində olan Otto Skorseni Prussiya və Pomeraniya uğrunda müdafiə döyüşlərində iştirak edən nizami ordunun hissələrinə komandanlıq edirdi. Frankfurt/Oderin müdafiəsində iştirak etdiyinə görə Hitler onu Üçüncü reyxin ali hərbi fərqlənmə nişanlarından biri olan "Palıd yarpaqlı Cəngavər xaçı" ilə təltif etmişdi.
Müharibənin sonuna bir ay qalmış Skorseniyə Tirol dağlarının əlçatmaz yerlərində yerləşən "Alp qalası"nın müdafiəsi tapşırılmışdı. Nasist başçıları burada sığınacaq tapmalı idilər.
1945-ci ilin may ayının əvvəllərində Skorseni RSHA-nın hərbi idarəsinin rəisi təyin edilmişdi. Lakin mayın 15-də o, Amerika qoşunları tərəfindən həbs edildi.
1947-ci ilin sentyabr ayında Skorseni Dahauda hərbi tribunal məhkəməsi qarşısında durdu. Lakin məhkəmə ona bəraət qazandırdı və o, sərbəst buraxıldı. Azadlığa çıxan Skorseni bir müddət Amerika işğalçı qoşunlarının arxivində işlədi. 8 aprel 1948-ci ildə o, təkrarən, amma bu dəfə Almaniya hakimiyyəti tərəfindən həbs olunaraq Darmştadtdakı hərbi cinayətkarlar düşərgəsinə yerləşdirildi.
1948-ci ilin iyul ayında Skorseni düşərgədən qaçdı. O, bir müddət Argentina və İspaniyada yaşadı. Yarım ildən sonra o, keçmiş esesçilərə və hərbi cinayətkarlara ədalət mühakiməsindən qaçmaqda köməklik edən "Hörümçək" adlı məxfi təşkilat yaratdı. İspaniya diktatoru F.Frankonun müdafiəsi altında Otto Skorseni keçmiş esesçilərin "ODESSA" gizli birliyinin təşkilində aparıcı rol oynamışdı. Onun kanalları vasitəsilə Almaniyadan Cənubi Amerikaya 500-dən çox adam keçirilmişdi.
Həmin illərdə uzaqgörən Skorseni Qahirədə məxfi xidmətin yaradılmasında da fəal iştirak edirdi. Məlumdur ki, almanların xüsusi xidmət orqanlarında diversiya hazırlığı keçən ərəblərin arasında Fələstinin gələcək lideri Yasir Ərafat da vardı.
1950-ci ildə Skorseni İspaniyada məskunlaşdı və rəsmi olaraq sahibkarlıqla məşğul olmağa başladı. Asudə vaxtlarında o, özünün şücaətlərində bəhs edən memuarlar yazırdı. Hər nə olursa-olsun, amma 1951-ci ilin yanvar ayında Skorseni soyadı rəsmi olaraq AFR hakimiyyəti tərəfindən axtarışda olan hərbi canilər siyahısından silindi.
50-ci illərdə Skorseninin köməyi və prezident Camal Əbdül Nasirin dəstəyi ilə Misirdə bir sıra alman mütəxəssisləri müasir raket texnikasının yaradılması sahəsində çalışırdı. Lakin o illər AFR-in qanunvericiliyi ölkənin digər dövlətlərlə hərbi-sənaye sahəsində əməkdaşlığına qadağa qoymuşdu. Alman mütəxəssisləri Qahirədən geriyə çağırıldı. Beləliklə də Misirin İsrailə xoşagəlməz hallar vəd edən hərbi proqramının qarşısı alınmış oldu.
Bu arada, misirlilərin hərbi gücünün artması İsrail hakimiyyətinin özünü də narahat edirdi. İsrail raket sistemlərinin düzəldilməsi sahəsində yeni işlər haqqında etibarlı informasiya kanalı axtarırdı. Bu məqsədlə İsrailin MOSSAD kəşfiyyat qurumu keçmiş SS oberşturmanfüreri Otto Skorsenini öz tərəfinə çəkmək qərarına gəldi. MOSSAD agentləri ilə görüş zamanı Otto Skorseni yaxşı mükafat alaraq onları maraqlandıran qiymətli informasiya verdi, habelə mossadçıları özünün çoxdandır tanıdığı, bir neçə il Misirdə işləmiş və raket layihəsini kurasiya edən mühəndislə əlaqələndirdi.
Otto Skorseni ötən əsrin 70-ci illərinin ortalarına qədər aktiv həyat tərzi keçirdi. Məşhur diversant 1975-ci ilin iyul ayında 67 yaşında Madriddə dünyasını dəyişdi və Üçüncü reyxin bir çox sirlərini özü ilə apardı.
Pərvin Darabadi,
Tarix elmləri doktoru, professor
98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.
Davamı...