THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Avropa yol ayrıcında – dünya iqtisadi böhranı və Avropa evinin perspektivləri

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
14091
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Napoleon imperiyasının süqutundan sonra Avropa xeyli dərəcədə monolit görünürdü. Avropa dövlətləri müharibədəki müttəfiqlikdən sonra siyasi birliyə isti baxırdılar. Lakin həmin dövrdə belə Avropa XXI əsrin əvvəllərində olduğu qədər birləşmiş və Şərqə doğru genişlənmə imkanına malik qurum təsiri bağışlamırdı.

Hazırda Avropa İttifaqının ümumilikdə 500 milyondan çox əhalisi olan 27 dövləti ilk baxışdan bir bazarda birləşmiş sarsılmaz geosiyasi vahidi xatırladır. Bu bazarın Şərqə doğru irəliləməsini postsovet ölkələrinin iqtisadçıları və siyasətçiləri dönməz tarixi proses kimi qiymətləndirirlər və getdikcə daha çox yeni ölkə Avropa inteqrasiyası orbitinə cəlb olunurlar. Üç il əvvəl Aİ MDB-nin altı respublikası ilə Şərq Tərəfdaşlığı bazasında yeni danışıqlara başlamışdır. Danışıqların mahiyyəti yenə də Avropa İttifaqının genişlənməsinə gətirib çıxarır.

Lakin dünya iqtisadi böhranı öz təsirini göstərir və bu gün biz artıq Avropa perspektivlərini problemsiz açıq səma kimi qəbul edə bilmirik. 2012-ci ilin aprelində Beynəlxalq Əmək Təşkilatı (BƏT) qlobal məşğulluğa dair növbəti xülasə dərc etmişdir. BƏT-nin hesablamalarına görə, bu və gələn il dünyada işsizliyin səviyyəsi müvafiq olaraq 6.1 faiz və 6.2 faiz təşkil edəcəkdir və 2016-cı ilədək böhrandan əvvəlki 5.4 faizə enməyərək, 6 faizdən yuxarı səviyyədə qalacaqdır. Lakin bu bədbin göstəricilər reallığı tam nümayiş etdirmir. Məsələ burasındadır ki, Avropada vəziyyət daha pisdir – avrozonada iş axtaran adamların sayı 11 faizə yaxınlaşır. Ümumiyyətlə, inkişaf etmiş ölkələrdə işsizliyin səviyyəsi ümumdünya səviyyəsindən xeyli çoxdur və 2013-cü ilədək 9.4 faizdən artıq olacağı proqnozlaşdırılır.

Beynəlxalq təşkilatlar Avropada resessiyanın davam etməsinin beş əsas səbəbini göstərirlər: daxili tələbatın aşağı olması; şirkətlərin iqtisadiyyata əvvəlki kimi sərmayə qoymaması; bankların pis aktivlərlə yüklənməsi və kreditləri ixtisara salması; avrozonada dövlət borcunun və büdcə kəsirinin borcalma faizlərini artırması; valyuta məzənnələrinin olmaması devalvasiyaya imkan vermir. Qeyd etmək olar ki, bütün bu səbəblər görünür daha çox indiyədək məlum olmayan daha dərin amillərin nəticəsidir.

Qərbin liberal iqtisadçılarının düşüncələri hansı tərəfə yönəlmişdir? İqtisadiyyatın natarazlığının həmin bu dərin amillərinin üzə çıxarılmasınamı? Xeyr. Avropa və Amerika iqtisadçıları iki müxtəlif "prinsipial” düşərgəyə bölünmüşlər: maliyyə asketizmi tədbirlərinin tərəfdarları və iqtisadi yüksəlişin stimullaşdırılmasının tərəfdarları.

Bu yaxınlaradək Avropanın ən güclü iqtisadiyyatı sayılan Almaniya tərəfindən dəstəklənən qənaət tədbirlərinin tərəfdarları üstünlük təşkil edirdilər. Yunanıstanın, İrlandiyanın, Portuqaliyanın, İspaniyanın, İtaliyanın borcları Avropanın bir çox siyasətçi və iqtisadçılarını qorxuya saldı və Avropa İttifaqının demək olar ki, bütün ölkələri xanım Merkelin kursunun ardınca  getməyə razılıq verdilər. Bu ilin martında Avropa İttifaqının 25 ölkəsi xanım kanslerin müdafiə etdiyi yeni fiskal müqaviləni imzaladılar. Almaniyanın təkliflərinin mahiyyəti sadədir. Ölkələr kəmərlərini bərk çəkməli və Maastrixt göstəricilərinə, - büdcə kəsiri ÜDM-nın 3 faizindən, dövlət borcunun ÜDM-yə nisbəti 60 faizdən çox olmamalıdır, – nail olmağa can atmalıdırlar. Əslində bu, dövlət xərclərinin azaldılması, vergilərin, özü də ilk növbədə, qeyri-korporativ vergilərin artırılması, əmək haqqının, pensiyaların azaldılması, dövlət qulluqçularının işdən çıxarılması deməkdir. Almaniya bunları çox sadə izah edir: bu ölkə Yunanıstanın və digər ölkələrin borclarını ödəmək istəmir və hamını alman qənaətçiliyinə çağırır. Lakin Yupiter üçün mümkün olan öküz üçün əlçatmazdır və dövlət xərclərinin ixtisara salınması siyasəti problemli ölkələrdə nəticə vermir.

Yunanıstan yenə də defolta doğru gedir. İtaliya, Belçika, Niderland və Çexiyanın ardınca İspaniya da rəsmən son üç ildə ikinci dəfə resessiyaya uğramışdır. Avrostatın məlumatına görə, bu il Fransada dövlət borcu ÜDM-in 86 faizini təşkil edərək Maastrixt normativlərindən xeyli yüksək olmuşdur. Elə Almaniyanın özündə də hər şey yaxşı deyildir: DAX birja indeksi qonşu ölkələrin maliyyə bazarlarında həyəcanlanmanın ardınca aşağı düşür, milli borc ÜDM-in 80 faizindən çoxdur. Hollandiyada maliyyə qənaəti strategiyasına ciddi zərbə vurulmuşdur. Baş nazir Mark Rutte büdcənin 14 milyard avro  ixtisara salınması planının parlamentdə müzakirəsindən sonra istefa verməli olmuşdur. Halbuki Hollandiya Avropa İttifaqının çiçəklənən ölkələrindən biri və Almaniyanın sadiq müttəfiqidir.

İqtisadi yüksəlişin stimullaşdırılmasının tərəfdarları deyirlər: "Bu, təəccüblü deyildir, fiskal ixtisarlar siyasəti iqtisadi problemlərin həlli üçün deyil, mühasibat və maliyyə hesabatlarının qaydaya salınması üçün yaxşıdır”. Son günlər stimullaşdırma tərəfdarlarının  sıralarından xeyli səslər eşidilməkdədir. BVF-in icraçı direktoru, Avropa Mərkəzi Bankının başçısı, İtaliyanın Baş naziri, ABŞ xəzinəsinin katibi Avropa ölkələrinin, ilk növbədə Almaniyanın fiskal qənaət tədbirləri ilə məhdudlaşmayaraq Avropa İttifaqının iqtisadiyyatının stimullaşdırılması siyasətinə başlamağa çağırmışlar.

Nobel mükafatı laureatı, Amerika iqtisadçısı Pol Kruqman hesab edir ki, korporativ vergilərin və dövlət xərclərinin azaldılması iş yerlərinin və iqtisadiyyatın ixtisarına gətirib çıxararaq depressiv iqtisadiyyatlarda vəziyyəti daha da pisləşdirir. Hər bir iqtisadçı bilir ki, iqtisadiyyatın azaldılması dövlət borcunun getdikcə artmasına gətirib çıxarır, başqa sözlə, borc azalmaqdansa, perspektivdə artır.

Lakin iqtisadi artımın stimullaşdırılmasının tərəfdarları nə təklif edirlər? Fransa sosialisti, bu gün isə artıq Fransa Prezidenti, cənab Oland bu yaxınlarda təkliflərin bir hissəsini açıqlamışdır. Sosialistlər Avropa İttifaqının bu yaxınlarda imzalanmış müqaviləsinə 4 düzəliş təklif edirlər: infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün kollektiv avrobondların buraxılması, Aİ struktur fondlarından daha geniş istifadə olunması, maliyyə əməliyyatlarına vergi, Avropa Mərkəzi Bankının yeni iş yerlərinin yaradılmasını maliyyələşdirilməsi. Aydındır ki, özəl sektorun kreditlərlə dəstəklənməsi və daxili tələbatın artırılması məqsədi ilə pul təkliflərinin genişləndirilməsi təşəbbüslərin əsasını təşkil edir.

Almaniya kollektiv avrobondların buraxılmasının əleyhinədir, çünki bu halda öhdəliklərin gələcəkdə ödənilməsi yükü alman vergi ödəyicilərinin boynuna düşəcəkdir. Ancaq məsələ heç bunda da deyildir. Əvvəla, maliyyələşdirmənin genişləndirilməsi belə bir sadə faktla üzləşəcəkdir ki, Avropa Mərkəzi Bankı ABŞ Federal Rezervindən fərqli olaraq pul intervensiyası üçün geniş səlahiyyətlərə malik deyildir. AMB-nin başlıca vəzifəsi tamamilə əksinə, daha dəqiq desək, inflyasiyanı saxlamaqdan ibarətdir. Digər tərəfdən iqtisadiyyata pul qoyulmasının nəticə verəcəyinə heç kim zəmanət vermir. ABŞ Federal Rezervi artıq bir neçə ildir ki, ABŞ iqtisadiyyatı müxtəlif yollarla dollarla təmin edir. Lakin hələlik bu, nəzərəçarpacaq nəticələr vermir. ABŞ iqtisadiyyatının rüblük artımı statistik xətalar çərçivəsində qalır, məşğulluğun səviyyəsi isə artmır.

Əgər kreditin genişləndirilməsinin də nəticə vermədiyi aydın olarsa, onda bir opsiya qalır. Artıq indi bəzi iqtisadçılar iddia edirlər ki, vahid valyuta devalvasiya yolu ilə iqtisadiyyatın və ixracın rəqabət qabiliyyətliyini artırmağa imkan vermədiyi üçün problemli ölkələrə mane olur. Bir sıra ölkələrin avrozonadan çıxması, öz növbəsində, tamamilə başqa konfiqurasiyanın, məsələn, iki və ya üç səviyyəli Avropanın, yaxud AİB-in köhnə sərhədlərinə qayıdışının əvvəli ola bilər. Bu, həqiqətə uyğun görünmür. Hər halda Aİ ölkələrinin iqtisadiyyatlarının Maastrixt normativlərinə uyğunlaşacağı ehtimalı getdikcə azalır.  Bu isə yeni Avropa müqaviləsinin əsas şərtlərindən biridir.

Alman filosofu Şpenqlerin ardınca Avropanın süqutundan danışmaq tez olduğu kimi, Avropadakı indiki əhval-ruhiyyəni bəzi şərhçilərin etdiyi kimi, Veymar Respublikası ilə müqayisə etmək də nəzakətsizlikdir. Hər halda bütün Avropada avroskeptiklərin və radikal sağ hərəkatın artması faktı şübhəsizdir və buna görə də daha ciddi münasibət tələb edir.

Ayaz Qədirov

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Müharibəni necə bərpa etməli?
23 aprel 2019 The Washington Times

Müharibəni necə bərpa etməli?

Dağlıq Qarabağ müharibəsi təkcə Cənubi Qafqazda deyil, həm də ABŞ-dakı erməni diasporu və Amerika Erməni Milli Komitəsi (ANCA) kimi erməni təşkilatları tərəfindən Birləşmiş Ştatlarda aparılır.

Davamı...
Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...
25 mart 2019 The Washington Times

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...

Azərbaycanın yeni İpək Yolundakı mövqeyi onun bölgədə aparıcı rola yiyələnməsi üçün nəzərdə tutulub. O, bu rola hazırdır.

Davamı...