THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

İraq: mümkün sülh və müharibə ssenariləri

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
11594
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 19 may 2015 – Newtimes.az

ABŞ-ın 2003-cü ildə İraqa təcavüzü təkcə bu ölkədə deyil, bütövlükdə, Yaxış Şərqdə uzun illərdir ki, qərarlaşmış siyasi, konfessional, etnik qüvvələr balansını pozdu. Koalisiya qoşunlarının gəlməsi İraqda sünni-şiə vətəndaş müharibəsinin başlamasına, ərəb dünyasının digər hissələrində də şiələrin siyasi aktivliyinin artmasına səbəb oldu. "Ərəb baharı" bu iki müsəlman icması arasında qarşıdurmanı kəskinləşdirdi, çünki diktator rejimlərinin iflası şiə dirçəlişi üçün imkanlar açdı, eyni zamanda, sünnilərin etiraz hərəkatının güclənməsi nəticəsində Yaxın Şərqin ideoloji məkanında inqilabi şiəliyin monopoliyasını sual altına aldı.

2015-ci ilin əvvəllərinə yaxın İraqda siyasi və hərbi qarşıdurma aşağıdakı istiqamətlərdə davam edirdi: sünni-şiə, kürd muxtariyyəti-mərkəzi hökumət, cihadçılar-hökumət qoşunları. Müxtəlif siyasi və dini əqidələrə qulluq edən ekstremist və terrorçu qruplaşmalar özlərinin təsir dairəsini genişləndirməyə çalışırlar. Toqquşmalar əsasən İraqın şimal, qərb və mərkəzi əyalətlərində gedir. Son 10 ildə 200 mindən çox insan həlak olmuş, bir neçə milyon isə qaçqın düşmüşdür.

İraqın cənubunda sünni-şiə qarşıdurması sünnilərin ölkənin cənubundan zorla "sıxışdırılıb çıxarılması" xarakterini almaqdadır.

Konfessiyalararası düşmənçilik zəminində sünni "Oyanış qüvvələri" ("Səhva") ilə hökumət qoşunları arasında toqquşmalar, o cümlədən hərbi toqquşmalar baş verir. Son illər sünni hərbi qruplaşmaları, o cümlədən Bəəs partiyasının keçmiş fəalları və S.Hüseyn ordusunun zabitləri, habelə müxtəlif terrorçu strukturlar şiələrin başçılıq etdiyi Heydər əl-Abadi hökuməti ilə yeni mübarizə metodlarına əl atmağa başlamışlar. Ekstremist qruplaşmalar (məsələn, "İraq və Şam İslam Dövləti") "əl-Qaidə" ilə sıx əlaqədədir. Sünni birləşmələrinin məqsədi hakim şiə koalisiyasını devirməkdir. Yaraqlılara bəzi Ərəbistan monarxiyaları və ilk növbədə Səudiyyə Ərəbistanı dəstək verir. Belə ki, Səudiyyə Ərəbistanı sünni qruplaşmalarını pul, silah və təlimçilərlə təchiz edir.

2007-2008-ci illərdə olduğu kimi, konfessiyalararası qarşıdurma nəticəsində ölkə irimiqyaslı vətəndaş müharibəsi həddinə çatmışdır. İraq ərazisinin parçalanma ehtimalı yüksəkdir. Qərb əyaləti olan Ənbər sünniləri Suriyanın şərq hissəsindəki sünnilərlə konfessional qohumluqlarından və tayfa əlaqələrindən faydalanaraq İraq-Suriya sərhədində sünni ərazi qurumu yarada bilərlər. İraq və Suriyanın kürd rayonları bu cür sxem üzrə bir-birinə yaxınlaşmaqdadırlar. Həmçinin əhalisi əsasən şiələrdən ibarət olan cənubi İraqın ayrılması da mümkündür.

İraqın mərkəzi hökuməti ilə kürd muxtariyyəti hakimiyyəti arasındakı münasibətlərdə bir sıra həll olunmayan siyasi, iqtisadi və hərbi problemlər qalmaqdadır. Eyni zamanda, hər iki tərəf mövcud ziddiyyətləri kəskinləşdirməməyə və əməkdaşlıq etməyə çalışırlar.

Kürd rəhbərliyi özünün separatçı siyasətinə iqtisadi təməl qoymağa çalışır və buna nail ola bilir. Çoxlu miqdarda neft ehtiyatlarına malik olan kürd muxtariyyəti bu xammalın hələ "ərəb baharı"ndan xeyli əvvəl müstəqil ixracatına başlamışdı. Kürdlər Türkiyəyə şəbəkə tədarüklərini təmin etmək üçün yaxın vaxtlarda buraxılış qabiliyyəti gündə 300 min barel olan neft kəmərinin tikintisini başa çatdırmağı planlaşdırırlar. Amerika ilə Türkiyə arasında İraq Kürdüstanının ərazisində birgə neft kəşfiyyatları haqqında sazişin imzalanmasından sonra hökumət Türkiyəyə tədarük etmək üçün daha bir neft kəmərini tikmək niyyətindədir. Bu kəmərlə Əkra, Şeyxan və Bərdəraş rayonlarındakı yataqlardan gündə 500 min barelə yaxın neft ötürüləcəkdir. Səmərəli investisiya iqliminə malik olan və İraqın digər rayonları ilə müqayisədə daha təhlükəsiz olan İraq Kürdüstanı buraya artıq 50-dən çox xarici neft şirkətlərini cəlb etmişdir. Bu şirkətlər həmin sahəyə 20 mlrd. dollar həcmində sərmayə qoymuşlar. Ərbilin dünya karbohidrat bazarında müstəqil oyunçu olmağa can atmasına ağrılı reaksiya verən Bağdad xarici iqtisadi sahədə bu cür müstəqilliyi "qaçaqmalçılıq və İraq xalqının mülkiyyətinin talan edilməsi" kimi qiymətləndirir. İraqın mərkəzi hökuməti ölkənin neft gəlirlərinin təxminən 80%-nin paytaxtda qalmasını təmin edən mövcud status-kvonu saxlamağa çalışacaqdır.

Bütövlükdə, ölkə iqtisadiyyat və sosial sahədə xeyli çətinliklərlə üzləşir. Xeyli karbohidratlar ehtiyatına malik olan dövlət iqtisadiyyatın normal fəaliyyətini təmin edə, əhalinin həyat səviyyəsini qaldıra, ya da heç olmasa stabilləşdirə bilmir. Ölkədə elektrik enerjisinin verilməsində fasilələr baş verir, içməli su çatışmır, nəqliyyat stabil işləmir, kənd təsərrüfatında təkrar istehsal prosesi pozulmuşdur, işsizlik yüksək səviyyədədir, əhaliyə tibbi xidmətin göstərilməsi sahəsində də vəziyyət mürəkkəbdir. Büdcənin çox hissəsi əhaliyə birbaşa dəstək göstərilməsinə, o cümlədən ərzaq paylarının verilməsinə xərclənir. İraqda davam edən siyasi qeyri-stabillik, ölkədə lazımi qanunvericilik bazasının olmaması, təhlükəsizliyin təmin edilməsi məsələsində ciddi problemlərin olması, yerli bürokratiyanın özbaşınalığı bir çox xarici investorları ölkədə işləməkdən çəkindirir.

Hal-hazırda İraqdan Suriyaya müxalifətə yardım göstərmək üçün sünni yaraqlılar axın edir. Suriyada rejimin çökməsi İraqın özündə sünnilərin anti-şiə aktivliyinin artmasına gətirib çıxara, cihadçıların axını isə ikitərəfli xarakter, yəni Suriyadan İraqa və İraqdan Suriyaya istiqamət ala bilərdi. İndi onların cəmləşdiyi əsas yer Suriya-İraq sərhədidir. Belə bir vəziyyəti 2003-2007-ci illərdə ABŞ və İraq hökumətinin qoşunlarına qarşı sünni qiyamçılarını dəstəkləyən Dəməşqin özü yaratmışdır.

Son nəticədə Suriya-İraq sərhədi yaxınlığında sünni kvazidövləti yarana bilər, çünki sərhədin hər iki tərəfində eyni tayfalar yaşayır. İraq ərazisində fəaliyyət göstərən və "nüvəsi" "İki Böyük Çay" (əl-Qaidə fi-biləd ər-rafidayn) ölkəsindəki "əl-Qaidə"nin təşkil etdiyi sünni qruplaşmalarının birliyi olan "İraq İslam dövləti"nin əmiri (başçısı) iki təşkilatın – "İraq İslam dövləti" və "Böyük Suriya əhalisinin dəstək cəbhəsi" (Cəbhə ən-nusra li-əxl aş-şam) buraxıldığını və onların yeni "Böyük Suriya və İraq İslam Dövləti"nə çevrildiyini bildirmişdir (əd-Daulə əl-islamiyə fibilənd aş-şam va-əl-iraq – Suriya, Livan, İsrail, İordaniya kimi müasir dövlətlərin ərazisində, habelə Fələstinin əraziləri olan Qəzzə bölgəsində və İordaniya çayının Qərb sahilində Osmanlı imperiyasının dağılmasından sonra Böyük Suriyanın ("Biləd aş-şam") yaradılması ilə bağlı baş tutmayan layihə nəzərdə tutulur. Ərazinin islamaqədərki adı olan Suriya adından 1918-ci ildə Osmanlı imperiyasının dağılmasına qədər istifadə olunurdu). Beləliklə, İraq və Suriya ərazilərinin "əl-Qaidə"nin və onunla birləşmiş sünni qruplaşmalarının nəzarəti altında olan bir hissəsini əhatə edən yeni kvazidövlətin yaranması üçün təməl qoyulmuş olur.

"Böyük Suriya və İraq İslam dövləti”nin elan edilməsi Suriyanın Əsəddən sonrakı siyasi quruluşu uğrunda mübarizədə bir epizoddur. Bu mübarizə çoxsaylı qruplaşmalar və güc mərkəzləri, o cümlədən xaricdəki güc mərkəzləri arasında gedir.

Suriyaya qonşu olan iki dövlətdə (Livan və İordaniya) olduğu kimi, İraqda da stabilliyin pozulması eyni neqativ nəticələrə – qaçqın axınının artmasına, konfessiyalararası və dövlətlərarası münaqişələrin güclənməsinə, KQS-nın yayılması ehtimalının yüksəlməsinə, hakim rejimlərin (ilk növbədə Livan və İordaniyada) zəifləməsinə, iqtisadi durumun kəskin şəkildə ağırlaşmasına gətirib çıxarmışdır. Suriya böhranının təsiri nəticəsində Livanda, İraqda və hətta Yəməndə belə sünnilərlə şiələr arasında münasibətlər kəskinləşir.

İraq üçün müsbət ssenari kənar qüvvələrin müdaxiləsini minimuma endirmək şərtilə ümummilli dialoq əsasında konfessiyalararası və millətlərarası münaqişələri tənzimləmək və ya ən azı gərginliyi azaltmaqdan ibarətdir. Bu halda İraq iqtisadiyyatının dirçəlməsi, ordunun möhkəmlənməsi ölkəyə yenidən regional liderlərdən birinə çevrilməyə, İranla, ABŞ-la indikinə nisbətən daha bərabərhüquqlu münasibətlər qurmağa, qonşu ərəb dövlətləri və Türkiyə ilə əməkdaşlıq üçün təməl yaratmağa imkan verər. İraqla Rusiya arasında keçmişdə mövcud olan çoxtərəfli münasibətlərin, ilk növbədə iqtisadi münasibətlərin və xarici ticarət əlaqələrinin bərpası üçün də real imkanlar açılmış olar.

Lakin neqativ ssenari daha realdır. Mərkəzi hakimiyyət qarşıdurmanın kompromisə hazır olmayan əsas iştirakçılarını barışdırmaq iqtidarında deyil. Vahid cəbhə xəttinin olmadığı və çoxsaylı "ikinci dərəcəli" fikir ayrılıqlarının mövcud olduğu, silah bolluğu və gizli terror təşkilatlarının fəaliyyət göstərdiyi bir şəraitdə vəziyyət hələ uzun müddət stabilləşməyəcəkdir. Əsas qüvvələr ölkənin gələcəyinə müxtəlif prizmadan baxırlar, lakin daxili birliyi olmayan müxalifət hərbi çevriliş təşkil etmək və hakimiyyəti "yıxmaq" iqtidarında deyil. Bu isə qeyri-stabillik dövrünün hələ uzun müddət davam edəcəyini göstərir.

Daha uzaq perspektivdə ölkədə stabilliyin bərpa edilməsinə ölkənin inzibati-ərazi bölgüsündə aparılmalı olan islahatlar köməklik edə bilərdi. Dövlət hakimiyyətinin əks-mərkəzləşdirilməsi, regional idarəetmə orqanlarına yerlərdə sosial-iqtisadi inkişafın tənzimlənməsi üzrə daha mühüm funksiyaların verilməsi bu günün bir çox ziddiyyətlərini aradan qaldırmağa, mərkəz rəhbərliyi ilə region rəhbərləri arasında inamı gücləndirməyə kömək edərdi. Lakin H. əl-Abadi hökuməti federalizm əsaslarında real əksmərkəzləşməyə neqativ münasibət bəsləyir.

Kəmalə Səfiyeva,

Tarix üzrə fəlsəfə doktoru

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...