
Bakı, 23 fevral 2015 – Newtimes.az
Qışın gəlişi və Ukrayna böhranı fonunda Aİ-nın qaz
təminatının dayanıqlığı ilə bağlı narahatlıq artmışdır. Bu isə öz növbəsində
Aİ-nı daxili tələbatı ödəmək məqsədilə etibarlı mənbələr axtarmağa vadar edir. Belə
bir qənaət var ki, maye qaz (MQ) Aİ-nı Rusiyadan gələn qazın verilməsində
yarana biləcək problemlərdən sığortalaya bilər. Hazırda Aİ-nın MQ idxalının 25
faizi Norveç, Qətər, Əlcəzair, Nigeriya, Misir, Liviya və Trinidad və Tobaqonun
üzərinə düşür, potensial ixracatçılar isə ABŞ və Avstraliyadır.
Avropada MQ terminallarının inkişafı Aİ enerji
siyasətinin yeganə qaz təminatçısından asılılığının azaldılması ilə bağlı başlıca
prioritetləri sırasındadır. Almaniya, Fransa və İtaliyada MQ terminallarının
yaradılması sahəsində böyük işlər görülmüşdür, lakin Mərkəzi və Şərqi Avropa
sərmayə qıtlığı və Rusiya qazından asılılığı, habelə yeniliklərin tətbiqi
baxımından olduqca geridədir.
Buna baxmayaraq, Aİ Rusiyanın təbii və MQ ixracına
sanksiya tətbiq etmədi və hazırda bir sıra Aİ-na üzv dövlətlər Rusiyaya qarşı
tətbiq olunan sanksiyaların uzadılmasını dəstəkləmir. Mənbələrin
şaxələndirilməsi ilə yanaşı MQ ticarəti təbii qazın ənənəvi nəqli (boru
kəmərləri vasitəsilə) zamanı yarana
biləcək risklərin aradan qaldırılmasına xidmət edir. Avropada MQ sektoru
inkişaf etdikcə boru kəmərlərinin rolu azalır. MQ ticarəti uzun və qısa
müddətli sazişlər vasitəsilə həyata keçirilir. Təbii qazın mayeləşdirilməsi və
yenidən qaz şəkilinə gətirilməsi, nəqli və terminalın daxili paylanma
şəbəkəsinə qoşulması olduqca bahalı prosesdir.
Lakin, tranzit dövlətlərin mövcudluğu və kəmərlərlə bağlı terror təhlükəsi
faktorların olmaması coğrafi baxımından uzaq bazarlar üçün MQ nəqlini mənfəətli
edir. Bununla yanaşı, dəniz marşrutlarının blokadası və açıq dənizdə gəmilərə
qarşı pirat hücumları kimi siyasi qeyri-sabitlik MQ ticarətini təhdid edə
bilər.
Qərbi Avropa – Bu günədək Aİ-nın İspaniya, Fransa, İtaliya, Portuqaliya, Yunanıstan, Böyük Britaniya, Niderland və Belçika kimi dövlətləri MQ terminallarının yaradılması işində böyük irəliləyiş eldə ediblər. Almaniyanın "E.ON” şirkəti Qətərin "RasGas” şirkəti ilə Böyük Britaniyaya MQ nəqli ilə bağlı 3-illik müqavilə bağlayıb. Bundan əlavə, Rusiya qazından asılılığı və Ukrayna böhranı Almaniyanı "E.ON” şirkətinə maliyyə vəsaiti ayırmağa və Kanada (Qoldboro), Şərqi Afrika (Mozambik), Cənubi Amerika (Peru və Kolumbiya) və Aralıq dənizində olan MQ layihələrində pay almasına vadar etmişdir.
Fransanın "GDF Suez” şirkətinə də Luiziana ştatında
yerləşən "Kameron” (Cameron) yatağından Azad Ticarət Sazişinə üzv olmayan
dövlətlərə MQ ixracı ilə bağlı ABŞ Enerji Departamenti tərəfindən müvafiq icazə
verilib. Eyni zamanda, Fransanın "Total” şirkəti, Rusiyanın "Novatek” və Çinin
"CNPC” şirkətləri birlikdə "Yamal” yatağından Avropaya qaz nəqli (Belçika,
Fransa və İspaniya limanları vasitəsilə) üzərində çalışırlar. MQ nəqli ilə
bağlı daha bir imkan Şimali Fransada inşa ediləcək "Arc de Dierrey” kəməri
sayəsində yarana bilər ki, bu kəmərin 2016-cı ildə Almaniyanın Dunkirk limanı
ilə birləşməsi nəzərdə tutulur. İtaliyanın "Enel” şirkəti ABŞ-ın "Cheniere
Energy” şirkəti ilə ABŞ-ın şist qazı yataqlarından əldə olunacaq ildə 3 milyard
kubmetr həcmində MQ ixracına dair 20 illik müqavilə imzalayıb. Bundan əlavə,
Böyük Britaniyaya MQ nəqlinə dair Britaniyanın "British Centrica” şirkətinin
"Qatargas” ilə bağladığı dörd illik müqavilə, habelə Belçikanın Veurne
şəhərində yük maşınları üçün MQ doldurma stansiyasının inşası bu mənada
əhəmiyyətli layihələr sırasındadır.
Şərqi Avropa – bu regionun Rusiya qazından ən asılı vəziyyətdə olan dövlətlərindən biri olan Polşa vəziyyəti dəyişdirmək üçün Avstraliya, Qətər və ABŞ-dan MQ idxal etmək arzusundadır. Bu mənada Polşanın Şvinouystye terminalı vasitəsilə (2015-ci ilin ortalarında təhvil verilməsi nəzərdə tutulub) ildə 1.5 milyard kubmetr qazın ixracı ilə bağlı Polşanın "PGNiG” və "Qatargas” arasında imzalanmış 20 illik müqavilə asılılığın azaldılması baxımından vacib sayıla bilər. Lakin məsələ hələ də müzakirə mövzusudur və Qətər, ABŞ və Avstraliyanın MQ Polşa üçün Rusiya qazından baha başa gələcək. Həmçinin, coğrafi yaxınlığı və Asiya bazarında qiymətlərin yüksək olmasını nəzərə alsaq, həmin region Avstraliya və ABŞ MQ üçün ən münasib seçimdir.
Xorvatiya və Polşa "Şimal-Cənub” qaz kəməri dəhlizi
vasitəsilə özlərinin MQ terminallarını birləşdirmək istəyir. Alternativ qaz
dəhlizi hesab edilən "Şimal-Cənub” layihəsi yalnız bir kəmərdən ibarət deyil. Buraya
Şvinouystye (Swinouscje) MQ terminalı (Polşa), Baltik dənizi boru kəməri
(Norveç qazını Polşaya nəql edəcək), Polşa-Slovakiya və Çexiya-Polşa
Birləşdirici Kəmərləri, Çexiya-Slovakiya və Macarıstan-Slovakiya Birləşdiriciləri
Kəmərləri, habelə Xorvatiya-Macarıstan və Macarıstan-Rumıniya Birləşdiriciləri
Kəmərləri daxildir.
Onların genişlənmə imkanlarını nəzərə alsaq,
gələcək şaxələndirmə üçün Baltik dənizinin, Polşanın, Bolqarıstanın və
Xorvatiyanın MQ limanları əlverişli hesab olunur. Şvinouystye (Swinouscje) MQ
terminalı "Gazprom” ilə endirim müzakirəsi zamanı Polşanın mövqeyini gücləndirə
bilər. Çünki MQ ixracına gəldikdə, Rusiya daha çox boru kəmərləri şəbəkəsindən
istifadə etdiyi və MQ yalnız Asiya bazarına ixrac etdiyindən, bu sahədə onun
bir o qədər də geniş imkanları yoxdur.
Litva da bu arada potensial olaraq Polşa-Litva
Birləşdirici Kəmər vasitəsilə Klaypeda MQ terminalı üzərindən Polşaya əlavə qaz
həcmi nəql edə bilər. Artıq Polşanın "Gaz-System” və Litvanın "AB Amber Grid”
şirkətləri Avropa İttifaqına müraciət edərək "Avropa Birləşdirən Vasitə”
layihəsi çərçivəsində adıçəkilən kəmərin inşasına maliyyə dəstəyi istəmişlər.
Daha bir potensial layihə
Azərbaycan-Gürcüstan-Ruminiya Birləşdirici Kəməri (AGRİ) olacaqdır. Layihəyə
əsasən, Azərbaycan qazı Gürcüstanın Kulevi limanındakı MQ terminalına və oradan
Rumıniyanın Konstanta MQ terminalına nəql ediləcək. Lakin maliyyə məsələləri səbəbindən,
o cümlədən Türkmənistan tərəfindən layihəyə marağının olmaması, habelə Azərbaycan
qazının bütün həcminin TANAP və TAP layihələri vasitəsilə nəql ediləcəyindən,
"AGRİ”-nin reallaşdırılması ertələnib.
Cənubi Avropa – Yunanistanın "DEPA” şirkəti üzən anbar və yenidən qazlaşdırma qurğularının yaradılması, Revitussa (Revithoussa) MQ terminalının təkmilləşdirilməsi və Türkiyə və Bolqarıstan sərhədində yerləşən Kavala bölgəsində Egey (Aegean) MQ terminalının inşası məsələlərini nəzərdən keçirir, ki bu terminalın Trans-Adriatik boru kəməri (TAP), Yunanıstanın qaz paylanması şəbəkəsi və Yunanıstan-Bolqarıstan Bağlayıcı Kəmər (İGB) ilə birləşməsi nəzərdə tutulur.
Revitussa terminalı şaxələndirmə baxımından
vacibdir. Qeyd etmək lazımdır ki, terminalın sahibi səhmlərinin 66 faizinin
ARDNŞ-a məxsus olduğu "DESFA” şirkətidir, bu isə öz növbəsində ARDNŞ-a
terminalın fəaliyyəti ilə bağlı həlledici rola malik olmağa imkan verir.
Kavalada qaz qovşağı yaratmaqla, Yunanıstan TAP vasitəsilə Azərbaycan, İGB
vasitəsilə isə Rusiya qazını cəlb edə bilər. Bununla yanaşı, Yunanıstan 2020-ci
ildən sonra Əlcəzairdən də MQ idxalını (5 milyard kubmetr) nəzərdən keçirir.
Yunanıstan daha bir şirkəti – "Prometheus Gas”
ölkənin Aleksondropolis limanında bənzər terminalın inşasını planlaşdırır. Eyni
zamanda Yunanıstan və Bolqarıstan Türkiyənin Mərmərə dənizinin sahilində
yerləşən iki terminalından istifadə edə bilər. Bununla da, Əlcəzair, Nigeriya
və Qətərdən idxal olunacaq maye qaz İGB və Türkiyə-Bolqarıstan Birləşdirici
Kəmər vasitəsilə Yunanıstan və Bolqarıstana, daha sonra isə Bolqarıstan-Macarıstan
və Macarıstan-Rumıniya Birləşdirici Kəmərlər sayəsində həmin ölkələrə nəql
oluna bilər.
Xorvatiyanın Adria MQ terminalının inşası Adriatik
dənizin Krk adasında nəzərdə tutulur. Bu adada yerləşəcək MQ terminalı Bosniya-Herseqovina,
Bolqarıstan və Ukraynanı qazla təmin edəcək. Lakin maliyyə məsələlərinin həll
olunmaması səbəbindən yuxarıda sadalanan heç bir terminalın tikintisi başlamayıb.
Avropanın digər ölkəsi – Kipr özünün Vassilikos MQ
terminalında aparılan işlərin başa çatdırılması üçün Afrodit (Aphrodite)
yatağından əlavə qaz həcmi əldə etmək niyyətindədir. Bununla bağlı Fransanın
"Total” şirkəti və Kipr hökuməti arasında imzalanmış anlaşma memorandumuna
əsasən Vassilikos terminalının tikintisinə 2016-cı ildə başlanılacaq.
Şimali Avropa – 2014-cü ilin 27 oktyabr tarixində Litvanın Klaypeda şəhərində ölkənin ilk MQ terminalının açılışı olmuşdur. Ümid edilir ki, bu terminalın istifadəyə verilməsi Litva üçün Rusiyanın "qamçı və kökə” siyasətinin sonu olacaqdır, çünki hal-hazırda Litva Rusiya qazı üçün ən yüksək qiymət ödəyir. Terminalın qaz qəbul etmə imkanı 4 milyard kubmetrə bərabərdir. Latviyanın İnkukalns (İncukalns) qaz anbarının imkanlarını da buraya əlavə etsək, bu layihə Litvanın qaza olan tələbatının 90 faizini ödəməklə yanaşı birləşdirici kəmərlər vasitəsilə Latviya və Estoniyanı da qazla təmin etmək iqtidarında olacaq.
Klaypeda MQ terminalı vəziyyəti köklü şəkildə
dəyişəcək, çünki enerji asılılığı "Baltik ada” dövlətlərinin milli
təhlükəsizliyinin "Axilesin dabanı” hesab olunur. Klaypeda terminalı Baltik
dövlətlərin 25 illik Rusiyadan qaz asılılığını azaldacaq, Rusiya tərəfindən
qazın qiymətinin qaldırılmasının və qaz təminatının dayandırılmasının siyasi
alət kimi istifadəsinin qarşısını alacaq, habelə qaz təminatının marşrutlarının
şaxələndirilməsi nəticəsində "Gazprom” ilə danışıqlarda əlavə üstünlük verəcək
və təminatla bağlı yarana biləcək problemlərdən qoruyacaq. Eyni zamanda
Klaypeda terminalı Latviya və Estoniya üçün rəqabətli qiymətlərlə əlavə qaz
həcmlərini təmin edəcək və birləşdirici kəmərlər vasitəsilə Aİ bazarına çıxış
təmin edəcəkdir.
Avropa İttifaqı Klaypeda terminalını Baltik
dövlətlərin enerji təhlükəsizliyinin təmin edilməsi baxımından bir nömrəli
infrastruktur layihəsi hesab edir. Çünki bugünədək bu üç dövlətin qaz
infrastrukturu Rusiyaya bağlı vəziyyətdə idi, Avropanın enerji şəbəkəsi ilə isə
əlaqəsi yox idi. Ötən illərdə Rusiyanın "Gazprom” şirkəti Litvanın yeganə qaz
təminatçısı olduğu halda, yeni terminal Litvaya digər mənbələrdən qaz almağa
imkan verəcək, üzən anbarlar və qaz boru kəməri isə terminalı əsas qaz
şəbəkəsinə bağlayacaq. Litvanın "LİTGAS” şirkəti qaz nəqli ilə bağlı
Estoniyanın "Eesti Energia” və Norveçin "Statoil” şirkətləri ilə müvafiq müqavilə
bağlayıb.
Rusiya qazı (360 ABŞ dolları) ilə müqayisədə Norveç qazı Litvaya 10 faiz baha
(400 ABŞ dolları) başa gələcək. Bununla yanaşı, Latviya və Estoniya
"İndependens” (Independence) terminalından yalnız 2017-ci ildən etibarən
yararlana biləcəklər, çünki hələ də Latviyanın "Latvijas Gaze” şirkətinin
özəlləşməsi, bu şirkətdə "Gazprom”-un paya sahib olması və Aİ-nın Üçüncü Enerji
Paketi çərçivəsində Latviya üçün istisna kimi həll edilməmiş məsələlər var. Əlavə
etmək lazımdır ki, "Gazprom”-un Estoniya və Litva ilə uzunmüddətli qaz müqavilələri
2015-ci, Latviya ilə isə 2030-cü ildə bitir.
Enerji baxımından asılı daha iki dövlət olan
Estoniya və Finlandiya onları birləşdirəcək yeni qaz boru kəməri və MQ
terminalının inşası ilə bağlı müqavilə imzalamaq üzrədirlər. Lakin bu ölkələr
arasında terminalın harada və kim tərəfindən tikiləcəyi ilə bağlı fikir
ayrılığı mövcuddur. Estoniya terminalın inşası üçün Sillamae, Muuqa və Paldiski
şəhərlərini təklif edir, Finlandiya isə terminalın ölkənin İnkoo şəhərində tikilməsi
ideyasını və ya coğrafi baxımdan özünə daha yaxın olan Paldiski variantını
dəstəkləyir. Bu məqsədlə Finlandiyanın "Gasum” və Estoniyanın "Alexela Energia”
şirkətləri MQ terminallarının inşası ilə bağlı birgə əməkdaşlıq təklifini
Avropa Komissiyasına təqdim ediblər. Hazırda tərəflər layihənin
maliyyələşdirilməsi ilə bağlı Avropa Komissiyasının qərarını gözləyir. Ancaq
onu da əlavə etmək lazımdır ki, bu məqsədə nail olmaq üçün Finlandiyadan
Estoniyaya uzanacaq və Estoniyanın qaz şəbəkəsi ilə birləşəcək 80 kilometrlik
Baltik Bağlayıcı Kəmər inşa edilməlidir.
Lakin, "Gazprom”-un Finlandiyanın "Gasum”
şirkətində 25 faiz paya malik olması, habelə bu qaz nəhənginin Estoniyanın
"Eesti Gas Company”-nin səhmdarı kimi Estoniyanın qaz operatoru "Vorguteenus”
ilə münasibətlərini nəzərə aldıqda, "Gazprom” İnkoo və Baltik Bağlayıcı Kəmər
layihələrində birbaşa olmasa da, iştirak edəcək. Latviya öz növbəsində Riqada
(İnkulkans qaz anbarına yaxınlığına görə) MQ terminalı və Estoniya və
Finlandiyaya birləşdirici kəmərin inşasını təşviq edir.
Dənizlə MQ nəqlinin çətinlikləri – İddia olunur ki, ABŞ-dan MQ ixracı Avropanın Rusiyadan qaz asılılığına son qoya bilməyəcək. Çünki Rusiya hələ də Avropa üçün ən rəqabət qabiliyyətli və dominant qaz təminatçısı hesab olunur. Bundan əlavə, ABŞ MQ istehsalçılarının Asiya dövlətləri ilə artıq uzunmüddətli müqavilələr bağladıqları, Avropanın bəzi ölkələrinin hələ də MQ terminallarına malik olmaması və fəaliyyətdə olan bir çox terminalın Qərbi və Cənubi Avropada yerləşməsi Amerikadan Avropaya MQ nəqlini sual altına alır. Bu səbəbdən, ABŞ maye qazı Aİ-nın qərb sahillərinə çatdırılsa belə, Şərqi Avropanı Rusiya qazından "xilas” edə bilməyəcək.
Hazırki mərhələdə ABŞ, Avstraliya, Kanada və
Mozambik tərəfindən MQ ixracının artırılması gözlənilir. ABŞ-da qazın
qiymətinin neftin qiymətindən "ayrılması” onu Avropalı istehlakçıları üçün daha
da əlverişli edə bilər. Çünki sərmayə qərarlarının gecikməsi, neftin
ucuzlaşması, təməl infrastrukturunun mövcud olmaması və bu sahənin böyük vəsait
tələb etməsi adıçəkilən ölkələrdən idxalın cəlbediciliyini azaldır. Bundan
əlavə, ABŞ-ın təbii resurslarla bağlı qanunvericiliyi, sahibkarlıq hüquqları və
şist qazı ilə bağlı ABŞ Konqresindəki fikir ayrılığı ABŞ tərəfindən MQ ixracına
dair şübhələri artırır.
MQ artan ixracı ABŞ-ın daxili bazarında qiymətin
bahalaşmasına səbəb ola bilər. Eyni zamanda bəzi ölkələrin Amerika ilə Azad
Ticarət Sazişi (ATS) bağlamadığından bu dövlətlərə qaz ixracı üçün Enerji
Departamentinin razılığı tələb olunur. Beləliklə, MQ ixracı üzrə icazələrin
verilməsinin bürokratik təbiəti, Aİ ilə ATS-in olmaması və Asiya bazarlarının
cəlbediciliyi səbəbindən ABŞ maye qazının Avropaya tezliklə ixracı real
görünmür.
Həmçinin qazın mayeləşdirilməsi, nəqli və yenidən
qaz şəkilinə gətirilməsi Aİ istehlakçıları üçün ABŞ qazının qiymətini Rusiya
qazı ilə müqayisədə iki dəfə bahalaşdıracaq. Bununla yanaşı, ən böyük
istehlakçıların Yaponiya, Çin və Cənubi Koreya olduğu Asiya bazarında
qiymətlərin Avropa ilə müqayisədə daha yüksək olduğunu, Çinin kömür
istifadəsini azaldaraq MQ idxalına üstünlük verməsi və Yaponiyanın Fukusima
qəzasından sonra MQ idxalının artırılması niyyətini nəzərə alsaq, bu bazar ABŞ
üçün, Rusiya qazı isə Avropa üçün əlverişli seçim kimi görünür.
Geosiyasi dinamika baxımından Atlantik və Sakit
okean hövzələri və Avropa bazarları fərqləndiyindən, bu regionlarda təbii qazın
vahid qiymət səviyyəsinə çıxmasını gözləmək sadəlövhlük olardı. Ancaq qaz
bazarlarında ixracatçıların sayı artdıqca qiymət fərqi azala bilər. Daha bir
sual ondan ibarətdir ki, Şimali Amerika,
Avstraliya və Fars Körfəzi dövlətlərinin ixrac etdiyi maye qaz Rusiya və
gələcəkdə Xəzər qazı ilə rəqabət apara biləcəkmi?
İlqar Qurbanov
Paşinyanın lovğalığı Ermənistanın aldadılması ilə nəticələndi
Və Ermənistan ordusu darmadağın edildi.
Davamı...