THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ermənistanda etnik dözümsüzlük və yezidilərin vəziyyəti

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
13029
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 25 dekabr 2014 – Newtimes.az

XX əsrin əvvəllərindən etibarən əvvəlcə Daşnaksütyun hökuməti, daha sonra isə Sovet hökuməti planlı şəkildə Ermənistanda yaşayan azərbaycanlıları və digər milli azlıqları bir neçə mərhələdə deportasiya edib. Mərkəzi hökumətin dəstəyi ilə 1948-1953-cü illərdə 144.654 azərbaycanlı zorla Ermənistandan Azərbaycana deportasiya edilib. Ermənistanın  təzyiqlərinə baxmayaraq, 1989-cu ilə qədər bu ölkədə 200 mindən çox azərbaycanlı yaşayıb. Nəhayət, 1989-cu ilin sonlarına qədər Ermənistanda yaşayan bütün azərbaycanlılar zorla deportasiya edildi. Bu gün Ermənistanda azərbaycanlı yaşamır. Ermənistan azərbaycanlıları deportasiya etdikdən sonra milli azlıq problemini qəti olaraq həll etdi. Digər milli azlıqlar Ermənistan üçün təhdid olmasa da, hökumət müsəlman kürdlərə, yezidilərə, yəhudilərə, gürcülərə və digər milli azlıqlara təzyiq edir. Bu gün Ermənistanda yaşayan bütün milli azlıqlar cəmi 80 min nəfərdir. Bu milli azlıqların heç biri kompakt yaşamır və müxtəlif bölgələrə səpələniblər.

Ermənistanda assurilər, belaruslar, gürcülər, almanlar, yunanlar, yəhudilər, kürdlər, lehlər, ruslar, molokanlar, ukraynalılar və yezidilər milli azlıqlar hesab olunurlar. Milli azlıqlar əhalinin üç faizini təşkil edir.

Ermənistanda yaşayan yezidilər özlərini yezidi etnik qrupu olaraq görür və kürd olduqlarını qəbul etmirlər. Ermənistanda yaşayan azsaylı müsəlman kürdlərlə bu məsələ ilə bağlı mübahisə davam edir. Müsəlman kürdlər yezidilərin də kürd olduqlarını, sadəcə dini baxımdan yezidi olduqlarını iddia edirlər. Yezidilər isə kürd olmadıqlarını, əsillərinin Hindistanın Mumbayi əyalətindən olduğunu bildirirlər. Tərəflər arasındakı bu anlaşmazlıq hökumət səviyyəsinə qaldırılıb.

Ermənistandakı yezidilər Günəşə səcdə edirlər və Mələki-Tovuz adlı Allahları var. Onlar dinlərinin adının yezidilik yox, Şərafəddin olduğunu bildirirlər. Eynilə Hindistanda olduğu kimi yezidilər arasında da kasta bölgüsü var. Ermənistan yezidilərinin lideri Əziz Tamoyan yezidilərin inanclarının Zərdüştlüklə bağlı olduğu haqqında iddiaların əsassız olduğunu və bu dinlə onların heç bir əlaqəsinin olmadığını bildirib.

Yezidilər haqqında tədqiqat aparan Camal Sadakyan yezidilərin kürd olduqlarını iddia etməklə yanaşı, bu məsələnin dərindən araşdırılmadığını və müzakirəyə açıq olduğunu qeyd edir. Sadakyanın hesablamarına görə, 1989-cu ilə qədər Ermənistanda 60 min yezidi yaşayıb. Ancaq Sadakyan buraya müsəlman kürdləri də daxil edib.[i]1959-cu il statistikasına görə, Ermənistanda 26.657 yezidi yaşayıb. Yezidilər əsasən Talin, Əştərək, Armavir, Eçmiədzin və Ararat rayonlarında yaşayırlar.

Statistikaya görə, 1926-cı ildə Ermənistanda 12.237, 1989-cu ildə 50.176, 2001-ci ildə 40.620 yezidi yaşayıb, 2011-ci ildə isə onların sayı 35.308 nəfərə qədər azalıb.

1990-cı illərdən sonra Ermənistandan köçən yezidilərin sayının 6.000-10.000 arası olduğu təxmin edilir. Əhali artımına görə yezidilər ən yüksək göstəriciyə sahibdir və bu erməniləri narahat edən əsas amildir.[ii]

Əsasən kəndlərdə yaşadıqlarından və heyvandarlıqla məşğul olduqlarından yezidilərin ali təhsil səviyyələri olduqca aşağıdır. Onlar adətən başqa millətlərlə evlənmirlər.

Yezidilər hər il fevral ayının ilk üç həftəsində "Ayda Hurdunevi'' və "Klodje Sarsali'' adlı yeni il bayramlarını, dekabr ayının ikinci həftəsində isə "Ayda'' adlanan bayramlarını qeyd edirlər.

Yezidilərin "Kürd Aydınları İttifaqı'', "Yezidilərin Milli Birliyi'', "Dünya Yezidiləri Milli Birliyi'', "Malte Yezidi'' Fondu və "Kürdüstan'' kimi ictimai birlikləri olsa da, Ermənistan hökuməti onların fəaliyyətinə müxtəlif maneələr törədir.[iii]

Milli azlıqlar Ermənistan üçün heç bir təhlükə təşkil etməsə də, 1990-cı illərdən sonra hökumətin milli azlıqlarla bağlı siyasəti tədqiq ediləndə onlara qarşı ciddi təzyiq göstərildiyi məlum olur. Xüsusilə son zamanlarda yezidilərə qarşı etnik zəmində ayrı-seçkilik daha aydın hiss edilir.

Tarixən heyvandarlıqla məşğul olan yezidilər bu sahədən sıxışdırılır və monopoliya yaradılır. Yezidilərin ana dillərində təhsil almalarına imkan yaradılsa da, Ermənistan hökumətinin hazırladığı dərsliklərdə onların yezidi yox, kürd olduqlarının yazılması yezidiləri narahat edir. Onlar tələb edirlər ki, başda hökumət olmaqla digər etnik qruplar da onları kürd kimi yox, yezidi kimi tanısınlar və onlara kürd deyilməsi qanunla qadağan edilsin.

Hökumətin milli azlıqlara qarşı həyata keçirdiyi siyasət nəticəsində  yezidilər və digər milli azlıqlar Ermənistanın ictimai-siyasi və mədəni həyatında iştirak edə bilmirlər. Milli azlıqların müstəqil ictimai birlikləri hökumətə qarşı etirazlarını bildirəndə, hökumətin nəzarətində olan digər ictimai birliklər onlara qarşı bəyanatlar verərək hökuməti dəstəkləyirlər. Hökumət milli azlıqların sosial-iqtisadi problemlərini həll etmir. 2006-cı ildə etnik zəmində münaqişə zamanı öldürülən yezidinin qatilinin azadlıqda olmasına etiraz edən yezidilər Prezident Administrasiyasının önünə toplaşaraq şikayət ediblər. Öldürülən yezidinin həyat yoldaşı və iki uşağı şikayətlərinə cavab almadıqlarına görə özlərini yandırıblar. Hüquq-mühafizə orqanları bundan sonra da şikayətə cavab verməyib.

Ermənistan hökuməti XX əsrin sonlarında azərbaycanlılara qarşı həyata keçirdiyi siyasətin eynisini bu gün ölkədəki milli azlıqlara qarşı tətbiq edir. Onlara aid  olan tarixi abidələr və mədəniyyət əsərləri planlı şəkildə məhv edilir. Belə ki, hakim Respublika Partiyasından olan deputat Hrant Qriqoryanın yaxın qohumları etnik dözümsüzlük çərçivəsində yezidilərə aid olan tarixi qəbirstanlığı tamamilə dağıdıblar. Hökumət bunun etnik dözümsüzlüklə bağlı olmadığını bildirsə də, yezidilərin "Sincar'' ictimai birliyinin sədri Boris Tamoyan bunun əskini iddia edir. Tamoyanın mütəmadi olaraq yezidilərin problemlərini ictimailəşdirməsi milliyyətçi erməniləri olduqca narahat edir. Belə ki, bir qrup naməlum şəxs tərəfindən Tamoyanın yaşadığı evə avtomat silahlardan atəş açılmışdır.[iv]

Başda azərbaycanlılar olmaqla 1980-ci illərin sonlarından etibarən milli azlıqların böyük bir qismi hökumətin təzyiqlərinə tab gətirməyərək ölkəni tərk etmişdir. Milli azlıqlar Ermənistan üçün ciddi problem olmasa da, hökumətin təzyiqləri davam edir.

Milli azlıqların Ermənistan hökumətindən tələbləri aşağıdakılardır:

– milli azlıqlar haqqında qanunun qəbul edilməsi;

– parlamentdə milli azlıqların təmsil edilməsi;

– milli azlıqların problemləri ilə maraqlanan dövlət qurumunun təşkil edilməsi.

Ermənistan Avropa Şurasına üzv olarkən "Avropa İnsan Hüquqları Konvensiyası''nı və əlavə protokolları təsdiq etməsinə, ənənəvi olmayanlar da daxil olmaqla, bütün dini mərkəzlərdə heç bir istisna olmadan ibadətin təmin edilməsi öhdəliyini qəbul etməsinə baxmayaraq, bu öhdəliklərin heç birini yerinə yetirmir.

Ermənistan hökuməti milli azlıqların probleminin həll edildiyini iddia etsə də, əslində problemlər həll edilməmiş, əksinə onlara qarşı təzyiqlər artmışdır. Hökumət milli azlıqların problemlərini həll etməyəcəyi təqdirdə onların sayının azalması və yaxud tamamilə asimilyasiyaya uğramaları ehtimalı olduqca yüksəkdir.

Hatəm Cabbarlı,

Siyasi elmlər doktoru


[i] Ю.И.Мкртумян, Г.Г. Сарксян, Езиды, Курды, http://www.armenia.ru/minnor/minnor.­php?page=s_r/yezidis_kurds.html

[ii] Мкртумян, Сарксян, Езиды, Курды...,

[iii] Мкртумян, Сарксян, Езиды, Курды...,

[iv] Нарушение прав национальных меншинств, в Республике Армения.  http://www.ezdixandi.com/forum/36-945-1

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...