THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ermənistan iqtisadiyyatı: daşınan su ilə dəyirman işləməz

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
9974
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 24 dekabr 2014 – Newtimes.az

Ermənistan iqtisadiyyatında son 20 ildə baş verən problemlər barəsində xüsusilə siyasəti, iqtisadiyyatı və Ermənistanı bilən mütəxəssis üçün təhlil yazmaq asandır. Siyasi və iqtisadi baxımdan istənilən paradiqmadan bu problemlərin mahiyyəti və nəticələri haqqında yazmaq olar. Bu təhlildə isə obyektivlik baxımından əvvəlcə Ermənistanın iqtisadi vəziyyəti haqqında rəsmi qurumlarının və müstəqil beynəlxalq təşkilatların verdiyi göstəricilər ələ alınmış, sonra problemlərin ortaya çıxmasının səbəbləri təhlil edilmişdir.

Ermənistanın Milli Statistika Xidmətinin nümayəndəsi Diana Martirosova cari ilin 18 noyabrında nəticələrini bəyan etdiyi "Ermənistanın sosial siması və kasıblıq” adlı tədqiqatında 2013-cü ildə ölkə əhalisinin 1/3-nin kasıblıq həddində yaşadığını bildirib. Bu, 2008-ci il göstəricilərindən çoxdur. Araşdırmanın nəticələrinə görə, istehlak kateqoriyası ilə müqayisədə 2008-ci ildə kasıblıq 27,6 faiz olsa da, 2013-cü ildə 33 faizə qədər yüksəlib. Kasıblıq həddində olan təbəqədə 1,1 faiz, çox kasıb həddində olanlarda isə 0,7 faiz artım müşahidə edilib. Martirosovanın gəldiyi qənaətə görə, əhalinin hər üç nəfərindən biri (32 faizi) kasıb hesab edilir. Onlardan13,3 faizi kasıblıq həddinin altında, 2,7 faizi isə çox kasıb vəziyyətdədir. Rəqəmlərlə ifadə edildiyində isə bu o deməkdir ki, Ermənistanda 967 min nəfər kasıb, 402 mən nəfər kasıblıq həddinin altında, 82 min nəfər isə çox kasıb yaşayır. Martirosova bunun səbəbini 2009-cu ildə baş vermiş iqtisadi böhranla izah edir.[i]

"Legatum Institute”-nin 2014-cü ilin sonlarında hazırladığı "Prosperity Index” məruzəsinə görə, firavan ölkələr arasında Ermənistan 95-ci yerdədir. Qeyd edək ki, Orta Asiya ölkələri bu reytinqə görə Ermənistandan irəlidədir.[ii]

Ümumdünya rəqabət qabiliyyətinin analiz edildiyi "The Global Competitiveness Report 2014-2015” nəticələrinə görə Ermənistan 6 pillə geri gedərək 144 dövlət arasında 85-ci olub. Region dövlətlərindən Azərbaycan və Gürcüstan isə müvafiq olaraq 3 və 1 pillə yüksəlib.[iii]

"Walk Free Foundation”-in cari ilin noyabr ayında verdiyi məlumata görə, əhalinin sayına nisbətdə qul əməyindən istifadə edən ölkələr arasında Ermənistan 81-ci yerdədir. Walk Free Foundation məruzəsində müasir qul əməyini belə təsvir edir: "Erkən yaşda işləməyə məcbur olmuş və buna görə də təhsil ala bilməyən uşaqlar, yüksək məbləğdə borclandıqlarına görə iş yerlərini tərk edə bilməyən insanlar, heç bir hüquqa sahib olmayan ev xidmətçiləri kimi işləyən qızlar və qadınlar.”[iv]

Ermənistanın digər sənaye müəssisələri ilə müqayisədə daha yüksək ixrac qabiliyyəti olan dağ-mədən və metallurgiya sənayesində də problemlər mövcuddur. 2014-cü il ilin birinci yarısının statistik göstəricilərinə görə, bu sahə Ümum Daxili Məhsulun (ÜDM)18,2 faizini təmin edir. Ancaq son zamanlarda dünya əlvan metal və metal bazarında qiymətlərin enməsi Ermənistanın qızıl və mis ixracından əldə etdiyi gömrük gəlirləri xeyli azalıb. Belə ki, 2014-cü ilin 9 ayında Ermənistan 137 min ton mis ixrac edib və gömrük vergisi olaraq 177.8 milyon dollar qazanıb (hər ton üçün 1300 dollar). 2013-cü ildə isə 126 min ton mis ixrac etməsinə baxmayaraq dünya bazarında misin qiymətinin yüksək olması səbəbi ilə gömrük vergisi olaraq 2014-cü il ilə müqayisədə daha çox – 210 milyon dollar (hər ton üçün 1666 dollar) qazanıb.[v]

Ermənistanın əsas ticarət tərəfdaşı olan Rusiya ilə də ticarətində azalma qeyd edilib. Belə ki, 2014-cü ilin ilk 10 aylında Ermənistandan Rusiyaya ixrac həcmi 254 milyon dollar (4,8 faiz) azalıb. 2014-cü ildə Rusiyanın Ermənistana ixrac payı müxtəlif sahələr üzrə 20,3-22 faiz azalıb. Rusiya ilə ticarət Ermənistanın xarici ticarətinin 23,3 faizini, MDB ölkələri 28,2 faizini, Avropa İttifaqı 27,1 faizini təşkil edir.[vi] Qeyd edək ki, son zamanlarda Rusiyadan Ermənistana şəxsi hesablardan köçürülən valyuta miqdarı 19,1 faiz azalıb. 2014-cü ilin 10 ayında Rusiyadan Ermənistana 1 milyard 484 milyon dollar pul köçürülüb. 2013-cü ilin müvafiq dövründə isə bu rəqəm 1 milyard 512 milyon dollar olub.[vii]

Ermənistanın ciddi iqtisadi problemlərin məngənəsində boğulmasına baxmayaraq, silahlanmaya ayırdığı vəsait olduqca böyükdür. "Bonn International Center for Conversion”-nin hazırladığı "Qlobal silahlanma indeksi 2014” məruzəsində əvvəlki illərlə müqayisədə Ermənistanın silahlanma reytinqi 724 baldan 783 bala yüksəlib və Ermənistan silahlanma yarışında 3-cü yerdə qərar tutub. Ermənistanın hərbi xərcləri ÜDM-nin 4,7 faizini təşkil edir. Hər min nəfərə 17,9 əsgər düşür.[viii]

Ermənistan Avrasiya İqtisadi İttifaqına üzv olmaq haqqında müqaviləni imzaladıqdan sonra milli tədavül vasitəsi olan dram qiymətini itirib. Ermənistan rəsmiləri ictimai rəyi sakitləşdirmək üçün bunun Avropa İttifaqı və ABŞ-ın Rusiyaya qarşı həyata keçirdikləri iqtisadi sanksiyaların nəticəsi kimi gördüklərini bildirirlər. Lakin reallıq tamamilə başqadır. Son bir ayda Ermənistan dramı qiymətini itirir. 2015-ci il büdcəsində 1 dollar 411 drama bərabər götürülsə də, noyabr ayının əvvəllərində dram daha 4 faiz ucuzlaşmışdır. Nəticədə 1 dollar 435 drama, daha sonra 442 drama, dekabrın ilk həftəsində isə 452,50 drama bərabər olmuşdur. Baş nazir Ovik Abramyan dramın 5 faiz inflyasiyaya məruz qaldığını, buna baxmayaraq, Mərkəzi Bankın səlahiyyətləri daxilində prosesə nəzarət etdiklərini bildirsə də,[ix]görünən odur ki, "cin şüşədən çıxıb.” Ermənistan Mərkəzi Bankının sədri Artur Cavadyan isə dramın ucuzlaşmasını xarici şoklarla izah etməyə çalışıb.[x] Ermənistan iqtisadiyyatının əsas inkişaf amillərinə diqqət yetirdikdə, dramın ucuzlaşmasının qarşısını almağın mümkün olmadığı məlum olur.

Bütün bunlardan belə bir nəticəyə gəlmək olar. Yuxarıda sadalanan problemlər, Ermənistanın dünya standartları səviyyəsində istehsal imkanlarının olmaması, Azərbaycan torpaqlarını işğal etdiyinə görə xarici bazarlara çıxış üçün nəqliyyat yollarının bağlı qalması, silahlanmaya ayırdığı vəsait ölkənin iqtisadi və sosial inkişafı qarşısında ən ciddi maneələrdir. Bu maneələr Ermənistan hökumətinin iddia etdiyi kimi dinamik deyil, statikdir və son 20 ildir həll edilməyib.

Hatəm Cabbarlı,

Siyasi elmlər doktoru


[i] Треть населения Армении живет за чертой бедности – исследование www.regnum.ru/news/society/­1867517.html, 18.11.2014.

[ii] Армения находится на 95 месте в рейтинге мирового благополучия www.regnum.ru/news/society/1862­631.html, 03.11.2014.

[iii] В Докладе всемирной конкурентоспособности Армения оказалась ближе к Гвинее, чем к Швейцарии www.regnum.ru/news/polit/1843687.html, 03.09.2014.

[iv] Рейтинг мирового рабства: Армения – 81-я из 167-и http://www.panarmenian.net/rus/news/184940/, 18.11.2014.

[v] Рубен Грдзелян: Сложности самой крупной статьи экспорта Армении www.regnum.ru/news/economy/18­70920.html, 29.11.2014.

[vi] Экспорт из Армении в Россию упал на 4.8% http://www.panarmenian.net/rus/news/185535/, 03.12.2014.

[vii] Объем частных переводов из России в Армению в октябре рухнул на 19,1% http://www.panarmenian.net/­rus/news/185340/, 2811.2014.

[viii] Самые милитаризованные страны мира: Израиль, Сингапур и Армения – доклад www.regnum.ru/news/­polit/1875414.html, 10.12.2014.

[ix] Рост курса иностранной валюты в Армении привел к инфляции в 5% – премьер-министр www.regnum.ru/­news/economy/1872942.html, 03.12.2014.

[x] Девальвация национальной валюты Армении обусловлена «внешними шоками» – глава Центробанка www.regnum.ru/news/economy/1874964.html, 09.12.2014.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...