THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Qərb-Rusiya qarşıdurmasında Ukrayna amili – İkinci hissə

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
16857
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 5 dekabr 2014 – Newtimes.az

Son zamanlarda Qərb dünyası ilə Rusiya arasında Ukrayna uğrunda mübarizə gərginləşərkən, Ukrayna hökuməti ABŞ və Avropa dövlətlərinin təlqini ilə Avropa İttifaqı ilə münasibətlərini daha da genişləndirmək siyasi xəttini həyata keçirməyə başladı. Ancaq bu zaman paralel olaraq Rusiyanın təzyiqlərini daha yaxından hiss etməyə başladı. Ukrayna hökuməti daha sonra Avropa İttifaqı ilə münasibətlərində məsafə saxlayaraq Rusiya ilə münasibətlərini inkişaf etdirməyə cəhd etdi. Bu çərçivədə Ukrayna hökuməti Avropa İttifaqı ilə Vilnüs Zirvə görüşündən əvvəl Assosiativ sazişi imzalamaqdan imtina etdi. Bir gün sonra isə 22 oktyabrda müxalif Batkivşina hərəkatı lideri Aleksandr Yatsenyuk digər müxalif qüvvələrlə birlikdə mitinqlərə başladı və bununla da Maydan hərəkatının bünövrəsi qoyuldu. Yatsenyuk Avropa dəyərlərinə qarşılıq Viktor Yanukoviçin 20 milyard dollara Rusiyaya satıldığını iddia edirdi.

Ermənistanın Vilnüs Zirvə görüşündə Assosiativ sazişi imzalamaqdan imtina etməsindən sonra Ukrayna hökumətinin də bu addımı atması Avropa İttifaqını ciddi narahat etdi. Avropa İttifaqı Ermənistan nümunəsində olduğu kimi Ukraynanın kənarda qalmasına səssiz qala bilməzdi. Belə ki, Avropa İttifaqı üçün Ermənistanı Ukrayna ilə iqtisadi, siyasi, təhlükəsizlik və digər parametrlər üzrə müqayisə etmək doğru olmazdı.

Ukraynada mitinqlər davam edərkən, Aİ-nin rəsmisi Hermann Van Rompey 2014-cü il 28 yanvarda Ukraynanın demokratiyanın genişlənməsi barədə öhdəlik qəbul edəcəyi təqdirdə, Assosiativ sazişin imzalana biləcəyini bildirdi.

Avropa İttifaqı Rusiyaya qarşı Ukraynanı kənardan müdafiə edə bilməyəcəyini anladıqdan sonra qeyri-hökumət təşkilatları və ictimai birliklərdən istifadə edərək Prezident Viktor Yanukoviçə təzyiq etməyə başladı. Maydan hərəkatına daha sonra tələbələr, iş adamları qoşuldu və Avropa İttifaqı ictimai rəyin dinamikasından istifadə edərək Yanukoviçin iqtidardan uzaqlaşması üçün müxalifətə dəstəyini artırdı.

Ukraynanın daxili siyasətində böhran dərinləşərkən, müxalif qüvvələr və hökumət ortaq məxrəcə gələ bilmir, Rusiya və Aİ isə razılaşma əldə edə bilmirdir. Hermann Van Rompey 2014-cü il 1 fevralda verdiyi bəyanatda "Ukraynanın gələcəyinin Aİ-yə aid olduğunu”, NATO baş Katibi Anders Foq Rasmussen isə "Ukrayna heç bir təzyiqlə qarşılaşmadan gələcəyini özü seçməlidir, demokratik prinsiplərə və qanunlara hörmət etmək lazımdır” desələr də, tərəflərin heç biri demokratik prinsip və qanunlara hörmət etmirdi.

2013-cü ilin payızından başlayan etiraz dalğası daha da böyüdü, hökumət polis və xüsusi təyinatlı qüvvələrdən istifadə edərək sabitliyi qorumağa çalışdı. Ukrayna ordusu isə hadisələrə müdaxilə etməyəcəyini bildirdi. Maydan hərəkatı demək olar ki, vətəndaş müharibəsinə çevrildi.  ABŞ və Avropa İttifaqından siyasi və maliyyə dəstəyi alan müxalifət bütün tələblərini hökumətə qəbul etdirməkdə israrlı idi. Hadisələr gərginləşərkən baş nazir Nikolay Azarov istefa etdi.

2014-cü ilin may ayında müxalifət inzibati idarələri ələ keçirməyə təşəbbüs etdi və paytaxt Kiyevdə bir çox dövlət idarələri müxalifətin nəzarətinə keçdi. Müxalifət düşərgəsindən Batkivşina hərəkatının lideri Arseni Yatsenyuk, Udar Partiyası lideri Vitali Kliçko və millət vəkili Pyotr Poroşenko önə çıxmağa və Maydan hərəkatını idarə etməyə başladılar. Ordu birlikləri hadisələrə müdaxilə etməsə də, Berkut xüsusi təyinatlı qüvvələri Prezident Yanukoviçi dəstəkləyirdi.

Prezident Yanukoviç Rusiyanın, müxalifət isə ABŞ və Aİ-nin siyasi dəstəyini alaraq öz doğruları çərçivəsində mübarizə aparırdı. Əslində isə Ukrayna dövlətinin gələcəyi ortalıqda qalmışdı və ona kimsə sahib çıxmırdı. Hər iki tərəf demokratiya və insan haqlarından bəhs etsə də, tərəflər demokratiyanı təmin edəcəkləri iddiası ilə qanunları pozaraq demokratiya uğrunda "mübarizə edirdi”. Ukrayna isə dövlətçilik ənənəsini itirərək uçuruma doğru irəliləyirdi.

Hökumət və müxalifət arasında güc tarazlığı bərabərləşərkən, Ynukoviç növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsinə razı olduğunu bildirdi. Seçkilərin 2015-ci ildə keçirilməsi xəbəri müxalifəti qane etmədi və ən qısa zamanda seçkilərin keçirilməsini tələb etdilər.

Aİ və Rusiyanın vasitəçiliyi ilə Ukrayna hökuməti və müxalifəti arasında 2014-cü il 21 fevralda razılaşma əldə edildi. Razılıq sənədində Polşa, Almaniya və Fransa Xarici işlər nazirliklərinin səlahiyyətli nümayəndələrinin də imzası var idi. Razılaşma şərtlərinə görə yeni konstitusiya hazırlanmalı, yaxın on gündə etimad hökuməti qurulmalı, seçki qanunu dəyişdirildikdən sonra növbədənkənar prezident və parlament seçkiləri keçirilməli idi. Bundan başqa, razılaşma şərtləri həyata keçirildiyi zaman tərəflər gücdən istifadə etməməli idi və son zamanlarda Maydan hərəkatında ölümlə nəticələnən hadisələr Aİ nümayəndələrinin iştirakı ilə tədqiq ediləcəkdi. Maraqlısı budur ki, hökumət və müxalifət arasında razılaşma əldə edildikdən sonra ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Suzan Rays Yanukoviçi demokratik seçkilərlə seçilməsinə baxmayaraq, artıq Ukrayna Prezidenti kimi görmədiklərini bildirdi. Tərəflər arasında razılaşma əldə edildikdən sonra ABŞ rəsmisinin bu cür bəyanat verməsi Ukraynada hadisələrin məcrasını dəyişməyə şərait yaratdı.

Belə ki, Ukrayna hökuməti və müxalifəti arasında razılaşma əldə edilsə də, müxalifət mitinqlərə davam etdi. Qısa müddətdə parlamentdə çoxluğu ələ keçirən müxalifət qüvvələri Yanukoviçi iqtidardan uzaqlaşdıraraq, seçkilərin may ayında keçirilməsi və həbsdə olan sabiq baş nazir Yuliya Timoşenkonun sərbəst buraxılması haqqında qərar qəbul etdi. Parlament 23 fevralda Prezident və baş nazir səlahiyyətlərini Parlament Sədri Aleksandr Turçinova verdi. Turçinov 25 mayda keçiriləcək seçkilərə və hökumət qurulana qədər Prezident səlahiyyətlərini də icra edəcəkdi. Parlament bu qərarı qəbul etdiyi gün Prezident Yanukoviç ölkəni tərk edərək Rusiyaya sığındı.

Ukrayna Mərkəzi Seçki Komissiyası 25 mayda keçirilən prezident seçkilərində 23 namizədi qeydiyyata aldı. Prezident seçkilərində rəqabətin Pyotr Poroşenko, Yuliya Timoşenko və Oleq Lyaşko arasında yaşanacağı ehtimal edilirdi və elə də oldu. Pyotr Poroşenko seçkilərdə 54,70 faiz səs toplayaraq Prezident seçildi.

Poroşenko Prezident seçildikdən sonra qarşılaşdığı iqtisadi, siyasi və təhlükəsizlik problemlərini həll etməyə çalışsa da, Avropa İttifaqı və ABŞ-dan istədiyi dəstəyi ala bilmədi. Ukrayna Rusiyanın dəstək verdiyi etnik ruslarla müharibə edərkən, "müttəfiqləri” Avropa İttifaqı və ABŞ Ukraynanın federallallaşması məsələsini müzakirəyə çıxardı. Yeni seçilən Ukrayna Prezidenti və hökuməti Qərbyönümlü olsalar da, Rusiya ilə baş verən böhranın Qərb dünyasının dəstəyi ilə Ukraynanın milli mənafeyi çərçivəsində həll edilməsi hələlik mümkün deyil. Qərb dünyası hər fürsətdə Ukraynanın müstəqilliyini və torpaq bütünlüyünü dəstəklədiklərini bildirir, lakin Gürcüstan nümunəsində olduğu kimi faktiki olaraq bu ölkəyə ciddi dəstək vermirlər. Siyasi mübarizədə Rusiya Qərb dünyası qarşısında siyasi müstəvidə bir addım öndə olsa da, Qərb dünyası iqtisadi sanksiyalarla vəziyyəti sabit saxlamağa cəhd edir.

Dr. Hatəm Cabbarlı

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...