THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Qərb-Rusiya qarşıdurmasında Ukrayna amili – Birinci hissə

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
16434
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 4 dekabr 2014 – Newtimes.az

Qərb dünyası-Rusiya qarşıdurması 2000-ci illərin sonlarına qədər əsasən Şərqi Avropada cərəyan etsə də, bu tarixdən sonra Qərb dünyası post-sovet coğrafiyasında möhkəmlənmək üçün müəyyən təşəbbüs göstərdi. Şərq Tərəfdaşlığı və NATO-nun Sülh Naminə Əməkdaşlıq Proqramları və digər proqramlar çərçivəsində post-sovet dövlətləri ilə münasibətlərini genişləndirməyə və bu ölkələrin Avropaya inteqrasiya etmələrinə dəstək verdi. Ukrayna Qərb dünyası üçün genişlənmə, Rusiya üçün isə Qərb dünyasının Rusiya sərhədlərinə doğru yaxınlaşmasının qarşısını ala biləcəyi mübarizə meydanı mahiyyətindədir. Bu mübarizənin konturları xüsusilə 2013-cü ilin sonlarından daha çox hiss edilir, Ukrayna dövləti isə iki güc arasında siyasi gələcəyini təyin etməyə çalışır.

Ukrayna müstəqilliyini elan etdikdən sonra 1991-ci il dekabrın 8-də Müstəqil Dövlətlər Birliyinə üzv olmaq üçün müqavilə imzaladı. Bu müqavilə o vaxtın iqtisadi və siyasi reallıqları ilə bağlı olsa da, daha çox instinktiv olaraq imzalandı. Müstəqilliyini yeni əldə edən Ukrayna təxminən 400 ildir ortaq tarixi paylaşdığı Rusiyadan ayrılaraq sürətlə dünya ilə inteqrasiya ola bilməzdi. İqtisadi olaraq post-sovet ölkələri ilə ciddi əlaqələri olmasına baxmayaraq, Ukrayna Avropa ilə münasibətlərini inkişaf etdirməyə çalışırdı.

Ukrayna və Rusiya arasında ilk anlaşılmazlıq 1992-1993-cü illərdə Sovet İttifaqı iqtisadiyyatının bölüşdürülməsi zamanı baş verdi. Daha sonra Krım və Qara dəniz donanmasının kimə aid olması mübahisəsi ortaya çıxdı. Ukrayna Avropa ilə münasibətlərini inkişaf etdirməyə çalışarkən, Rusiya amilini diqqətdən kənarda saxlaya bilməzdi. Tərəflər aralarındakı problemləri müəyyən qədər həll etməyə imkan verən dostluq və əməkdaşlıq müqaviləsini 1997-ci il mayın 31-də imzaladı. Müqavilədə tərəflər gücdən istifadə etməmək şərti ilə münasibətlərini inkişaf etdirməyə, bir-birilərinə təzyiq göstərməməyə, üçüncü tərəflə digərinə qarşı yönəlmiş müqavilə imzalamamağa razı olurdu.

Sovet İttifaqının süqutundan sonra post-sovet ölkələri üçün iqtisadi inkişaf və sosial problemlərin həlli əhəmiyyət daşıyırdı. Lakin daha sonrakı illərdə ciddi əhəmiyyət daşıyan problem bu dövlətlərin siyasi gələcəyinin necə olacağı idi. Bu daha çox ABŞ, Avropa İttifaqı və Rusiya arasındakı münasibətlərə indekslənmişdi, belə ki, tərəflər arasındakı əməkdaşlıq və problemlər birbaşa post-sovet dövlətlərinə təsir edirdi. Ukraynanın siyasi gələcəyini də bu çərçivədə təhlil etmək mümkündür.

Dövlətlərin geosiyasi mövqeləri onlara müxtəlif sahələrdə fürsətlər təmin etsə də, eyni zamanda təhdidləri də ortaya çıxarır. Ukrayna geosiyasi mövqeyinə görə tarixdə güclü və birləşmiş dövlət olmayıb. Hər zaman Qərb və Şimal arasında mübarizə meydanı oldu, müxtəlif dövlətlər tərəfindən işğal edildi, əldən ələ keçdi. 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra da geosiyasi mövqeyindən irəli çıxan fürsətləri yaxşı dəyərləndirə bilmədi. Daha doğrusu, Ukraynanın siyasi və iqtisadi elitası olmadığı üçün Sovet və Qərb dövlət idarəçiliyi modeli əsasında qurulan dövlətdə keçmiş sovet ideologiyası ilə yetişən nəsil Ukraynada hakimiyyətə gəldi. Bu nəsil Avropa dəyərlərini qəbul etməkdə çətinlik çəkdi, milli mənafedən daha çox öz mənafelərini ön planda tutaraq dövləti idarə etməyə çalışdı. Rusiyanın təsiri obyektiv və subyektiv səbəblərə görə minimuma endirilə bilmədi və Avropa ilə inteqrasiya prosesində gecikmələr baş verdi.

Düşüncə tərzi və ideoloji olaraq Ukraynanın qərbi və şərqi arasında hər zaman ciddi fərqliliklər olmuşdur və bu fərqlilik hələ də hiss edilir. Ənənəvi olaraq Ukraynanın qərbi Avropa dəyərlərinə daha yaxındır. Qərb və şərq bölgəsində yaşayan ukraynalılar arasında ideoloji bütünləşmə Sovetlər zamanı belə tam olaraq təmin edilə bilmədi. Bunun ən böyük səbəblərindən biri də şərqdə etnik rusların sayının daha çox olmasıdır.

Sovet İttifaqının süqutundan sonra Ukrayna 1994-cü il yanvarın 14-də sonrakı yeddi ildə sahib olduğu bütün nüvə silahlarını yox edəcəyi barədə öhdəlik götürdü. Bunun əvəzində ABŞ və Avropadan maliyyə köməyi alacaqdı. Təhlükəsizliyinin təmin edilməsi üçün isə ABŞ və Rusiya, daha sonra isə Çin təminat verdi. İqtisadi problemlərini alacağı bu maliyyə yardımı ilə həll edəcəyini düşünən Ukrayna həm nüvə silahından məhrum oldu, həm də iqtisadi problemlərini həll edə bilmədi. Nüvə silahını yox etməsi Ukraynanın dövlət olaraq etdiyi ən böyük səhvlərdən biridir. Bu gün üzləşdiyi təhlükəsizlik problemlərinin əsasında da bu amil dayanır. Nüvə silahına sahib olan Ukrayna ABŞ, Avropa İttifaqı və Rusiya arasında müzakirələrdə daha güclü mövqeyə sahib ola və milli mənafelərini daha çox qoruya bilərdi.

Ukrayna Avropa İttifaqı ilə münasibətlərini inkişaf etdirməklə bərabər NATO ilə də münasibətlərinə əhəmiyyət verib. 1997-ci ilin iyul ayında tərəflər arasında "Ukrayna və NATO arasında xüsusi əməkdaşlıq sazişi'' imzalandı. Sazişdə təhlükəsizlik sahəsində əməkdaşlıq, problemlərin həll edilməsi, nüvə, bioloji və kimyəvi silahların yayılmaması, silahlar üzərində nəzarət məsələləri barəsində razılıq əldə edildi. NATO-ya üzv olan dövlətlər Ukraynanın nüvə silahına malik olmayan dövlət statusuna uyğun olaraq onun müstəqilliyini qoruyacaq, demokratiyanın inkişaf etməsinə kömək edəcəklərdi. Kiyevdə NATO-nun İnformasiya və sənədlər mərkəzi açıldı, bu mərkəz adətən tərəflər arasında əməkdaşlığı koordinasiya edirdi. Ukrayna və Rusiyanın Avropa İttifaqı siyasətində fərqli və bənzər tərəflər olsa da, son illərdə Ukraynanın Avropa siyasətində bəzi müsbət dəyişikliklər müşahidə edilirdi. Rusiya Ukraynanın ATƏT və Avropa Şurası ilə münasibətlərinə müsbət yanaşsa da, Avropa İttifaqı və NATO ilə münasibətlərini inkişaf etdirməsindən narahat idi.

Avropa dövlətləri son illərə qədər Ukraynanın Aİ-ə tam üzv olması üçün tələsməsələr də, bu ölkə ilə ortaqlıq müqaviləsi imzalamaq üçün müzakirələr davam edirdi. Ukrayna ilə bu barədə razılaşma əldə edilmişdi və 2013-cu il noyabrın 29-da Vilnüsdə Şərq Tərəfdaşlığı Zirvə görüşündə Assosiasiya sazişi imzalanacaqdı. 21 noyabrda Ukrayna hökuməti milli təhlükəsizliyini nəzərə alaraq, Assosiasiya sazişini imzalamayacağını bildirdi. Bu qərardan sonra Ukrayna hökuməti MDB-yə üzv olan dövlətlərlə iqtisadi, texniki, ticari, siyasi və enerji sahələrində əməkdaşlığı genişləndirmək haqqında proqram qəbul etdi.

Ukrayna hökuməti Assosiasiya sazişini imzalamaqdan imtina etdikdən sonra Aİ-dən əhaliyə satılan təbii qazın qiymətinin artırılmaması, ixrac sahələrinin genişləndirilməsi, sənayesinin bəzi sahələrində dotasiyaların davam etməsi, metallurgiya sənayesi mallarının ixracına qadağaların ləğv edilməsini tələb etdi. Aİ komissarı Stefan Füle Ukraynanın baş naziri vəzifəsini icra edən Serqey Arbuzovla görüşərkən, Ukraynanın bu tələblərinin günün reallıqları ilə uyğun olmadığını, dövlətin ciddi öhdəliklər alması gərəkliyini bildirdi.

Ukrayna hökumətinin Assosiasiya sazişini imzalamaqdan imtina edərkən, "milli təhlükəsizlik'' ifadəsini dilə gətirməsi olduqca maraqlıdır. Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində imzalanması düşünülən bu saziş dövlətin "milli təhlükəsizliyini'' təhdid edirdisə, niyə bu təhdid müqavilə mətni üzərində razılaşma əldə etmədən əvvəl ifadə edilmirdi? Bu təhdid Avropa İttifaqından, yoxsa Rusiyadan hiss edilirdi? Deməli, Ukrayna hökuməti Assosiasiya sazişi imzalanacağı təqdirdə, ölkəni hansı problemlərin gözlədiyini bilirdi. Sazişin imzalanmasından imtina edildikdən sonra Ukraynanın baş naziri Nikolay Azarov "Avropa İttifaqı ilə Assosiasiya sazişini imzlamamağı və Ukrayna-Rusiya ticari münasibətlərini genişləndirməyi bizə Rusiya təklif etdi'' deyərək, milli təhlükəsizliyə təhdidin mənbəyini də göstərmiş oldu.

Ukrayna hökumətinin bu bəyanatından sonra Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Aİ ilə iqtisadi əməkdaşlığına qarşı olmadıqlarını, amma bunun davam edəcəyi təqdirdə, Ukraynanın Rusiya ilə iqtisadi əməkdaşlığının mövcud səviyyədə qalmayacağını, bu dövlətin NATO-ya üzv olmasını Rusiyanın milli təhlükəsizliyinə təhdid olaraq gördüklərini bildirdi.

Ukrayna son bir ildə daxili siyasətindəki böhran mühitində Avropa İttifaqı ilə münasibətlərini genişləndirməyə çalışsa da, Krımın Rusiya tərəfindən ilhaq edildiyi və etnik rusların bölücülük təşəbbüslərinin silahlı mübarizə mərhələsinə keçdiyi bir ərəfədə bu əməkdaşlığın perspektivinin necə olacağı aydın deyil. Ukrayna faktiki olaraq şərq bölgəsi üzərində nəzarəti itirib, inteqrasiya olmaq istədiyi Qərb dünyası isə Ukraynanın siyasi, iqtisadi, təhlükəsizlik problemlərinin həll edilməsində ehtiyac duyduğu siyasi və hərbi dəstəyi göstərmir. Bu baxımdan, hətta bəzi məsələlərdə (enerji, təhlükəsizlik və s.) Qərb dünyası Rusiyaya adekvat cavab vermir, hələ ki, təsiri o qədər də hiss edilməyən iqtisadi sanksiyalarla təzyiq göstərməyə çalışır.

Dr. Hatəm Cabbarlı

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...