THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ukraynanın siyasi gələcəyi

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
8854
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 3 dekabr 2014 – Newtimes.az

Dövlətlər siyasi gələcəklərini planlaşdırarkən, geosiyasi mövqeyini, siyasi sistemini, iqtisadi gücünü, insan potensialını, texniki inkişaf səviyyəsini, etnik tərkibini, coğrafi xüsusiyyətlərini, hansı dövlətlərlə həmsərhəd olduğunu, beynəlxalq dəniz yollarına çıxışını, böyük gücə sahib dövlətlə qonşu olduqlarını diqqətə almalıdırlar. Bu xüsusiyyətləri nəzər almadan siyasi gələcəyini planlayan dövlətlərin varlığı hər zaman ciddi təhlükələrlə qarşı-qarşıya qala bilər. Bütün bu faktorlarla yanaşı dövlətlərin siyasi gələcəyinin necə olacağını o dövlətin siyasi elitası və xalqı müəyyən edir. Ukrayna nümunəsində göründüyü kimi siyasi elita və xalqın istəkləri üst-üstə düşmədikdə daxili siyasətdə qarşıdurma və hətta vətəndaş müharibəsi ehtimalı belə ortaya çıxa bilər. Ukraynanın geosiyasi mövqeyi ona bəzi üstünlüklər verdiyi kimi təhlükələri də ehtiva edir.

Ukrayna dövləti iki amilə görə əhəmiyyətlidir. Birincisi, geosiyasi mövqeyi; ikincisi kənd təsərrüfatına əlverişli geniş torpaqlara və mineral ehtiyatlara malik olması. Əlbəttə, geosiyasi mövqeyi daha əhəmiyyətlidir. Ukrayna Rusiya üçün müdafiə siyasətində həyati əhəmiyyət kəsb edir, Moskva 480 km uzaqlıqdadır. Bu məsafə təbii əngəllər və maneəli deyil, geniş ovalıqdır və asan keçilə biləcək sahədir, müdafiəsi çətindir. Bölgədən kənar hər hansı güc Ukrayna və Qazaxıstan arasındakı bölgəyə nəzarət edərsə, bu, Rusiyanın Qafqaz siyasətinin sonu deməkdir.

Bundan başqa, Ukraynada Rusiya üçün Novorossiyskdən də əhəmiyyətli olan Odessa və Sevastopol kimi iki liman var. Rusiyanın bu limanlar üzərində nəzarəti itirməsi Qara dənizdə ticarət və hərbi yolunu və Aralıq dənizinə çıxışını bağlayacaqdır. Beləliklə, Rusiyanın limanlari qərbdə Qrenlandiya, İslandiya və İngiltərə, şimal-şərqdə buzlarla, Baltik dənizində Danimarka, şərqdə isə Yaponiya tərəfindən əhatə ediləcəkdir.[i]

1917-ci ildə bolşeviklər iqtidara gəldiyində Almaniya ilə sülh danışıqlarına başlarkən, Almaniya Ukraynanın böyük bir hissəsini tələb etmişdi. Almaniya Ukraynanın kənd təsərrüfatına əlverişli bölgələrini istəyirdi və bu ərazilərə nəzarət etdikləri müddətdə Rusiyanı təhdid edəcəyini bilirdi. Amma Almaniyanın Birinci Dünya Müharibəsində məğlub olmasından sonra Rusiya bütün Ukrayna ərazisində nəzarəti ələ keçirdi. Bu ssenari eynilə İkinci Dünya Müharibəsində də təkrarlandı. Ukraynanı işğal edən Almaniya Rusiyanın Azərbaycan neftinə çıxış yolunu bağlamağa çalışırdı.

Avropa İttifaqı və xüsusilə də Şərqi Avropa ölkələri olan Polşa və Rumıniya şərqdən Rusiyanın təhdidini daha açıq şəkildə hiss edirlər. Bu ölkələr Rusiya təbii qazından asılıdır və bu amildən Rusiyanın hər zaman təzyiq vasitəsi kimi istifadə edə biləcəyini düşünürlər. Rusiya sadəcə enerji amili ilə deyil, hərbi gücü və ticarət təşəbbüsləri ilə də bölgədə Avropanın maraqlarını təhdid edə bilər.

Bölgənin təhlükəsizliyi baxımından müxtəlif hərbi təhdidlər Qərb dünyası üçün aktual olmasa da, xüsusilə, Şərqi Avropa ölkələri üçün hələ də əhəmiyyət daşıyır. Şərqi Avropa ölkələri üçün SSRİ-nin süqutu o qədər də uzaq tarix deyildir, onlar Rusiyanın anidən getdiyi kimi, anidən geri dönə biləcəyindən narahatdırlar.

Rusiya NATO-nun sərhədlərinə qədər yaxınlaşmasını diqqətlə izləyir. Şərqi Avropa dövlətlərinin NATO-ya üzv olması Rusiya üçün birbaşa təhlükə olmasa da, onu narahat edir. Amma Ukrayna və Belarusun itirilməsi Rusiyanın müdafiə siyasətinin iflas etməsi deməkdir.

Ukrayna Avrasiya dövlətidir və Şərqi Avropanın dörd dövləti-Polşa, Slovakiya, Macarıstan və Rumıniya, post-sovet dövlətlərdən isə Belarus, Moldova və Rusiya ilə həmsərhəddir. Ukraynanın zəngin tarixi vardır və Rusiya tarixi adətən Ukrayna tarixinin bir parçası hesab edilir. Ruslar bu reallığı etiraf etmək istəməsələr də, "İstoriya Diplomatii” kitabının 1940-cı illərdə nəşr edilən nüsxəsində Rusiya tarixindən bəhs edilərkən Kiyev Rusu ifadəsi yazılsa da, daha sonrakı nəşrlərdə bu ifadə Moskva Rusu ilə əvəz edilib.

IX-X əsrlərdə Knyaz Oleq Dnepr çayı bölgəsini Xəzər xanlığından alaraq knyazlıq qura bilsə də, XI-XII əsrlərdə peçeneqlərin istilası ilə qarşı-qarşıya qalmış, XIV-XV əsrlərdə Böyük Polşa-Litva Knyazlığına tabe olmuş, XVII əsrdə torpaqlarının bir qismi Osmanlı dövlətinin əlinə keçmişdir. Reç Pospolitanın 1772-1795-ci illərdə Rusiya, Avstrya və Prussiya tərəfindən bölünməsindən sonra Qaliç Avstriyanın, Dnepr çayının sağ sahili, Volın və Podolye bölgələri Rusiyanın nəzarətinə keçmişdir. Rusiya bu bölgələrdə inzibati idarə mexanizmini dəyişərək Kiyev, Volın və Podolsk əyalətlərini təsis etmişdir.[ii]

1768-1774-cü illərdə Osmanlı-Rusiya müharibəsinə qədər Dnepr çayının sağ aşağı axını, Azak sahilləri və Krım Krım xanlığı tərəfindən idarə edilib.  Bu bölgələr Kiçik Qaynarca müqaviləsi ilə Rusiyanın nəzarətinə verilib.[iii]

Rusiya imperiyasının  süqutundan sonra 1917-1921-ci illərdə Ukraynada 16 kiçik dövlət qurulsa da, 1919-cu il 10 martda Ukraynada Sovet Sosialist Respublikası elan edildi. Bu illərdə Ukraynanın qərbində Polşa ilə kiçik müharibə oldu. 1922-ci il  30 dekabrda Ukrayna Sosialist Federasiyası Sovet Respublikası ilə ittifaq müqaviləsi imzalayaraq SSRİ-yə daxil oldu.

Ukrayna 1918-1922-ci illərdə Almaniya və Polşa ilə kiçik müharibələr edib, vətəndaş müharibəsi yaşayıb. SSRİ-yə daxil olandan sonra da ciddi problemlərlə qarşılaşıb. 1930-cu illərdə baş vermiş aclıqda (qolodomor) 3 milyon 941 min insan ölüb.[iv]1945-ci il 24 oktyabrda Birləşmiş Millətlər Təşkilatı (BMT) qurulduğu zaman Ukrayna və Belarus İkinci Dünya Müharibəsində iştirak etdiyinə görə BMT-yə üzv olub və səsvermə hüququ əldə edib.[v]

Ukrayna Ali Radası 1992-ci il 21 avqustda ölkənin müstəqilliyini elan etdi və 1992-ci il 1 dekabrda keçirilən referendumda Ukrayna xalqı müstəqilliyini təsdiq etdi. Ukrayna müstəqilliyini elan etdikdən sonra sosial-iqtisadi, siyasi və təhlükəsizlik problemlərini həll etməyə çalışsa da, istənilən nəticələri əldə etmədi. Bu mərhələdə Ukrayna üçün əhəmiyyətli olan aşağıda göstərilən islahatları həyata keçirmək idi:

  • totalitar rejimdən demokratiyaya keçid;
  • planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid;
  • sosial sahədə siniflərin deyil, şəxslərin azadlığını, humanitar sahədə siniflərin dəyərlərini deyil, ümumən insanlığın dəyərlərini təmin etmək;
  • beynəlxalq sahədə dünya ilə inteqrasiya prosesinə başlamaq və sürətləndirmək.[vi]

Ukrayna bu islahatları həyata keçirməyə başlasa da, xüsusilə dövlət qurumlarında islahatlarda gecikdi. 1996-cı ilə qədər məhkəmə-hüquq sistemində islahat olmadı və Konstitusiya Məhkəməsi qurulmadı. Dövlət idarəçiliyi sistemində parlament, prezident və sovet idarəsi sistemindən ibarət qarışıq bir idarəçilik mexanizmi ortaya çıxdı.

Ukrayna demokratikləşmə, dövlət mülkiyyətinin özəlləşdirilməsi, bazar iqtisadiyyatına keçid, Avropa ilə inteqrasiya prosesində problemlər yaşadı. 1992-ci ildə iqtisadiyyatın liberallaşdırılması ciddi problemlərə səbəb oldu. Mərkəzi planlama sistemi süqut etdiyi üçün qiymətlər artdı, istehsalda və dünya bazarına çıxmaqda problemlər yaşadı.

Ukrayna müstəqilliyini elan etdikdən sonra qarşılaşdığı iqtisadi və siyasi problemlərini həll etmək üçün Avropa ilə münasibətlərini inkişaf etdirməyə çalışsa da, iqtisadi və siyasi baxımdan başda Rusiya olmaqla əsasən post-sovet dövlətləri ilə də yaxın əməkdaşlıq edirdi. Ukraynanın post-sovet dövlətləri ilə əməkdaşlıq etməsi ona bəzi iqtisadi dividentlər qazandırırdı. ABŞ və Avropa İttifaqı ilə əməkdaşlığın Ukraynaya daha geniş perspektiv vəd etdiyinə baxmayaraq, Rusiya amilini diqqətdən kənarda saxlaya bilmirdi.

ABŞ və Avropa İttifaqının Ukrayna siyasətinin əsas məqsədi bu ölkənin Avropaya hərtərəfli inteqrasiya olunmasına və Rusiyanın təsir dairəsindən uzaqlaşmasına kömək etmək olmuşdur. Belə ki, Ukraynanın Avropa ilə inteqrasiyası və Rusiyanın təsir dairəsindən uzaqlaşmasını onlar beynəlxalq miqyasda Rusiya ilə mübarizəsində əhəmiyyətli qələbə kimi qəbul edirdi.

Ukraynanın son zamanlarda daxili siyasətində baş verən böhran sadəcə iqtidar və müxalifət arasındakı problem deyil. Qərb dünyası ilə Rusiya arasındakı mübarizə bu böhranın əsasını təşkil edir. Ukrayna Qərb dünyası ilə Rusiyanın iqtisadi, siyasi və təhlükəsizlik maraqlarının toqquşduğu ölkədir. ABŞ Rusiyanı bir az daha öz sərhədləri daxilinə sıxışdırmağa cəhd edərkən, Rusiya Ukrayna sərhədlərində ABŞ-ın qarşısını almağa çalışır. Qərb dünyası və Rusiya arasındakı mübarizə Ukraynanın siyasi gələcəyini birbaşa müəyyən edəcək mahiyyətdədir. Lakin bu mübarizədə hansı tərəfin üstünlük qazanacağı haqda proqnoz vermək çətin olduğu üçün, Ukraynanın öz gələcəyini necə təyin edəcəyi məsələsi də hələlik həllini tapmayıb.

Dr. Hatəm Cabbarlı


[i] Что ждет Украину?, http://www.armtoday.info/default.asp?Lang=_Ru&NewsID=105136, 17.02.2014

[ii] Сборник русского исторического общества. 1871.-Т. 7.-С. 348.

[iii] Екатерина Великая и Потемкин в истории Украины-Руси. Создание Новороссии и укрепление Малороссии, http://history.ui.ua/catherine_great, 08.10.2014.

[iv] Постановление апелляционного суда г. Киева по уголовному делу по факту совершения геноцида в Украине в 1932–1933 гг., http://khpg.org/index.php?id=1266828078, 22.02.10.

[v] Головна / Про Україну / Участь у міжнародних організаціях / Організація Об'єднаних Націй, http://mfa.gov.ua/ua/about-ukraine/international-organizations/uno

[vi] Заруба В.М., Васковський Р.Ю., История Украины, http://histua.com/ru/knigi/istoriya-ukraini-zaruba-vaskovskij/gosudarstvoobrazujushhie-processy-v-ukraine-v-1991-2001-pp

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...