THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Newtimes-ın təşəbbüsünə ekspert rəyi

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
2309
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 4 sentyabr 2014 – Newtimes.az

Bir neçə gün əvvəl Newtimes.az analitik-informasiya portalı Azərbaycan jurnalistlərinə yeni çağırışla – "İraq və Şam İslam Dövləti'' (İŞİD) adlanan terrorçu qruplaşma haqqında yerli mətbuatda yayılan materiallarda zəruri bir məqamla bağlı çağırış etdi. İlk baxışda kimlərəsə ''zərərsiz'' görünə bilən bu məqam həmin cinayətkar qruplaşmanın siyasi, etik və mənəvi baxımdan qüsurlu olan, islam dininə tapınanlara qarşı ideoloji təxribat xarakteri daşıyan ''islam dövləti'' adlandırılmasıdır. Sirr deyildir ki, bu stereotipin altında gizlədilmiş məqsədlərin mahiyyətinə varmadan siyasi və ictimai dövriyyəyə buraxılması, təkrarlanması, əslində, İŞİD-in birbaşa xidmət etdiyi düşmən dəyirmanlarına bilmədən su tökməkdir…

Məlumdur ki, ''İraq və Şam İslam Dövlətinin'' və ''radikal dini qruplaşmalar'' adlandırdığımız digər transmilli terrorçu birləşmələrin islamın ''din'' ''məzhəb'', ''cihad'' kimi anlayışları ilə heç bir əlaqəsi yoxdur. Birmənalı olaraq, İŞİD qlobal və təhlükəli hərbi-siyasi oyun, hərbiləşdirilmiş siyasi hərəkat, ayrı-ayrı dövlətlərin geosiyasi və geoiqtisadi maraqlarının, transmilli şirkətlərin mənafelərinin təminatına yönəldilmiş təhlükəli siyasi layihədir. Bu oyunun iştirakçıları isə muzdlu terror fəaliyyətlərini din pərdəsi altında gizlədən mütəşəkkil cinayətkar ünsürlərdir. Təkcə islam dininin humanizm prinsiplərindən deyil, bütövlükdə ümumbəşəri mənəvi-əxlaqi dəyərlərdən uzaq olan bu qruplaşmalar sərhəd tanımayan, dinindən, etnik mənşəyindən asılı olmayaraq bütün insanlığa qarşı yönəldilən təhdiddir. Yaxın və Orta Şərqdə baş verən proseslərin dərin köklərindən xəbərsiz olan orta statistik insan bu aysberqin yalnız su səthində olan hissəsini görür, təbliğatın ona təlqin edilən mövqeyi ilə razılaşır və bununla da onun təfəkküründə islam dünyası, müsəlmanlar haqqında mənfi stereotiplər formalaşır.

Əgər ''islam terrorizmi'' kimi təbliğat stereotipinə qarşı çıxıb zorakılıq, kütləvi insan qətlləri kimi qorxunc təzahürlərin islam ehkamlarına, islam əxlaqına tamamilə zidd olduğunu söyləyir və bu mövqeyi qətiyyətlə müdafiə ediriksə, elə isə nə səbəbə əcnəbi siyasi texnoloqların bizə məqsədli şəkildə təlqin etdikləri həmin çirkin ifadə ilə yanaşı ''İraq və Şam İslam Dövləti'' kəlmələrinə də düşüncə ilə yanaşmamalıyıq? Axı, bu kimi mənfi çalarlı ifadələrin siyasi və mənəvi perspektivini düşünmədən onu kütləvi informasiya vasitələrində təkrarlamaqla istər-istəməz təsdiqləyir, siyasi terminologiyaya daxil edir, şüurlara yeridir və aktiv təbliğatçılarına çevrilirik. Fikrimizcə, ''İraq və Şam İslam Dövləti'' və ''Dağlıq Qarabağ Respublikası'' kimi söz birləşmələri tərəzinin müxtəlif gözlərində dayansalar da, eyni təhdid gücünə malikdirlər. Fərq burasındadır ki, onlardan biri Azərbaycanın ərazi bütövlüyünə, milli varlığımıza, digəri isə mənəvi dünyamıza, inancımıza yönəldilmiş təcavüzdür. Elə isə birini tanımayıb ''qondarma ''Dağlıq Qarabağ Respublikası'' kimi çağırdığımız halda, nə üçün digəri haqqında danışanda və ya yazanda Newtimes.az analitik-informasiya portalının təklif etdiyi kimi ''özünü ''İraq və Şam İslam Dövləti'' adlandıran terrorçu qruplaşma'' ifadəsini işlətməyək?

''İraq və Şam İslam Dövləti'' termini eyni zamanda iki hədəfə yönəldilib. Bir tərəfdən müsəlman ölkələrində terror xofu, xaos yaymaqla bu xalqların müstəqillik, sülh və tolerantlıq şəraitində yaşaya bilməməsi, demokratiya və insan hüquqları kimi dəyərlərin islam dünyasına yad olması kimi mənfi stereotipləri formalaşdırmağa, digər tərəfdən isə Qərb və Şərq arasında uçurumu dərinləşdirməklə, xalqlar arasında süni ədavət, etimadsızlıq və inamsızlıq yaymaqla dinlərarası, mədəniyyətlərarası dialoqu gücün monoloquna çevirməyə çalışır. Paralel olaraq, qlobal təbliğat maşını da məhz Qərb insanının təfəkküründə müsəlmanlar haqqında mənfi rəylərin, islam dininin qorxunc obrazının və ən nəhayət, ''islam dövlətinə'' dair saxta təsəvvürlərin yaranmasına kökləyir. Qərbin məlum dairələrinin İŞİD-ə qarşı apardığı ''mübarizə'' isə Hollivudun ''Ulduz müharibələri'' epik-fantastik serialının absurd epizodlarını xatırladır. Filmin uzaq gələcəkdə yaşayan qəhrəmanları ən mükəmməl ultra-texnologiyalara malik olsalar da, şər qüvvələrlə döyüşdə nədənsə ibtidai qılınc və nizələrdən istifadə edirlər. Yəni həmin Qərb dövlətlərinin mükəmməl kəşfiyyat peykləri 150-200 kilometr yüksəklikdən hətta minik avtomobillərinin nömrə nişanlarını dəqiq təyin edə bildikləri halda, ağır texnika ilə silahlanmış terrorçuların İraq və Suriya çöllərində açıq dislokasiyasını müəyyənləşdirməkdə nədənsə acizdirlər!

Əminik ki, Newtimes.az analitik-informasiya portalının bu çağırışı Azərbaycanın kütləvi informasiya vasitələri tərəfindən müsbət qarşılanacaq və bu müraciətə qoşulanların sayı təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da artacaqdır. Çünki hər bir din mahiyyət etibarilə güclü ideologiyadır. Dini ehkamları təhrif edənlər, qarşıdurma yaradanlar, inanc fərqlərini ideoloji mübarizə vasitəsinə çevirənlər isə insanlardır. Bu baxımdan, ''dinlərarası dialoq'' heç də Quran, İncil və Tövratın eyni rəfdə yanaşı qoyulması, müxtəlif konfessiyalar, dini-fəlsəfi baxışlar arasında ortaq dəyərlərin müəyyən edilməsi demək deyildir. Bu dialoq ilk növbədə ideologiyaların daşıyıcıları arasında səmimi, qarşılıqlı ünsiyyəti, birgə yaşayış normalarının yaradılmasını nəzərdə tutmalıdır.

Yeri gəlmişkən, bir məsələni də hörmətli jurnalist həmkarlarımın və bəzi siyasətçilərin diqqətinə çatdırmaq istərdim. İraq və Suriyada yaşayan etnik azərbaycanlılar ''türkmən'', ''İraq türkmənləri'' deyil, ''türkmanlardır''. Bir hərf səhvi, ''nəzərə çarpmayan qrammatik qüsur'' özünün ardınca növbəti problemlər gətirə bilər…

Araz Qurbanov,

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Bu adam Erdoğan'a düşman
10 oktyabr 2018 Habertürk

Bu adam Erdoğan'a düşman

Daniel Pipes aynı zamanda Erdoğan'a da, Türkiye'ye de düşmandır.

Davamı...
Trade war set to be the United States' next foreign policy quagmire
24 sentyabr 2018 The Hill

Trade war set to be the United States' next foreign policy quagmire

History is littered with real wars, like those in Afghanistan, Iraq and Vietnam, that...

Davamı...