
Bakı, 24 iyul 2014 – Newtimes.az
Böyük Orta Şərqin gələcəyini müəyyənləşdirən, keçmiş sovet məkanında, xüsusilə Qafqazda geosiyasi dəyişikliklərə bilavasitə səbəb olan əsas geosiyasi oyunçular arasında Türkiyə seçilir. 1952-ci ildə Türkiyənin NATO-ya qəbulu və Türkiyə ərazisində Alyansın hərbi bazalarının yaradılması Üçüncü dünya müharibəsi baş verdiyi təqdirdə SSRİ-nin Fars körfəzinə və Yaxın Şərqə doğru irəliləməsini səngidərək "soyuq müharibə" dövründə mühüm geostrateji rol oynadı.
Ötən əsrin 90-cı illərinin əvvəllərində Cənubi Qafqazda siyasi landşaftın dəyişməsi Türkiyənin siyasi elitasını ölkənin xarici siyasətində ciddi düzəlişlər etməyə məcbur etdi.
Rusiyanın geosiyasi mühitinin dağılması, beynəlxalq arenada yeni türkdilli dövlətlərin (Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan) yaranması Türkiyəyə Cənubi Qafqazda və Mərkəzi Asiyada yeni konfiqurasiyadan maksimum şəkildə istifadə etmək imkanı verdi. Türkiyə aktiv şəkildə yenicə müstəqillik qazanmış bu ölkələrlə iqtisadi, siyasi və mədəni əlaqələrini inkişaf etdirməyə başladı. Bu ölkələr arasında əsas diqqət Azərbaycana və Mərkəzi Asiya ölkələrinə yönəldildi.
Cari əsrdə Türkiyə xüsusilə enerji sahəsində Rusiya və İranla münasibətlərini intensivləşdirmək kursunu əldə tutaraq öz xarici siyasətini "Qafqaz-Xəzər istiqamətində" korrektə etməyə cəhd göstərir. Təkcə bir faktı qeyd etmək kifayət edir ki, Rusiya Türkiyənin təbii qaza olan ehtiyacının 60 faizdən çoxunu ödəyir. Bundan əlavə, ABŞ-ın vasitəçiliyi ilə Ermənistanla münasibətlərini nizamlamağa çalışan Türkiyə Rusiyanın regiondakı maraqlarını da nəzərə alaraq Cənubi Qafqazda baş verən geosiyasi proseslərdə daha fəal rol oynamağa çalışır. Son illər ərzində Türkiyənin xarici siyasətində regionun geosiyasi konfiqurasiyasına əhəmiyyətli dərəcədə təsir edə bilən yeni meyllər yaranmışdır. Son illərdə müşahidə olunan Türkiyənin İranla yaxınlaşması və türk-rus münasibətlərinin fəallaşması tendensiyaları buna sübut ola bilər.
Beləliklə, Türkiyənin Cənubi Qafqazdakı siyasəti qloballaşma problemi, həmçinin "dünya nizamının" dəyişməsi ilə sıx bağlıdır. Türkiyənin regiondakı maraqları Cənubi Qafqaz ölkələri ilə yanaşı, dünyanın hakim qüvvələri, xüsusilə ABŞ və Rusiyanın maraqları ilə toqquşur. Siyasi ittifaqların konfiqurasiyası beynəlxalq münasibətlərin iştirakçılarının iqtisadi maraqları ilə sıx bağlıdır. Cənubi Qafqazdakı geosiyasi oyunda iştirak dolayı olaraq Türkiyəni Gürcüstan və Azərbaycandakı etno-siyasi münaqişələrə cəlb edir. Türkiyənin bu regiondakı əsas strateji tərəfdaşı etnik cəhətdən yaxın Azərbaycandır, lakin Rusiya ilə iqtisadi əlaqələrin miqyası ölkə üçün kifayət qədər əhəmiyyətli və vacib olaraq qalır. Qonşu ölkələr arasında təkcə Ermənistanın Türkiyə ilə diplomatik münasibətləri yoxdur.
Eyni zamanda qeyd etmək lazımdır ki, ümumilikdə İran kimi Türkiyədə hazırda Cənubi Qafqazdakı hökmranlığını bərqərar etmək və Rusiya və Qərbi regiondan sıxışdırıb çıxarmaq üçün hərbi-siyasi və iqtisadi imkanlara malik deyil.
Səbinə Qaraşova,
siyasi elmlər namizədi
98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.
Davamı...