THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

BRİKS – XXI əsrin əvvəllərinin yeni geosiyasi və geoiqtisadi reallığı

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
162929
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 16 iyul 2014 – Newtimes.az

Son iki əsrdə dünya tarixi istər XIX əsrin əvvəllərində aparıcı Avropa ölkələrinin antinapoleon koalisiyası, istər XX əsrin əvvəllərində Antanta və ya Üçlər İttifaqı, istərsə də İkinci Dünya müharibəsi zamanı İttifaq ölkələrinin antikomintern paktı və antihitler koalisiyası kimi sırf hərbi-siyasi xarakter daşıyan və əlaqədar ölkələrin geosiyasi maraqlarına xidmət edən ölkələrarası müxtəlif modifikasiyalı müvəqqəti hərbi-siyasi strukturların yaranmasına şahid olmuşdur. "Soyuq müharibə'' dövründə də NATO, Varşava paktı, SENTO, SEATO, ANZUS və s. kimi regional hərbi-siyasi blokların yaradılmasında təəccüblü heç nə olmamışdır.

Fransız sosioloqu Raymon Aronun dediyi kimi "sülhün qeyri-mümkün, müharibənin isə inanılmaz'' olduğu dövrdə NATO və Varşava paktının timsalında Qərblə Şərq arasındakı "soyuq” geosiyasi qarşıdurma XX əsrin sonlarına ikiqütblü sistemin tənəzzülünə gətirib çıxardı və dünya "birqütblü'' (əsas rolda ABŞ) və ya "çoxqütblü'' sistemlər arasında seçim etmək məcburiyyətində qaldı. Aparıcı dünya liderlərinin birbaşa hərbi-siyasi qarşıdurmasının praktiki olaraq qeyri-real olduğu hazırkı reallıqlar, əslində, gizli xarakter daşıyan klassik geosiyasi mühit amilləri ilə sıx bağlı olan geoiqtisadi maraqların baş rolda oynadığı yeni dövlətlərarası əlaqə formalarını ön plana çıxarmışdır. Dünya siyasətinin "narazı'' böyük dövlətlərinin müasir əlaqələr sistemində öz layiqli yerini tapmaq uğrunda apardığı qızğın axtarışlar ümumi və ya yaxın sosial-iqtisadi problemlərə və ortaq gələcək dinamik inkişaf məqsədlərinə malik yeni dövlətlərarası birliklərin (AİB, Şanxay Əməkdaşlıq Təşkilatı və s.) yaradılmasını labüd etmişdir.

Bunlardan ən irimiqyaslısı və nüfuzlusu üç qitədə yerləşən və yaxın gələcəkdə "Böyük yeddiliyə'' rəqib çevrilmək iqtidarında olan BRİKS – Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası birliyidir. Mühüm geosiyasi faktorlardan biri də odur ki, hazırkı dövrdə BRİKS planet ərazisinin 26 faizini və Yer kürəsinin əhalisinin 42 faizini özündə birləşdirir.

Dünya Bankının verdiyi rəqəmlərə görə, 2013-cü ildə BRİKS ölkələrinin ÜDM-i 15.75 trilyon ABŞ dolları və ya dünya üzrə ümumi ÜDM-in 18 faizini təşkil etmişdir. Təkcə beş ölkənin əhalisi 3 milyarda yaxındır. 2003-2013-cü illəri əhatə edən 10 il ərzində BRİKS ölkələrinin iqtisadiyyatı 4.2 dəfə, inkişaf etmiş ölkələrin iqtisadiyyatı isə 61 faiz artmışdır. Goldman Sachs bankının rəyinə əsasən, 2050-ci ilədək ümumilikdə birlik ölkələrinin iqtisadiyyatı "Böyük yeddiliyə'' daxil olan dünyanın ən varlı ölkələrinin iqtisadiyyatını qabaqlayacaqdır.

Bütövlükdə, BRİKS-in yaradılması yeni əsrin qədəm qoyması ilə dünya inkişafında beynəlxalq münasibətlərin çoxmərkəzli sisteminin formalaşması tendensiyasının təzahürü olmuşdur.

Amma heç də hər şey ilk baxışdan göründüyü kimi sadə deyil. Birliyin bəzi üzv ölkələri arasında müəyyən ziddiyyətlərin olması, xüsusilə Çin-Hindistan ərazi mübahisəsi, xarici siyasətdə birliyin olmaması, zəif iqtisadi asılılıq, olduqca böyük ərazi uzaqlıqları, BRİKS-in dağılmasını arzu edən Qərb dövlətlərinin "soyuq” münasibəti və bir sıra digər amillər bu ittifaqın NATO və ya Avropa İttifaqının tamhüquqlu alternativi hesab edilməsinə imkan vermir.

Eyni zamanda, BRİKS-in növbəti zirvə toplantısında (Braziliya, 15-16 iyul 2014) 100 milyard ABŞ dolları nizamnamə kapitalı ilə inkişaf bankının yaradılması, Argentinanın alyansa qoşulması ilə təşkilatın genişlənməsi, həmçinin müasir dövrün aktual problemlərinin və üzv ölkələr arasındakı ikitərəfli və çoxtərəfli əlaqələrlə bağlı digər məsələlərin nəzərdən keçirilməsi planlaşdırılır.

Bütün bunların dünya siyasəti üçün geosiyasi və geoiqtisadi nəticələrini yaxın gələcək göstərəcəkdir.

Pərvin Darabadi,

tarix elmləri doktoru, professor

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Azərbaycanın Zəngilan rayonu – İpək Yolu üzərində strateji qovşaq
08 fevral 2021 Atlantico

Azərbaycanın Zəngilan rayonu – İpək Yolu üzərində strateji qovşaq

Zəngilan Azərbaycan üçün çox əlverişli məkanda yerləşir

Davamı...
Nəqliyyat yollarının sülhməramlıları
01 fevral 2021 Коммерсантъ

Nəqliyyat yollarının sülhməramlıları

Buzlar yanvarda əridi

Davamı...