THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Avropa və Rusiya geosiyasi tələdə: Ukrayna hadisələrinin görünməyən tərəfi

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 3 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
345494
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 25 iyun 2014 – Newtimes.az

Şərqi Avropanın böyük dövlətlərinin birində neçə aydır davam edən ixtilaf mütəxəssisləri düşündürür. Buna müxtəlif qiymətlər verilir. Proseslərin arxasında böyük dövlətlərin durduğunu vurğulayan təhlillərə rast gəlmək olur. Burada ilk olaraq ABŞ-ın adı hallanır. Avropanın bir sıra analitikləri də Vaşinqtondan bu məsələdə şikayətlənir. Onlar hesab edirlər ki, Amerika faktiki olaraq Avropa ilə Asiya ölkələri arasına nifaq salıb. Avrasiya geosiyasi aspektdə parçalanır. Bu vəziyyətin bütövlükdə qlobal geosiyasətin dinamikasına mənfi təsir edə biləcəyi proqnozlaşdırılır. Hətta böyük bir məkanın idarə olunan xaos halına düşə biləcəyindən bəhs edilir. Bütün bunların prizmasından Ukraynada baş verən proseslər sözün həqiqi mənasında qlobal təsirli hadisələrin meydana gəldiyini göstərir.

Müharibə hədəsi: geosiyasətin arxa planı

Ukrayna böhranında gərginlik azalmır. Ölkənin şərq əyalətlərində hərbi toqquşmalar davam edir. Tərəflərdən hər hansı birinin tam qələbəsindən danışmaq mümkün deyildir. Doğrudur, rəsmi Kiyev əməliyyatların qısa zamanda başa çatdırılması barədə hərbçilərə göstəriş verib. Lakin reallıqda bu münaqişənin sonu görünmür.

Ekspertlərin yaranmış vəziyyətə münasibətləri maraqlıdır. Onlar problemə daha geniş miqyasda yanaşmağa üstünlük verirlər. Belə ki, məsələn, rusiyalı ekspertlər hesab edirlər ki, əsas oyun Vaşinqtonla Moskva arasında gedir. Dəqiq deyilsə, Amerikanın Rusiyanı uzunmüddətli və süründürməçi münaqişəyə cəlb etməkdə olduğunu vurğulayırlar. Analitik F.Lukyanov da bu fikirdədir (bax: Федор Лукьянов. Украинская развилка / "Россия в глобальной политике", 11 iyun 2014).

Onu deyək ki, bu fikri bir sıra Qərb ekspertləri də müdafiə edir. Məsələn, "The Guardian" nəşrinin hərbi eksperti Con Pilger bu mövqedədir. O yazır: "Vaşinqtonun Ukraynadakı indiki rolu yalnız Qərb üçün mümkün nəticələr baxımından fərqlənir. R.Reyqan dövründən bu yana ilk dəfə olaraq ABŞ bütün dünyanı müharibə ilə hədələyir. Şərqi Avropadan Balkanlara qədər bütün ərazi NATO-nun hərbi forpostları ilə zəbt edilib" (bax: John Richard Pilger. In Ukraine, the US is dragging us towards war with Russia / "The Guardian", 13 may 2014).

Bu fikirlərdə ümumən dünya üçün təhlükəli görünən məqamlar yer alıb. Belə təəssürat yaranır ki, ölkələr demokratiya adı altında addım-addım işğal edilir. Yaxın Şərqdən Ukraynaya qədər geniş bir məkanda mövcud olan ixtilaflara həmin tezis müstəvisində nəzər salanda həqiqətən də qorxulu mənzərə yaranır. "Ərəb baharı" adı ilə başlanan proses reallıqda Misir, Suriya, Livan və İraqda uzunmüddətli münaqişələrin əsasını qoydu. İndi prosesin aktiv hissəsi Suriyadan İraqa keçib. Bundan sonra isə Türkiyə və İran gəlir. Hadisələrin bu cür gedişatı Rusiyanın sərhədləri yaxınlığında idarə olunan xaosun yaradılması deməkdir.

Eyni məntiqi Ukrayna istiqamətində cərəyan edən hadisələrdə də görmək olar. İndi müharibə faktiki olaraq Rusiyanın Şərqi Avropa sərhədləri yaxınlığında gedir. Bəzi ekspertlər isə hesab edirlər ki, Rusiya cəmiyyətində artıq müharibə ab-havası duyulmaqdadır (bax: məs., Алена Солнцева. Прицельно в голову / "Gazeta.ru", 14 may 2014). İnsanlar iki cəbhəyə – savaşın tərəfdarları və əleyhdarlarına bölünüblər. Belə bir vəziyyət cəmiyyətdə sabitliyi pozur və reallığı dərk etmək imkanlarını azaldır. Nəticədə, həmin cəmiyyətdə qorxu, təlaş və panika yaratmaq asanlaşır. Orada təxribatlar törətmək üçün geniş imkanlar açılır.

Bunlar ABŞ-ın Avrasiya məkanında planlarının qorxulu tərəflərinə işıq salır. İndi hətta Avropa ekspertləri hesab edirlər ki, Ukrayna hadisələri xüsusi planla yaradılmış və Aİ-yə qarşı olan bir böhrandır (bax: Global systemic crisis-escalation in the US reaction for survival: trigger a cold war to make it easier to annex Europe / "Global Europe Anticipation Bulletin", №83, 16 mart 2014). Burada bir neçə arqument gətirilir, Ukrayna faktoruna xüsusi yer ayrılır.

GEAB ekspertlərinə görə, "Ukrayna Avropa ilə Rusiya arasında strateji həlqədir..." (bax: əvvəlki mənbəyə). Bunu Siyasi Proqnozlaşdırmanın Avropa Laboratoriyası da yaxşı bilir. Həmin səbəbdən 2009-cu ildən Avropa-BRİKS adlı xüsusi proqram hazırlandı. Bununla Aİ ilə BRİKS-i yaxınlaşdırmaq mümkün olacaqdı. Həmin halda Avropa da özünün çoxqütblü dünyanın formalaşmasına yardım kimi təbii bir funksiyasını yerinə yetirə biləcəkdi. Lakin Ukrayna həmin prosesin önündə dayanan divar halına gətirildi. Bunun kimə sərf etdiyi tamamilə aydındır.

Ağır günün düşmənləri: Vaşinqton-Brüssel-Moskva xəttində gərginlik

Şərqi Avropada ixtilafı məhz dünyada özünə qarşı böyük geosiyasi gücün formalaşmasından ehtiyat edən Vaşinqton yaratdı. İndi faktiki olaraq Avropanın da yaxından iştirak etdiyi bir münaqişə mövcuddur. Rusiyanın birbaşa hərbi müdaxiləsi olduqda, hadisələr daha qorxulu istiqamətdə cərəyan edərdi. Əslində, həmin istiqamətdə müəyyən işlər görülür. Moskvanı qıcıqlandıran bir sıra addımlar atılır. Həmin kontekstdə tanınmış Amerika politoloqlarından birinin "Ukraynanı Vyetnama çevirmək lazımdır" fikrini xatırlamalı oluruq (bax: Crisis in Ukraine; Interview with Zbigniew Brzezinski / "CNN", 13 aprel 2014).

Bütün bunların fonunda rusiyalı ekspertlərin narahatlığını başa düşmək olar. Ukrayna məsələsi dərinləşərək daha geniş əraziyə yayılarsa, bir neçə dövlət üçün çətin vəziyyət yaranar. Qəribədir ki, proseslərin bu cür gedişatı üzərində düşünən yoxdur. Tərəflər öz marağının qalib gəlməsi üçün çalışır. Lakin elə bu yanaşma da böyük bir geosiyasi ərazini ixtilaflar bataqlığına sürükləyir.

Baş verən hadisələrin fonunda Avropanın Amerikadan hərbi asılılığı artır. Son zamanlar Vaşinqton Şərqi Avropaya yeni hərbi qüvvə yerləşdirir. Daha güclü silahlar quraşdırılır. Bununla həmin ərazilərin təhlükəsizliyində ABŞ birinci dərəcəli rol oynamaq şansı əldə edir. Eyni zamanda, münaqişənin daha geniş əraziyə yayılması imkanları da yaranır. Bu prizmadan Ukraynanın özü də geosiyasi tələyə düşmüş olur. Təəssüf ki, bu, Avrasiya məkanında parçalanmaya səbəb olur.

Vaşinqtona gəldikdə isə, onun Avrasiyada geosiyasi uçurum yaratmaq siyasəti çox böyük təhlükə kəsb edir. Cənub və Qərb istiqamətindən münaqişələrin Asiya daxilinə doğru irəliləməsinin zərərini regionun milyonlarla insanı görə bilər. Burada məzhəb ayrı-seçkiliyinə əsaslanan ixtilafları ayrıca vurğulamaq gərəkdir. Hazırda İraqda müşahidə edilən proseslərin genişlənib Mərkəzi Asiya, Rusiya və Çin ərazisinə yayılması böyük fəlakətlərə yol aça bilər. Hadisələrin bu ssenari üzrə inkişafını istisna etmək düzgün olmazdı. Belə ki, Əfqanıstandan NATO əsgərlərinin çəkilməsindən sonra orada İraqda baş verənlərdən daha ağır proseslərin baş qaldıra biləcəyi proqnozlaşdırılır.

Nəzərə almaq lazımdır ki, Rusiyada çoxlu sayda müsəlman yaşayır. Ukrayna böhranı fonunda orada dini məzhəbçilik qızışdırılarsa, ciddi dağıdıcı proseslər vüsət ala bilər. Məsələ burasındadır ki, Yaxın Şərqdə fəaliyyət göstərən radikal dini qruplaşmaların tərkibində dünyanın müxtəlif regionlarından gəlmiş insanlar var. Onların öz ölkələrinə geri qayıdışı təhlükəlidir.

Bütün bunlar göstərir ki, Ukraynada bu gün baş verənlər bu ölkənin hüdudları ilə məhdudlaşmır. Hiss olunur ki, Ukrayna qlobal geosiyasi oyunun müəyyən fraqmentidir. Hələlik ondan bu keyfiyyətdə istifadə edilir. Rusiyanın tədricən münaqişəyə cəlb edilməsi ilə ümumi vəziyyət daha da qeyri-müəyyən xarakter alır. ABŞ-ın geri addım atacağını gözləmək sadəlövhlük olardı. Deməli, münaqişənin hələ bir müddət davam edəcəyi ehtimalı daha realdır. Moskvanın buna qarşı irəli sürə biləcəyi bir model isə gözə dəymir.

Şübhə yoxdur ki, hadisələrin bu istiqamətdə inkişafı bütün postsovet məkanında təhlükəli mənzərə yarada bilər. Artıq okeanın o tayından bu məkanın bəzi ölkələrinə qarşı təxribatların olduğu haqqında informasiyalar yayılır. Qeyri-sabitliyin və qeyri-müəyyənliyin yayılması riski daha da artır. Ən pisi odur ki, bu gedişatın qarşısını ala biləcək qüvvə gözə dəymir.

Rəsmi Vaşinqton isə hələ də "amerikan müstəsnalığı"ndan dəm vurur, dünyanın hər yerində dövlətlərin daxili işlərinə qarışmaq hüququna sahib olduğunu deyir. Mütəxəssislər Vest-Pointdə B.Obamanın çıxışında həmin məqamın yer almasından çox narahatdırlar. O cümlədən, Ukrayna məsələsinin də mürəkkəb olduğu təəssüratı yaranır. Deməli, ABŞ-ın həmin prosesə qarışması münaqişənin həllini sürətləndirmir. Əksinə, yeni-yeni proseslərin start götürdüyü hiss edilir. Ancaq daha maraqlısı belə bir sualdır: Ukraynadan sonra növbə hansı ölkənindir? Bu ədalətsizlik və qantökmə nə zamana qədər davam edəcək?

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...