THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ermənistanın iqtisadiyyatı və xarici siyasət anlayışı

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
7180
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 18 iyun 2014 – Newtimes.az

Ermənistan 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra süqut edən iqtisadiyyatını dirçəltmək, xaricə miqrasiya problemlərini həll etmək və bölgə təhlükəsizliyini təmin edilməsi üçün qonşu dövlətlərlə əməkdaşlıq etmək yerinə, Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş, Gürcüstanın Cavahetiya bölgəsində yaşayan ermənilərin separatçılıq fəaliyyətini dəstəkləmiş və Türkiyəyə yönəlik xarici siyasətində qondarma erməni soyqırımı iddiasını ön plana çıxararaq xarici siyasət kursunda ciddi problemlərin yaşanmasına səbəb olmuşdur.

Son 20 ildə nə bölgə dövlətləri, nə də bölgədən kənar dövlətlər Ermənistanın suverenliyini və müstəqilliyini təhdid edən siyasət həyata keçirməyib. Əgər Ermənistan yuxarıda sadalanan siyasət həyata keçirməsəydi, indi regionla bütünləşən, sosial-iqtisadi, enerji və siyasi problemlərini həll edən dövlət olaraq bütün sahələrdə inkişaf etməyə fürsət tapardı. Ermənistan dövlət rəsmiləri hələ də orta əsr siyasi zehniyyəti ilə yaşayır və işğal etməklə torpaq əldə edəcəklərinə inanırlar. Bəli, Ermənistan Azərbaycan torpaqlarını işğal edib və işğal hələ də davam edir. Nə əldə etdi Ermənistan? Azərbaycanı məğlub edə, qondarma rejimi dünya dövlətləri tanıda, sosial-iqtisadi problemlərini həll edərək, əhalisinin artmasını təmin edərək, xarici sərmayəni ölkəyə gətirərək, bölgənin təhlükəsizliyinə töhfə verə bildimi? Xeyr. Bu sadalananaların heç birini təmin edə bilməyib və edəcəyi də olduqca şübhəlidir.

Ermənistan rəsmiləri beynəlxalq aləmdə formalaşan siyasi dinamizmi görmür və yaxud görmək istəmir. Hər nə qədər dünyada hələ də müharibələr davam etsə də, bu Avropa və Amerika qitəsində deyil, post sovet coğrafiyasında, Yaxın Şərqdə və digər coğrafiyalarda baş verir. Avropada son müharibə isə İkinci dünya müharibəsindən sonra ilk dəfə Yuqoslaviyanın süqutu ərəfəsində yaşandı və Avropa bu problemi əsasən həll etdi. Yuqoslaviya nümunəsindən başqa Avropada potensial müharibə təhdidi varmı?

Avropa və əsasən ABŞ öz vətəndaşlarının rifahını yüksək səviyyədə təmin edərək bu rifahın davamlılığını təmin etmək üçün bütün iqtisadi,  siyasi və hərbi vasitələrdən məharətlə istifadə edirlər. Müharibələrin yaşandığı bütün coğrafiyanın təbii sərvətləri, geosiyasi mövqeyinə nəzər yetirdikdə, müharibələrin əsasən bu davamlılığı təmin etmək üçüntörədildiyini anlamaq üçün diqqətli bir baxış yetərlidir.

Ermənistan bu reallığı görmür. Xarici dövlətlərin köməyi və ianələri ilə bir təhər özünü dolandırır və görünən odur ki, hakimiyyət özü üçün ciddi daxili və xarici təhdid hiss etmədiyi müddət ərzində vəziyyətin bu cür "sabit'' qalmasından məmnundur və dəyişdirməyə siyasi iradələri yetmir. Avropa dövlətlərindən fərqli olaraq Ermənistan hökuməti xalqın rifahının təmin etməkdən çox, özlərinin siyasi hakimiyyətinin davamlılığını təmin etməyə səy göstərir. Bunun üçün isə ona "dəstək” olan dövlətlərin tələblərini məmnuniyyətlə yerinə yetirirlər.

Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyi üçün şimal dəhlizini (dəmir yolu xəttini), Türkiyəni qondarma erməni soyqırımı iddiaları ilə təhdid etdiyi üçün qərb nəqliyyat dəhlizini və Abxaziya probleminə görə Gürcüstan üzərindən keçən nəqliyyat dəhlizini istifadə edə bilmir. Abxaziya problemi istisna olmaqla digər iki dəhlizdən istifadə edə bilməməsinin tək səbəbi Ermənistandır.

Dünyada bir dövlətin digər dövlətin torpaqlarının bir hissəsini işğal etməsindən, birinin digərini məntiqsiz iddialarla (qondarma erməni soyqırımı kimi) xarici siyasətdə problemlər yaşatmasından sonra işğal etdiyi və məntiqsiz iddialarla çıxış etdiyi dövlətlərin geosiyasi mövqeyindən istifadə edərək problemlərini həll etməyə çalışmasının nümunəsi varmı? Yoxdur əlbəttə. Amma bunun tam əksi beynəlxalq aləmdə AB, və Avropa dövlətləri tərəfindən illərdir istifadə edilir. Məsələn, İraq, İran ABŞ və Avropa dövlətləri üçün ciddi təhdid olmasa da, illərlə bu dövlətlərə qarşı iqtisadi və siyasi sanksiyalar tətbiq edildi, İrana qarşı isə hələ də tətbiq edilir. Rusiyanın son zamanlarda post-sovet coğrafiyasında həyata keçirdiyi siyasətə görə, bu dövlətə qarşı müxtəlif sanksiyalar tətbiq edilir. Belə nümunələri artırmaq mümkündür.

Ermənistan və ona dəstək olan dövlətlər Azərbaycan və Türkiyənin bu dövlətə "qanunsuz'' iqtisadi sanksiya tətbiq etməkdə ittiham edir. Azərbaycan və Türkiyəni Ermənistana sanksiya tətbiq etdiyini iddia edən dövlətlərin yuxarıda adı keçən dövlətlərə qarşı tətbiq etdiyi sanksiyalar qanunidirmi? Hər hansı beynəlxalq məhkəmənin bu barədə tərəfləri bağlayacaq bir qərarı varmı? Yoxdur əlbəttə. Bu dövlətlər yuxarıda adı keçən dövlətlərin onların dövlət maraqlarına qarşı siyasət həyata keçirdiklərini düşündükləri üçün sanksiyalar tətbiq edirlər. Bəli, sadəcə düşündükləri üçün... Yəni sanksiya tətbiq etdikləri heç bir dövlət Avropa dövlətlərinin və ABŞ-ın ərazisini işğal etməyib. Sadəcə onların iqtisadi, siyasi və təhlükəsizlik siyasəti qarşısında maneə ola biləcəkləri ehtimalı olduğu üçün sanksiyaya məruz qalıblar.

Ermənistan və ona dəstək olan dövlətlər bu iddialardan əl çəkmir, həmişə gündəmə gətirməyə cəhd edirlər. Belə ki, İsveçrə Prezidenti Dide Burkxalter keçdiyimiz günlərdə Ermənistana səfər edərkən bu məsələyə toxunaraq "Türkiyənin Ermənistana qarşı qanunsuz sanksiya tətbiq etməsinin beynəlxalq strukturların və ATƏT-in diqqət mərkəzində olduğunun bildirmişdir'' (1). Cənab Burkxalteri niyə sadəcə Ermənistan narahat edir? İraqa sanksiya tətbiq edildiyi ərəfədə dərman qıtlığından minlərlə uşaq, xəstə öldükdə niyə Cənab Burkxalter haqq səsini dünyaya car çəkmirdi? İsveçrənin Türkiyə Ermənistan münasibətlərini qaydaya salmaq üçün vasitəçilik təşəbbüsünün davam etdiyini bildirən Cənab Burkxalter elə İsveçrənin vasitəçiliyi ilə Türkiyə və Ermənistan arasında 2009-cu ildə imzalanan protokolların ratifikasiya edilməsi üçün Ermənistan parlamentinin gündəliyinə gətirilməsini qadağan edən fərman imzalayan Ermənistan Prezidenti Serj Sərkisyanı niyə ittiham etmir? Azərbaycan və Türkiyədən Ermənistan üçün qarşılıqsız güzəşt etmələrini tələb etməklə nələr əldə etmək istəyirlər?

Ermənistan reallığını anlayan və hakimiyyətinin ikinci beş illiyində Dağlıq Qarabağ problemini həll etməyə və Türkiyə ilə münasibətlərini qaydaya salmağa çalışan LevonTer-Petrosyandan (Öz siyasi komandası tərəfindən istefa etməyə məcbur edildi.) başqa digər Prezidentlər – Robert Köçəryan və Serj Sərkistyan Azərbaycan və Türkiyənin sanksiyalarına qarşı Ermənistan iqtisadiyyatının immuniteti olduğunu bildirirlər. Mükəmməl deyilmi? Xəstənin immunitetinin güclü olması onun sağalması üçün əsas şərtdir. Demək ki, Azərbaycan və Türkiyənin iddia edilən sanksiyaları Ermənistan iqtisadiyyatına heç bir mənfi təsir etmir. Hətta onun immunitetini gücləndirir. İmminitetin daha da güclənməsi üçün Ermənistan və onu dəstəkləyən dövlətlərin Azərbaycan və Türkiyənin Ermənistana tətbiq etdikləri iddia edilən sanksiyaları daha da sərtləşdirməsini xahiş etməkdənsə, bu sanksiyaların ləğv edilməsini niyə tələb edirlər?

Hatəm Cabbarlı,

siyasi elmlər doktoru

1. "Незаконная" блокадаАрмении со стороны Турции должна оставаться в центревнимания ОБСЕ – президент www.regnum.ru/news/fd-abroad/armenia/1810334.html, 04.06.2014

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...