THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Obamanın ikinci prezidentliyi: Amerika haraya gedir?

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
167876
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 17 iyun 2014 – Newtimes.az

ABŞ-ın hazırkı dövlət başçısının ikinci prezidentlik müddətinin başa çatmasına iki il qalır. Mütəxəssislər onun indiki mərhələdəki fəaliyyətini birinci prezidentliyi dövrü ilə müqayisə edirlər. Meydana maraqlı faktlar çıxır. Real vəziyyət düşünüldüyü kimi sadə deyilmiş. Dünyanın ən güclü dövlətinin xarici siyasətində ziddiyyətlər, qeyri-müəyyənliklər yer alıb. Bir sıra geosiyasi məsələlərə Vaşinqtonun münasibəti ciddi tənqid olunur. Buna baxmayaraq, əksər Qərb analitikləri əsasən Amerikanın liderliyi probleminə toxunur, qlobal geosiyasi mənzərəni mürəkkəbləşdirən əhəmiyyətli məqamları isə sanki unudurlar. Amerika haraya gedir?

İkinci seçkidən sonra: yeni problemlərin yaratdığı reallıqlar

Amerikanın xarici siyasət kursunun dinamikası qlobal geosiyasət üçün əhəmiyyət daşıyır. Dünyanın ən güclü dövlətinin həmin sahədə fəaliyyətindən çoxlu şeylər asılıdır. Bu səbəbdən mütəxəssislər Barak Obamanın ikinci prezidentliyi dövründə həyata keçirdiyi daxili və xarici siyasətin özəlliklərinə böyük diqqət yetirirlər.

Burada B.Obamanın birinci prezidentliyi dövründə apardığı xarici siyasətin bir sıra mühüm xüsusiyyətlərini xatırlamağa ehtiyac vardır. Məlum terror hadisələrindən sonra ABŞ-ın dünyada nüfuzu sarsıldı. Xüsusən müsəlmanlar Vaşinqtona inanmırdılar. Bunun fonunda ölkənin iqtisadi sistemində problemlər yaranmağa başlamışdı. Vətəndaşları daxili problemlərin həlli daha çox maraqlandırmaqda idi. Belə bir şəraitdə Amerikaya tamamilə fərqli fəaliyyət proqramına malik prezident lazım idi (bax: Kılıç Buğra Kanat. Obama’nın İkinci Döneminde Amerikan Dış Politikası / "Siyaset, Ekonomi ve Toplum Araştırmaları Vakfı" (SETA), may 2014, №93).

Barak Obama bütün bu səbəblərdən birinci prezidentliyinin andiçmə mərasimində ciddi vədlərlə çıxış etdi. O, ölkənin iqtisadi vəziyyətini kəskin surətdə yaxşılaşdırmaqla yanaşı, xarici siyasətdə də uğurlar qazanacağına söz verdi. Bu kontekstdə Yaxın Şərq, Afrika, Avropa, Mərkəzi Asiya və Uzaq Şərq ilk sırada yer alırdı. Konkret olaraq İraq, İran, Əfqanıstan, Çin kimi məsələlərin həlli qarşıda dururdu. Təcrübə göstərdi ki, Vaşinqton nəinki sadalanan problemləri həll edə bilmədi, hətta onlara yeniləri də əlavə olundu. Maraqlıdır ki, bu proses B.Obamanın birinci prezidentliyi dövründən ikinciyə keçidi məqamında kəskinləşdi. Dəqiq ifadə etsək, yeni prezidentlik müddəti daha çox çətinliklərin yaranması fonunda başladı (bax: əvvəlki mənbəyə).

Buradan avtomatik olaraq belə bir nəticə alınır: B.Obama ikinci prezidentliyə xarici siyasətdə daha çox problemlərin meydana gəlməsi ilə başladı. Səbəb nə idi? Rəsmi Vaşinqtonun bütün cəhdlərinə baxmayaraq, proseslər onun istədiyi yöndə getmirdi. Analitiklər bu məsələni kifayət qədər təhlil ediblər. Əldə edilən əsas nəticə ondan ibarətdir ki, dünyanın özü dəyişməkdədir. Artıq onun yalnız bir supergüc tərəfindən idarə olunması fikri qəbul edilmir. Bu məqam özlüyündə "yüksələn yeni güclər" anlayışının daxil edilməsinə əsas verdi. Həmin termin Rusiya, Çin, Hindistan, Braziliya, Türkiyə kimi ölkələrin dünya siyasətindəki rolunun artmasını ifadə edir (bax: Amitav Acharya. The end of American world order / "The Hindu", 29 may 2014).

Sonuncu amil B.Obamanın ikinci prezidentlik müddətində xarici siyasətinin əsas göstəricisidir. Ancaq buna münasibət fərqlidir. ABŞ-ın radikal mövqeli siyasətçi və analitikləri "liderin zəiflədiyindən" yazırlar. Onlar Amerikanın müstəsnalığının davam etdiyini və dünyaya ağalıq etməli olduğunu iddia edirlər. Bunun reallaşdırılması forması isə dünya üzərində mütləq hakimliyə nail olmaqdır. Təbii ki, bu cür yanaşma dünyanın hər yerində Amerikanın hərbi iştirakını nəzərdə tutur.

Məsələyə fərqli yanaşanlar isə mövcud reallıqları nəzərə almaqla hərəkət etməyə üstünlük verirlər. Onlar da Amerikanın liderliyindən imtina etmirlər. Sadəcə olaraq, onun həyata keçirilməsi üçün daha çevik mexanizmlər təklif edirlər. Nəticədə, dünya liderliyinin yeni modelindən danışılır. Burada regional səviyyədə aparıcı rol oynaya biləcək dövlətlərin mövcudluğu qəbul edilir. Lakin bundan artıq onların nəyə isə iddia etməsinə imkan verilməməsi məsləhət bilinir. Hesab edirik ki, B.Obama ikinci prezidentlik müddətində bu dilemma ilə qarşılaşıb və hələlik onu həll edə bilmir.

Daha əhəmiyyətlisi: liderlik, yaxud ikili yanaşma?

Analitiklər həmin məqamı müxtəlif kontekstlərdə vurğulayırlar. Məsələn, "amerikan müstəsnalığı" tezisini B.Obamanın necə başa düşməsi ilə bağlı fərqli fikirlər söylənilir. ABŞ dövlət başçısı deyir ki, "Amerika dünyada həmişə liderlik etməlidir... Silahlı qüvvələr isə bizim liderliyimizin həmişə başlıca dayağı olacaqdır" (bax: məs., Американская исключительность: США настаивают на праве решать, какие народы можно бомбить, оккупировать и наказывать санкциями / "MixedNews.ru", 5 iyun 2014). Maraqlıdır ki, amerikan realistləri bu cür fikirlər söyləyən prezidenti "zəif" və "qorxaq" adlandırırlar.

Məsələnin maraqlı tərəfi də bundan ibarətdir. Görünür, ABŞ-da bir sıra dairələr dünyanın hər yerində Amerikanın hər zaman qalib olması xülyasından əl çəkməyiblər. B.Obama Yaxın Şərqdə və ya Asiya-Sakit okean hövzəsində başqa geosiyasi güclərlə anlaşmağa çalışırsa, dərhal Amerikanın bəzi dairələrindən etirazlar eşidilir. Vəziyyətə diqqətlə yanaşdıqda isə, əslində, Vaşinqton administrasiyasının kifayət qədər sərt mövqe nümayiş etdirdiyini görürük.

Məsələn, Asiya-Sakit okean hövzəsində ABŞ xeyli hərbi qüvvə cəmləşdirib, Çinlə region dövlətlərinin bəzilərinin qarşıdurmasına aparan addımlar atıb. Bundan başqa, ABŞ Birma ilə əlaqələri xeyli dərəcədə gücləndirib və bundan təzyiq amili kimi istənilən zaman istifadə edə bilər. Burada ABŞ radikallarını qane etməyən amil hərbi gücün dərhal tətbiq edilməməsi ola bilər. Deyək ki, B.Obama İsrail-Fələstin münaqişəsinin həllində, İran məsələsində, Misir və Suriya hadisələrində silahlı qüvvələrdən istifadə etmədi. Rusiya məhz bu məqamdan yararlanaraq Yaxın Şərqdə fəallığını artırdı.

Ümumiyyətlə götürdükdə, B.Obama iqtidarı Rusiya və Çinə qarşı "yumşaq" davranmaqda daha çox ittiham edilir. Xüsusilə, Ukrayna hadisələrindən sonra bu cəhət daha qabarıq özünü göstərməyə başlayıb. Avropa ABŞ dövlət başçısını Rusiyanın yaratdığı təhlükəni tam dərk etməməkdə ittiham edir (bax: Simon Shuster. A Failed Russia "Reset" Haunts Obama in Europe / "Time", 3 iyun 2014). ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol hesab edir ki, Kreml Amerikanın Avropada ona qarşı hərbi güc tətbiq etməyəcəyinə əmindir. O, bunu "faciəvi həqiqət" adlandırır (bax: əvvəlki mənbəyə).

Vilson Mərkəzinin Amerika-Rusiya münasibətləri üzrə eksperti Metyu Rojanski isə B.Obamanın Avropaya səfəri zamanı Ukraynaya baş çəkməməsini belə xarakterizə edir: "Bu səfər xəbərdaredici yox, müdafiə xarakteri daşıyır. O, (B.Obama nəzərdə tutulur – L.M.) çox ehtiyatlı davranır" (bax: əvvəlki mənbəyə). Göründüyü kimi, Qərbdə əksəriyyət B.Obamadan Moskvaya qarşı çox sərt davranmağı və lazım gələndə hərbi güc tətbiqinə əl atmağı tələb edir. Prezident isə fərqli hərəkət edir.

Bütün bunlar B.Obamanın ikinci prezidentlik dövründə xarici siyasət kursunu həm mürəkkəb, həm də faciəvi adlandırmağa əsas verir. Reallıq bundan ibarətdir ki, uzun illər amerikalıların vərdiş etdikləri təkbaşına liderlik modeli dəyişir. Amerikalılar bunu qəbul etməkdə psixoloji çətinlik çəkirlər. Lakin nə qədər ağır olsa da, dövlətçilik naminə B.Obama bunu nəzərə almalıdır.

Yeni fəaliyyət fəlsəfəsinə transformasiya dövrü kimi xarakterizə edə biləcəyimiz müasir mərhələdə qlobal geosiyasətdə hamı tərəfindən qəbul edilən hansısa siyasi kurs tapmaq imkansızdır. B.Obama da bu şərtdən kənara çıxa bilmir. Onun nələrisə dəyişmək istədiyi göz önündədir. Fələstin, Suriya, İran və Əfqanıstanın timsalında bunun əyani şahidi olduq. Ancaq B.Obamanın hələ davam edən ikinci prezidentlik dövrü üçün səciyyəvi olan bir məqamı mütləq vurğulamaq lazımdır.

Bu, ikili standart siyasətinin hələ də dünya miqyasında özünü göstərməsindən ibarətdir. Eyni şərtlər daxilində ölkələrə fərqli münasibət göstərilir. İraq, Əfqanıstan, Liviya haqqında BMT-nin çıxardığı qərarlar dərhal yerinə yetirilir. Ancaq qonşu ölkənin ərazisinin 20 faizini işğal edən Ermənistana qarşı heç bir real tədbir görülmür. O cümlədən, Cənubi Qafqazdakı münaqişələrin həllində başda ABŞ olmaqla Qərb birmənalı mövqe tutmur.

Bu kimi hadisələr Barak Obamanın ikinci prezidentliyi dövründə də baş verir. Düşündürücüdür ki, Qərb analitikləri məsələnin bu tərəfinə toxunmurlar. Sanki onları yalnız Amerikanın maraqlarının necə təmin olunması düşündürür. Lakin dünya yalnız ABŞ-dan ibarət deyil. Əgər belədirsə, onda Barak Obamanın birinci və ya ikinci prezidentlik dövrünü fərqləndirməyin nə mənası var?

Leyla Məmmədəliyeva

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...