THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Rəsmi Bakının yeni təşəbbüsləri: üçtərəfli formatın üstünlükləri

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
13450
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 13 iyun 2014 – Newtimes.az

Azərbaycan diplomatiyası uğurlar qazanmaqda davam edir. Son zamanlar dövlət başçısının təşəbbüsü ilə əməkdaşlığın üçtərəfli formatından tez-tez istifadə olunur. Həmin üsulla Azərbaycan Türkiyə, Gürcüstan, İran və Türkmənistanla əlaqələri keyfiyyətcə yeni səviyyəyə yüksəldə bilib. Şübhəsiz, bu, diplomatiya tarixində bir yenilik kimi öyrəniləcəkdir. Eyni zamanda, həmin formatın konkret geosiyasi nəticələrinin təhlili maraqlıdır. Nəzəri və praktiki olaraq ikitərəfli formatdan üçtərəfli formata transformasiyanın özəlliklərini araşdırmaq gərəkdir. Bütün hallarda Azərbaycan rəhbərliyinin xarici siyasətə yaradıcı yanaşması və dəyişən geosiyasi dinamikaya uyğun əməkdaşlıq üsulları axtarışını dayandırmaması göz qabağındadır.

Üçtərəfli formata keçid: Azərbaycanın yeni təşəbbüsü

Müasir diplomatiya çevik üsullara daha çox üstünlük verir. Mütəxəssislər hesab edirlər ki, yeni tarixi şərtlər daxilində dövlətlərarası münasibətlərin tənzimlənməsi bütövlükdə diplomatiyanın məzmununu yeniləşdirə bilər. Burada həqiqət vardır. Çünki indi geosiyasətdə, beynəlxalq münasibətlər sistemində və hüquqda proseslər sürətlə cərəyan edir və əvvəlki zamanlarda müşahidə edilməyən faktorlar özünü göstərir. Bəzən regional və qlobal miqyasda hadisələr kəskin ziddiyyətlər və mürəkkəb dinamika ilə xarakterizə olunurlar. Belə vəziyyətlərdə siyasi-diplomatik fəaliyyətdə yeni yanaşmalara, qeyri-ənənəvi formatlara əl atmaq lazım gəlir.

Məlumdur ki, Cənubi Qafqaz dünyanın geosiyasi aspektdə ən çətin regionlarından sayılır. Xüsusilə, son 20 ildə burada kəskinliyi ilə seçilən proseslər baş verir. Bir tərəfdən, böyük dövlətlər öz maraqlarını təmin etmək üçün təzyiqlər edirlər, digər tərəfdən isə, bəzi ölkələr müstəqil xarici siyasət yeridə bilmirlər. Bu iki amilin birgə təsiri nəticəsində Cənubi Qafqazın geosiyasi mənzərəsi xeyli mürəkkəbləşib.

Buna uyğun olaraq, yeni əməkdaşlıq formatları axtarmaq ehtiyacı yaranıb. Azərbaycan üçün bu məsələ daha çox aktuallıq kəsb edir. Çünki bu ölkə regionda müstəqil siyasət yeridir və liderdir. Cənubi Qafqazda geosiyasi vəziyyət mürəkkəbləşdikcə adekvat əməkdaşlıq formatları tapmaq lazım gəlir. Təbii ki, bunun müstəqillik və suverenliyə üstünlük verən dövlət üçün əhəmiyyəti vardır. Ermənistan kimi forpost statuslu və həmişə kənar qüvvələrin göstərişi ilə hərəkət edən ölkələrə heç bir yeni münasibətlər formatı gərək deyil.

Rəsmi Bakı daim əməkdaşlığın səmərəli modelinə, tərəflərin bərabər hüquqlara malik olmasına və beynəlxalq hüquq normalarının gözlənməsinə üstünlük verib. Həmin səbəbdən Azərbaycan rəhbərliyi həmişə daha faydalı əlaqələr formatı axtarıb. Son dövrlərdə rəsmi Bakı ikitərəfli və üçtərəfli əməkdaşlıq formatlarından fəal istifadə etməkdədir.

Bununla bağlı Prezident İlham Əliyev 28 May – Respublika Gününə həsr olunmuş rəsmi qəbuldakı nitqində bir məqamı ayrıca vurğulayıb. Dövlət başçısı deyib: "Bizim xarici siyasətlə bağlı təşəbbüslərimiz gözəl nəticələr verir. Biz xarici siyasətdə ikitərəfli formata üstünlük veririk. Mən hesab edirəm ki, bu, ən məqbul formatdır. Əlbəttə, digər formatlar da vardır. Onlardan da istifadə olunur. Ancaq ikitərəfli format ən böyük səmərə verən formatdır".

Doğrudan da Azərbaycan regionun bütün ölkələri ilə (Ermənistan istisnadır) məhz ikitərəfli qaydada əlaqələri inkişaf etdirir. Bu üsulun səmərəsi böyükdür. Çünki bütün sahələr üzrə işlək və effektiv əməkdaşlıq mexanizmi qurmağa imkan verir. Ondan əlavə, Bakı mühüm geosiyasi dividend əldə edib. Biz, Azərbaycanın müstəqil mövqe nümayiş etdirmək haqqını hər kəsə qəbul etdirməsini nəzərdə tuturuq.

Sirr deyil ki, zaman-zaman böyük dövlətlər – istər yaxın dost, istərsə də az dost olsun, öz maraqları naminə təzyiq etməyə, "böyük qardaş" rolunu oynamağa çalışıblar. Belə vəziyyətdə münasibətlərdəki balansı saxlamaqla kimsədən asılı olmayan siyasət yürütmək incə diplomatiya və siyasi qətiyyət tələb edir. Rəsmi Bakı bu keyfiyyətləri nümayiş etdirib. Bunun reallaşma mexanizmi isə məhz ikitərəfli əməkdaşlıq formatından ibarət olub. Azərbaycan Rusiya, İran və Türkiyə ilə konkret sahələr üzrə, tərəflərə fayda verən müqavilələr imzalayıb. Bu proses indi də davam edir.

Həmin metodun əsas nəticəsi Azərbaycanın tam müstəqil mövqe nümayiş etdirməsi və regionda lider rolunu oynamasından ibarətdir. Bundan əlavə, artıq "Azərbaycan təkcə bir siyasi mərkəz kimi yox, eyni zamanda, bir investisiya mənbəyi kimi də maraqlıdır". Son vaxtlar ölkə rəhbərliyi əməkdaşlığın daha yeni bir formatını tətbiq etməkdədir.

Strateji tərəfdaşlıq: dinamik geosiyasi balanslaşdırmanın şərtləri

Prezident İlham Əliyevin təşəbbüsü ilə bir neçə üçtərəfli əməkdaşlıq formatı yaradılıb. Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Türkmənistan-Türkiyə formatı artıq fəaliyyətdədir. Bunların hər birində geosiyasətlə təhlükəsizlik aspektləri qarşılıqlı əlaqədə yer alıb. Ancaq əsas yeri iqtisadi, mədəni və enerji sahəsindəki əməkdaşlıq tutur. Məsələnin bu tərəfinin böyük əhəmiyyəti vardır.

Vəziyyətə qlobal və regional geosiyasətin müasir dinamikası prizmasından baxanda bunu aydın görmək olur. Yaxın Şərqdə və postsovet məkanında böyük dövlətlərin geosiyasi mübarizələrinin kəskinləşdiyini hamı bilir. Bu proses avtomatik olaraq böyük bir ərazidə dövlətlər qrupunun müxtəlif konfiqurasiyalarının meydana gəlməsinə səbəb olur.

Şübhəsiz, həmin prosesin müsbət cəhətləri yox deyildir. Ancaq müstəqilliyini yeni əldə etmiş ölkələr üçün bir sıra müxtəlif xarakterli problemlər meydana gətirə bilir. Bundan sığortalanmağın başlıca yolu, hər bir qonşu ölkə ilə real əməkdaşlıq mexanizmi qurmaq və onların maraqlarını balanslaşdırmaqdan ibarətdir. Diqqət etsək, görərik ki, üçtərəfli formatda daim Türkiyə Azərbaycanın yanındadır. Belə çıxır ki, İran və Türkmənistanla əlaqələr "şəbəkə diplomatiyasının" tələblərinə uyğun olaraq, region dövlətlərinin hər birini əhatə etmək şərti ilə (Ermənistan öz günahı ucbatından istisnadır) inkişaf etdirilir.

Bununla regional miqyasda qüvvələr balansını saxlamaq üçün iki meyar əsas götürülür. Birincisi, Azərbaycan bütün tərəflərin marağını nəzərə almaq üçün daha geniş imkan verən format təklif edir. Çünki üçtərəfli formatda iştirakçılardan heç biri yalnız özünə sərf edən faktorlara üstünlük verə bilməz. Münasibətlər dövlətlər arasında qurulduğundan hər biri digər ikisinin də maraqlarını nəzərə almağa məcburdur. Bu isə geosiyasi aspektdə balansı qoruyub saxlamağa şans verir.

İkincisi, bir neçə üçtərəfli format faktiki olaraq regional miqyasda "geosiyasi şəbəkə" yaratmağa imkan yaradır. Məsələn, Azərbaycan, Türkiyə, İran, Gürcüstan və Türkmənistan faktiki olaraq böyük geosiyasi məkanda bir-biri ilə dinamik əlaqələr strukturuna bağlanmış olur. Bununla regional əməkdaşlığın həm sivil forması meydana gəlir, həm də birlikdə təcavüzkarı təcrid etmək mümkün olur. Təsadüfi deyil ki, yuxarıda sadalanan formatların heç birində Yerevan iştirak etmir. Əhəmiyyətlisi odur ki, bunu təkcə Bakı istəmir – iştirakçıların hər biri Ermənistanın bu formatlarda yerini görmürlər.

Burada ciddi diplomatik uğuru vurğulamamaq mümkün deyildir. Azərbaycan heç bir təzyiq olmadan, real əməkdaşlıq formatları ilə regionda sabitsizliyə səbəb olan dövlətin kənarda qalmasını təmin edir. Konkret desək, Cənubi Qafqazda ikitərəfli formatdan üçtərəfli əməkdaşlıq modelinə keçid, əslində diplomatiyada yenilikdir. Bu təcrübənin digər dövlətlər tərəfindən istifadə ediləcəyinə şübhəmiz yoxdur.

Həmin müstəvidə üçtərəfli əməkdaşlığın dərinləşən əlaqələrin strateji tərəfdaşlığa çevrilməsinin müasir tələblərə cavab verən mexanizmi (formatı) olduğunu qəbul etmək lazım gəlir. Özü də həmin format çərçivəsində strateji tərəfdaşlıq regional sabitliyin göstəricisi rolunu oynayır. Hesab edirik ki, bu məqam rəsmi Bakının müasir diplomatiyaya verdiyi qiymətli töhfələrdən biridir.

Nəhayət, üçtərəfli əməkdaşlıq formatının böyük güclərin geosiyasi qarşıdurmalarını səngitməyin konkret mexanizmi olmasını vurğulamaq istərdik. Məsələ ondan ibarətdir ki, Qərblə digər geosiyasi güclər arasında münasibətlərin gərginliyi Yaxın Şərq-Qafqaz-Mərkəzi Asiya xəttində kəskin vəziyyət yaradıb. Faktiki olaraq Qərb-Şərq qarşıdurması özünü göstərir. Bu prosesin dərinləşməməsi üçün üçtərəfli format vasitəsi ilə geniş geosiyasi məkanda "əməkdaşlıq zonaları" yaratmaq olar. Deyək ki, Azərbaycanla Türkmənistan arasında olan anlaşılmazlıqları üçtərəfli formatda aradan qaldırmaq imkanı yaranırsa, Xəzərin statusunda razılığın əldə olunması şansı yüksəlir. Bununla Xəzər hövzəsində geosiyasi gərginliyi azaltmaq mümkün olur.

Bütün bunlar Azərbaycanın yeni əməkdaşlıq təşəbbüslərinin artıq konkret nəticələr verdiyini bir daha təsdiqləyir. Ölkə rəhbərliyinin siyasi, iqtisadi, mədəni və başqa sahələrdə əldə etdiyi uğurlara ciddi diplomatik nailiyyətlər əlavə olunur. Azərbaycanın müstəqil dövlət olaraq geosiyasi statusu yüksəlir.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...