THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Dağlıq Qarabağ probleminə fərqli münasibətlər

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
11900
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 9 iyun 2014 – Newtimes.az

Son illərdə beynəlxalq hüquq tətbiq edilmə funksiyasını o qədər itirib ki, böyük dövlətlər beynəlxalq aləmdə yaşanan problemləri özləri tərəfindən yaradılan və sistemləşdirilən beynəlxalq hüquq norma və prinsipləri ilə deyil, açıq-aydın güc tətbiq edərək həll etməyə çalışırlar. Kiçik dövlətlərə gəldikdə isə, onlardan qeyd-şərtsiz beynəlxalq hüquqa riayət etmələrini tələb edirlər. Əlbəttə, böyük dövlətlərin özlərinə məxsus üstünlükləri vardır, qlobal miqyasda iqtisadi, siyasi və təhlükəsizlik məsələlərinə müdaxilə bacarığı, informasiya yaymaq və yaxud əldə etmək imkanları, milli mənafelərinin qorunması üçün iqtisadi, siyasi və hərbi mexanizmlərə sahib olması və s. Ancaq bütün bunlar belə bölgə və beynəlxalq aləmdə yaşanan problemlərin həll edilməsi üçün böyük dövlətlərə ədalətsiz yanaşmağa haqq vermir. Güc ədalətli olduqda qəbul edilə bilər və özünü doğruldar. Ədalətsiz güc nəinki düşmən qazanmaq, eyni zamanda dostu da itirmək deməkdir.

İkiqütblü dünyanın süqutundan sonra başda ABŞ olmaqla beynəlxalq münasibətlər sistemində bəzi dövlətlərin sahib olduqları gücdən mütəmadi olaraq ədalətsiz şəkildə istifadə etdikləri müşahidə edilir. Bu xüsusilə enerji və təhlükəsizlik məsələlərində daha çox yaşanır. Enerji tələbatının qarşılanması və qlobal təhlükəsizlik mühitinin təmin edilməsi böyük dövlətlərə kiçik dövlətləri süqut etdirmək və ya yox etmək kimi üstünlük verməməlidir. Bu böyük dövlətlərin özləri tərəfindən yaradılan beynəlxalq hüququn norma və prinsiplərində ehtiva edilmişdir. Amma reallıqda böyük dövlətlər buna əməl edirlərmi? Xeyr, böyük dövlətlərin özlərinin milli maraqları təhlükə qarşısında qaldığı zaman digər dövlətlərə beynəlxalq hüquq norma və prinsiplərini diqqətə almadan istədikləri kimi rəftar edirlər. Digər dövlətlərin milli maraqları isə qətiyyən onları narahat etmir. Əksinə, bu dövlətlərin qarşılaşdıqları problemlərdən təzyiq vasitəsi kimi istifadə edirlər.

Azərbaycan müstəqilliyini elan etdiyi ərəfədə torpaqlarının təxminən 20 faizi Ermənistan tərəfindən işğal edilmişdir və işğal bu günə qədər davam edir. 20 ildən çoxdur işğalın nəticələrinin aradan qaldırılması üçün ATƏT Minsk qrupu fəaliyyət göstərsə də, həmsədr dövlətlərin vasitəçilik missiyası hələ ciddi nəticə verməyib. Bunun səbəblərindən biri də həmsədr dövlətlərin beynəlxalq hüququn norma və prinsiplərini diqqətə almamalarıdır. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ problemi ilə bağlı qəbul etdiyi dörd qətnamə həyata keçirilməyib. Ermənistan bölgə və beynəlxalq təhlükəsizliyi təhdid etdiyi üçün ona qarşı heç bir iqtisadi və siyasi sanksiya tətbiq edilməyib, Şimalı Kipr 40 ildən artıqdır iqtisadi və siyasi sanksiyalara məruz qalsa da, qondarma DQR rejiminə ABŞ hökuməti hər il milyonlarla dollar yardım edir. Azərbaycanın haqlı olduğu məsələdə etirazları diqqətə alınmır. ABŞ okeanın o tayından milli maraqları üçün təhdid gördüyü məsələlərdə dünyanın müxtəlif nöqtələrinə hərbi müdaxilə etsə də, torpaqları işğal edilən Azərbaycanın tələblərini görmür və yaxud görmək istəmir. ABŞ və digər həmsədr dövlətlər Azərbaycan torpaqlarını işğaldan azad edilməsi üçün problemin beynəlxalq hüquq və Helsinki sənədinin norma və prinsipləri çərçivəsində həll edilməsinin vacibliyini vurğulasalar da, yaxın tarixə diqqət etdikdə bu dövlətlərin dedikləri norma və prinsiplərə əməl etmədiklərini görmək üçün kahin olmağa ehtiyac yoxdur.

Bir neçə gün bundan əvvəl ABŞ Dövlət departamentinin nümayəndəsi Cen Psaki Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi bəyanatda "Ermənistanın qaranlıq gələcəyi''ndən bəhs etməsini şərh edərkən "ABŞ-ın prinsipləri ilə ziddiyyət təşkil edən alovlu ritorika və bəyanatlar regionda gərginliyi artırır və Dağlıq Qarabağ probleminin həll edilməsi prosesini zədələyir” - demişdir. Psaki eyni zamanda fikirlərini "ATƏT Minsk qrupunun həmsədr dövlətləri kimi biz Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməsi üçün tərəflərə hər zaman kömək etməyə hazırıq... Həmsədr dövlətlərin bəyanatlarında dəqiq göstərilir ki, problemin həll edilməsi BMT nizamnaməsi və Helsinki Yekun Aktına istinad etməlidir.'' deyə ifadə etmişdir.[i]

Maraqlı budur ki, Psaki bəyanatında "ABŞ-ın prinsipləri ilə ziddiyyət təşkil edən alovlu ritorika və bəyanatlar'' ifadəsini işlədir. ABŞ-ın prinsipləri nə zamandan beynəlxalq hüququn norma və prinsipləri kimi qəbul olunmuşdur? Yaxud ümumən ABŞ-ın prinsipləri nələrdir və digər dövlətlər ABŞ-ın prinsiplərini qəbul edirlərmi? ABŞ özünü beynəlxalq hüquq norma və prinsipləri yaradan tək dövlət olmaq iddiasını dünya dövlətlərinə qəti şəkildə qəbul etdirə bilibmi?

BMT nizamnaməsinin 51-ci maddəsi dövlətlərə onlara qarşı edilən hər hansı hücum zamanı özlərini müdafiə etməyə və gücdən istifadə etməyə haqq verir. Bu haqqın doğması üçün ani, gözlənilməz və qarşısı alınmaz bir vəziyyətin olması şərtdir. Bu cür təhlükənin qarşısının alınması üçün alınan tədbirlər məntiqli, var olan təhlükə ilə eyni nisbətdə olmalıdır. Dövlətlər bu haqlarından istifadə etmədən əvvəl Təhlükəsizlik Şurasına məlumat verməli və BMT nizamnaməsinin 41 və 42-ci maddəsinə uyğun olaraq müvəqqəti tədbirlər görməlidirlər. Müvəqqəti görüləcək tədbirlər bunlardır:

  • diplomatik sanksiya;
  • iqtisadi sanksiya;
  • hərbi sanksiya.

Birincisi, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı aniliyini və gözlənilməzliyini çoxdan itirib. Azərbaycan 20 ildən çoxdur bu faktı mütəmadi olaraq  beynəlxalq ictimaiyyətin və beynəlxalq təşkilatların diqqətinə çatdırır.

İkincisi, Azərbaycan 20 ildir torpaqlarının işğal etmiş Ermənistana qarşı bu sanksiyaların tətbiq olunmasına çalışır. Amma Ermənistan hələ də Azərbaycan torpaqlarını işğal altında saxlayır. 20 il uzun bir zamandır və heç bir nəticə əldə edilmədiyi üçün Azərbaycanın BMT-nin 51-ci maddəsini tətbiq etməyə tamamilə haqqı vardır.

ATƏT-in konstitusiyası kimi də qəbul edilən Helsinki Yekun Aktının təməl prinsipləri bunlardır:

  • suveren bərabərlik və suverenliyə hörmət;
  • gücdən istifadə və yaxud güclə təhdid etməkdən imtina;
  • sərhədlərin toxunmazlığı;
  • dövlətlərin ərazi bütövlüyünün qorunması;
  • problemlərin sülh yolu ilə həll edilməsi;
  • daxili işlərə qarışmamaq;
  • insan haqları və əsas azadlıqlara hörmət;
  • xalqların bərabər hüquqlardan və yaxud müqəddəratını təyin etmə haqqından istifadə etməsi;
  • dövlətlər arasında əməkdaşlıq;
  • beynəlxalq hüquqdan irəli gələn öhdəliklərin yaxşı niyyətlə yerinə yetirilməsi.

Bu prinsipləri qısaca izah edək:

  • suveren bərabərlik və suverenliyə hörmət; Azərbaycan suveren bərabərliyini qorumağa çalışır və digər dövlətlərin suverenliyinə hörmət edir. Ermənistandan fərqli olaraq heç bir dövlətin torpağını işğal etməmişdir və belə fikri də yoxdur;
  • gücdən istifadə və yaxud güclə təhdid etməkdən imtina; Azərbaycan 20 ildən çoxdur torpaqlarının Ermənistanın işğalından azad edilməsi üçün hərbi gücdən istifadə etmir və sülh danışıqlarna üstünlük verir;
  • sərhədlərin bütünlüyü; Azərbaycan beynəlxalq hüquqa istinad edərək sərhədlərinin bütünlüyünü təmin etməyə çalışır və heç bir dövlətə qarşı ərazi iddiası yoxdur;
  • dövlətlərin ərazi bütövlüyünün qorunması; Azərbaycan beynəlxalq hüquq norma və prinsiplərinə uyğun mümkün olan bütün vasitələrlə ərazi bütövlüyünü təmin etməyə çalışır;
  • problemlərin sülh yolu ilə həll edilməsi; Azərbaycan 20 ildir Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməsi üçün beynəlxalq təşkilatlar nəzdində və birbaşa Ermənistan ilə müzakirələrə davam edir;
  • daxili işlərə qarışmamaq; Azərbaycan heç bir dövlətin daxili işlərinə qarışmır və başqa dövlətlərin də daxili işlərinə qarışmasına icazə vermir;
  • insan haqları və əsas azadlıqlara hörmət; Azərbaycan insan haqlarına hörmətlə yanaşır və tərəf olduğu müqavilələrə uyğun olaraq buna əməl edir;
  • xalqların bərabər hüquqlardan və yaxud müqəddəratını təyin etmə haqqından istifadə etməsi; Azərbaycan bu prinsipə əməl edir və erməni xalqının bir dəfə müqəddəratını təyin edərək Ermənistan dövlətini qurduğunu bildirir. Xalqların bir dəfə müqəddəratını təyin etmək haqqı vardır və erməni xalqı bu haqqından istifadə etmişdir;
  • dövlətlər arasında əməkdaşlıq; Azərbaycan bütün dövlətlərlə iqtisadi, siyasi və hərbi sahələrində əməkdaşlıq edir;
  • beynəlxalq hüquqdan irəli gələn öhdəliklərin yaxşı niyyətlə yerinə yetirilməsi; Azərbaycan beynəlxalq hüquqdan irəli gələn öhdəliklərini yerinə yetirir və bu günə qədər bu məsələdə heç bir problem yaratmamışdır.

Yuxarıda sadalanan faktorlardan aydın olur ki, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əməl edir. Bu, dövlət olaraq onun öhdəçiliyidir. Heç bir dövlətin Azərbaycanı beynəlxalq hüquq və normalara əməl etməməkdə ittiham etməyə haqqı yoxdur. Eyni zamanda heç bir dövlətin də Azərbaycana beynəlxalq hüquq norma və prinsiplərindən irəli gələn haqqından istifadə etməyə mane olmağa haqqı yoxdur.

Dr. Hatəm Cabbarlı


[i] Госдеп назвал угрозы Алиева Армении воспаленной риторикой, вредящей процессу карабахского урегулирования. http://www.panarmenian.net/rus/news/179438/ 31 may 2014.

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...