THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Xarabalıqda "Çiçəklənən Ermənistan Partiyası"

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
9947
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 7 mart 2014 – Newtimes.az

Ermənistanın müstəqillik elan etməsindən sonra 2013-ci il daxili və xarici siyasətdə ciddi dəyişikliklərin başlanğıcı olaraq yadda qaldı. Ermənistanın Gömrük Ittifaqına üzv olması və Avrasiya Ittifaqına üzv olacağı barədə siyasi iradə nümayiş etdirməsi sadəcə ölkə daxilində deyil, xaricində də ciddi nəticələr doğuracaq mahiyyətdədir.

Cari ilin 11 fevral tarixində müxalifət partiyaları – Çiçəklənən Ermənistan, Daşnaqsutyun, İrs və Erməni Milli Konqresi bir araya gələrək hökumətə etimad göstərilməməsi haqqında bəyanat vermək üçün müzakirələr aparırlar. Çiçəklənən Ermənistan Partiyasının nümayəndəsi Naira Zöhrabyan ortaq bəyanat haqqında fikir ayrılığının olmadığını bildirsə də, hələlik bəyanat mətni üzərində razılığa gəlinməyib.

Zöhrabyan eyni zamanda hökumətin istefa edəcəyi təqdirdə Çiçəklənən Ermənistan Partiyasının fəaliyyət planının hazır olduğunu qeyd edib. Amma Ermənistanın bugünkü daxili ictimai-siyasi vəziyyətinə diqqət edildiyində hökumətin istefa etməsinin mümkün olmadığı anlaşılır. Hökumət nə qədər bacarıqsız olsa da, Prezident Serj Sərkisyanın təlimatlarını sözsüz yerinə yetirir və ona sadiqdir. Hökumət və Prezident arasında ciddi fikir ayrılığının yaşanma ehtimalı zəifdir.

Ermənistanda müxalif siyasi partiyalar hakim Respublika Partiyasının xarici və iqtisadi siyasətinə qarşı çıxsalar da, heç bir nəticə əldə edə bilməyiblər. Hakim partiya 2013-cü ildə Gömrük Ittifaqına üzv oldu, bu prosesi sürətləndirmək üçün "yol xəritəsi''ni imzaladı. Rusiyanın təzyiqləri nəticəsində "ArmRosQazprom'' şirkətində sahib olduğu 20 faizlik hissəni də bu ölkəyə satdı, pensiya təminatı haqqında qanuna dəyişikliklər edərək sosial vəziyyəti ağır olan əhalinin vəziyyətini daha da ağırlaşdırdı. Pensiya islahatı haqqında fikrini bildirən Prezident Serj Sərkisyan əhalinin 80 faizinin islahatı dəstəkləməməsinə rəğmən bu islahatın vacib olduğunu deyəcək qədər özünü rahat hiss edir. 

Parlamentdə təmsil olunan müxalif partiyaların hökumətin enerji siyasətinin nəzərdən keçirilməsi üçün xüsusi komissiya yaradılması təklifi əvvəlcə qəbul edilməsə də, hakim partiya daha sonra belə bir komissiyanın qurulmasına razılıq verdi. Amma bu istiqamətdə işlər olduqca ləng gedir və böyük bir ehtimalla bürokratik maneələrə ilişib qalacaqdır.

Ermənistanın sabiq XİN rəhbəri Vardan Oskanyan Ermənistanda ciddi siyasətçi Rusiya yanlısı olmaya bilməz desə də, son illərdə iki ölkə arasındakı münasibətlərin inkişaf tendensiyasından narahatlığını gizlətmir. Onun sözlərinə görə tərəflər arasındakı münasibətlər qarşılıqlı mənafelər çərçivəsində qurulmayıb və daha çox Rusiyanın mənafelərinin qorunması müşahidə edilir. Xüsusilə Ermənistanın Gömrük Ittifaqına üzv olması və enerji siyasətini Rusiya üzərində qurması dövlətin suverenliyini ciddi şəkildə təhdid edir. Oskanyanın fikrincə Ermənistan son 20 ildə formalaşdırdığı xarici və iqtisadi siyasət kursundan əl çəkərək bu istiqamətlərdə yeni siyasət həyata keçirir ki, bunun perspektivi olduqca şübhəlidir.

Ölkə mətbuatında Ermənistanın Gömrük Ittifaqına üzv olmasından sonra iqtisadiyyatın canlanmasından və inkişaf etməsi fikrindən daha çox, bunun fəsadları müzakirə edilir. Ermənistan Gömrük Ittifaqına üzv olduqdan sonra bu quruma üzv olmayan 190 ölkə ilə iqtisadi münasibətlərini yenidən qurmalıdır. Sadəcə bu fakt Gömrük Ittifaqına üzv olan bir neçə dövlət ilə münasibətləri qaydaya salaraq, digər dövlətlərlə iqtisadi və ticari münasibətləri diqqətə almamağın nə qədər ciddi problemlər yaradacağına bir nümunədir. Bundan başqa ABŞ ilə iqtisadi və ticarət münasibətlərində ciddi problemlər yaşana bilər. Belə ki, Ermənistan müstəqilliyini elan etdikdən sonra ABŞ bu ölkə ilə "ən çox güzəşt edilən ölkə'' prinsipi ilə müqavilə imzalamışdı. Bu müqavilə şərtlərinə görə Ermənistandan ABŞ-a ixrac edilən mallardan vergi alınmırdı. Görünən odur ki, Ermənistan Gömrük Ittifaqına tam üzv olduqdan sonra ABŞ hökuməti bu müqaviləyə xitam verə bilər.

İqtisadçılar Ermənistanın Gömrük Ittifaqına tam üzv olmasından sonra 600 adda malın qiymətinin artacağı haqqında həmfikirdirlər. Prezident Sərkisyan bunun dezinformasiya olduğunu bildirsə də, İqtisadiyyat naziri Vahram Avanisyan bu fikri parlament tribunasından dilə gətirmişdi. Avanisyan qiymətlərin artacağı 600 adda məhsul arasında günlük istehlak və qida məhsullarının olacağını da bildirmişdi.

Ermənistanda yuxarıda ifadə edilən problemlərin yaşandığı bir ərəfədə təxminən iki ildir ictimai-siyasi həyatda kölgədə qalan Çiçəklənən Ermənistan Partiyası yenidən ana müxalifət olmağa cəhd edir. 15 fevralda Partiyanın  7-ci qurultayı keçirildi. Qurultayda Partiya sədri Qaqik Çarukyan partiyanın fəaliyyət strategiyası haqqında məlumat verərək, hökumətə qarşı izləyəcəkləri siyasətin əsas istiqamətlərini açıqladı. Çarukyanın bu bəyanatından sonra hökumətin siyasətindən narazı kütlə məmnun olsa da, hələlik partiyanın fəaliyyətində ciddi dəyişikliklər hiss edilmir. Qurultaydan sonra Avropa Erməniləri Birliyi Forumu Çiçəklənən Ermənistan Partiyasının real müxalif güc ola biləcəyini bildirmiş və partiyanı dəstəkləyəcəklərini qeyd etmişlər. Amma Avropada yaşayıb Ermənistanın mövcud sosial-iqtisadi problemlərindən xəbərləri olmayan və bu çətinlikləri yaşamayan ermənilərin partiyaya dəstəklərinin nə qədər davam edəcəyi və nə qədər həlledici olacağı haqqında müxtəlif fikirlər səslənir.

Çiçəklənən Ermənistan Partiyası digər müxalif siyasi partiyalarla görüşərək onlardan dəstək almağa çalışsa da, hələlik ciddi nəticələr əldə etmə ehtimalı zəifdir. Çiçəklənən Ermənistan Partiyası hökumətin "yol xəritəsi''ndə üzərinə götürdüyü öhdəlikləri həyata keçirib Gömrük Ittifaqına tam üzv olmasından sonrakı aylarda yaşanan bahalaşma və digər problemləri ön plana çıxararaq erməniləri ayağa qaldıra bilər. Əlbəttə o zamana qədər Çiçəklənən Ermənistan Partiyası həm özünün iqtisadi və xarici siyasət konsepsiyasını həm də digər müxalif siyasi partiyalarla əməkdaşlıq imkanlarını nəzərdən keçirməlidir. Tək başına Çiçəklənən Ermənistan Partiyasının hökumətə qarşı hər hansı uğur əldə etməsi çətindir.

İqtidar uğrunda mübarizədə Çiçəklənən Ermənistan Partiyasının Rusiyanı qarşısına alması və ölkədəki maraqlarına qarşı çıxması demək olar ki, imkansızdır. Çiçəklənən Ermənistan Partiyası iqtidara gəlmək üçün Sərkisyanın xarici və iqtisadi siyasətini tənqid edə bilər ki, bu zaman avtomatik olaraq bir digər hədəf Rusiya olacaqdır. Bir başqa ifadəylə, Çiçəklənən Ermənistan Partiyasının ana müxalifət olmaq iddiasını həyata keçirməsi önündə ciddi əngəllər vardır.

Hökumət Çiçəklənən Ermənistan Partiyasının və digər müxalif partiyaların daxili siyasətdəki ağırlıqlarını düzgün qiymətləndirib onların razılığa gəlmələrinə mane ola bilərsə, Çiçəklənən Ermənistan Partiyasının planları uğursuzluqla nəticələnə bilər. Bundan başqa Çiçəklənən Ermənistan Partiyasının xarici dəstək alıb-almayacağı məsələsi də ciddi problemdir. Xüsusilə Rusiya faktoru nəzərdən qaçırılmamalıdır.

Dr. Hatəm Cabbarlı

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...