THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

ABŞ-ın "obyektiv vasitəçilik" məntiqi: "təcavüzkar" deyə bilmərik!

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
97116
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 27 fevral 2014 – Newtimes.az

Cənubi Qafqazdakı münaqişələrin ədalətli həlli məsələsi dünyanın böyük dövlətlərinin siyasətlərində vacib yerlərdən birini tutur. Təəssüf ki, buna baxmayaraq, onlar həmişə obyektiv və ədalətli ola bilmirlər. Xüsusilə, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını real əməllərində təsdiq etmək istəmirlər. Son zamanlar amerikalı diplomatların bu problemlə əlaqədar dedikləri də bunu təsdiq edir. Görünür, həmin məsələyə vasitəçilik missiyasını üzərlərinə götürmüş dövlətlər daha ciddi və ədalətli yanaşmaldırlar.

Həmsədrin Türkiyə səfəri: gizli müzakirələr

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin ədalətli həllinə hələlik nail olunmayıb. Rəsmi Bakının haqlı mövqeyini dünyanın böyük dövlətləri və beynəlxalq təşkilatlar sözdə müdafiə etsələr də, real addımlar atılmır. Bu haqda Azərbaycan rəhbərliyi dəfələrlə öz iradlarını bildirib. ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri təcavüzkarın işğal etdiyi ərazilərdən çıxarılması istiqamətində təsirli tədbirlər görmürlər. Bunun əvəzində zaman-zaman sağlam düşüncəli, ədalətli insanlarda təəccüb və təəssüf doğuran addımlar atırlar. Son günlər yenə də belə bir vəziyyətin şahidi olduq.

Əvvəlcə diqqəti ABŞ-ın ATƏT-in Minsk qrupundakı həmsədri Ceyms Uorlikin Türkiyəyə səfər etməsi çəkdi. O, əsas məqsədinin Ankaranın Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətini öyrənməkdən ibarət olduğunu bildirmişdi (bax: Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllinə cəlb olunur / "Anspress.com", 21 fevral 2014). Amerikalı həmsədr Türkiyə hökumətinin problemə münasibətinin maraqlı olduğunu vurğulayıb, lakin Minsk qrupunun formatına sadiq qalacaqlarını bildirib.

Bu o deməkdir ki, rəsmi Vaşinqton ATƏT çərçivəsində müəyyən edilmiş prinsipləri yeniləşdirmək fikrində deyil. Eyni zamanda, regionun nüfuzlu ölkələrinin nizamlama prosesinə daha ciddi təsir etməsində maraqlıdır. Həmin aspektdə Amerika üçün Türkiyənin mövqeyində hansı məqamlar maraqlı ola bilər? Məlumdur ki, rəsmi Ankara həmişə Azərbaycanın ədalətli mövqeyini müdafiə edib. Buna ermənilər etiraz ediblər. Onda Vaşinqton istərdi ki, Türkiyə Ermənistanı qane edə biləcək addımlar atsın. Həmin sırada ilk ağıla gələn isə sərhədlərin açılması ola bilər.

ABŞ-ın yeritdiyi siyasətin məzmununa nəzər salsaq, təxmin etmək olar ki, amerikalı həmsədr Ankarada məhz bu məsələni müzakirə edib. Ekspertlər onun Kipr probleminin həllinə uyğun həll modelinin Dağlıq Qarabağ üçün nə dərəcədə yararlı ola biləcəyi ətrafında da türkiyəli diplomatlarla fikir mübadiləsi apardığını vurğulayırlar.

Bunun arxasında Vaşinqtonun danışıqlar prosesinə "DQR"-i daxil etmək niyyəti dura bilər. Ancaq onun gerçəkləşməsinin imkan xaricində olduğunu hər kəs bilməlidir. Çünki Dağlıq Qarabağ Azərbaycan ərazisidir, orada erməni və azərbaycanlı icmaları vardır. Həmin bölgənin sakinləri məhz bu keyfiyyətdə danışıqlara qatıla bilərlər. Bunun üçün isə bütün kənar qüvvələr münaqişəyə qarışmamalıdırlar. Çox güman ki, ABŞ bu şərtləri nəzərdə tutmur. Bu səbəbdən erməni separatçıların danışıqlar prosesinə qatılmasına çalışmaq qəbuledilən variant deyil.

Səfirin həqiqəti inkarı və ədalətli mövqe problemi

Maraqlıdır ki, amerikalı həmsədrin Türkiyəyə səfəri ilə təqribən eyni vaxtda ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar jurnalistlərə münaqişə ilə bağlı müsahibə verib (bax: Riçard Morninqstar: "ABŞ Azərbaycanla strateji tərəfdaşlığı yüksək qiymətləndirir" / "Trend.az", 24 fevral 2014). O, vasitəçi dövlətlərin Ermənistanı təcavüzkar ölkə kimi tanımamalarına aid suala verdiyi cavabda vurğulayıb: "…Biz təhqirlə məşğul ola bilmərik. Biz nə Ermənistanı, nə də Azərbaycanı təcavüzkar adlandıra bilmərik, çünki bu, vasitəçi kimi xidmət göstərməyi tamamilə mümkünsüz edir" (bax: əvvəlki mənbəyə).

Cənab səfirin sözləri formal baxımdan məntiqlidir və vasitəçilik missiyasına uyğundur. Lakin münaqişənin ədalətli həlli mövqeyindən bu fikirlər tamamilə əsassız görünür. Çünki, birincisi, Azərbaycan torpaqlarının işğal edildiyi faktdır. Bunu etiraf etmək nəyə görə kimisə təhqir etmək anlamına gəlməlidir? Məgər bir dövlətin ərazisi işğal edilirsə, bu, onun təhqir olunması demək deyilmi? Elə isə Azərbaycanın həmin təhqirin cavabını vermək hüququnu heç kəs inkar edə bilməz.

İkincisi, əgər Ermənistanın başqa ölkənin ərazisini işğal etdiyini fakt kimi qəbul etməsə, heç bir vasitəçi problemi ədalətli həll edə bilməz. İkili standartla davrananları isə həqiqi vasitəçi adlandırmaq çətindir.

Üçüncüsü, indiyə qədər Ermənistana təcavüzkar deməməklə ATƏT-in Minsk qrupuna həmsədrlik edən böyük dövlətlər danışıqlarda hansı uğuru əldə ediblər?

Nəhayət, cənab səfirin dedikləri kontekstində iki məqam düşündürücü görünür. Əvvəla, yayılan informasiyalara görə, ABŞ Ermənistanın milli brendi üçün 255 milyon dollar ayırır! (bax: США предоставят 255 тыс долларов для разработки стратегии Национального брендинга Армении / "Regnum", 20 fevral 2014). Bu o deməkdir ki, Amerika münaqişə edən tərəflərdən birinin turizm sektorunun inkişafına yardım edir, onun dünyada imicini yeniləşdirir. Cənab səfirin vasitəçiliyin fəlsəfəsi haqqında dediklərinə bu addım nə dərəcədə uyğundur? Çünki qonşu dövlətin ərazisini işğal etmiş bir ölkənin müsbət imici necə formalaşa bilər? Özü də bunu vasitəçilik edən dövlətlərdən biri edir.

İkincisi, ABŞ-ın dövlət katibi Con Kerri BMT TŞ-nin qətnaməsinə Suriyada əməl edilməməsindən narahatlığını bildirib. Bəs 20 ildir ki, həmin təşkilatın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 4 qətnamənin yerinə yetirilməməsi cənab C.Kerrini niyə rahatsız etmir? Həmin kontekstdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun bir fikri yaranmış vəziyyəti çox düzgün ifadə edir. O deyib: "BMT Təhlükəsizlik Şurasının Suriya ilə bağlı qətnamələrinin icra olunmamasından dövlət katibi Con Kerri narahatdırsa, Azərbaycanı da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icra olunmaması narahat edir" (bax: Новруз Мамедов: "Азербайджан так же обеспокоен невыполнением резолюций ООН по Нагорному Карабаху, как США – по Сирии" / "1news.az", 25 fevral 2014).

Digər tərəfdən, Novruz Məmmədov haqlı olaraq sual edir: "Məgər BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmasının məsuliyyətini Təhlükəsizlik Şurasının daimi üzvləri daşımır?!" (bax: əvvəlki mənbəyə). Xatırladaq ki, BMT TŞ-nin daimi üzvləri ABŞ, Fransa, Böyük Britaniya, Rusiya və Çindir. Görünür, ATƏT-in Minsk qrupunun həmsədrləri BMT TŞ-də də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə lazım olan səviyyədə məşğul olmurlar. Bu vəziyyət obyektiv vasitəçilik məntiqinə hansı dərəcədə uyğundur?

Bütün bunların fonunda ABŞ və Azərbaycan Prezidentlərinin yazdıqları məktublardakı fikirlər kifayət qədər maraqlı görünür. Amerika Prezidenti İlham Əliyevin üçüncü müddətə Prezident seçilməsi ilə əlaqədar göndərdiyi məktubda vurğulayıb ki, "Biz, Əfqanıstanda tərəfdaşlığınızı və terrorizmlə mübarizə sahəsində birgə əməkdaşlığımızı dəyərləndiririk. Biz, Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə nizamlanmasına nail olmaq məqsədilə tarixi fürsətdən yararlanmaq üçün Sizinlə əməkdaşlıq etməyə hazırıq..." (bax: Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamadan / Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 7 noyabr 2013). Əgər Azərbaycan Əfqanıstanda terrorla mübarizədə Amerikanın yanındadırsa, onda eyni səmimiyyətlə də, ABŞ Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə çalışmalıdır. Dostluq birtərəfli olmur. Azərbaycan Prezidenti İlham Əliyev Barak Obamaya 2012-ci ilin yayında yazdığı məktubunda əslində bu məqamları önə çəkmişdi. Dövlət başçısı vurğulayıb: "Birləşmiş Ştatların bütövlükdə regionumuza diqqəti, sülhün və əmin-amanlığın bərqərar olması prosesinə dəstəyi bizim üçün çox əhəmiyyətlidir. Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti və təcavüz nəticəsində ölkəmizin ərazi bütövlüyü pozulmuş, torpaqlarımız işğal olunmuş və bir milyondan çox soydaşımız öz doğma yurd-yuvasından didərgin düşmüşdür. Biz sülhyaratma missiyasını həyata keçirən ATƏT-in Minsk qrupunun həmsədri kimi Birləşmiş Ştatların və şəxsən Sizin, cənab Prezident, bu münaqişənin beynəlxalq hüquq normaları əsasında, sülh yolu ilə, tezliklə və ədalətli həlli üçün göstərdiyiniz səylərə böyük ümidlər bəsləyirik" (bax: Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Barak Obamaya / Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 3 iyul 2012).

Belə görünür ki, Vaşinqton hələlik Azərbaycanın ədalətli çağırışlarına obyektiv münasibət göstərə bilmir. Ermənistanı isə müxtəlif aspektlərdə dəstəkləməkdə davam edir. Lakin bir şeyi heç kəs unutmamalıdır: Azərbaycanı Dağlıq Qarabağ məsələsində haqlı mövqeyindən çəkindirməyə heç kimin gücü çatmayacaq.

Newtimes.az 

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...