THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Suriya: geosiyasi oyunun yeni şərtləri

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
38712
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 25 dekabr 2013 – Newtimes.az

Yaxın Şərqdə vəziyyət mürəkkəb olaraq qalır. Son zamanlar Suriyada dini qruplaşmalar arasında münasibətlər yeni gərginlik səviyyəsinə qalxıb. Məzhəb mənsubluğu getdikcə daha qabarıq formada siyasi məzmun kəsb edir. Sələfilər, "əl-Qaidə"çilər və şiələr arasında ziddiyyətlər kəskinləşir. Paralel olaraq, böyük geosiyasi güclərin mübarizəsi yeni çalarlar alır. Nəticədə, Yaxın Şərq bütövlükdə daha mürəkkəb geosiyasi dinamikaya doğru gedir.

"Cihadçılar"ın qələbəsi, yaxud məzhəb savaşı davam edir?

Suriyanın döyüş meydanında və siyasi səhnəsində vəziyyət bir qədər də mürəkkəbləşib. İndi kimin həqiqi müxalifət qismində beynəlxalq aləmdə ölkəni təmsil edə biləcəyi qeyri-müəyyən olub. Məsələ "cihadçılar" adlanan qrupun Azad Suriya Ordusunun (ASO) qərargahını zəbt etməsi ilə qəlizləşib. General İdris Səlim nəticədə Türkiyəyə qaçıb, sonra Qətərin paytaxtı Dohaya gedib, nəhayət, yenidən Türkiyədəki evinə dönüb. Qərbdəki müttəfiqləri İ.Səlimi öz vəzifəsinə qayıtmaq üçün dilə tutsalar da, general hələlik razılaşmır (bax: Евгений Григорьев. Джихадисты взяли штаб Свободной сирийской армии без боя / "Независимая газета", 13 dekabr 2013).

Bunun fonunda Qərbin ASO-ya dəstəyinin azaldığı haqqında informasiyalar yayılıb. Əvəzində, müxalifətin başqa qanadına yaxınlaşma prosesi haqqında danışılır. "The Wall Street Journal"ın analitikləri Steysi Mayhtri, Ellen Knikmeyer və Adam Entousun hazırladığı yeni məruzədə göstərilir ki, Qərb və onun Fars körfəzindəki müttəfiqləri Suriyanın silahlı islamçı qruplaşmaları ilə danışıqlar aparırlar (Майкл Келли. Запад полностью изменил свою стратегию в Сирии / "Geopolitica.ru", 6 dekabr 2013).

Burada ümumi vəziyyət xeyli mürəkkəbdir. Hazırda Suriya müxalifətini üç qrupa bölürlər. Birincisi, Azad Suriya Ordusudur. Onlar mötədil qərbpərəstlər hesab edilirlər. Dövlət quruluşunda demokratiyaya üstünlük verirlər. Nümunə kimi Türkiyəni seçiblər. Vaşinqton və Brüssellə yanaşı, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətərlə əməkdaşlıq edirlər. İkincisi, cihadçı dini qruplaşmalardır. Bura "İslam cəbhəsi" aiddir. Onların sırasında, əsasən, sələfi qrupları toplaşıb. "Əhrar əş-Şam", "Şükür əl-Şam", "İslam ordusu", "Birlik alayı" və digərləri "İslam cəbhəsi"ndədirlər. Üçüncüsü, "əl-Qaidə"yə yaxınlığı ilə seçilən qruplaşmalardır. Onun əsas üzvləri "ən-Nusra" və "İraq və Levantanın İslam dövləti" təşkilatlarıdır. Bu qrupların üzvlərinin böyük əksəriyyəti xarici vətəndaşlardır (bax: Евгений Григорьев. Göstərilən məqaləsi).

Buradan göründüyü kimi, indiki Suriya müxalifətinin say tərkibində dini qruplaşmalar üstünlük təşkil edir. İslamçıları birləşdirən əsas cəhət radikallıqdır. Onlar mövcud rejimin silahlı yolla tamamilə ləğv edilməsi tərəfdarıdırlar. Həmin xüsusiyyətlərinə görə, Əfqanıstanda keçən əsrin 80-ci illərində fəaliyyət göstərmiş mücahidlərlə eyniləşdirilirlər. Qərb üçün "cihadçılar" daha təhlükəsizdirlər. Çünki onlar "əl-Qaidə" qədər savaşçıl deyillər və ən əsası da regionun Vaşinqtona yaxın olan dövlətlərinin nəzarəti altındadırlar. Burada, ilk növbədə, Səudiyyə Ərəbistanının adını çəkmək olar. Sonra Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Misir və başqalarını göstərmək mümkündür.

B.Əsədi silahlı yolla devirməyin mümkün olmadığı aydınlaşandan sonra, Qərb və Rusiya danışıqlara təsir edə biləcək qruplaşmalara üstünlük verirlər. Yanvarın 22-də keçirilməsi nəzərdə tutulan "Cenevrə-2" konfransı ərəfəsi bu məsələ daha da aktuallaşıb. Bu səbəbdən ABŞ Suriyadakı cihadçılarla əlaqə yaradıb, onları danışıqlarda iştirak etməyə meylləndirmək istəyir. Qərb diplomatlarından biri burada əsas məqsədin cihadçıları həm "əl-Qaidə"nin təsirindən qurtarmaqdan, həm də onları daha çox radikallaşmağa qoymamaqdan ibarət olduğunu deyib (bax: Майкл Келли. Göstərilən məqaləsi). Noyabrın əvvəllərində ABŞ, İngiltərə, Fransa, Səudiyyə Ərəbistanı və Türkiyə təmsilçilərinin "cihadçılar"ın nümayəndələri ilə görüşündə məsələnin bu tərəfi müzakirə edilib.

Yaxın Şərq: geosiyasi mənzərənin yeni dinamikası

Bununla Qərbin "Cenevrə-2" konfransında qüvvələr nisbətini öz xeyrinə dəyişmək cəhdi aydın olur. Vaşinqton əldə ediləcək razılaşmaların möhkəm meyarlara dayanmasını arzulayır. Burada başlıca məqsədin Suriya məsələsinin sülh yolu ilə həll edilməsi təşəbbüsünü Moskvanın əlindən almaqdan ibarət olduğunu təxmin etmək mümkündür. Lakin ABŞ-ın Suriya müxalifətinin hansı qanadı ilə müzakirələr aparmaqda tam yəqinlik hasil etmədiyi hiss olunur (bax: Ольга Ъ-Кузнецова. Сирийская оппозиция не дает себя объединить / "Коммераснтъ", 13 dekabr 2013). Bu səbəbdən Qərbin həmin istiqamətdə diplomatik manevrlərini davam etdirəcəyini proqnozlaşdırmaq olar.

Amerikanın Suriya planlarına mane ola biləcək başqa bir faktor da mövcuddur. Söhbət "Böyük Kürdüstan" planının reallaşdırılmasından gedir. Bu layihənin də arxasında ABŞ durur. Son illər kürd separatizminə ən çox dəstək məhz okeanın o tayından gəlib. Lakin Suriyanın şimal hissəsində PKK-ya yaxın kürd qruplaşmaların muxtar qurum yaratmaq fikrinə düşməsi bir sıra çətinliklər yaradıb. Suriya müxalifəti "Cenevrə-2" konfransında iştirak üçün kürdlərin fəaliyyətinin qiymətləndirilməsini tələb edir (bax: Леонид Савин. Антисирийский проект / "Stoletie.ru", 6 dekabr 2013).

Kürdlərin özləri arasında hələlik siyasi birlik yoxdur. M.Bərzani ilə A.Öcalan arasında Suriya kürdlərinə təsir uğrunda mübarizə gedir. Bunlara assuri, türkmən və ərəblərlə kürdlər arasındakı fikir ayrılıqlarını əlavə etmək olar. Nəticədə, ABŞ və İsrailin oyuncaq kürd dövləti yaratmaq planları qarşısında ciddi problemlər meydana gəlib. Həmin məqamlar Cenevrə konfransının baş tutması qarşısında ciddi əngəllər sayılır.

Bütün bunların fonunda bəzi dövlətlərin Yaxın Şərqdə müsəlmanlar arasında məzhəblərasrası gərginlik yaratmağa çalışması düşündürücü görünür. Suriyada hazırda sələfilər, "əl-Qaidə"çilər və "üçüncü qüvvə" kimi kürdlər siyasi səhnədədirlər. ABŞ onların sırasında sələfilərə önəm verirsə, bu, avtomatik şəkildə digər dini qruplaşmaları qıcıqlandıracaq. Nəticədə, Suriyada siyasi mühit məzhəb mənsubluğu və etnik kimliyə görə formalaşmış olur. Bunun İraqdakı siyasi mühitlə oxşar olduğunu görmək çətin deyil. Həmin məqamı Yaxın Şərqdəki siyasi mənzərənin ümumi xüsusiyyəti hesab etmək olarmı? Əgər bu sualın cavabı müsbətdirsə, onda böyük bir geosiyasi məkanda qeyri-müəyyən və münaqişələrlə dolu vəziyyətin yaranmaqda olduğunu demək mümkündür.

Belə görünür ki, Yaxın Şərqdə böyük dövlətlərin geosiyasi maraqlarının ciddi surətdə toqquşması fonunda Suriyada siyasi mühit parçalanır. Son vaxtlar region uğrunda mübarizənin daha kəskin xarakter alması ilə təşəbbüsün bütövlükdə xarici qüvvələrin əlinə keçməsi təəssüratı yaranır. Həmin şərtlər daxilində Suriyada barışın əldə edilməsi mürəkkəb proses təsiri bağışlayır. Artıq "cihadçılar" ASO-dan güclü olduqlarını nümayiş etdirirlər. Bunun hansı siyasi nəticələr verəcəyini proqnozlaşdırmaq xeyli çətindir.

Lakin indidən aydındır ki, Suriyada aparıcı qüvvə qismində konkret siyasi qüvvənin çıxış etməsi ehtimalı çox aşağıdır. Təbii ki, "əl-Qaidə" və radikal şiə qrupları dinc oturmayacaqlar. Bu o deməkdir ki, İran və ona müttəfiq olan müsəlman dövlətlər Suriyada siyasi nüfuzlarını artırmaq istiqamətində fəaliyyətlərini gücləndirəcəklər. Həmin prosesin müsəlman ölkələr arasında yeni geosiyasi münaqişələrin meydana gəlməsinə səbəb olmayacağına kim təminat verə bilər?

Digər tərəfdən, Cenevrədə hansısa yekun qərarın əldə edilməsi imkanları məhdud görünür. Suriyada silahlı toqquşmaların intensivliyi azalmır. Əksinə, meydanda bir neçə qruplaşma var. Onları da bir araya gətirmək şansı çox deyil. Belə çıxır ki, Suriya məsələsinin həlli bir qədər də uzanacaq. B.Əsəd bu yolda yeganə əngəl deyil. Real olaraq, bir neçə böyük geosiyasi güc ortaq nəticəyə gələ bilmirlər.

Görünür, Suriyada siyasi proseslər daha təhlükəli məzmun kəsb etməkdədir. B.Əsədin hakim güc olmadığı tam aydın olub. Ona konkret alternativ ola biləcək siyasi qruplaşma da məlum deyil. Həmin aspektdə nə ABŞ, nə də Rusiyanı qane edən vəziyyət yaranmayıb. Bu qeyri-müəyyənlikdən istifadə etməyə çalışan regional güclər az deyil. Gözləmək olar ki, bu kontekstdə İsrail, Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri arasında nüfuz uğrunda mübarizə yeni kəskin çalarlar kəsb edəcək. Ancaq bundan bölgə xalqları və dövlətçiliyi nə qazanacaq? Bizcə, bu sualın cavabı hələlik aydın deyil.

Kamal Adıgözəlov

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...