THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Azərbaycan və Türkiyənin hərbi əməkdaşlıq və təhlükəsizlik siyasəti

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
23673
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 17 dekabr 2013 – Newtimes.az

1. Giriş

Azərbaycan və Türkiyə arasındakı hərbi əməkdaşlıq 1990-cı illərin əvvəllərində başlasa da, daha sonra bu əməkdaşlıq beynəlxalq aləmdə və regionda cərəyan edən təhlükəsizlik anlayışına paralel olaraq inkişaf etmədi. Son 20 ildir Cənubi Qafqazda ciddi təhlükəsizlik boşluğu yaşanır. Sovet İttifaqının dağılmasından sonra Rusiya, ABŞ, Türkiyə və İran bu boşluğu dolduracaq qədər təsirli siyasət həyata keçirə bilməmişdir.

Rusiya Azərbaycana Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olması üçün təzyiq etsə də, Azərbaycan bu təşkilata üzv olmamış, NATO ilə münasibətlərini qurmağa və genişləndirməyə çalışmışdır. Ancaq NATO ilə münasibətləri genişləndirmənin də Dağlıq Qarabağ problemini həll etməyə fürsət verməyəcəyini anladıqdan sonra əməkdaşlıq münasibətlərini yüksək səviyyəyə çıxarmasa da, ciddi bir qırılma nöqtəsi olmamışdır.

2. Qars müqaviləsi və regional təhlükəsizlik

Günümüzün perspektivindən təhlil edildiyində Cənubi Qafqazda Azərbaycan və Türkiyənin mənafelərinin üst-üstə düşdüyünü görmək mümkündür. Bu əməkdaşlığın digər həlqəsi Gürcüstan ola bilər. Türkiyə Cənubi Qafqazın təhlükəsizliyində söz haqqına sahib olmasında 1921-ci il Qars müqaviləsinə istinad edir. Müqavilə mətnində "qarant” ifadəsindən istifadə edilməsə də, 6-cı maddədə Acarıstan üzərində Türkiyənin qarant dövlət olduğundan bəhs edilir. Ancaq Türkiyənin Acarıstan üzərində "qarant dövlət” haqqı olmasına rəğmən, Gürcüstan Acarıstanın muxtariyyətini qaldırdığı zaman Türkiyənin bu məsələyə səssiz qalması olduqca düşündürücüdür. Türkiyənin bu məsələyə səssiz qalması Qars müqaviləsini tanımayan Ermənistanın mövqeyini gücləndirəcəyinə görə Türkiyənin də əleyhinə nəticə doğura bilər. Belə bir vəziyyət Türkiyənin Gürcüstan üzərindəki təsirini önəmli dərəcədə azaltmış, Ankara beynəlxalq hüquqa istinad edən haqqından qarşılıqsız olaraq imtina etmişdir. Türkiyənin  bu məsələdə səssiz qalması təbii ki, Azərbaycan üçün də mənfi bir haldır. Naxçıvanın statusunun hər hansı bir şəkildə dəyişməsi məsələsi gündəliyə gələrsə, Türkiyənin mövqeyinin nə olacağı məlum deyil. Türkiyə bu zaman Acarıstan nümunəsində olduğu kimi səssiz qalarsa, Cənubi Qafqazdakı mövqeyi tamamən zəifləyəcəkdir. Acarıstanın  statusunun ləğv edilməsindən sonra Türkiyənin Qars müqaviləsi şərtlərinə görə Naxçıvan üzərində qarant dövlət haqqına sahib olması,  onun Cənubi Qafqazda var olmasının tək beynəlxalq hüquqi dayağıdır.

3. Azərbaycan-Türkiyə, eləcə də digər türkdilli dövlətlər arasında hərbi əməkdaşlıq və onun perspektivləri

Azərbaycan və Türkiyə arasında ilk hərbi müqavilə 1992-ci ildə imzalanmış, daha sonrakı illərdə bu sahədə bir çox müqavilə bağlanmışdır. Azərbaycanın ilk sülhməramlı hərbi qüvvələrinin 1999-cu ildə Türkiyə sülhməramlı taborunun komandanlığı altında Kosovada xidmətə başlaması iki ölkə arasında bu sahədə müvafiq müqavilənin imzalanmasından sonra baş tutdu.

İki ölkə arasında imzalanmış müqavilələr hərbi əməkdaşlığın müxtəlif sahələrini - hərbi təhsil, hərbi yardım, silah və sursat satışı, ortaq silah istehsalı - əhatə edir. Ancaq geniş əhatəli müdafiə müqaviləsinin hələ də imzalanmamış olması hər iki ölkə üçün ciddi strateji çatışmazlıq kimi qiymətləndirilə bilər.

Əlbəttə, Azərbaycan və Türkiyə arasında müdafiə sahəsində müqavilənin imzalanmasından narahat olacaq dövlətlər var və onlar bu müqavilənin imzalanmaması üçün əllərindən gələni edəcək və inadla buna qarşı çıxacaqlar. Ancaq iki ölkə arasında müdafiə sahəsində müqavilənin imzalanmasını beynəlxalq aləmdə və regionda cərəyan edən təhlükəsizlik problemləri labüd edir. Tərəflər ortaq siyasi iradə nümayiş etdirə bilərsə, bu maneə və əngəlləri rahatlıqla aşarlar.

Rusiya və Ermənistan arasında 10 fevral 1995-ci ildə imzalanmış "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan dövlətlər arasında Kollektiv Təhlükəsizlik Konsepsiyası” müqaviləsinə bənzər bir sənəd Azərbaycan və Türkiyə arasında da imzalana bilər. Belə bir müqavilə imzalanarsa, regiondakı güclər arasındakı tarazlığın əhəmiyyətli dərəcədə dəyişəcəyi ehtimalı yüksəkdir. Əlbəttə, bu dəyişmədən ən çox faydalanan Azərbaycan və Türkiyə olar, regionda mövqelərini daha da gücləndirə bilərlər. Bu, eyni zamanda Ermənistanın hərbi və təhlükəsizlik sahəsində Azərbaycan və Türkiyəyə qarşı izlədiyi siyasəti yenidən nəzərdən keçirməsinə səbəb ola bilər.

İki ölkə arasında 16 avqust 2010-cu ildə "Azərbaycan və Türkiyə arasında strateji əməkdaşlıq və qarşılıqlı yardım haqqında” müqavilə imzalansa da, bu təhlükəsizlik və müdafiə sahələri üçün yetərli deyil. Müqavilə 22 dekabr 2010-cu ildə Azərbaycan Milli Məclisində, 2011-ci ilin mart ayında isə Türkiyə Böyük Millət Məclisində ratifikasiya edilmişdir. Bu müqavilədə  tərəflər arasında təhlükəsizlik sahəsində əməkdaşlığın ümumi çərçivəsi hazırlanmışdır.

Beynəlxalq aləmdə və bölgədə yaşanan siyasi proseslər tərəflər arasındakı hərbi əməkdaşlığın dəyişikliklərə məruz qalmasına səbəb ola bilər. Bu zaman Rusiya və ABŞ-ın (Qərbin) ümumilikdə Cənubi Qafqaz, xüsusən də Türkiyə və Azərbaycan siyasətini yaxşı analiz etmək lazımdır. ABŞ-ın (Qərbin) regionda söz sahibi olmaq üçün təşəbbüsləri davam edir və iqtisadi faktorlara əhəmiyyət verir. Rusiya isə, Qərbdən fərqli olaraq ənənəvi siyasətindən əl çəkməyərək, siyasi, iqtisadi və hərbi gücündən istifadə edərək bölgədəki varlığını hər vəchlə qorumağa çalışır.

Türkiyə və Azərbaycan arasında hərbi əməkdaşlıq sadəcə hərbi malların ticarəti, hərbi kəşfiyyat, ortaq manevrlər, ortaq istehsal, raket və kosmos texnologiyası sahələrində deyil, bu əməkdaşlığa paralel olaraq müdafiə sahəsində də inkişaf etdirilməlidir.

Tərəflər arasındakı hərbi əməkdaşlığın digər bir əhəmiyyətli sahəsi də hərbi sənaye sahəsində əməkdaşlığın genişləndirilməsidir. Azərbaycan və Türkiyə başqa dövlətlərdən asılı olmadan müstəqil olaraq silah sənayesini inkişaf etdirmək üçün insan kapitalına sahibdir. Tərəflər bu sahədə əməkdaşlığın sadəcə hüquqi və texniki infrastrukturunu hazırlamalıdır. Hərbi sənayedə başqa dövlətlərdən asılı olmaq iki ölkə arasındakı hərbi sahədəki əməkdaşlığın inkişaf etdirilməsi qarşısında ciddi əngəldir. Məsələn, Türkiyə Azərbaycana "Fırtına T-155” özüyeriyen top (Öbüs) satmaq istəyərkən, Almaniyanın bu topun mühərrikini istehsal edən MTU şirkəti Dağlıq Qarabağ probleminə əsaslanaraq, satışa əngəl olmuşdu. Hər iki ölkənin hərbi sənayesinin müstəqil olması, əsas parçaların Azərbaycan və yaxud Türkiyədə istehsal edilməsi hər baxımdan üstünlük təmin edəcəkdir. Tərəflərin ortaq istehsal etdikləri silahların keyfiyyəti dünya standartlarına uyğun olarsa, bu zaman silah ticarətində mövqelərini gücləndirərək, istehsal edilən silahların maya dəyərini də əhəmiyyətli dərəcədə azaltmaq mümkün ola bilər.

Dr. Hatəm Cabbarlı

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...