THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Keçmiş Sovet coğrafiyasında Rusiyanın təhlükəsizlik problemləri

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 3 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
7833
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 13 noyabr 2013 – Newtimes.az

SSRİ-nin süqutundan sonra Rusiya öz sərhədlərinə doğru geri çəkildi. Boris Yeltsinin iqtidarda olduğu illərdə ölkə daxilində baş verən silahlı münaqişələr səbəbi ilə Rusiya keçmiş Sovet respublikalarına münasibətdə fəal siyasət həyata keçirməyə fürsət tapa bilmirdi, necə deyərlər öz hayında idi. Ölkə daxilindəki problemlər müəyyən dərəcədə həll edildikdən sonra Rusiya keçmiş Sovet respublikaları ilə bağlı siyasətində daha ciddi və sərt üsullardan istifadə etməyə başladı.

SSRİ-nin dağılmasına paralel olaraq, təbii ki, Varşava Paktı da dağıldı. Rusiya təhlükəsizlik sahəsindəki bu boşluğu doldurmaq üçün tələsik də olsa yeni bir təhlükəsizlik təşkilatının təməlini ataraq, keçmiş Sovet respublikalarının bəzilərini bu təşkilata üzv olmağa razı saldı. 15 may 1992-ci ildə Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan Daşkənddə Kollektiv Təhlükəsizlik Müqaviləsini (KTM) imzaladılar. Müqavilə 20 aprel 1994-cü ildə qüvvəyə mindi. Müqavilə beş illik nəzərdə tutulmuşdu və daha sonra uzadılması hüquqən mümkün idi. 2 aprel 1999-cu ildə Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan bu müqaviləni yenidən beş il müddətinə imzaladılar. Azərbaycan 23 sentyabr 1993-cü ildə KTM-ə müşahidəçi statusunda üzv oldu. Amma daha sonra təşkilatın məqsədi, nizamnaməsi və şərtlərinin Azərbaycanın tələblərinə cavab vermədiyinə görə 1999-cu ildə müşahidəçi statusundan imtina etdi. Gürcüstan və Özbəkistan müqavilənin ikinci dəfə uzadılması prosesində iştirak etmədilər.

Kollektiv Təhlükəsizlik Müqaviləsi iştirakçılarının 14 may 2002-ci ildə Moskvada keçirilən sessiyasında müqavilənin strukturunun dəyişdirilməsi və regional təhlükəsizlik təşkilatı kimi formalaşdırılması haqqında qərar qəbul edildi. Beləliklə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) əsası qoyuldu. 7 oktyabr 2002-ci ildə Kişinyovda keçirilən növbəti sessiyada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hüquqi statusunu təyin edən nizamnamə imzalandı və bu müqavilə 18 sentyabr 2003-cü ildə qüvvəyə mindi.

Rusiya bu dövlətlərə qarşı müqaviləyə qoşulmaları üçün müxtəlif təzyiq vasitələrindən istifadə edərkən, əslində yuxarıda adları çəkilən dövlətlərin də bu müqaviləyə qoşulmaqdan başqa çıxış yolu yox idi.

KTMT mütəmadi olaraq üzv dövlətlərdə sessiya və iclaslar keçirərək, hərbi manevrlər təşkil edərək varlığını qəbul etdirməyə çalışırdı. Lakin son illərə qədər regionda ciddi təşkilat kimi qəbul edilmirdi. Təşkilat hələ ki heç bir hərbi münaqişənin həll edilməsində iştirak etməyib, formalaşma prosesi davam edir və bəzən maddi problemlərlə qarşılaşır. Hərbi gücü və texnika baxımından regional təhlükəsizlik təşkilatı standartlarına cavab vermir.

Bütün bu məhdudiyyət və çatışmazlıqlara baxmayaraq, təşkilatın gələcəyi ilə bağlı iddialı fikirlər səslənməkdədir. Təşkilatın "Operativ Reaksiya Kollektiv Gücü” adlı hərbi birləşməsi olsa da, bundan praktikada istifadə edilməmişdir. Digər bir məsələ də postsovet məkanında yaranacaq problemlərin həll edilməsində KTMT-nin "Operativ Reaksiya Kollektiv Gücü”ndən necə istifadə ediləcəyi ilə bağlıdır. Belə ki, KTMT-nin baş katibi Nikolay Bordyuja 21 fevral 2012-ci ildə bildirmişdir ki, Dağlıq Qarabağ münaqişəsində hərbi əməliyyatlar başlayacağı təqdirdə, Ermənistan KTMT-nin tamhüquqlu üzvü kimi müttəfiqlərindən lazım olan bütün dəstəyi alacaq. Bu, region mətbuatında geniş  müzakirə edildi. Bununla bağlı KTMT-yə üzv olan dövlətlərdən Bordyujanın bəyanatını birmənalı olaraq dəstəkləyən fikirlər səsləndirilmədi.

Təşkilatın 21 oktyabr 2013-cü ildə keçirilən Astana-İrəvan-Kiyev-Moskva video-körpü mətbuat konfransında Dağlıq Qarabağ və Dnestryanı münaqişələrinin həll edilməsi üçün KTMT-nin sülhməramlılarının göndərilməsi ehtimalını qiymətləndirən Nikolay Bordyuja belə demişdi: "Qarabağ və Dnestryanı münaqişələrə sülhməramlıların göndərilməsi məsələsinə gəlincə hələlik bizim qarşımıza belə bir məsələ qoyulmayıb. Dnestryanıda Rusiyanın sülhməramlı hərbi qüvvəsi var və bu işin öhdəsindən müvəffəqiyyətlə gəlir. Qarabağ münaqişəsinə gəlincə, burada xüsusi status məsələsi var və tərəflərin (Azərbaycan və Ermənistan) razılıq vermələri şərtdir. Hələlik təşkilatın qarşısında belə bir məsələ qaldırılmayıb”[i].

KTMT adətən keçmiş Sovet coğrafiyasındakı silahlı münaqişələrlə bağlı bəyanatlar verir. Ancaq cari ilin sentyabrında KTMT-yə üzv olan dövlətlərin liderləri NATO-nun Suriyaya hərbi müdaxilə planının müzakirə edildiyi ərəfədə ilk dəfə olaraq beynəlxalq münaqişə mahiyyətində olan bir problemlə bağlı bəyanat verdi: "KTMT-yə üzv olan dövlətlər Suriyadakı vəziyyətin normallaşdırılması və sülhün qorunması üçün beynəlxalq konfransın təşkil edilməsini dəstəkləyir. Mülki əhali üzərində, xüsusilə də dini təməldə terrorizmi və güc tətbiqini qətiyyətlə pisləyir. Problemin həll edilməsində beynəlxalq qanunlara zidd hərəkətlərə qarşıdır və məsələnin daha da hərbiləşdirilməsindən narahatdır”[ii].

Bu bəyanat təşkilatın (oxu Rusiyanın) ilk dəfə olaraq beynəlxalq silahlı münaqişə ilə bağlı ABŞ-NATO qarşısında meydan oxuması kimi qiymətləndirildi. Lakin bu əslində psixoloji təsirə hesablanan bəyanat idi və xarici dövlətlərdən çox üzv dövlətlər üçün nəzərdə tutulmuşdu. Bu bəyanatla KTMT sadəcə regional təhlükəsizlik təşkilatı olmadığını, dünyanın müxtəlif regionlarındakı münaqişələrə də laqeyd qalmadığını bildirmək istəyirdi. Bu bəyanatdan sonra Rusiya Dövlət Dumasının sədri Serqey Narışkin Tacikistana səfəri zamanı regionun təhlükəsizliyinin təmin edilməsi ilə bağlı belə bir fikir bildirib: "Kollektiv təhlükəsizlik sisteminin bütün gücü və vasitələri, eyni zamanda Rusiyanın KTMT-yə üzv olan dövlətlərdəki hərbi bazaları və həmçinin Tacikistandakı 201-ci hərbi bazasının gücü və texnikasından təşkilata üzv olan dövlətlərin mənafelərinin qorunması üçün istifadə ediləcəkdir”[iii].

Rusiyanın Gömrük İttifaqı və Avrasiya İttifaqını canlandırmağa təşəbbüs göstərdiyi bir vaxtda bu cür bəyanatların verilməsi Avropaya, ABŞ-a və keçmiş Sovet respublikalarına xəbərdarlıq kimi qiymətləndirilir. İqtisadi problemlərini həll etməsinə paralel olaraq, Rusiya regionda hərbi mövcudluğunu da yenidən bərpa etməyə çalışır. Ermənistanın Avropa İttifaqı ilə "Dərin və Hərtərəfli Azad Ticarət Zonası haqqında” müqaviləni imzalamaqdan imtina edərək, Gömrük İttifaqına üzv olacağını bildirməsi Rusiyanın keçmiş Sovet respublikalarına qarşı təzyiqinin bariz nümunəsidir.

Böyük bir ehtimalla Rusiyanın Gömrük İttifaqına, Avrasiya İttifaqına və KTMT-yə üzv olmayan keçmiş Sovet respublikalarına qarşı təzyiqi qarşıdakı illərdə daha da artacaqdır. ABŞ və Avropa ittifaqı Rusiyanın bu təzyiqlərinə qarşı keçmiş Sovet respublikalarını dəstəkləməsə, Rusiya istədiyi nəticələri əldə edə bilər.

Hatəm Cabbarlı,

siyasi elmlər doktoru


[i] Может ли ОДКБ отправить миротворцев в Карабах и Приднестровье? - комментарии Бордюжи www.regnum.ru/news/fd-abroad/armenia/1722277.html, 21.10.2013

[ii] Лидеры стран ОДКБ приняли заявление по Сирии http://www.armtoday.info/default.asp?Lang=_Ru&­NewsID=96918, 23.09.2013

[iii] ОДКБ ради безопасности в регионе готово на все, даже на применение потенциала российских военных баз http://www.panarmenian.net/rus/news/170942/, 7 октября 2013

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...