THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ermənistan "rus çəkici" ilə "Qərb zindanı" arasında

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
14474
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 7 noyabr 2013 – Newtimes.az

Rəsmi İrəvanın Gömrük İttifaqına (Gİ) üzv olmasının mümkün geosiyasi nəticələri ilə bağlı müzakirələr davam edir. Erməni ekspertlər, əsasən, ölkə rəhbərliyini bu məsələdə tənqid edirlər. Gömrük İttifaqının Minsk sammitindən sonra onlar daha həssaslıqla bu problemdən danışmağa başlayıblar. Hiss olunur ki, ölkənin xarici siyasətinin düzgün aparılmadığına inananların sayı artır.

Suverenliyin qurban verilməsi: erməni təcrübəsi

Gömrük İttifaqının Minskdə keçirilmiş sammitində Ermənistanın üzvlük məsələsinin müzakirəsi iki aspektdə maraq doğurdu. Birincisi, İrəvan qarşısında qoyulan şərtlər. İkincisi, təşkilata daxil olmaq üçün onun keçməli olduğu mərhələlər. Bu iki prosesin bir-biri ilə sıx əlaqəli olmasına baxmayaraq, bəzi incə məqamları vurğulamağa ehtiyac vardır. Məsələ ondan ibarətdir ki, Ermənistanın Gömrük İttifaqına üzvlüyü ilə əlaqədar bu ölkənin özündə belə kifayət qədər fərqli fikirlər mövcuddur. Onların təhlili göstərir ki, rəsmi İrəvan növbəti dəfə geosiyasi fiaskoya uğrayıb.

Ermənistan siyasi mühiti üçün hələ də Gömrük İttifaqına üzvlüyün mümkün geosiyasi nəticələri tam aydın deyil. Əksər ekspertlər bu addımı yanlış hesab edirlər. Onların əsas arqumenti ölkənin müstəqilliyinin xeyli hissəsini itirəcəyindən ehtiyatlanmaqla bağlıdır. Bu mövqenin tərəfdarları Belarus prezidenti A.Lukaşenkonun Minsk sammiti zamanı söylədiyi bir fikri əsas gətirirlər. Belarusun dövlət başçısı bəyan edib ki, "Suverenlik ehkam deyil. Hər şeyin öz qiyməti vardır və biz yaxşı yaşamaq istəyiriksə, nələrisə qurban verməliyik" (bax: Наира Айрумян. Лукашенко Армении: не бойтесь потерять суверенитет / "Lragir", 25 oktyabr 2013).

A.Lukaşenkonun bu açıq sözləri erməniləri təlaşa salıb. Onlar faktiki olaraq İrəvanın Moskva qarşısında təslim olduğunu yazırlar. Hətta Belarus prezidenti benzinə qoyulan vergi aradan qalxmasa, Gömrük İttifaqını tərk edəcəyini bildirir. Ermənistan rəhbərinə isə təşkilata üzv olmaqla bağlı hansısa bəyanat verməyi belə qadağan edirlər. Bunları erməni ekspertlər ölkəni ikinci növ keyfiyyətində əvvəlcə Gömrük İttifaqına, sonra isə Avrasiya İttifaqına daxil etmək kursu kimi qiymətləndirirlər.

Maraqlıdır ki, Minsk sammitindəki müzakirələr zamanı Türkiyəni də bu təşkilata üzv dəvət etmək təklifi səsləndirilib. Görünür, bunu İrəvanı sakitləşdirmək üçün ediblər. Qazaxıstan prezidenti N.Nazarbayevin həmin fikri söyləməklə, Ermənistana geosiyasi təhlükəsizlik təminatı verməyə çalışdığını demək olar. Lakin reallıq tamamilə başqa mənzərəni ortaya qoyur. Belə ki, hələlik Gömrük İttifaqının bir təşkilat kimi özünü doğrultduğunu iddia etmək çətindir. Bura Türkiyə kimi böyük bir dövlətin daxil olması fərziyyə təsiri bağışlayır.

Görünür, ermənilər özlərini bu təşkilata baha satmağa cəhd edirlər. Onlar əsas olaraq təhlükəsizlik və Dağlıq Qarabağ məsələlərini qabardırlar. Hətta ölkənin bu təşkilatdan canını qurtarmaq üçün zamanı olduğundan yazırlar (bax: Еще есть время избежать пасти зверя / "1in.am", 25 oktyabr 2013). Guya Belarus və Qazaxıstanın Gömrük İttifaqına öz etirazları var və hələlik Ermənistanın üzvlüyünün yalnız "yol xəritəsi"ndən danışılır. Bu səbəbdən, rəsmi İrəvan Avropaya doğru reverans edə bilər.

Lakin real vəziyyətin belə olmadığı məlumdur. Əvvəla, Belarus və Qazaxıstan Gömrük İttifaqını daha geniş sahədə inteqrasiyanı nəzərdə tutan Avrasiya İqtisadi İttifaqı ilə əvəz etməyi təklif edirlər. Yəni faktiki olaraq söhbət mövcud əməkdaşlıq səviyyəsini yüksəltməkdən və mexanizmləri təkmilləşdirməkdən gedir. İkincisi, Ermənistanın Gömrük İttifaqına üzvlüyü təşkilat daxilində müəyyən edilmiş qaydadan kənara çıxa bilməz. Ölkə isə həmin tələbləri ödəməyə hələ hazır deyil. Bu səbəbdən, "yol xəritəsi"nin bir neçə mərhələdən ibarət olması normal haldır. Üçüncüsü, Ermənistan faktiki olaraq Gömrük İttifaqının ən zəif, kiçik və imkansız üzvü olur. Rusiya, Qazaxıstan və Belarus onun yanında sözün əsl mənasında nəhəngdirlər. Belə bir şəraitdə rəsmi İrəvan özü anlamalıdır ki, təşkilatın "kiçik qardaşı" statusunda qalacaqdır.

"Xırda yaramazlıq": "odla su arasında qalmış" siyasət

Bu vəziyyətdə Avropaya reverans məsələsi nağıldır. İrəvan bunu bacarsaydı, ümumiyyətlə, Gömrük İttifaqına daxil olmaqla bağlı qərar qəbul etməzdi. Digər tərəfdən, deyəsən, ermənilərin avropalı dostları yavaş-yavaş İrəvana qapını göstərirlər. "Lragir" nəşri yazır ki, Avropa Parlamenti Ermənistanı Dağlıq Qarabağ və türk-erməni danışıqları məsələsində dəstəkləməyəcəyi haqqında sənəd qəbul edib (bax: Наира Айрумян. Пора Сержу Саркисяну выйти к народу и покаяться / "Lragir", 24 oktyabr 2013).

Sənəddə göstərilir ki, Dağlıq Qarabağ məsələsi BMT-nin 1993-cü ildə qəbul etdiyi 4 qətnamə və ATƏT-in Minsk qrupunun 2009-cu il Akvil bəyannaməsində əks olunan prinsiplər əsasında həll edilməlidir.

Ermənistanın xarici işlər nazirinin müavini Ş.Koçaryan Avropa Parlamentinin bu qərarının Avropa İttifaqının və ATƏT-in Minsk qrupunun rəsmi mövqeyinə zidd olduğunu iddia edib (bax: əvvəlki mənbəyə). Lakin erməni ekspertlərin fikrinə görə, söhbət faktiki olaraq Gömrük İttifaqına üzvlüklə əlaqədar Avropa tərəfindən Ermənistanın sıxışdırılmasından gedir (Айк Арамян. Европа приступила к санкциям против Армении / "Lragir", 24 oktyabr 2013). Ölkənin bu duruma düşməsinin səbəbini onlar rəhbərliyin siyasəti "xırda yaramazlıq" kimi dərk etməsində görürlər. Maraqlıdır ki, erməni cəmiyyəti artıq belə adi həqiqətləri anlamağa başlayıb.

Bütün bunlar Minsk sammitindən sonra Ermənistanın siyasi səhnəsində ziddiyyətlərin daha da kəskinləşdiyini göstərir. İndi ekspertlər Avropanın İrəvanı necə cəzalandıra biləcəyindən bəhs edirlər. Belə proqnozlaşdırılır ki, Qərb region istiqamətində yeritdiyi siyasətə düzəlişlər edə bilər. O cümlədən, Dağlıq Qarabağ məsələsində Azərbaycanın ədalətli mövqeyini aktiv müdafiə edər. Bu haqda daha çox erməni ekspertlər fikir yürüdürlər. Ancaq burada bir məqamı unutmaq olmaz.

Məsələ ondan ibarətdir ki, Cənubi Qafqaz uğrunda geosiyasi mübarizə yeni səviyyədə kəskinləşir. Vaşinqton və Moskva həmin istiqamətdə daha sərt davranmağa başlayıblar. Ermənistan bu prosesdə ən zəif həlqədir. O, kənar qüvvələrdən tamamilə asılıdır. Bu səbəbdən də hər iki böyük dövlət erməni faktorundan öz məqsədləri üçün istifadə edirlər. Erməni yazarlar bu vəziyyəti "Ermənistan rus çəkici ilə Qərb zindanı arasında qalıb" kimi qiymətləndirirlər (bax: Наира Айрумян. Пора Сержу Саркисяну выйти к народу и покаяться / "Lragir", 24 oktyabr 2013).

Belə çıxır ki, Ermənistanın düşdüyü indiki vəziyyət rəsmi İrəvanın illərdir apardığı xarici siyasətin əsassızlığından qaynaqlanır. Burada kimsəni günahlandırmağın mənası yoxdur. Əksinə, dünya ictimaiyyəti artıq ermənilərin əsl simasını görür. Onlar güclü dövlətlərə boyun əyməklə öz məkrli niyyətlərinə çatmağa çalışırlar. Müstəqil və güclü dövlət qura bilmədiklərindən həmin üsulla mövcud olmaq istəyirlər. Təsadüfi deyil ki, indi İrəvanda gah Rusiyadan, gah da Avropadan təşrif buyuran diplomatlar, ziyalılar və siyasətçilərlə bəzi tarixi sazişləri Ermənistanın maraqları aspektində müzakirə etməyə başlayıblar. Məsələn, 1813-cü il Gülüstan və 1921-ci il Qars müqavilələrində ermənilərə sərf edən "ədalətsizlikləri" axtarırlar (bax: Два века спустя: итоги подписания Гюлистанского договора сквозь призму современной геополитики / "Новости-Армения", 24 oktyabr 2013). Bunlar bir tərəfdən rəsmi İrəvanın diqqəti ölkənin əsas geosiyasi problemlərindən yayındırmaq məqsədi güddüyünü, digər tərəfdən isə diplomatiya aspektində çətin duruma düşdüyünü göstərir.

Həmin səbəblərdən Ermənistanın regionda geosiyasi mövqeyi daha da qeyri-müəyyən olub. Gürcüstandakı prezident seçkisinin İrəvanın vəziyyətinə müsbət təsir edə biləcək hansısa tendensiyalara rəvac verəcəyinə olan ümidlər də tükənib. Çünki rəsmi Tbilisi dəfələrlə bəyan edib ki, avropayönlü siyasətini davam etdirəcək. Üstəlik, baş nazir B.İvanişvili Ermənistanı da Avropa İttifaqına üz tutmağa dəvət etmişdi. Bütün bunlar geosiyasi aspektdə Ermənistanın yaxın gələcəkdə daha ciddi problemlərlə üzləşə biləcəyini təsdiqləyir. Onun "rus çəkici" ilə "Qərb zindanı"nın arasından necə çıxacağını zaman göstərəcək.

Kamal Adıgözəlov

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...