THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Türkiyə-Ermənistan protokolları: Ermənistanın gerçəkləşməyən yuxusu

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
14887
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 31 oktyabr 2013 – Newtimes.az

Türkiyə və Ermənistan arasında 2009-cu il noyabr ayının 10-da Sürixdə imzalanmış protokollar iki ölkə arasındakı münasibətlərin qurulması və inkişaf etdirilməsi baxımından yeni fürsət ortaya çıxarsa da, Ermənistanın protokollar barədə Konstitusiya Məhkəməsindən rəy alması, parlamentdə ratifikasiya etməməsi bu fürsəti dəyərləndirməyə imkan vermədi. Son zamanlarda bu məsələ yenidən gündəmə gətirilir, Türkiyə və Ermənistan rəsmiləri protokollarla bağlı müxtəlif səpkidə bəyanatlar verirlər.

Türkiyə XİN rəhbəri Əhməd Davudoğlu cari ilin oktyabr ayının 10-da İsveçrəyə səfər edərkən, Türkiyə-Ermənistan münasibətlərinin qurulması üçün məsələyə "yaradıcı münasibət” göstərilməsinin zəruriliyini bildirmişdir. Davudoğlu "Biz Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına əhəmiyyət veririk. Amma bunun üçün Cənubi Qafqazdakı problemlərin, eyni zamanda Dağlıq Qarabağ probleminin həll edilməsi lazımdır. Qarabağ problemi Ermənistanın işğalının bitməsi ilə nəticələnməlidir”[i] demişdir.

Ermənistan XİN-nin mətbuat katibi Tiqran Balayan Davudoğlunun bəyanatını şərh edərkən, "Protokolların imzalanmasından dörd il ötür və bu dörd ildə biz Türkiyədən "yaradıcı münasibət” ilə bağlı köhnə mahnını eşidirik”[ii] deyə bildirmişdir.

Ermənistan Parlamentinin sədri Ovik Abramyan 2013-cü il oktyabr ayının 15-də Avropa Parlamentində keçirilmiş Avropa Ermənilərinin III Qurultayında məsələyə münasibət bildirərkən, fikirlərini bu şəkildə bəyan etmişdir: "Acı tarixi xatirələrə baxmayaraq, Ermənistan qonşu Türkiyə ilə münasibətləri ön şərtsiz olaraq normallaşdırmağa təşəbbüs göstərdi. Ermənistan bu addımı atarkən, diaspora tərəfindən və ölkə daxilində tənqidlərə məruz qaldı... Nəticədə Ermənistan Avropa ilə birbaşa körpü qurmaq imkanından məhrum oldu. Belə görünür ki, bu, Azərbaycanın təzyiqləri nəticəsində oldu.[iii]

Türkiyə ilə Ermənistan arasında imzalanmış protokolların yenidən gündəmə gətirilməsi bəzi dairələr tərəfindən Ermənistanın Gömrük İttifaqına üzvlüklə bağlı qərarından sonra Qərblə də münasibətlərini qaydaya salmaq istəyi kimi dəyərləndirilir. Lakin bəzi dairələr bunun hər il protokolların imzalandığı tarix ərəfəsində ənənəvi müzakirə mövzusu olduğunu bildirirlər. Son zamanlarda Türkiyə-Ermənistan münasibətləri qiymətləndirilərkən, məlum olur ki, hələlik protokolların ratifikasiya edilməsi məsələsi iki ölkə arasında müzakirə mövzusu deyil.

Türkiyə və Azərbaycan KİV-lərində Türkiyə-Ermənistan münasibətləri, xüsusilə də protokolların yenidən gündəmə gətiriləcəyi barədə informasiyaların yaratdığı mənzərə əslində daha qarışıqdır. Problemə münasibətdə "at baxışı” (Arabaya qoşulan atın gözlərinə gön və yaxud dəridən örtük bağlanır və at sağ-solu deyil, sadəcə getdiyi yolu görür) bizi doğru nəticələrə gətirib çıxarmaz.

1990-cı illərin əvvəllərindən etibarən regionda formalaşan geosiyasi vəziyyət son zamanlarda ciddi şəkildə dəyişmişdır. Rusiyanın Gürcüstana qarşı hərbi əməliyyatlara başlayaraq, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıması və qitədən kənar dövlətlərin də bu prosesə qoşulması, Türkiyənin Ermənistanla dondurulmuş münasibətlərini "futbol diplomatiyası” ilə yenidən canlandırmağa çalışması, Ermənistanın Rusiya tərəfindən yaradılan Gömrük İttifaqı və Avrasiya İttifaqına üzv olmağa razılıq verməsi, fikrimizcə, regionun siyasi tarazlığını ciddi şəkildə dəyişmişdir.

Türkiyə və Ermənistan arasındakı protokollarda Azərbaycanın işğal edilmiş rayonlarının nəzərə alınıb-alınmadığı müzakirə mövzusu olmaqda davam edir. Türkiyə və Ermənistan rəsmilərinin mövzu ilə əlaqədar verdiyi bəyanatlar bir-biri ilə ziddiyyət təşkil edir. Ermənistan rəhbərliyi iki ölkə arasındakı münasibətlərin qurulması prosesində Dağlıq Qarabağ probleminin yer almadığını bildirirlər. Türkiyə rəsmiləri isə bu problemin həll edilməyəcəyi təqdirdə, münasibətlərin inkişaf etdirilməsinin və sərhəd qapısının açılmasının mümkün olmadığını xüsusilə vurğulayırlar. Türkiyənin Ermənistanla yaxınlaşması Azərbaycanı narahat etmiş, bu ölkəyə qarşı ən yüksək səviyyədə etiraz və irad bildirilmiş, nəticədə Türkiyənin baş naziri və prezidenti Azərbaycanın maraqlarının xüsusilə nəzərə alındığını qeyd etdikdən sonra iki ölkə arasındakı gərginlik səngimişdir.

Geniş mənada bu prosesin təhlili göstərir:

-Son zamanlarda Türkiyənin xarici siyasət kursunda baş verən əsaslı dəyişikliklər onu göstərir ki, bu ölkənin regionda öz mənafeləri (ABŞ və Aİ-nin təzyiqlərindən qurtulmaq) var;

-ABŞ və Aİ Türkiyənin Ermənistanla sərhədləri açması və diplomatik münasibətlər qurması üçün bu ölkəyə təzyiq edirlər;

-AKP hökumətinin bu barədə öz düşüncələri var və XİN rəhbəri Əhməd Davudoğlunun "qonşularla sıfır problem” siyasəti iflas etmişdir. Ölkənin birlik və bərabərliyini, milli təhlükəsizlik anlayışını ciddi şəkildə zədələmə ehtimalı olan PKK tələblərinin "demokratik açılım” adı altında siyasi müstəvidə müzakirəyə çıxarılması bu iddianı təsdiqləyən mahiyyətdədir.

Türkiyə və Ermənistanın imzaladığı protokollarda "Dağlıq Qarabağ” ifadəsi yoxdur. Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin sədri Həsən Murat Mərcan fikirlərini belə açıqlayır: "Hər iki protokolda Azərbaycan-Türkiyə, Azərbaycan-Ermənistanla bağlı hər hansı bənd yoxdur. Bizim arzumuz bu protokollar qüvvəyə minənə qədər Ermənistanla Azərbaycan arasındakı əlaqələrin müəyyən nöqtəyə gəlməsi və xüsusilə Dağlıq Qarabağ və işğal edilmiş Azərbaycan torpaqları ilə bağlı məsələnin həll olunmasıdır”. Burada əsl həqiqət üzə çıxır: yəni Azərbaycan özü Ermənistanla problemlərini həll etməlidir. İkitərəfli görüşlərdə onsuz da Dağlıq Qarabağ problemi müzakirə edilmir. Əgər Azərbaycan bu problemi həll edərsə, Türkiyə bunu öz qələbəsi kimi ictimai rəyin diqqətinə çatdıra bilər.

Əsas məsələ bu protokolların hər iki ölkənin parlamentində təsdiq edilməsidir. Bu məqsədlə protokollar imzalanandan sonra XİN rəhbəri siyasi partiyalarla müzakirəyə başlamış və onlardan dəstək almağa çalışmışdır. Milliyyətçi Hərəkat Partiyası bu görüşdən imtina etmişdir. Digər partiyalar birmənalı şəkildə AKP-nin məclisə gətirəcəyi protokollara dəstək verməyəcəklərini bildirmişdirlər. AKP üçün çətin olsa da, onun bu protokolları Məclisdə təsdiq etmək imkanları hələ də tükənməmişdir. Ancaq partiya daxilində ciddi bir parçalanma baş verərsə, protokollar təsdiq edilməyə bilər. Hökumət Türkiyə Böyük Millət Məclisində təmsil olunan siyasi partiyalarla protokolları müzakirə etmişdir. Ancaq protokolların yenidən Məclisin gündəminə gəlməsi ehtimalı zəifdir.

Ermənistan prezidenti də protokolların parlamentdə təsdiq olunması üçün siyasi partiya və KİV rəhbərlərini ayrı-ayrılıqda qəbul etmişdir. Sərkisyan onlardan dəstək almağa çalışsa da, istədiyinə nail olmamışdır. Başda Daşnaqsutyun partiyası olmaqla, digər müxalif partiyalar bu protokollara qarşı ciddi mübarizə aparır və protokollarda Ermənistanın milli maraqlarının qorunmadığını iddia edirlər. Daşnaqsutyun partiyası artıq sadəcə XİN rəhbəri Edvard Nalbandyanın deyil, Serj Sərkisyanın da istefa etməsini tələb edir. Hakim partiyanın parlamentdə səs çoxluğuna malik olmasına baxmayaraq,  Sərkisyan protokolları parlamentdə təsdiq etdirməyə çalışacağı halda ciddi problemlərlə qarşılaşa bilər.

Ovik Abramyanın qeyd etdiyi kimi, "Nəticədə Ermənistan Avropa ilə birbaşa körpü qurmaq imkanından məhrum qalsa”da, Ermənistanın Türkiyə ilə münasibətlərini qaydaya salmaq üçün heç bir addım atmadığını, qondarma erməni "soyqırımı” təbliğatından əl çəkmədiyini, dağlıq Qarabağ probleminin həll edilməsi üçün konstruktiv mövqe nümayiş etdirmədiyini söyləmək mümkündür. Əksinə, Ermənistan qondarma erməni "soyqırımı”nın qarşıdan gələn 100-cü ildönümündə beynəlxalq aləmdə təbliğat fəaliyyətini genişləndirir. Bundan başqa erməni diaspor təşkilatları da Türkiyəyə qarşı siyasətinə davam edir.

Azərbaycan hadisələrin son inkişaf dinamikası ilə bağlı rəsmi münasibət bildirməsə də, ictimai rəydə hələ də bəzi narahatlıqlar qalmaqdadır. Lakin Türkiyə də yaxşı bilir ki, DQ münaqişəsi həll edilmədən Ermənistanla sərhədlərini aça bilməz, çünki yoxsa bu addım qardaşlıq münasibətlərinə kölgə düşürər.

Dr. Hatəm Cabbarlı


[i] Для армяно-турецкой нормализации должен быть решен карабахский конфликт - МИД Турции www.regnum.ru/news/fd-abroad/armenia/1718567.html, 11.10.2013.

[ii] Анкара пытается завуалировать торпедирование армяно-турецкой нормализации - МИД Армении www.regnum.ru/news/fd-abroad/armenia/1718795.html, 11.10.2013.

[iii] Овик Абрамян: Отказ Турции от нормализации отношений лишил Армению непосредственных мостов с Европой www.regnum.ru/news/fd-abroad/armenia/1720472.html, 16.10.2013.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...