THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

"ХХI əsrin sosialist alternativinə" doğru "sol marşı"

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
15320
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 23 oktyabr 2013 – Newtimes.az

Məlum olduğu kimi, sosializm XX əsrdə uzun müddət kapitalizmin alternativi olmuşdur. Sosializm ideyaları bir sıra Avropa ölkələrində həm sağ (20-40-cı illərdə İtaliyada faşistlər, Almaniyada nasistlər), həm də mərkəzçi və sol partiyalar (xüsusən də İngiltərədə leyboristlər və Fransa, İtaliya, bir sıra Skandinaviya ölkələrində radikallar və kommunistlər) tərəfindən geniş şəkildə istismar edilirdi. Sosialist dövlətin nümunəsi kimi isə 70 il ərzində Sovet İttifaqı tanınmalı idi.

Lakin XX əsr və dünya sosializm sisteminin süqutu ilə birgə amirlik iqtisadiyyatı, inzibati bazar, dövlət mülkiyyətinin hipertrofiyası, bərabərləşdirici bölgü, birpartiyalı siyasi sistem, böyük rəhbərlər qarşısında qorxu da keçmişdə qaldı. Bu arada yaşadığımız yüzillikdə qloballaşma prosesinin kəskin ziddiyyətləri, beynəlxalq terrorçuluq, ekologiya, Şimal və Cənub arasında artmaqda olan antaqonizm, miqrantların sosial müdafiəsizliyi və real sivilizasiyalararası toqquşma təhlükəsi ilə bağlı olan yeni ümumdünya problemləri də meydana gəldi.

Təkcə Asiya, Afrika, Latın Amerikası və Şərqi Avropanın kasıb ölkələrində deyil, "qızıl milyard"a daxil olan Şimali Amerika və Qərbi Avropa ölkələrində də iqtisadi böhranlardan əziyyət çəkən əhali arasında kütləvi çıxışlar getdikcə geniş miqyas alır. Sosial ədalətsizliyə qarşı etirazın formaları kifayət qədər rəngarəngdir. O, ABŞ-da "Uoll-Striti işğal et!" kimi çağırışdan və Avropa ölkələrində (İspaniya, Yunanıstan, Macarıstan və s.) nisbətən sülh şəraitində keçən nümayişlərdən başlayaraq bəzi "Üçüncü dünya" ölkələrində baş vermiş dağıntılaradək geniş aspektləri əhatə edir.

Bütün bunlar Avropanın əksər sol və sol mərkəzçi partiyalarını öz proqramlarına "yeni sosializm" ideyaları əsasında yenidən baxmağa vadar etdi: bu, ənənəvi sosial-demokratiyanın dəyərlərini müdafiə edən İsveç sosialistlərinin "inteqrasiyaedici demokratiyadan və Almaniyada təhsil vasitəsilə imkanların bərabərləşdirilməsinə vurğu edən "yeni orta"dan Böyük Britaniyada ənənəvi sosial-demokratiya ilə neoliberalizm arasında yol açan leyboristlərin "üçüncü yol"unadək geniş sahəni əhatə edir. "Sosializm ideyası"nı özündə qəribə formada mütləqiyyəti, dözümsüzlüyü, ekofaşizmi, irrasionallığı, terrorçuluğu və antisemitizmi birləşdirən "sol və ya qırmızı faşizm" də geniş şəkildə istismar etməyə cəhd edir. Bu termin XX əsrin sonu – XXI əsrin əvvəllərində siyasi hərəkatların hibrid ittifaqlarını öyrənən müasir siyasi fikirdə kifayət qədər geniş yayılmışdır.

Latın Amerikasının bəzi ölkələrində praktiki həyata keçirilməsinə cəhd göstərilən sosializm ideyalarına burada yeni impuls verilir. Əhalinin böyük hissəsinin baxışlarını əks etdirən yeni Latın Amerikası sosializmi siyasi səhnədə demokratik yolla meydana gəlmişdir. Kubadan başqa, artıq Venesuela, Braziliya, Uruqvay, Boliviya, Çili, Ekvador, Nikaraqua da solçuların nəzarəti altına keçmişdi. Bununla belə, şübhəsiz ki, "solçuluq dərəcəsi" fərqlənirdi. Kuba, Venesuela, Boliviyada bu, radikal şəkildə təzahür edirdisə, qitənin digər ölkələrində orta dərəcədə özünü göstərirdi.

Özünüdağıdan proseslərə bürünüş keçmiş SSRİ-dən fərqli olaraq, Çinin sosialist ideyalarını qoruyub saxlamaq və inkişaf etdirmək cəhdləri daha uğurlu olmuşdur. Burada müasir bazar iqtisadiyyatı əsasında marksizm-leninizm nəzəriyyəsini ənənəvi konfusiçiliklə üzvi şəkildə əlaqələndirmək mümkün olmuşdur.

Nəzəriyyəçilərin ümumi fikirlərinə görə, "yeni sosializm" bazarı ləğv etmir. O, oliqarxlardan götürülərək bazar üzərində hakimiyyəti vətəndaş cəmiyyəti və dövlət arasında yenidən bölüşdürmək və bununla da bazar münasibətlərindəki deformasiyaları aradan qaldırmaq, cəmiyyətdəki sosial gərginliyi əhəmiyyətli şəkildə zəiflətmək məqsədini güdür. Lakin məsələ bunun bəşəriyyət üçün gözlənilməz nəticələrə səbəb ola biləcək növbəti "sosial utopiya" olub-olmayacağındadır.

Pərvin Darabadi,

tarix elmləri doktoru, professor

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Azərbaycanın Zəngilan rayonu – İpək Yolu üzərində strateji qovşaq
08 fevral 2021 Atlantico

Azərbaycanın Zəngilan rayonu – İpək Yolu üzərində strateji qovşaq

Zəngilan Azərbaycan üçün çox əlverişli məkanda yerləşir

Davamı...
Nəqliyyat yollarının sülhməramlıları
01 fevral 2021 Коммерсантъ

Nəqliyyat yollarının sülhməramlıları

Buzlar yanvarda əridi

Davamı...